“İşıq”dan yaranan təəssüratlar

 

 Nədənsə onun “İşıq” kitabını vərəqləyəndə məktəb illəri yadıma düşdü. Bir də görürdün ki, ədəbiyyat müəllimimiz – ədəbiyyatı, şeiri bizə sevdirən vətənsevər insan Nəsrulla müəllim bizdən üç-dörd sinif yuxarı oxuyan, hələ uşaqlıqdan İlahinin verdiyi istedadla qəlbinin pıçıltılarını misra-misra düzən Hafiz Hacxalılı ədəbiyyat dərsimizə dəvət edir. Hamımız bilirdik ki, bu dəfə də gənc məktəb yoldaşımızdan  yeni ürək oxşayan şeirlər eşidəcəyik. Onun həzin səsini dinlədikcə kimi ürəyindəki  gizli sevgisini xatırlayacaq, kimi  də baxışlarını məchul nöqtəyə dikib, şeirin təsirinə düşəcəkdi. Mən isə həmişəki kimi misraları yaddaşıma həkk etməyə çalışacaqdım....

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü,  gənc şair Hafiz Hacxalılın “İşıq” adlı beşinci kitabı  çapdan çıxıb. İndiyə kimi müəllifin  “Sevgi dolu ürəyəm”, “ Gözləmə nə vaxtsa qayıtmağımı”, “ Atillaya məktub”, “ Dərdlərimdən ölən dərdlərim” adlı şeir kitabları oxuculara təqdim edilib. Kitabın məsləhətçisi DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki, əməkdar jurnalist Sadiq Gözəlov, redaktoru nazirliyin “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki, əməkdar jurnalist Cavid Xaspoladovdur.

Hafiz Ziyatxan oğlu Təmirov (Hacxalıl)  1981-ci ildə qədim türk-oğuz yurdu olan indiki Ermənistanın Kalinino rayonunun İlməzli kəndində dünyaya göz açıb. Odur ki, sazlı-sözlü mühitdə böyüyüb, bəlkə də əsrarəngiz təbiətin gözəlliyi, yurda olan bağlılığı, əsrlərdən bugünə gəlib çatmış sazın sehrli qüvvəsidir onu ilhama gətirən. Dost-tanışla şeirdən söhbət düşəndə beləcə deyir: “Saz havaları üstündə yazıram. Doğulduğum İlməzli kəndi üçün çox darıxıram, orda uşaqlığım qalıb. Təəssüf ki,  indi o yurd yerləri düşmən tapdağındadır. O yurdun ağrısıdır məni yazdıran. Bir də əlbəttə ki, məhəbbət.”

Hələ uşaqlıqdan qələmə sarılan Hafiz Hacxalılın şeir dünyası, poeziyası sadə, sadə olduğu qədər də düşündürücü və orijinaldır. Onun yaradıcılığında ülvi sevginin tərənnümü, doğma yurd ocağının  həsrəti, əsl milli vətəndaşlıq duyğuları, eləcə də sabaha ümid, cəmiyyətin mənəvi, psixoloji problemlərinə özünəməxsus tərzdə yanaşması mühüm yer tutur. Əslində şairin uğuru və oxucuların qəlbinə yol tapması da elə özünəməxsus yanaşması ilə bağlıdır.  “İşıq” kitabının müəllifin digər kitablarından fərqi odur ki, burada onun son illərdə qələmə aldığı şeirləri ilə yanaşı, dövri mətbuatda çap edilmiş publisistik yazıları, hekayələri də yer alır. Artıq “İşıq” kitabı Hafiz Hacxalılı təkcə şair kimi deyil, həm də istedadlı bir publisist kimi tanıtdı. Kitabda yer alan “Quşçuda Ağbaba yallısı, Göyçə həsrəti”, “ Ədəbiyyatımızda deportasiya mövzusuna həsr olunmuş əsərlərə bir baxış”, “Yurd haqqı”, “Qərənfil ayı”, “İsmayıl Şıxlının əsərlərində milli ideologiya və türkçülük” kimi publisistik yazılarında müəllifin yurd sevgisi və həsrəti, ədəbiyyatımızda tariximizin acılı-şirinli dövrünün, vətənpərəvərlik mövzularının  nə dərəcədə işıqlandırılması məsələləri öz əksini tapıb.  Kitabda bir sıra hekayələr var ki, müəllif obrazların mənəvi psixoloji dünyasını səlis bir formada, ziddiyyətli məqamlarla əks etdirə bilib. Məsələn; “Bir ömrün yuxusu”nda ilk sevgisi daşa dəymiş gəncin başqa bir xanımın bunu yaşamaması üçün həyatın payı ilə  barışması, “Aytən” hekayəsində  ülvi sevgiylə  Vətən sevgisinin bütövləşməsi buna nümunədir. Kitabda yer alan publisistik yazıların, reportajların böyük bir qismi isə ictimai asayişin keşiyində ayıq-sayıq dayanan daxili işlər orqanları işçilərinin, polislərin fəaliyyəti, cinayətkarlıqla mübarizələri  və bu çətin və şərəfli  peşənin özəlliklərindən bəhs edir. Bu da təsadüfi deyil. Belə ki, Hafiz Hacxalıl Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş leytenantı kimi mütəmadi olaraq, daxili işlər strukturunda baş verən yeniliklərdən, bir zamanlar bu strukturda çalışan və bu gün təcrübəsini gənc paqondaşları ilə bölüşən veteranlardan, eləcə də cinayət hadisələrindən yazır. Necə deyərlər, kriminal hadisələri işqlandırır. Ancaq onun üslubunda kriminal hadisələrin fonunda yazılan publisistik və araşdırma yazıları öz bədii dilinə, fantaziya və üslubuna görə daha oxunaqlı və maraqlıdır. Real hadisələr əsasında qələmə alınan bu yazılar oxucuda həm də hekayə təsiri bağışlayır. “O qızı siz də tanıyın”, “Uğurları ilə fəxr etdiyimiz təhsil ocağı-Polis Akademiyası”, “ Onlar hamıdan çevikdirlər”, “Kökdən gələn ucalıq”,”Hədəfi nişa al, nişanı düz tut”, eləcə də “Kriminal hekayələr” silsiləsindən olan yazılar müəllifin bu səpgili mövzularda daha səriştəli olduğunu göstərir. Bir də deməyə əsas verir ki, gələcəkdə oxucular onun qələmindən dedektiv əsərlər də oxuma şansı əldə edəcəklər. Çünki istər-istəməz onun bu sahədə yazıları getdikcə daha da təkmilləşməkdədir. Kitabda könül oxşayan şeirlərə də rast gəlmək olar. “Vətən sevgisinə sərhəd qoymayaq”, “Bir türk gözəlinə”, “ Bir gözəl gəzirəm məni öldürə”, “ Atama yazdığım şeir”, “Telefonuma” kimi şeirlər bu qəbildəndir. Onun poeziyasında qəlb qovuran dərdlərin “sonsuzluğu”na yeni baxış var. 

 

Ay dərdindən ölən adam, 

Ölməklə dərdmi qurtarar?!

Dərd güldürür deyən adam,

Gülməklə dərdmi qurtarar?! 

 

Hafiz Hacxalıl poeziyası milli düşüncə və məfkurə poeziyasıdır. Onun könüldən süzülən şeirlərini dinlədikcə istər-istəməz  telli saz havaları yada düşür. Odur ki, şair vaxt tapdıqca, ürəyinin səsinə səs verib, İlməzlidən bu yana ona yoldaşlıq edən sazı bağrına basır, doğma  yurdunun həsrətini onun tellərindən alıb, misralardan  çələng bağlayır. Sazın “Dilqəmi”si, “Ruhani”si onu uzaqlara, yalnız Hafizlə İlməzlinin başbaşa olduğu, şair qəlbi ilə Hafizin həmsöhbət olduğu məkana aparır. Elə o məqamlarda  yeni şeirlər, yaradıcılıq arzuları yaranır. Bir də könüldən gizli bir istək keçir: “Bu saz səsi bizi obamıza aparsın. Obamıza....”

 

 

Əfsanə BAYRAMQIZI

 

525-ci qəzet.- 2012.- 19 oktyabr.- S.7.