Azərbaycan korrupsiyaya qarşı qlobal mübarizədə
fəal iştirak edir
ADİL ƏBİLOV: “KONFRANSDA AZƏRBAYCAN
NÜMAYƏNDƏ HEYƏTİNƏ XÜSUSİ
MÜNASİBƏT GÖSTƏRİLİB”
Mətbuatda
xəbər verildiyi kimi, oktyabrın 4-7-də Malayziyanın
paytaxtı Kuala Lumpur şəhərində Beynəlxalq
Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) 6-cı
İllik Konfransı, Ümumi Yığıncağı və
İcraiyyə Komitəsinin iclası keçirilib. Konfransda
ölkəmizi ədliyyə naziri Fikrət Məmmədov rəhbərlik
etdiyi nümayəndə heyəti ilə təmsil edib.
Nümayəndə heyətinin tərkibinə Baş prokuror
yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi
Kamran Əliyev, Baş Prokurorluğun beynəlxalq əlaqələr
idarəsinin rəisi Ruslan Hacıyev, İnsan hüquqları
və ictimaiyyətlə əlaqələr idarəsinin rəis
müavini Adil Əbilov daxil olunub. Tədbirin əhəmiyyəti
nəzərə alınaraq nümayəndə heyətinin
üzvü A.Əbilovla görüşüb onun fikirlərini
öyrəndik.
– Adil
müəllim, Azərbaycan korrupsiyaya qarşı həm
ölkədaxili, həm də dünyamiqyaslı mübarizənin
fəal iştirakçısı kimi müxtəlif beynəlxalq
qurumlarla, o cümlədən Beynəlxalq Antikorrupsiya
Orqanları Assosiasiyası ilə sıx əməkdaşlıq
etməklə səmərəli fəaliyyət göstərir.
İlk sualımız da Assosiasiyanın yaradılması zərurəti
və bu qurumun rolu barədədir.
– İlk
öncə qeyd edim ki, korrupsiya insanlığın özü
qədər qədim tarixə malikdir. Hələ iki min il
bundan əvvəl Qədim Romada meydana gəlmiş “corrumpere”
termini özündə təkcə “rüşvət” mənasını
ehtiva etməyib, eyni zamanda “dağıtmaq”, “məhv etmək”
anlayışlarının sinonimi kimi də işlədiib.
Artıq o dövrdə bu sosial bəlanın məhvedici təsiri
bəlli idi. Bu gün korrupsiya demokratiyaya, insan
hüquqlarına və qanunun aliliyinə qarşı ciddi təhdidlərdən
hesab olunaraq qlobal bir problemə çevrilib. Buna görə də,
korrupsiyaya qarşı mübarizənin təkcə milli səviyyədə
aparılması kifayət deyil. Məhz bu səbəbdən
beynəlxalq birlik tərəfindən bir sıra mühüm əhəmiyyətə
malik olan müqavilələr, o cümlədən BMT-nin
Korrupsiyaya qarşı Konvensiyası, Avropa Şurasının
Konvensiyaları və digər sənədlər qəbul
edilib. O zaman BMT-nin Baş katibi olan Kofi Annan uzaqgörənliklə
bəyan etdi ki, “BMT Konvensiyası bütün dünyada
milyonlarla insan həyatının keyfiyyətində real dəyişikliklərə
səbəb ola bilər. Bu çətin bir
çağırışdır, lakin birlikdə ona nail ola
biləcəyik.” Lakin Konvensiya nə dərəcədə
ciddi sənəd olsa da belə, onun müddəaları icra
olunmazsa, o kağız üzərində qalacaqdır. Ona
görə də, bütün dünyada olduğu kimi, bu
ümumbəşəri sosial bəla ilə mübarizə sahəsində
ölkəmizdə ardıcıl və kompleks tədbirlər
həyata keçirilərək, mükəmməl
normativ-hüquqi baza yaradılıb, ölkə Prezidenti cənab
İlham Əliyev tərəfindən müvafiq Dövlət
Proqramları qəbul edilib, o cümlədən bu
yaxınlarda Korrupsiyaya qarşı mübarizəyə və
Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planları təsdiq
edilib. Yeri gəlmişkən qeyd edək ki, öz əhəmiyyətinə
görə bu sənədlərin qəbulu mühüm bir
addımdır. Ona görə ki, onlar korrupsiyaya qarşı
mübarizə üzrə qanunvericilik bazasının, ərizə
və şikayətlərə baxılması işinin, bir
çox sahələrdə idarəetmə mexanizmlərinin,
sahibkarlıq fəaliyyəti üçün əlverişli
mühitin, habelə müvafiq antikorrupsiya qurumlarının təkmilləşdirilməsi,
informasiya əldə edilməsinin
asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətində
ictimaiyyətin iştirakının genişləndirilməsi,
elektron xidmətlərin yaxşılaşdırılmasına
dair əhatəli tədbirləri nəzərdə tutur.
“ASAN” xidmətinin yaradılması isə xüsusilə qeyd
olunmalıdır. Bu tam yeni bir konsepsiyadır. İlk dəfə
olaraq “bir qapı” prinsipi tətbiq ediləcək və vətəndaş
yalnız bir qapıdan daxil olmaqla ayrı-ayrı dövlət
qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda
və eyni vaxtda yararlana biləcək. Həmin xidmət vətəndaşların
vaxtına qənaət edilməsinə, onların rahat, nəzakətli
davranış mühitində dövlət xidmətləri əldə
etməsinə şərait yaradacaq, bununla da dövlət qulluqçusu
– vətəndaş münasibətləri keyfiyyətcə
yeni müstəviyə keçəcək. Bütün bunlar
mümkün korrupsiya hallarının aradan
qaldırılmasına xidmət edəcək. Göstərilən
yeniliklərin işlənilməsi və uğurlu tətbiqində
qabaqcıl xarici praktikalar mühüm rol oynayır. Buna
görə də, dövlət başçısının
siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə
korrupsiyaya qarşı sərt mübarizə
aparıldığı şəraitdə
respublikamızın beynəlxalq qurumların işində
yaxından iştirak etməsi, “ən yaxşı” təcrübələrdən
bəhrələnməsi olduqca əhəmiyyətlidir. Məhz
bu səbəbdən qeyd olunan sahədə beynəlxalq əməkdaşlığa
mühüm əhəmiyyət verilərək ölkə
başçısının göstərişinə əsasən
Azərbaycan BMT-nin dəstəyi ilə 2006-cı ildə
yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları
Assosiasiyasının (İAACA) təsisçilərindən biri
kimi çıxış etmişdir. Pekində
keçirilmiş qurumun Təsis Konfransında Azərbaycanın
ədliyyə naziri Fikrət Məmmədov Assosiasiyanın
vitse-prezidenti seçilib. 140 ölkəni əhatə edən
bu təşkilatın əsas məqsədi məhz elə
Korrupsiyaya qarşı BMT Konvensiyasının milli
qanunvericilikdə implementasiyasına, dünyanın
bütün antikorrupsiya orqanları arasında səmərəli
əməkdaşlığın qurulmasına yardım
göstərməkdir. Ötən müddət ərzində
Assosiasiya tərəfindən korrupsiyaya qarşı mübarizəyə
dair müxtəlif mövzulara, xüsusilə də BMT
Konvensiyasının implementasiyasına, o cümlədən
preventiv tədbirlərin görülməsi, korrupsiyanın
kriminalizasiyası, beynəlxalq əməkdaşlıq,
qanunsuz əldə edilmiş əmlakın qaytarılmasına
dair beynəlxalq konfranslar, seminarlar, treninqlər keçirilib.
İAACA artıq BMT tərəfindən keçirilən
antikorrupsiya tədbirlərində müşahidəçi
qismində iştirak edir, Narkotiklər və cinayətkarlığa
qarşı BMT-nin Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq
həyata keçirir, metodiki vəsaitlər buraxır.
Bütün bunların nəticəsində Assosiasiyanın
beynəlxalq imici xeyli artıb. Ölkəmiz də
İAACA-nın işində daim fəal iştirak etməklə
bu mötəbər qurumun fəaliyyətinə mühüm
töhfələr verir. Məsələn 2008-ci ildə
Assosiasiyanın rəhbər orqanının – İcraiyyə
Komitəsinin iclası Bakıda keçirilib, dövlətimiz
tərəfindən bu tədbirə xüsusi diqqət
göstərilərək iştirakçılar ölkə
başçısı tərəfindən qəbul olunub,
faydalı müzakirələr aparılıb. Bundan başqa,
bu tədbirdə iştirak üçün korrupsiyaya
qarşı mübarizə sahəsində müxtəlif
dövlətlərdən olan yüksək vəzifəli
şəxslərin və nüfuzlu mütəxəssislərin
Azərbaycana səfəri nəzərə alınaraq iclasdan
sonra antikorrupsiya təcrübəsi mübadiləsinə həsr
olunmuş geniş Beynəlxalq Konfrans keçirilib. Ümumiyyətlə, ölkəmiz
Assosiasiya tərəfindən son altı ildə
keçirilmiş bütün tədbirlərdə daim fəallığı
ilə seçilib. Azərbaycan nümayəndə heyətlərinin
rəhbəri və üzvləri plenar sessiyalara sədrlik
etmiş, respublikamızda həyata keçirilən islahatlar və
antikorrupsiya təcrübəsi barədə ətraflı
çıxışlar edərək konkret təkliflər
vermiş, yekun bəyannamələrin hazırlanmasına səmərəli
töhfələr verib. Həmçinin, İAACA-nın gələcək
fəaliyyətinə dair strateji proqramın
hazırlanmasında da ölkəmiz bilavasitə iştirak
edib. Azərbaycanın nümayəndəsi bu məsələ
ilə bağlı məruzəçi təyin olunaraq
müvafiq hesabat hazırlayıb.
–
Bildiyimizə görə, bu günlərdə Malayziyada
Assosiasiyanın növbəti tədbirləri keçirilib. Bu
barədə məlumat oxucularımız üçün
maraqlı olardı.
– Bəli,
cari il oktyabrın 4-7-də Malayziyanın paytaxtı Kuala Lumpur
şəhərində Assosiasiyanın 6-cı İllik Konfransı,
Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin
iclası keçirilib. Yeri gəlmişkən qeyd edim ki, bu
gün həqiqətən Assosiasiyanın beynəlxalq imici o qədər
yüksəkdir ki, hətta BMT tədbirlərinə qatılan
nümayəndə heyətlərindən artıq sayda bu
qurumun toplantılarında rəsmi şəxslər
iştirak edir. Hesab edirik ki, belə bir imicin
formalaşmasında həmçinin ölkəmizin də
öz xüsusi payı və əməyi vardır,
çünki bir çox ölkələr bu quruma dövlətimiz
tərəfindən cəlb olunub.
Təsəvvür edin 110 ölkədən 500-dən
çox nümayəndə, o cümlədən prokurorluq, məhkəmə,
ədliyyə və digər hüquq-mühafizə
orqanlarının, habelə mötəbər beynəlxalq təşkilatların
rəhbər şəxsləri qeyd olunan tədbirlərdə
iştirak edib. Və mən böyük qürur hissi ilə
qeyd etmək istəyirəm ki, belə bir mötəbər
forumun açılışı və təntənəli
sessiyaya sədrlik edilməsi ölkəmizin ədliyyə
nazirinə həvalə olunub. Azərbaycan nümayəndə
heyətinin rəhbəri, Assosiasiyanın vitse-prezidenti F.Məmmədov
çıxış edərək korrupsiya ilə mübarizənin
əhəmiyyətindən danışıb, Assosiasiyanın
mühüm rolunu və qurumun əsas prioritetlərini
vurğulayıb, beynəlxalq əməkdaşlığın
təşviqinə dair təkliflər irəli sürüb.
İngilis dilində edilmiş həmin çıxış
iştirakçılar arasında böyük maraqla
qarşılanıb. Deməliyəm ki, Malayziya dövləti
tərəfindən bu tədbirə ümumiyyətlə xüsusi
əhəmiyyət verilmişdir. Belə ki, mərasimdə
Malayziya Krallığının Baş naziri Mohd Nacib bin Tun
Abd Razak çıxış edib. Məlumat üçün
bildirim ki, federal dövlət olan Malayziya 13 ştatdan və 3
vilayətdən ibarət konstitusion monarxiyadır. Unikal
dövlət quruluşuna malik olan bu seçkili monarxiyada
Baş nazir federasiyanın üzvləri tərəfindən
seçilir və ölkəyə faktiki o rəhbərlik
edir. Yeri gəlmişkən, Baş nazirlə yanaşı mərasimdə
Assosiasiyanın prezidenti – Çinin Baş prokuroru Çao
Cianminq, BMT-nin yüksək səviyyəli nümayəndəsi
və Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti də
çıxış ediblər. Mərasim çərçivəsində
Malayziya Hökuməti Avstriyada yerləşən Beynəlxalq
Antikorrupsiya Akademiyasına 1 milyon rinqit (təxminən 300 min
ABŞ dolları) məbləğində qrant təqdim edib.
Sonda Assosiasiyanın yaradılması və tarixini əks etdirən
qısametrajlı film nümayiş etdirilib. Təbiidir ki, həmin
mərasim Malayziya televiziyasında və KİV-lərində ətraflı
işıqlandırıb. Yəni açılış mərasimi
ən yüksək səviyyədə təşkil olunub. Bu
da ikiqat şərəflidir ki, məhz ölkəmizin ədliyyə
naziri bu mərasimi açaraq sədrlik edirdi. Belə bir məsuliyyətli
və çox hörmətli missiyanın icrasının Azərbaycan
nümayəndəsinə həvalə olunması, bu cür
yüksək etimadın məhz ölkəmizə göstərilməsi
təsadüfi deyildir. Bu, dövlətimizin imicinin ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə günbəgün artması, hərtərəfli
uğurları və nailiyyətləri ilə
bağlıdır. Bu nüfuzlu qurum tərəfindən belə
bir jestin edilməsi həm ölkəmizin qlobal antikorrupsiya fəaliyyətində
lider mövqeyə və böyük nüfuza sahib
olmasının bariz nümunəsidir, həm də bu sahədə
dövlətimizin başçısı tərəfindən
respublikamızda həyata keçirilən genişmiqyaslı
islahatların qlobal səviyyədə dəstəklənməsinin
real təzahürüdür və eyni zamanda, ölkəmizin
6 il ərzində bu qurumun işinə verdiyimiz dəyərli
töhfələrin nəticəsidir. Qeyd edim ki, konfrans
zamanı Malayziya tərəfi nümayəndə heyətimizə
xüsusi diqqət yetirib, ölkə rəhbərliyinin
iştirakı ilə keçirilmiş bütün rəsmi tədbirlərə
və işgüzar görüşlərə Azərbaycanın
nümayəndə heyətinin rəhbəri də dəvət
olunub. Bizə göstərilən xüsusi münasibətin
bir misalını çəkmək istərdim. Konfrans
zamanı Assosiasiyanın İcraiyyə Komitəsinin üzvləri
və iştirak edən dövlətlərin nümayəndə
heyətlərinin rəhbərləri xatirə şəkilinin
çəkdirilməsi üçün dəvət olunub. Azərbaycana
gəldikdə isə, təşkilatçılar bu mərasimə
bütün nümayəndə heyətini dəvət ediblər.
–Tədbirlərdə
Azərbaycan nümayəndə heyətinin üzvləri
hansı formatda iştirak etdilər?
– Konfrans
daha sonra öz işini plenar sessiyalarda və seminarlarda davam
etdirib. İclaslarda korrupsiya cinayətinin
araşdırılmasında əsas istiqamətlər, hakimlərin
və prokurorların korrupsiya ilə mübarizədə rolu,
davranış kodeksləri, texniki əməkdaşlıq və
bu kimi aktual məsələlər müzakirə olunub.
Xüsusi vurğulamaq istərdim ki, təşkilatın
müraciəti əsasında Azərbaycan nümayəndə
heyətinin üzvləri iclaslarda sədrlik və müxtəlif
mövzulara həsr olunmuş müzakirələrdə
çıxışlar ediblər. Belə ki, Baş Prokuror
Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
rəisi Kamran Əliyev “Korrupsiya və şəffaflıq:
davranış kodeksləri və onların tətbiqi” adlı
seminara sədrlik edib, tərəfimdən isə “Korrupsiya ilə
mübarizədə məhkəmə sisteminin rolu”
mövzusunda çıxış edilib. Həmin mövzunun
seçilməsi də təsadüfi deyil. Çünki Azərbaycanda
təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş və bu gün möhtərəm prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə aparılan
hüquqi islahatlar, o cümlədən məhkəmə
sisteminin müasirləşdirilməsi ilə bağlı
görülən genişmiqyaslı işlər böyük
marağa səbəb olaraq beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir. Təqdirəlayiq haldır
ki, Məhkəmə-Hüquq Şurası və Ədliyyə
Nazirliyi bu yenilikləri tətbiq edərkən Avropa
Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq ediblər. Məlum olduğu
kimi, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyası (CEPEJ) tərəfindən
respublikamızda hakimliyə namizədlərin seçimi
prosedurunu ən yaxşı təcrübələrin modeli
kimi qiymətləndirilmiş, məhkəmə sisteminə
qoyulan sərmayələrə, ən müasir
informasiya-kommunikasiya texnologiyalarının və qabaqcıl təcrübələrin
tətbiqinə görə Azərbaycanın öncül
dövlət olduğu vurğulanıb. Yeri gəlmişkən
qeyd edək ki, ölkəmizin bu nailiyyətləri cari ilin
sentyabr ayında Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransı
zamanı təqdimatı keçirilən Avropa məhkəmə
sistemlərinin təhlilinə dair CEPEJ-in hesabatında əks
olunub. Fərəh hissi ilə qeyd etmək istərdim ki, Azərbaycanın
əldə etdiyi bu müsbət nəticələr və
Komissiya ilə səmərəli əməkdaşlıq nəzərə
alınaraq, həmin təqdimat mərasimində təşkilatçıların
dəvəti ilə Avropa məkanından cəmi üç
dövlətin – konfransa ev sahibliyi edən Avstriya ilə
yanaşı, Fransa və Azərbaycanın ədliyyə
nazirləri də iştirak ediblər. Göstərilənlərlə
əlaqədar, Malayziyanın paytaxtında keçirilmiş tədbir
üçün fotoşəkillərlə və qrafiklərlə
müşayiət olunan xüsusi prezentasiya hazırlanıb. Həmin
təqdimatda hakimlərin dünyada ən mütərəqqi
üsullarla seçimi və müddətsiz təyinatı,
onların əmək haqqının 30 dəfə
artırılması, məhkəmə sisteminin təminatının
yüksəldilməsi, fəaliyyətində şəffaflığın
artırılması və bunların nəticəsində məhkəmə
sisteminə olan inamın yüksəlməsi, vətəndaşların
müraciət imkanlarını asanlaşdıran məhkəmə
sisteminin vahid internet portalının yaradılması,
infrastrukturun müasirləşdirilməsi üzrə
görülmüş işlər vurğulanıb. Qeyd etməliyəm
ki, bu məlumatlar böyük marağa səbəb olub. Təqdirəlayiq
haldır ki, edilmiş çıxışlardan və
prezentasiyalardan sonra bir çox ölkələrin təmsilçiləri
bizim nümayəndə heyətinə yaxınlaşaraq
qarşılıqlı əməkdaşlıqda və təcrübə
mübadiləsinin aparılmasında maraqlı
olduqlarını bildirib, ölkəmizdə bu sahədə
aparılan işlərlə yaxından tanış olmaq istəklərini
ifadə ediblər. Eyni zamanda, IAACA-ya üzv olmaq istəyən
dövlətlər Assosiasiyada ölkəmizin nüfuzunu
görərək məhz Azərbaycan nümayəndə heyətinə
müraciət edərək, quruma üzvlük məsələsində
yardım göstərilməsini xahiş edib, onlara bu barədə
geniş məlumatlar verilib, IAACA-nın Katibliyi ilə məsləhətləşmələr
aparılaraq məsələ, demək olar ki, yerindəcə
həll olunub. Konfrans çərçivəsində həmçinin,
İcraiyyə Komitəsinin iclası keçirilib, bir sıra
mühüm təşkilati məsələlərə
baxılıb, o cümlədən yeni üzvlər
seçilib, müzakirə olunan mövzulara dair təkliflər
irəli sürülüb. Ümumi yığıncaqda
antikorrupsiya mədəniyyətinin təşviqinə, maarifləndirmə
işlərinin gücləndirilməsinə, xüsusilə
korrupsiyaya qarşı qısametrajlı filmlərin müsabiqəsinin
keçirilməsinə dair IAACA-nın gələcək
planları açıqlanıb. Həmçinin,
Yığıncaqda korrupsiyaya qarşı əhatəli tədbirlərə
dair Kuala Lumpur Bəyannaməsi qəbul olunub. Qeyd etməliyəm
ki, həmin sənədin hazırlanmasında ölkəmiz fəal
iştirak edib, yekun sənədə təkliflərimizə əsasən
bir sıra dəyişikliklər, o cümlədən
korrupsiyaya qarşı mübarizə sahəsində tədrisin
təşviqi, bu sahədə yeni yaradılmış Beynəlxalq
Antikorrupsiya Akademiyası və Malayziya Antikorrupsiya
Akademiyası ilə əlaqələrin genişləndirilməsi,
Korrupsiyaya qarşı ölkələr qrupu (GRECO) və
Çirkli pulların yuyulmasına qarşı Avropa
Şurasının ekspertlər komitəsi (MONEYVAL) kimi
ixtisaslaşmış qurumlarla bilik və təcrübə
mübadiləsinin aparılmasının zəruriliyi barədə
əlavələr edilib. Bu mötəbər Foruma Malayziya
Baş nazirinin müavini Muhyiddin bin Mohd Yassin yekun vurub.
– Səfər
zamanı hansı görüşlər keçirilib?
– Konfrans
çərçivəsində Azərbaycanın ədliyyə
naziri IAACA-nın prezidenti – Çinin baş prokuroru Çao
Cianminq ilə görüş keçirib. Görüşdə
Azərbaycanın Konfransın işinə və
Assosiasiyanın inkişafına verdiyi töhfələr
yüksək qiymətləndirilib. Həmçinin, əməkdaşlıq
perspektivləri müzakirə edilib, Çinin baş prokurorunun
Azərbaycana səfəri barədə razılıq əldə
olunub. Bundan başqa, Malayziyanın hüquq-mühafizə, məhkəmə
və antikorrupsiya fəaliyyətinə məsul olan naziri Seri
Naziri Aziz və bu ölkənin Korrupsiyaya qarşı müstəqil
Komissiyasının sədri Abu Kassim bin Muhamedlə ikitərəfli
görüşlər keçirilib. Azərbaycana səfərini
məmnunluqla xatırlayan Malayziyalı nazir ölkəmizin
qazandığı uğurlar barədə məlumatlı
olduğunu vurğulayıb, məhkəmə sisteminin
quruluşu, hakimlərin seçimi və təyinatı məsələlərinə
böyük maraq göstərib, korrupsiyaya qarşı fəaliyyət
üzrə təcrübə mübadiləsi aparılıb.
Həmçinin, Azərbaycanın antikorrupsiya fəaliyyətinə
maraq göstərmiş bir sıra dövlətlərin
nümayəndə heyətlərinin rəhbərləri ilə
keçirilmiş görüşlərdə ölkəmizdə
bu sahədə həyata keçirilən islahatlar, o cümlədən
yuxarıda qeyd etdiyimiz yeni Milli Fəaliyyət Planı,
Açıq hökumətin təşviqi, qanunvericiliyin təkmilləşdirilməsi,
Baş prokuror yanında antikorrupsiya idarəsinin fəaliyyəti,
vətəndaşlar üçün innovativ şəffaf
xidmətlərin yaradılması, hakimlərin ən mütərəqqi
üsullarla seçimi və digər işlər barədə
ətraflı məlumat verilib. Tədbirlərdə Azərbaycanın
Malayziyadakı səfiri Tahir Kərimov yaxından iştirak
edib. Sonda qeyd etmək istərdim ki, respublikamıza qlobal səviyyədə
bu cür yüksək etimadın göstərilməsi,
aparılan irimiqyaslı islahatların və qısa müddət
ərzində qazanılan nailiyyətlərin böyük
marağa səbəb olması dövlətimizin beynəlxalq
aləmdə nüfuzunun artması və ölkə prezidenti
cənab İlham Əliyevin məqsədyönlü və
uzaqgörən siyasətinin məntiqi nəticəsi olmaqla
xalqımızın növbəti bir uğurudur.
Sevinc MÜRVƏTQIZI
525ci qəzet.- 2012.- 19 oktyabr.- S.5 .