Oralarda kimlər var: Orxan Aras 

 

ORXAN ARAS A-dan Z-yə (1)

 

Müsahibədə yazarın üslubuna toxunulmayıb,sadəcə bəzi sözlər bizim türkcəyə uyğunlaşdırılıb.

 

ÜVERTURA

 

Bu fikirdə bir yanlışım olursa, məni bağışlasınlar: məncə dünya ədəbiyyatının çox böyük bir bölümünü QÜRBƏT VƏ YA BİZİMCƏ MÜHACİR ƏDƏBİYYAT deyə bir ab-hava, bir moral,bir ovqat yaşamaqdadır və hətta türk şeirində və türk ədəbiyyatında QÜRBƏTÇİLƏR deyə bir yaradıcı qurum, cərəyan  da olmuşdur.Təbii ki, QÜRBƏT anlamında bir həqiqi ağrılı qürbət və bir də ədəbi yaradıcıların içində yaratdığı bir QÜRBƏT anlayşı var.Məsələn : poetik desək Salyandan Bakıya gələn hər bir yaradıcı da, bəzən Bakını özünə qürbət kimi görə bilər.Amma bu qürbət təbii ki, nə Türk ədəbiyyatındakı QÜRBƏTÇİLƏRİN qürbətidir, nə də əsl anlamda desək, Qarsdan baş götürüb Almaniyaya gedən bir yazarın və bir insanın qürbət halinə oxşar. İkincilər daha dərin və daha acıvericidir.Bu anlamda Orxan Aras daha acı, iki qat bir qürbət içindədir: Orxan Aras “dədə yurdum Azərbaycandır” - deyir, Qarsa yerləşsələr də, bir zamanlar  oranı da qürbət kimi görüb və o qürbətdən daha dərin olan bir qürbətə Almaniyaya üz tutub,yüzlərlə, minlərlə türk qürbətçisindən fərqli olan və bəlkə də onlardan biri olaraq tamam başqa bir  dadda həyat yaşayır .Almaniyada da Azəraycan sevdasından əl çəkmir və bu dərdin ucbatından da iki kitab yazır həmin mövzuda : AZƏRBAYCAN DAVAMIZ və QARABAĞ MÜBARİZƏMİZ.Təbii ki, indicə oxuyacağınız sorğuda bəlkə də Azərbaycan teması ilə bərabər, iki qürbət çəkən bir insanın dərdli ürəyinin səsini eşitmək və bu ağrını daşıyan ürəyin tabına dözməyin zorluluğu var. 

-Azərbaycanla ilk tanışlığınız : Azərbaycan sözünü nə zaman eşitmisiz və azəri, azərbaycanlı, azərbaycançılıq,  azəri türkü  terminlərinə qarşı münasibətiniz?

-Dünyaya gözlərimi açar-açmaz anam mənə Azərbaycan laylaları oxumuş.Mahnılar, dəstanlar, nağıllar ürəyimi minbir rəngə boyamış. İllər sonra Almaniyada “Ayrılığın Rəngi Hüzün” kitabım çıxdığında türk və alman oxucuların ən çox soruşduqları şey, dilimdən səhifələrə tökülən o mahnıların, nağılların, laylayların rənglərin hardan gəldiyi idi. O rənglər Azərbaycanın rəngiydi.

Bilirsiniz bizim iğdır bölgəsində yaşayanlar insanların çoxu Azərbaycan türkləridir.Mənim doğulduğum köyün adı Quzugüdəndir. Türk tarixçisi Pof. Dr. Faruk Sümərə görə Quzugüdənlilər Oğuzların Bozoq qolunun Bayat boyuna mənsubdurlar və 1570-ci illərdə Azərbaycandan Anadoluya köç etmişlər.Bir qısmı İğdırda , bir qısmı da Ankara və Kayseri tərəfində yaşamaqdadırlar. Anadoludakı Quzugüdənlilərin təxminən sayı 250 mindir.

Quzugüdən köyü sizin Salyanın bir köyü kimiydə və Azərbaycandakı bütün nağıllar, mahnılar, dastanlar  olduğu kimi eynən bizdə də danışılır və eşidilirdi.Köydəki yaşlıların Quzey Azərbaycanda akrabaları vardı və bizlər hey ayrılıq mahnıları və həsrət üçün tökülən gözyaşları arasından böyüdük.

Oxuduğum müəllim məktəbində məni hərkəs bir Azərbaycan türkü olaraq tanıyırdı və mən bundan qurur duyardım, sanki özümü Füzulinin gerçək varisi olaraq görürdüm.Məktəbdə nə zaman şeir gecələri olsa mənə, “ Azərbaycanlı, qalx, şeir oxu !”- deyərlərdi.Qalxar, Azərbaycan ləhcəsində şeirlər oxuyardım. Şeirlər Əlmas Yıldırım vəya Ahmet Cevattan olurdu.Onlarla bağlı kitabları sanki müqəddəs kitablarmış kimi saxlardıq.

Böyüdükçə Azərbaycanla bağlı kitablar əlimə keçdi və bu barəd bilgilərimi daha da artırdım.Türkiyədə nə yazıq ki, kiril əlfabasını oxuya bilmirdim.15 yaşındaydım və kiril əlifbasını  öyrənmək istədim.İğdırda Zeynalabidin Makas adında bir ədəbiyyatçı vardı.Kiril əlfbasını öyrənmək üçün günlərcə onu gizlin-gizlin təqib etdim və bir gün utana-utana yanına gedib kiril əlifbasını öyrənmək istədiyimi söylədim. Məni evinə götürdü. İlk dəfə tarı onun evində gördüm.Mənə kiril əlifbasını öyrətdi və bir kitab verdi.Kitab Fərman Kərimzadə adında bir yazıçının “Qarlı Aşırım” romanıydı.Romanı Muallim məktəbinə götürdüm. Axşamları yataqxanədə arkadaşlarla toplanır, kitabı oxuyardıq.Daha doğrusu, mən oxuyardım onlar da dinləyərdilər.Kitabın bir yerində Kərbəlayı İsmail hamilə gəlinini götürür düşmanına əmanət edər. O bölümü oxuyarkən hamımız çocuklar kimi hönkür-hönkür ağlamışdıq. Atalarımızda olan mərtlik, dürüstlük, namus və cəsarət bizi çox etkiləmişdi.Bax Türklük budur, demişdik. Zaman keçdikcə Ankarada mərhum Rəsulzadənin qurduğu Azərbaycan dərnəyi və onların üç ayda bir çıxardıqları dərgi ilə tanış olduq.O dərgi bizim üçün ayrı bir məktəb oldu. Bütün Azərbaycan klassiklərini və gerçək qəhrəmanlarını o dərgidən öyrəndik.

 Daha sonralar yeniyetmə ikən Nəbi Xəzri və Bahtiyar Vahapzadəyə məktublar yazmış və cavablarını almışdım. O məktubları hələ də saxlayıram.

İkinci sualın   cəvabına gəlincə...Birisi özünə Azərbaycanlıyam deyərkən özünü daha yaxşı ifadə edir və bundan mutlu olursa nə deyə bilərəm ki? Məncə, atalar demiş, 'Su axar və yatağını  bulur” və  gələcəkdə bütün terminlr yerli-yerinə oturacaq və Azərbaycan türkləri özlərini daha yaxşı ifadə edəcəklər..

Milli kimlik formalaşması o qədər asan olmur.Bildiyiniz kimi hələ Türkiyədə də kimlik problemi var.Azərbaycan yüzildən çox başqa bir millətin hakimiyyəti altında yaşadı.Bu durum təbii olaraq onun ruhunda dərin izlər buraxdı. Bu izləri silmək heç də asan bir şey deyil.Amma zaman keçdikcə insanlar kim olduqlarını öyrənəcəklər.Bunu heç bir qüvvə əngəlləyə bilməz.

“Didərginlər” isimli bir kitab oxumuşdum. Orda Ermənistanda yaşayan biri belə bir əhvalat yazmışdı.Deyir, biz erməni çocuklarıyla oynar-gülərdik.24 apreldə onlar bizimlə oynamağa gəlməzlərdi.( Cəhənnəmə gəlsinlər !!!!!!!!!!! Tofiq Abdin).  Bir gün dostlarımdan birindən sordum, dedi ki, atam dedi onlar türkdürlər bizləri qırmışlar onlarla oynama... ( BELƏ BİR OLAY MƏNİM BAŞIMA GƏLMİŞ.SOVET DÖVRÜNDƏ YURMOLADA AİLƏVİ DİNCƏLƏRKƏN  MƏNİMLƏ QONŞU OLAN BİR ERMƏNİ YAZARIN UŞAQLARI EYNƏN DEMİŞDİLƏR : ATAMIZ DEYİR ONLAR TÜRKLƏRDİR, ONLARLA OYNAMAYIN.BƏLKƏ DƏ ORXAN BƏY BUNU MƏNDƏN EŞİTMİŞ,HEÇ OXUMAMIŞ.) Mən həmən atamın yanına getdim və soruşdum, dedim ata Türklər kimlərdir? Atam dedi ki, bax o Ağrı dağının ardındakı xalq türklərdir.Düşünün, düşman sənin kim olduğunu bilir, amma sən özünün kim olduğunu bilmirsən.Bu necə böyük bir faciədir.Amma şükür ki, indi gənclərin çoxu kim olduqlarının fərqindədirlər.

-Danmayaq ki, sizin 90-cı illərdə buralara gəlmənizlə, indiki zamanda gəlişinizdə ayrı bir dad var.Və məncə sizdə get-gedə sıradan bir dost və sıradan Almaniyada yaşayan türk olaraq baxılırsınız.

Bunu necə dəyərləndirirsiniz ?

Təbii ki, doxsanıncı illərdə fərqli bir həyəcan, fərqli bir duyğu vardı.Hər şeydən öncə milli məsələ vardı.1990-cı ildə, daha Sovyetlər Birliyi dağılmadan Bakıya gəlişimdə yol boyu ağlamışdım.Burda mənim ana dilim danışılırdı və doğuşdan biz bu yurdun həsrətini çəkmişdik.Bakıda nəfəs almaq, Xəzərin sahilində üfüqə baxmaq mənim üçün müqəddəsdən də müqəddəs idi.Tofiq abi,o vaxtlar dilimdə Əhməd Cavadın bir şeiri əzbərdi:

Yaxında didarın nəsib olmasa

Ümitsizlik məni düşürməz yasa

Alaraq əlimə dəmirdən asa

Bir gün hüzuruna gələcəyim mən!

Mən 1990-cı ildə Bakı Hava limanına enərkən bu şeiri mızıldanırdım və ağlayırdım. “Ustad Ahməd Cevad, gəldim huzura, məzarında rahat uyu,-dedim.Gəncəcik bir çocukdum, amma gözümdə qorxu yoxdu.Ürəyimdəki min illik həsrətlə gəlmişdim buraya. Burdakı insanlar da həsrət içindəydilər, yaralıydılar.Heç tanımayanlar belə məni qucaqlayır, ağlayır, səmimiyyətlə evlərinə dəvət edirdilər.

İndi təbii ki, zaman dəyişdi,əksikliklərə rağmən şükür ki, azad bir dəvlətimiz var.İnsanların artıq fərqli dərdləri, fərqli baxışları, fərqli fikirləri var.Orxan Arasın artıq 1990-cı ildə  gələn Orxan Aras olaraq görülməməsini də normal sayıram.Amma mən bir dəfə görüşdüyüm insanların xatirələrini ürəyimdə saxlaram və əsla unutmam.Rüstəm Behrudi ilə 1990-cı ildə bir dəfə görüşmüşdüm və hələ onu dostum olaraq qəbul edirəm.

 

ORXAN ARAS MONOLOQU:

 

Hər tanıtımda bir yanlışlığın olması təbiidir( yanılğı)  əslində. Məncə nəyə, haraya və necə baxdığımız önəmlidir. Əgər tanıda bilmək deyilirsə o zaman belə deyim:Ucsuz-bucaqsız kimi görünən, hər köşəsində ayrı bir dad, ayrı bir rəng, ayrı bir gözəllik olan Anadolumuzun ən ucqar guşələrindən birində Qarsda dünyaya gəlmişəm. Doğulduğumda qışın ən azğın çağıydı.Anamın ağlında sadəcə sancılar və çöldə dayanmadan yağan qar fırtınası vardı. Hansı ilin, hansı ayında və ya günündə doğulduğum o fırtınaların küləyində sovrulub getmiş.İlk uşaqlıq, ilk həyəcan, ilk qorxu... Yoxsulluq, isə ayrı bir dərd... Tavanından qamışlar tökülən bir otaqlı, kərpicdən bir evin darlığında yaşamaq  çabası... Çevrəsi uca dağlarla çevrili, torpaqları bərəkətli bir obanın min bir çeşid rəngləri anamın tərifsiz şəfqətiylə ruhuma işləmiş... Sonra ağılar… Heç bitməyən göz yaşları, acizlik, çarəsizlik və üsyan... Dalbadal doğulub ölən uşaqlar... Mən ninnilərdən ( laylaradan) çox ağıların ürək yaxan hayqırışları içində böyümüşəm. Bütün bunlar uşaq ruhumu elə dağlamış ki, özümü tanıyar-tanımaz evdən qaçdım. Hələ 8-10 yaşlarındaykən belə bütün günümü bağ-bağçada ağaclar altında keçirirdim. Məktəb illəri yuxu kimi... Bəlkə də beş yaşındaydım məktəbə getdiyimdə. Oxumaq həvəsim hədsiz idi.Bəlkə də bu üzdən məktəb illərimin beş ilini beş ulduzla bitirdim.Bu  bir başarıydı mənim üçün. Orta məktəb illərim  isə yalnızlıq və şəhərin hayküyü ilə doluydu. Təsadüfən girdiyim Öyrətmən Okulunu ( Müəllimlik Məktəbini) bitirdikdən bir neçə il sonra, Almaniyaya gəldim. Sanki içimdə bir inqilabın baş verdiyini anladım. Fərqli bir aləmdə, çox fərqli şərtlər... Bəzən baş götürüb geriyə dönmək istədim, amma  zamanla diş-dişə, göz-gözə mücadilə etmək də vardı içimdə. Oxumaq əlacım oldu. İllər keçdi, hələ burdayam və mübarizəm davam edir.

Dünyanı, insanları, çevrəni, özümü tanıdığımdan bəri bir şeylər qaralayıb dururdum. İlk yazı təcrübələrim şeirlərdi. Kasıblığın, acıların içindən çıxan bir uşağın yazacağı şeirlər də, təbii ki, kədər doluydu. O duyğuların altında yazılan şeirlər bəsit olmasına baxamayaraq onları hələ də qoruyub saxlayıram. İlk çıxan kitabım “Qarabağın Gözyaşları” da bir şeir kitabıydı. Sonra hekayə və romana yazmağa başladım.Amma şeiri atmadım. 2002-ci ildə də Boyut yayınlarında ( nəşriyyatında) “Aşklar daha ölmədi” adlı daha  bir şeir kitabım yayımlandı. Amma roman, hekayə və bioqrafik mövzularda daha uğurlu, daha emosional, daha duyğusal olduğumu düşünürəm. “Azərbaycan davamız”, “Ayrılığın rəngi hüzün” adlı iki kitabım çap olunmuşdur.

(HƏR İKİ HİSSƏ  DAVAM EDƏCƏK)

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2012.- 20 oktyabr.- S.23.