Britaniya generalının Bakı gündəlikləri

 

(Bakının azad edilməsinin 94 illiyinə həsr olunur)

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Məğlubiyyət və qaçış

 

General Denstervil və Sentrokaspi hökuməti Azərbaycan-türk hərbi birləşmələrinin həlledici zərbəni nə zaman endirəcəyini dəqiq bilirdilər. Sentyabrın 12-də Qafqaz İslam ordusundan qaçan ərəb əsilli fərari komandanlığın planlarını açmış, iki gün sonra, sübh saatlarında hücum başlanacağını xəbər vermişdi.

Təbii ki, ərəb əsgər hücumun detallarından, əsas zərbənin hansı istiqamətdən endiriləcəyindən xəbərsiz idi. Onun ehtimalına görə türklər sol cinahdan hücuma keçə bilərdilər. İstənilən halda həm sol cinahın, həm də bütünlükdə 12 mil uzunluğundakı cəbhə xəttinin möhkəmləndirilməsi üçün qiymətli vaxt əldə edilmişdi. Satqının gətirdiyi xəbər başqa cəhətdən də qiymətli idi. Denstervilin əmri ilə sentyabrın 13-də polkovnik Raulinson öz dəstəsi ilə Lənkərana yola düşməyi planlaşdırmışdı. İngilis əsgərləri avtomobillərlə Muğan çölündən keçərək Qafqaz İslam ordusunun arxasına çıxmalı və bütün nəqliyyat yollarını, ilk növbədə isə Kür üzərindəki yeganə dəmir yol körpüsünü dağıtmalı idilər. Generalın yazdığına görə əməliyyat son dərəcə dəqiq hazırlanmışdı. Lakin əsas hücumun vaxtı dəqiqləşdiyindən yürüş təxirə salındı. Polkovnik Raulinsonun dəstəsi də şəhərin müdafiəsinə cəlb olundu.

Sentyabrın 9-dan Biçeraxovun Petrovskdan (Mahaçqala - V.Q.) göndərdiyi  qüvvələr də gəlməyə başlamışdı. Onların sayəsində bir neçə gün ərzində Bakı qoşunlarının sayı təxminən 500 nəfər artmışdı. Üstəlik, əlavə 10 pulemyot gətirilmişdi. Yerli döyüşçülərlə müqayisədə Biçeraxovun adamları daha ciddi nizam-intizama və savaş təcrübəsinə malik idilər.

Nisbi sakitliyin hökm sürdüyü 5-12 sentyabr günlərində “Bakı qoşunu” ingilis zabitlərin rəhbərliyi altında aramsız təlim keçmişdi və Denstervilin etirafına görə, “qısa müddətdə heyrətamiz irəliləyiş əldə olunmuşdu”.  “Hərbi sursat təchizatı əla vəziyyətdədir. Eyni sözləri pulemyotlar və artilleriya barəsində də demək mümkündür. İndiki ehtiyatlar altı ay sonraya da kifayət edər” - deyə Denstervil sentyabrın 12-də gündəliyində yazmışdı.

Əvvəldə də qeyd olunduğu kimi, mövqe üstünlüyü tamamilə Britaniya-Sentrokaspi alyansının tərəfində idi. Onlar dəniz yolu ilə Ənzəli və Lənkərandan ərzaq, habelə silah-sursat gətirirdilər. Yüksəklikdə yerləşmələri Bayıl, Qurd qapısı və Biləcəri istiqamətlərindən üzü yuxarı irəliləməli olan türk əsgərlərini asanlıqla hədəfə almalarına imkan yaradırdı. İsti hava şəraitində içməli suyu qazanlarla Yevlaxdan gətirən Qafqaz İslam ordusundan fərqli olaraq Bakının bütün maddi və texniki resurslarından yetərincə  yararlana bilirdilər.

Müasir silah və avadanlıq baxımından da Bakı qoşunları üstün vəziyyətdə idi. Onların sərəncamında iki hidroplan, iki döyüş təyyarəsi, altı zirehli maşın vardı. Avtomobil rotasına markiz d`Albitsi rəhbərlik edirdi. Hücum ərəfəsində hidroplanlar aramsız kəşfiyyat uçuşları keçirirdilər. Doğrudur, Denstervilin yazdığına görə, sentyabrın əvvəllərindəki küləkli hava şəraiti aviasiyadan yetərincə yararlanmağa imkan verməmişdi. Lakin bütünlükdə, yüksək səviyyəli təchizat müəyyən   psixoloji üstünlük yaradırdı.

Həlledici məqamda general Denstervil yenidən Bakıda özünün rəhbərliyi ilə Müttəfiq dövlətlərin təmsilçilərindən ibarət hökumətin qurulması, bütün mülki və hərbi rəhbərliyin həmin quruma verilməsi ideyasına qayıtmışdı. “Ordu, donanma və şəhər əhalisi diktatorların fəaliyyətsizliyini görərək narazılıqlarını açıq şəkildə bildirməyə başlamışdılar. Mövcud hökumətin devrilməsi və bütün hakimiyyət institutlarının ingilislərə verilməsi tələbləri daha güclü xarakter almışdı”- deyə o, gündəliklərində məmnunluqla yazırdı. Hətta cəmiyyətin kiçik bir kəsimi arasında yayılan əhval-ruhiyyənin mövcudluğu müstəmləkəçilik ruhunda böyümüş Denstervilin heysiyyətini oxşayırdı. Amma yaranmış şəraitdə bunun mümkün olmadığını təbii ki, hamıdan yaxşı özü  başa düşürdü.

Sentyabrın 13-də komanda heyətinin tərkibi dəqiqləşdirilmişdi. Bakının müdafiəsinə general Dokuçayev, “Densterfors” hissələrinə polkovnik Keyvord rəhbərlik edirdi. Qərargah rəisi polkovnik Stoks idi. Hərbi əməliyyatların gedişini “Prezident Kryuger” gəmisindəki qərargahından izləyən Denstervil baş komandanla, “diktatorlarla” və “müdafiə naziri” Baqratuni ilə davamlı telefon əlaqəsi saxlayırdı. Müdafiə döyüşləri aparmamaq, şəhər ətrafındakı yüksəkliklərin yaratdığı əlverişli mövqelərdən istifadə edərək türkləri bir qədər yaxına buraxmaq, sonra isə mütəşəkkil hücumla onları geri oturtmaq qərara alınmışdı.

Qafqaz İslam ordusunun həlledici hücumu ərəb fərarinin də dediyi kimi, sentyabrın 14-də, səhər saat 4-də başlandı. Güclü artilleriya hazırlığından sonra Azərbaycan-türk birlikləri  şəhərin əsas girişi - Qurd qapısı istiqamətində hücuma atıldı. Səhər saat 8-də artıq döyüşün və Bakının taleyi həll olunmuşdu. Denstervilin telefonla aldığı ilk məlumat məğlubiyyət xəbəri idi: “İlk telefon zəngi ümidlərimizi duman kimi dağıtdı. Bildirilirdi ki, döyüş artıq başa çatıb, qalib türk əsgərləri heç bir müqavimətlə üzləşmədən mütəşəkkil dəstələrlə şəhərə doğru irəliləyirlər”.

Qafqaz İslam ordusunun məhz Qurd qapısı istiqamətində uğur qazanması  Bakı qoşunları arasında güclü qorxu əhval-ruhiyyəsi yaratmışdı. “Cəbhənin ən möhkəmləndirilmiş hissəsinin belə asanlıqla düşmənə təslim olması ağlasığmaz iş idi, - deyə Denstervil yazırdı. - Üstəlik də buradakı hərbi hissələr gözlənilən hücumla bağlı əvvəlcədən xəbərdar edilmişdi. Lakin ağlasığmaz görünməyindən asılı olmayaraq fakt faktlığında qalırdı. Böyük üstünlüyə malik olsa da hücum başlayan kimi darmadağın edilən belə ordu ilə  nəyəsə ümid bağlamaq mümkün deyildi”.  Ona görə də, ilk sarsıdıcı zərbədən sonra Denstervil artıq vəziyyəti düzəltmək deyil, öz əsgərlərini mümkün qədər tez və az itki ilə təhlükəli mövqelərdən çıxarmaq barəsində düşünməyə başlamışdı.

Lakin yazdığına görə, avqustun 5-də olduğu kimi yenə də möcüzə baş verəcəyini də istisna etmirdi. Çünki Qafqaz İslam ordusunun piyada və süvari hissələri Qurd qapısı yüksəkliyini ələ keçirsələr də, hələ artilleriyanı gətirmək mümkün olmamışdı. Odur ki, türklər müəyyən tərəddüd içərisində idilər, qısa müddətli mövqe döyüşünə hazırlaşaraq gözləmək məcburiyyətində qalmışdılar. Şəhər müdafiəçilərinin qəfil   uğurlu əks hücumu vəziyyəti əsaslı şəkildə dəyişdirə bilərdi. Denstervil yolundakı ən çətin maneəni dəf edən türk əsgərinin dayanmadan birbaşa şəhər üzərinə gəlməməsini özünün 900 döyüşçüsünün və yardıma gələn Biçeraxov əsgərlərinin xidməti sayırdı. Saat 11-də Qafqaz İslam ordusu artıq Bakı ətrafındakı yüksəkliklərin hamısına nəzarət edirdi. Şəhərə ziyan yetirməmək üçün artilleriyadan o qədər də geniş istifadə olunmurdu. Yalnız “Densterfors” qərargahının yerləşdiyi “Metropol” oteli intensiv atəş altında saxlanırdı. Saat 11-də baş komandan Dokuçayevin qərargahına gələn Denstervil burada tam bir çaşqınlıq və xaos əhval-ruhiyyəsinin hökm sürdüyünü görmüşdü. Rastlaşdığı mənzərə onda öz əsgər və zabitlərinin dərhal Bakıdan çıxarılması qənaətini daha da qüvvətləndirmişdi.

Lakin bu barədə müttəfiqlərini - Sentrokaspi hökumətini yalnız saat 16-da məlumatlandırmışdı. Çünki həmin vaxt yerli hərbi hissələr də nizamsız halda döyüş mövqelərini buraxaraq qaçmağa başlamışdılar və artıq heç bir qüvvənin şəhərin süqutunun qarşısını ala bilməyəcəyi aşkara çıxmışdı.  Denstervil atacağı addımın riskini yaxşı anladığından bir müddət tərəddüd keçirmişdi. Məğlubiyyətdən quduzlaşan “diktatorlar” silahı müttəfiqlərinə qarşı çevirə bilərdilər. Digər tərəfdən, son ana qədər vəziyyətin dəyişəcəyinə inamını da itirmirdi. Gözlənilməz bir möcüzə nəticəsində türklər geri oturdulsa, tələsik qərar onu qalib statusundan məhrum edə bilərdi. 

Sonda sağlam düşüncə və hərbçi soyuqqanlılığı üstün gəlmişdi. Denstervilin qısa məktubla “diktatorların” yanına göndərdiyi şəxsi yavəri kapitan Brey Bakının “bir saatlıq xəlifələrini” başlarını itirmiş vəziyyətdə, əndişə içərisində tapmışdı. Onlar hətta məsələnin mahiyyəti ilə maraqlanmadan ingilislərə istədikləri kimi hərəkət etməyi məsləhət görmüşdülər. Hər halda ingilis generalının versiyası belədir. Şübhəsiz, burada çətin saatda qaçması ilə bağlı hərəkətlərinə mənəvi  haqq qazandırmaq istəyi də diqqətdən qaçırılmamalıdır.

İngilislər şəhərdən təxminən 1300 nəfər təxliyə etməli idilər. Eyni zamanda silah və sursat ehtiyatının mümkün qədər çox hissəsini özləri ilə götürməyi planlaşdırırdılar. Yaralıları, xəstələri, arxa işlərdə çalışan heyət üzvlərini aparan “Kursk” və “Abo” gəmiləri axşam qaranlığı düşdükdən sonra Bakı limanından Ənzəliyə yol almışdı. Onlara sadəcə yaralı daşıdıqlarını əsas gətirərək sahil mühafizə xidmətinə və gözətçi gəmilərə heç bir müqavimət göstərməmək təlimatı verilmişdi. Həmin saatlarda Qafqaz İslam ordusu şəhərin girişində döyüşlər apardığından bu manevrin qarşısını almaq mümkün olmamışdı.

Denstervil neft mədənlərini partlada bilməmişdi. Yaxud da sadəcə buna cəsarəti çatmamışdı. Amma özü ilə gətirdiyi hərbi texnikanın türk əsgərlərinə və gələcək Azərbaycan ordusuna çatmaması qayğısına qalmışdı. Onun tapşırığı ilə hidroplanlar, zirehli döyüş maşınları, habelə Ənzəlidən gətirdikləri 30-dan artıq “Ford” avtomobili yararsız hala salınmışdı. Polkovnik Raulinsonun komandası altındakı “Erməni” adlı 200 tonluq gəmi istifadə olunmamış silah-sursatı, habelə mənşəyi bilinməyən digər yükləri Ənzəliyə aparmışdı.

On dörd saatdan çox çəkən döyüş yalnız axşam qaranlığının düşməsi ilə səngimişdi. “Densterfors” hissələri əvvəlcədən hazırlanmış plan əsasında daldalandıqları, yaxud epizodik müdafiə döyüşləri apardıqları mövqelərdən limana çəkilməyə və “Prezident Kryuger” gəmisinə yüklənməyə başlamışdılar.

“Diktatorlar” yalnız bu zaman ingilislərə hərəkət sərbəstliyi verməkdə tələsdiklərini anlamışdılar. Denstervilin yazdığına görə gün ərzində onların əhvalı ön atəş xəttindən aldıqları xəbərlərə və şəhərin bombardman edilməsinə görə tez-tez dəyişilirdi. Əsgərlərinin qaçdığını eşidəndə, yaxud yaxında top mərmiləri partlayanda başlarını itirir, nisbi sakitlik yarananda, yaxud hansısa nöqtədə türklərin durdurulduğunu biləndə isə cəsarətlənirdilər.

Görünür, döyüşün səngiməsi və Qafqaz İslam ordusunun hələlik şəhərə daxil olmaması “diktatorların” ürəyində yenidən ümid qığılcımları alovlandırmışdı. Təxminən saat 22 radələrində Lyamlin və Sadovski limana gələrək Denstervillə təcili görüş istəmişdilər. “Bakı hökuməti” adından danışan Sadovski türklərin hələ şəhərə girmədiklərini və yerli qüvvələrin mübarizəni sona qədər davam etdirmək əzmində olduqlarını bildirmişdi. Belə həlledici məqamda müttəfiq ingilislərin geri çəkilməsi xəyanət kimi qiymətləndirilmişdi. Denstervildən dərhal öz əsgərlərini döyüş mövqelərinə qaytarmaq tələb olunmuşdu. “Diktatorlar” əks-təqdirsə çox ciddi tədbirlərə əl atacaqlarını bəyan etmişdilər.

Qısa cavab sözündə ingilis generalı yerli hərbi hissələrin yararsızlığı, döyüşün bütün ağırlıq və məhrumiyyətlərinin “Densterfors”un üzərinə düşməsi ilə bağlı əvvəlki məlum iddialarını təkrarlamış, əsgərlərinin həyatını təhlükəyə atmayacağını və dərhal Ənzəliyə hərəkət edəcəyini bildirmişdi. “Əgər belə olsa, donanmamız sizə atəş açacaq və gəmilərinizi batıracaq”-deyə Sadovski Denstervilin qərargahını tərk etməmişdən əvvəl müttəfiqini hədələmişdi.

Lakin özləri də “çamadan əhval-ruhiyyəsində” olan “diktatorlar” təhdidlərini yerinə yetirə bilməmişdilər. Limanın qurtaracağında gözətçi gəmi ilə xırda insidenti çıxmaq şərti ilə 800 nəfərdən çox ingilis döyüşçüsü aparan “Prezident Kryuger” heç bir ciddi maneə ilə üzləşmədən sentyabrın 14-dən 15-nə keçən gecə saat 1 radələrində Bakı buxtasını tərk etmişdi.

Sentyabrın 15-də səhər saatlarında müzəffər Qafqaz İslam ordusu artıq Azərbaycan Cümhuriyyətinin paytaxtı statusu qazanan Bakıya daxil olmuşdu. Osmanlı imperiyasının hərbi naziri Ənvər Paşanın bu münasibətlə Şərq Orduları Qrupu komandanı Xəlil Paşaya və Nuri Paşaya göndərdiyi teleqramda deyilirdi:

“Böyük Turan imperiyasının Xəzər kənarındakı zəngin bir məkanı olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm”.

Sentyabrın 17-də Azərbaycan Cümhuriyyəti hökuməti xüsusi qatarla müvəqqəti paytaxt Gəncədən Bakıya gəldi. Bakının azad edilməsi milli dövlətçiliyimizə cahanşümul töhfə oldu. XX əsr Azərbaycan tarixinin bu ən diqqətəlayiq səhifəsi Azərbaycan və türk əsgərinin qanı ilə yazıldı.

 

lll

 

Beləliklə, “Densterfors” üzərinə qoyulan əsas vəzifənin - Bakıda Britaniya nəzarətinin təmin olunması işinin öhdəsindən gələ bilmədi. Əvvəldə də qeyd etdiyim kimi, istər gündəliklərində, istərsə də “Densterfors”un macəraları” kitabında Denstervil dəfələrlə özünün və əsgərlərinin fəaliyyətini yüksək qiymətləndirmişdi. Lakin generalın bəzi silah yoldaşları belə düşünmürdülər. “Dencterfors”un tərkibindəki kanadalı hərbçilərin komandiri, polkovnik-leytenant Varden Bakı məğlubiyyətindən bir neçə gün sonra  gündəliyində gizlətmək istəmədiyi istehza hissi ilə yazırdı: “Öz işinin öhdəsindən gələ bilməyənlərin hamısı kimi Denstervilə də tam general rütbəsi, Britaniya imperiyasının cəngavəri adı verilməli, sonra da sakitcə bir tərəfə atılmalı, unudulmalıdır”.

Sentyabrın 16-da Denstervil Bağdada dönməsi ilə bağlı teleqram aldı. “Özümü incidilmiş saymıram, - deyə həmin gün o, gündəliyində yazmışdı. - Hərbi nazirliyin və Bağdadın süstlüyünə, səhvlərinə baxmayaraq çətin şəraitdə əla iş gördüm, boş yerdə çox yaxşı nəticələrə nail oldum. Görünür, teleqramlarımdan sonra  taleyimi yüngülləşdirmək və mənə hərbi məhkəmə ilə təsir göstərməməkdən başqa yolları qalmamışdı”. Bu sətirlərdən Britaniya hökumətinin “Densterfors”dan narazı, Denstervilin isə çox razı qaldığı aşkara çıxır.

Britaniyalıların Bakı döyüşlərindəki itkisi yuxarıda da qeyd etdiyim kimi, 180 nəfər olmuşdu. 4 ingilis hərbçisi isə əsir götürülmüşdü. Onların Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Bakıda qaldıqlarını təxmin etmək mümkündür. Çünki Azərbaycan SSR XKS sədri N.Nərimanov 1921-ci ildə həmin ingilis əsirlərini İstanbuldakı Britaniya komandanlığı tərəfindən Malta adasına sürülən  köhnə əqidə dostu Əhməd Ağaoğlu ilə dəyişdirmək istəmişdi.

Həlak olmuş ingilis əsgərləri Dağüstü parkda, indiki türk şəhidliyindən bir az aşağıda dəfn edilmişdi. İncəsənət Muzeyinin yaxınlığındakı “İngilis bağı” da çox güman ki, “Densterfors”la bağlıdır. 2002-ci ildə ölkəmizdəki Böyük Britaniya səfirliyi ingilis hərbçilərinin məzarı üzərində onların ad və soyadlarının yazıldığı obelisk ucaltmaq, daha doğrusu,  mövcud obeliski yeniləmək fikrinə düşmüşdü. Lakin səfirliyin təşəbbüsü ictimaiyyətin kəskin etirazı ilə qarşılanmışdı. Bunun da səbəbini anlamaq çətin deyildir. Çünki həmin ingilislər Bakının azadlığı deyil, işğal altında qalması naminə öz həyatlarından keçmişdilər.

Britaniya missiyasının sağ qalan döyüşçülərinə gəldikdə isə, Hərbi nazirliyin  qərarı ilə 1918-ci il sentyabrın 22-də “Densterfors” ləğv edildi. Onun şəxsi heyəti müxtəlif hərbi hissələr arasında paylaşdırıldı. Oktyabrın 19-da  Denstervil Bağdaddan İngiltərəyə dönməsi ilə bağlı əmr aldı. Növbəti ay isə yenidən Hindistana qayıtmalı oldu. “Tarixin ən böyük savaşı” adlandırdığı Birinci Dünya müharibəsinin başa çatmasını da noyabrın 12-də burada, Pəncabda eşitdi.

Bakını isə həyatının sonuna qədər unuda bilmədi...

 

Avqust-sentyabr, 2012-ci il

Budapeşt-Bakı

 

 

 Vilayət QULİYEV

 

525-ci qəzet.- 2012.- 20 oktyabr.- S.20-21.