Fəryad... Və Vicdan
Noyabrın 17-də görkəmli
yazıçı-jurnalist Əli İldırımoğlunun
85 yaşı tamam olur. Bu münasibətlə
tanınmış publisist Loğman Rəşidzadənin
yazıçının yaradıcılığından bəhs
edən “Fəryad və vicdan” essesini oxuculara təqdim edirik.
(Əvvəli
ötən şənbə saylarımızda)
“Həyat əzabdır”, - Budda belə
söyləyir. “İnsan doğulur, əzab çəkir və
ölür”, - belə bir Şərq formulu da var. Ümumiyyətlə, insan yaranışdan ömrü
boyu müxtəlif əzablarla üzləşir. Və insan
yaşadıqca da dərdə, kədərə vərdiş
edir. Bu azmış kimi, insanlar özləri də bir-birinin həyatını
cəhənnəmə döndərir və sanki bundan gizli
zövq alırlar. Bu mənada ermənilərin qərinələrdən bəri azərbaycanlı
qonşularının başına açdığı
oyunlar bunun bariz nümunəsidir. Müəllif Nəcəfin
acı taleyi timsalında bunun əyani
mənzərəsini yaradır. Nəcəfin əzab-əziyyətdən
yoğrulmuş acınacaqlı həyatı, həm də son
anda uğursuzdur. Bu, kiməsə qəzavü-qədər,
fatalizm kimi görünə bilər... Lakin müəllif
üçün bu, hadisələrin təbii davamı və
məntiqi yekunudur. Ermənilərin əzab-əziyyətə
düçar etdiyi Nəcəf, son anda erməni əliylə
qətlə yetirilir. Nəcəfə atılan güllə həyəcan
təbili kimi səslənir. Bu həyəcan təbiliylə
müdrik yazıçı erməni məkrinə, erməni
hiyləsinə uymamağa çağırış edir...
Amma bəzən
yazıçı öz harayına belə, özü
başqa cür əks-səda verir.
O, erməni vandalizmindən haray vura-vura “kasıb-kusuba
qalsa, araya qan düşməz”, - qənaətinə gəlir.
“Siçandan olan dağarcıq dələr”, - fikri ilə
hadisələrə qiymət verən ədib, belə
çıxır ki, tarixi yaddaşı unudub Andraniklərlə yanaşı
Armenaklar, Akoplar da yaradır, bu sadə çobanların
insanlığından, səmimi duyğularından, Nəcəfə
isti münasibətlərindən söz aça-aça
özü də onlara inanır?.. Ədibin bu tip sadə ermənilərə
münasibəti tam səmimidir, hətta bəzi məqamlarda,
bu obrazlar isti yazıçı himayəsindədir. Əli
İldırımoğlu, yəni bu qədər sadəlövh
yazıçıdır?.. Erməni xislətinə
yaxından bələd olan və onu sonadək ifşa etməyi
bacaran, erməni hiyləsinə uymamağı bütün əyaniliyi
ilə təbliğ edən
yazıçı birdən-birə özü də erməni
hiyləsinə uydumu?.. Əli İldırımoğlunu
yazıçıların humanist nəslinin nümayəndəsi
kimi təqdim etdik. Bu tip yazıçılar, adətən ən
sərt həyat həqiqətlərində, ən çamurlu
insan xislətində belə, gözəllik, insanpərvərlik,
ideallıq axtarır. Ermənidə işıqlı cəhət
axtarmaq, artıq humanist yaradıcılığın bədii-estetik
qayəsidir. Humanist yaradıcılığın kredosu budur:
erməni olsa belə, insandan sonadək necə imtina etmək
olar?.. “Daş yağan gün” əsərində ermənizmin
ifşası leytmotivdir. Estetik qayə isə humanizmdir, insanpərvərlik
və bəşəri ideallardır. Yazıçı öz
estetik məqsədi üçün, hətta ermənidə
belə (təbii ki, daha sadə, məkrsiz, millətçilik
ideyalarıyla zəhərlənməmiş) işıqlı
cəhətlər axtarır. Bu, Əli
İldırımoğlunun yazıçı kimi, bəlkə
də ən böyük uğurudur. Yazıçı
bütün vasitələrlə sonadək öz
idealını qabardır, insanpərvərliyin tərəfində
dayanır.
O, öz
yazıçı eksperimentlərini Arsen obrazında
inkişaf etdirir, onda Akop və Armenakdan daha fərqli cizgilər
axtarır. Xarakterləri kənd-kəsəyin,
dağın-daşın təmizliyindən,
saf təbiətdən qaynaqlanan sadə cavanlarda müsbət
ideallar tapmağa nə var ki?.. Əsas odur ki, savadlı,
sivilizasiya havalı ermənidə bunların
axtarışına çıxasan... Bu mənada Əli
İldırımoğlunun öz yazıçı fəhmi
onu daha uzaqlara aparır. Erməninin oxumuş, təhsil
görmüş, zabit rütbəsi almış, orduda komandir
vəzifəsinə qalxmış Arsen kimi nümayəndələri
üzərində bu eksperimentləri aparmaq daha sirrli və
möcüzəlidir. Əli İldırımoğlu
humanizminin çılğınlığı və
inadkarlığı da bu məqamlardadır.
O, insana inanır (erməni olsa belə), onun bəşəri məzmununu duyub
qiymətləndirməyi bacarır. O, bu anlarda ermənidən daha çox insandan,
Allahın yaratdığı ən mükəmməl
varlıqdan yazır. Sadə çobanı yazıçı
məqsədinə tabe etmək, başqa sözlə, onda
işıqlı cəhətlər tapmaq, ondan vicdanlı, saf,
təmiz məxluq yaratmaq nə
qədər asandırsa, Arsen kimi təhsilli, siyasətdən
baş çıxaran, erməni-azərbaycanlı
münaqişələrinin tarixi köklərindən xəbəri
olan bir ermənidə müsbət məziyyətlər tapmaq
daha çətindir. Bu anlarda ehtiraslı ədəbi
coşqunluq, sonsuz yazıçı marağı daha da
kükrəyir. Yazıçı nə yolla olursa-olsun, Arsenin
tərəfində durub işıqlı bir erməni tipi
yaratmaq istəyir. Heyhat!..
Ədib bu səhnələrdə də
paradoksal effektlərlə ədəbi həqiqəti əyaniliyi
ilə çatdırır. Bir
tərəfdə müdrik Azərbaycan
yazıçısı, digər tərəfdə əli
yüzlərlə azərbaycanlının
qanına batmış Arsenin
babası Manuk. Və mənən deqratasiyaya məruz qalan,
uçuruma yuvarlanan, son anda
qatilə çevrilən Arsen... İki millət, iki
ağsaqqal... Biri Xeyrin təmsilçisi,
digəri Şərin... Arsen hər dəfə, xeyirxah Azərbaycan
yazıçısı Əli İldırımoğlunun ədəbi
öyüd-nəsihətləri, mənəvi-əxlaqi təlqinlərilə
təmizlənmək, saflaşmaq, düz yola qayıdıb
tövbə qapısını döymək istəyəndə
Manukun fitnəkar xəyali
görüntülərilə, cin, şeytan siqlətli
siluetiylə üzləşir, onun qan qoxulu, vəhşi
ehtiraslı “nəsihətlərini” dinləməli olur: “Arsen!
Əqidəmizdən dönmüsən. Səndə ermənilikdən
əsər-əlamət qalmayıb. Müsəlmanlara
yıxılmısan! Nəcəf adlı müsəlman gədəsi
ilə söhbətlərinizdən
ruhum halidir. Həmin andan səni biryolluq itirdim. Nəslindən,
kökündən ayrı düşmüsən, Arsen!
Qoyduğum yoldan uzaqlaşmısan... Amma unutma kii, vaxtilə Çarhovuzlunu
dağıdanların qabağında gedənlərdən biri
də mən idim. Səfiyarın başını bu əllərimlə
kəsdim (Bu, o Səfiyardır ki, Arsenin atası Bağdasar təyinatını
Çarhovuzluya alanda, uzun illər onun sahibsiz qalmış
evində yaşamış, Arsen də olmaqla övladları
bu kəndin azərbaycanlı camaatının çörəyilə
böyümüşdür). Bax, bu əllərimlə!
Arvadını, yeddi uşağını öldürüb
meyitlərini yandıran da mən olmuşam, mən!”
Bu
çılğın, ehtiraslı ədəbi mükalimələr
bir daha sübut edir ki, zatıqırıq insanlardan heç nə
gözləmək olmaz. Belələrindən nəinki real,
müsbət insan, heç ədəbi qəhrəman da
yaratmaq mümkün deyil. Savad, təhsil adamın intellektini
inkişaf etdirə bilər, zahiri görüntülərini dəyişə
bilər, amma onun daxilinə, zərif hisslərinə, ürəyinə
toxuna bilməz, onun zatını, genetik kodunu, mənəviyyatını,
əxlaqını dəyişə bilməz. Bu səhnələr,
sanki yazıçının özünün özü ilə
amansız mübarizəsidir. Hadisələr onun
arzulamadığı səmtə yön aldıqca,
yazıçı, sanki Arsenin tərəfində daha
çılğınlıqla dayanır, onu xilas etmək istəyir,
onu Manuklardan qorumağa çalışır. Bu ədəbi
məqamlar yazıçının ikiləşmə
anıdır. Zaman humanizmlə realizmin mübarizəsi
zamanıdır... Əli İldırımoğlu humanizm Arseni
nə qədər ciddi-cəhdlə qoruyub saxlamaq, onun daxilində
insani duyğuları oyatmağa çalışırsa, əlahəzrət
realizm, həyat hadisələrinin real inkişafı başqa şeylər
diqtə edir. Son anda Arsen Nəcəfi arxadan güllələyib
qətlə yetirdikdən sonra (düzdür, qisas qiyamətə
qalmır, Nəcəfin dostu Rövzət də Arseni
öldürür), realizm humanizmə qalib gəlir. Müəllif
son anda həyatın real məntiqi ilə barışmağa
məcbur olur. Amma bu, heç də onun humanizminə xələl
gətirmir. Əsərin bütöv ruhuna hopmuş bu
humanizmin döyüşkən ruhu oxucunu əbədiyyətə
səsləyir, bəşəri duyğuları qorumağa
çağırır.
Qeyd etdik
ki, “Daş yağan gün” problem ədəbiyyatıdır.
Bu problemi çözmək üçün müəllif
müxtəlif ədəbi-bədii vasitələrdən
istifadə edir. Bunlardan biri və ən çox müraciət
olunanı simvoldur. Əsərdə hadisələrə
simvolik yanaşma tərzindən, simvolik təsvir vasitələrindən,
simvolik təxəyyüldən geniş istifadə edilib. Ədib,
əsasən real substansiyaları simvolun subyektinə
çevirir. Burada təxəyyül, təhtəlşüur,
yaxud yuxu timsallı simvollara da rast gəlirik. Bu, real və
mistik simvollar əsər boyu bir-birini tamamlayıb harmoniya
yaradır.
Yazıçının
protoobrazı kimi canlanan və əsər boyu hadisələrin
əlaqələndiricisi, koordinatoru kimi çıxış
eləyən balaca uşağın düşüncələri
son anda simvolik yaddaşa çevrilir. Onun məhv edilmiş
Köhnə Həsənli kəndi barəsindəki
düşüncələri, öz yetkin ağlı və
balaca əllərilə bu kəndin oxşarını, maketini
yaratması özü simvolik təxəyyülün məhsuludur.
Balaca qəhrəman xəyal dünyasını ələk-vələk
eləyərək öz aləmində daha mükəmməl
bir kənd salır: “Həm də fikirləşdim ki, ermənilərə
etibar yoxdur, Andranikin başının qurdu bir də tərpənsə,
mənim kəndimin yerini tapa bilməz... Əvvəlcə kəndin
ətrafına hasar çəkdim ki, Andranikin qoşunları
içəri soxula bilməsin.
Sonra çör-çöp yığıb dəyirman tikdim
ki, dən üyütmək üçün camaat ora-bura getməsin.
İş öküzlərini nallamaq üçün kəndin
ortasında ayrıca yer düzəltdim, itləri zəncirləyib
elə yerdə bağladım ki, erməni qoşunları gecə
vaxtı hücum eləsə, tez görüb
hürüşsünlər və kəndin adamlarını
duyuq salsınlar...” Bu, bəsit uşaq düşüncələrindən
daha çox müəllif arzularıdır. Bu parçada digər
bir simvolik detal da diqqəti cəlb edir. Balaca qəhrəmanın
yeni saldığı “kənddə” ilan-çayan, başqa həşəratlar
yaşasa da, buraya heç bir xətər toxundurmurlar. Məntiq
budur ki, erməni zəhərli həşəratlardan da
qorxuludur. O, çapıb-talayır, yandırır, viran
qoyur...
Əsərdə Nəcəfin qarğı tütəyindən, buynuzlu qara qoçundan, qara malın ala cöngənin kəsildiyi yerə yığışıb nalə çəkməsindən, çoban itlərinin qadın xeylağına və uşağa toxunmamasından tutmuş alapaça madyana, sədəfli tüfəngə qədər hər şey özündə simvolik yük daşıyır. Nəcəfin tütəyi hər dəfə səsləndikcə Köhnə Həsənlinin əbədi qövr edən dərdini dünyaya car çəkir, erməni vəhşiliyindən hüznlü bir hekayət danışır...
Nəcəf həyatda çox şeyini itirib.
Canını qurtarsa da, həyatının mənasını,
sevincini, arzu və ümidlərini, sanki Köhnə Həsənli
ilə birgə dəfn edib. Məşəqqətli bir ömrə boyun əyən Nəcəfin təsəllisi balaca dostu ilə
oxuduğu kitablar, qarğı tütək və bir də
mehrini saldığı buynuzlu
qara qoçdur. (Qara
qoç həm də onun gələcək
arzularının simvoludur. Axı, o, qara qoçun vasitəsilə özünə
ayrıca sürü düzəltmək, əmisindən
ayrılıb müstəqil yaşamaq arzusundaydı.) O, tədricən
bu sevinclərini də itirməyə başlayır. Qara
qoç qonşu kənddən gəlmiş nalbənd
Mıkırtıç üçün kəsilir. Bəli, Nəcəfin
ata-anası, bacı-qardaşı, kənd-kəsəyi,
taleyi, gələcəyi, arzu və ümidləri kimi qara
qoçu da erməni qurbanı olur. Bundan sonra Həsənlidə
məktəb olmadığından balaca dostu onu tərk edib
atasının kəndinə gedir. Bundan sonra Nəcəf yenə
dəm verir qarğı tütəyə... Demək, Nəcəf
təkliyə, tənhalığa məhkumdur.
(ardı gələn şənbə sayında)
Loğman RƏŞİDZADƏ
525-ci qəzet.-
2012.- 20 oktyabr.- S.19.