Böyük
şəxsiyyətlər bütün dünyaya məxsusdur
Şəxsiyyət
anlayışı barədə
(Xeyirə
kahin xidməti, şərə qarşı isə məğlubedilməz
qladiator cəsarəti göstərən R.A.-ya)
(Əvvəli
ötən şənbə sayımızda)
Antonin kimi mənim üçün şəhər və
vətən Romadır, bir insan kimi isə - dünyadır.
Mark Avreli
Karlik təbiətlilər belə mühitdə
asanlıqla monstrlara çevrilirlər. Onlar əslində
insanlıq aləmindəki xərçənglərə bənzəyirlər,
irəli getmək əvəzinə, ardıcıl olaraq
qaranlığa doğru geriyə hərəkət edirlər.
Qazandıqları həyat təcrübəsindən
də öz mənəvi eybəcərliklərini gücləndirmək
üçün istifadə edirlər, öz
pozulmalarını nifrətdən xəbər verən əlçatmaz
bir zirvəyə çatdırmaq istəyirlər. Axı iyrənclik tənəsi onların
şöhrətinə xələl gətirərdi, yalnız
zirvə onlar haqqında lazımi təsəvvür yarada bilər.
Cəmiyyətdə haqsızlıqlar daim
mövcud olmuşdur, plebeylər patritsi qiyafəsində,
qorxaqlar qəhrəmanlıq haləsində olduqda, özlərinin
əvəzedilməz olduqları qənaətinə gəlirlər.
Böyük rus yazıçısı L.N.Tolstoy
insanın özü barəsindəki qeyri-məhdud rəyini,
özünəvurğunluğunu qamçılamaq
üçün qəribə bir metaforadan istifadə
etmişdir. İnsan ruhunun böyük tədqiqatçısı
kimi, o, bəşər övladını riyazi kəsirə bənzədir,
kəsirin surəti onun daxili aləmini, məxrəci isə
özü haqqındakı rəyini bildirir. Surət böyüyəndə kəsirin qiyməti
də artır. Kəsirin məxrəci
böyüdükcə, onun qiyməti azalır, bu
böyümə hədsiz olduqda kəsirin qiyməti
sıfıra yaxınlaşır. Həqiqətən,
insan da belədir. Zənginlikdən xali daxili aləmə
malik olanların özləri haqqındakı yüksək, izafi
rəyi onların varlığının ictimai dəyərini
az qala heçə endirir. Ona görə də
özü barədə yüksək fikirdə olanlar, buna təbliğat
ruporu da əlavə olunsa, ictimai rəydə hökmən
uduzmağa məruz qalırlar, can atdığı, daim
gözlədiyi məhəbbət hisslərinin əvəzinə
hətta nifrətlə mükafatlanmağa
yaxınlaşırlar, bir şəxsiyyət kimi mənəvi
iflasa uğrayırlar.
Şəxsiyyətin quruluşuna gəldikdə, bu
anlayışın özü, fərd və fərdiyyətçilik
anlayışlarından xeyli genişdir. Şəxsiyyət
adamın sosiallaşması, dünya ilə
qarşılıqlı əlaqə prosesində
formalaşmasıdır. Fərd isə
ancaq genetik cəhətcə şərtlənən
xüsusiyyətlərin daşıyıcısıdır.
Yalnız sosial, mədəni, tarixi təcrübəni
mənimsəmək prosesində insan şəxsiyyətə
çevrilir.
Şəxsiyyətin psixiki strukturasına onun xüsusiyyətləri
adlandırılan bütün fərdi özünəməxsusluqlar
daxildir. İnsan üçün irrasional instinktlər
üzərində nəzarət zərurəti yaranır.
Belə nəzarəti icra etməyi bacarmayan, pis
instinktlərə əsir olanlar heç vaxt şəxsiyyət
səviyyəsinə yüksələ bilmirlər. Şüurlu fəallığın daimi səviyyəsi
isə fərdi qıcıqlaşdırıcıların təsirinə
daha yaxşı uyğunlaşmağı təmin edir.
İnsanın
daxili aləmini tədqiq edən fəlsəfə o vaxt həqiqətən
bu adı daşımağa layiq olur ki, onun köməyi ilə
insan “özü özünə”, şəxsi həyatındakı
fəaliyyətinin formalarına, mənəvi dünyasına,
onun zaman və məkanla bağlı olmasına, əzablarla,
uğursuzluqlarla, sevinc və xoşbəxtliklərlə dolu
olmasına diqqət verməklə, özünü, heç
bir güzəştə getmədən təhlil edir.
Fəlsəfə - fikrin mikroskopudur. Özünün
satılmayan baxışı ilə şəri təqib edir və
onun izsiz yox olmasına yol vermir.
Fəlsəfəyə gəldikdə, elə cərəyanlar
mövcuddur ki, onlar nəhayətsizliyi, günəşi də
inkar edirlər. Fəlsəfə təsirli, kəsərli
olmalıdır. Onun səyi və məqsədi
insanın kamilləşməsi olmalıdır.
Fəlsəfə həqiqəti etiraf etməlidir, onu təkzib
etmək yollarını aramalıdır. Əgər
ideal olan, nümunə simvoludursa, təəssüf ki, elə
alçaq ruhlu adamlar vardır ki, onlar həzzi də mənəvi
prinsipə çevirirlər, iyrənc maddi nemətlərə
vurulurlar. Bəzən cəmiyyətlərdə
pozğunluq yayan xüsusiyyətlər vulkanın
ağzından çıxan lava axını kimi onun
bütün məsamələrinə yayılır.
İnsan ali məxluq olub, əmək qabiliyyəti ilə
heyvanlardan fərqlənir. Bununsa nəticəsi
nemətlər yaratmaqdır. Bu nemətlər
isə tələbatları ödəmək üçün
istifadə edilir.
İnsanın həyatı və fəaliyyəti sosial
faktorun aparıcı rolu şəraitində bioloji və
sosial faktorların birliyi və qarşılıqlı təsiri
ilə şərtlənir. Çünki təfəkkür,
nitq və digərləri adamlara bioloji irs
şəklində çatdırılmır, bütün
ömür boyu ərzində formalaşır. İnsan
başqaları ilə birgə fəaliyyət və ünsiyyət
nəticəsində şəxsiyyətə çevrilir.
İnsan öz fəaliyyətinə və
girdiyi ünsiyyətə davranışının
mühüm orientirlərini daxil edir, hər şeydə onun nə
etdiyini yoxlayır. Şəxsiyyətin
özəyi, dəyər - dünyagörüş istiqamətləri
kimi çıxış edir, bunlar isə fərdin tərbiyə
edilməsi və həyat təcrübəsi prosesində
meydana gəlir. O, müxtəlif alternativlər və
imkanlar arasında şüurlu surətdə seçim edir. Bunun hesabına insan öz şəxsiyyətinin
istiqamətini müəyyən edən müvafiq şərtlərdən
yuxarı qalxmağa və öz hərəkətlərinin
xarakterini dəyişdirməyə qadir olur.
Şəxsiyyət həm də açıq və
şüurlu fəaliyyət subyekti kimi insanın sosial təbiətini
əks etdirmək üçün irəli sürülən
anlayışdır. İnsan bəşər nəslinin
nümayəndəsi (Homo sapienc) olmaqla, cəmiyyətin bir
hissəsi kimi fərddir. Fərd bir orqanizm
kimi insanı ümumi xüsusiyyətləri vasitəsilə
ifadə edir. Şəxsiyyət kimi isə
insan öz daxilindəki sosial arakəsmələrin öhdəsindən
də gəlməyi bacarır.
Çox vaxt ələ keçirdiyi sosial yüksəkliyə,
tutduğu vəzifəyə görə adamlara əlçatmazlıq
qiyafəsi geyindirilir, onlar bütləşdirilirlər. Təəssüf ki, bəzən
mühit, ətrafdakıların az qala
sitayişə bənzər münasibəti zülmkarları
belə layiq olmadıqları səviyyəyə
qaldırır. Tarixdə elə səfeh adətlər
mövcud olmuşdur ki, xalqlar öz igidliyini də kralların
adına yazmış, saysız-hesabsız
qüsur sahibi olanları az qala bütə çevirmişlər.
Avropada ardı-arası kəsilməyən
müharibələr gedəndə, daim vuruşan xalqın
özü olsa da qələbə şərəfi krala
çatırdı. Xalqın vergi şəklində
ödədiyi pulu kral istədiyi kimi xərcləyirdi. Xalqa da elə bil ki, kralın varlı olması, dəbdəbəsi
xoş gəlirdi. Xalqa qəpik
qaytarılanda kral əliaçıq hesab edilirdi. Elə bil ki, piqmeylərdən düzəldilən
pyedestal üzərində kolossun qaməti ucalırdı.
Bədbəxtlikdən, həm də karlikin xalq
adlanan nəhəngdən yüksək olmaq imkanı meydana gəlir,
bunun üçün o, yalnız nəhəngin çiyinləri
üzərinə dırmaşmalıdır. Qəribəsi odur ki, həmin nəhəng nəinki
bununla razılaşır, hətta karlikin əzəmətindən
vəcdə gəlir. Nə etmək olar,
adamlar olduqca sadəlövh olurlar və hətta acı taleləri
ilə də barışırlar.
Bəzi hakimiyyət həvəskarları öz məqsədlərinə
çatmaq üçün hər şeyə, hər cür əclaflığa
belə əl atmağa hazırdır. Şekspir belələrini
özünün “III Riçard” pyesindəki kral III
Riçard obrazında ifşa edir: “Taxt-tac üçün niyə
andını pozmayasan? Bir gün
hökmranlıq etmək üçün mən onların
yüzünü pozaram”. Belələri
iezuitlərin “məqsəd vasitələrə haqq
qazandırır” kredosundan istifadə etməyə
üstünlük verirlər. Terrorun
görkəmli təbliğatçısı S.Q.Neçayev
deyirdi ki, “inqilabın zəfərinə kömək edən hər
şey əxlaqi hesab edilməlidir”. Pozulmuş
cəmiyyətlərdə yalançı qəhrəmanlar,
saxta dahilər çox asanlıqla meydana gəlir və
mikroorqanizmlər, amyoblar kimi çoxalırlar. Cəmiyyətin tələbləri aşağı
düşdükcə, ümumən zövqlər də
korlanmağa üz tutur.
A.S.Qriboyedovun “Ağıldan bəla” pyesində Skalozub
deyirdi ki, “Mən feldfebelə Volter adını verərəm”. Böyük
filosofla kapralı ayırd edə bilməyən cəmiyyətlərdə
dəyərlərin də baş-ayaq olması heç də
təəccüblü deyildir. Həqiqi dahilər isə
az qala cahil hesab edilməyə
başlayır. Rusiya sinodunun ober-prokuroru K.P.Pobedonostsev irticaya
xidmət naminə dahi yazıçı L.N.Tolstoyu az qala təqib etmək istəyirdi.
Avropada atlı heykəl monarxiyanın simvolu kimi
yalnız krallara qoyulurdu. At, əslində belində
ağır yükü daşıdığına görə,
xalq demək idi. Lakin bu at da tədricən
öz şəklini dəyişir, bəzən kiçilir də,
axırda isə şirə çevrilir. Bu
vaxt gözlənilməz hadisə baş verir, o atlını
belindən atır. Şir atlını
udur. Tarixə müraciət etsək, bunu 1649-cu il İngiltərəsində, 1793-cü il
Fransasında, 1917-ci il Rusiyasında görə bilərik.
Bəzən mürgüləmiş xalq belə
çiynində gəzdirdiyinin buna layiq
olmadığını anlamağa başladıqda, hansısa
sirrli təkanın təsiri ilə oyanır, ona yük
heyvanı kimi baxanı nəinki öz üzərindən
atır, hətta onun cəzasını vermək fikrinə də
düşür.
Şəxsiyyətin atributlarına iradə, sərbəstlik,
zəka və hisslər daxildir. İradə fəaliyyətin
məqsədində və daxili cəhdlərdə seçim
etmək xüsusiyyəti və bacarığıdır,
bunlar isə onun icra edilməsi üçün vacibdir. İradə hansısa fiziki və ya emosional fəaliyyət
deyildir və həm də həmişə heç də
insanın sosial fəaliyyəti deyildir. Lakin
elə fəaliyyətdir ki, o, həmişə əxlaq
prinsiplərini və şəxsiyyət normalarını əks
etdirir. İradə (hüquq) şəxsin
öz hərəkətlərinə rəhbərlik etmək
bacarığıdır.
Hər bir şəxsiyyət hisslərə malik olmaqla
yanaşı, onları cilovlamağı da bacarmalıdır. Səbirsiz, ehtiyatsız adam birinci növbədə özünə zərbə
vurmuş olur. Viktor Hüqo özündən tez
çıxan belələrini, bişiriləndə
südün köpməsinə, daşmasına bənzədir.
Süd köpəndə bircə damcı soyuq
su onun köpünü yatırdır. Fransız
dilində idioma kimi “s`emporter comme une soupe au lait” ifadəsi hərfi
qaydada “süd şorbası kimi qızışan” mənasını
versə də, “tündməcazlıq” kimi işlədilir.
Dildən gələn bu ifadəyə
böyük fransız yazıçısı belə izah
vermişdir.
Şəxsiyyət düşdüyü şəraitdən
asılı olmayaraq özünəməxsus ləyaqətini
daim qoruyub saxlamalıdır. Onun bəşəri dəyərlərə
münasibəti belə anlarda sınağa çəkilsə
də, öz möhkəmliyini qoruyub saxlamalıdır.
XIII əsrdə yaşayıb yaratmış böyük
Şərq şairi Cəlaləddin Rumi şəxsiyyət məsələsində
güzəştə getməməklə, oriyentirləri qələmə
alır: “Şəfqət və mərhəmətdə
Günəş kimi ol! Sadəlikdə və yardım etmədə
axar su kimi ol! Başqalarının qüsurunu örtməkdə
gecə kimi ol! Ya göründüyün kimi ol,
ya olduğun kimi görün”. Həqiqətən də,
şəxsiyyət heç vaxt maskaya ehtiyac
duymamalıdır, baxmayaraq ki, latın dilində “persona”
sözü həm “maska”, “teatr rolu”, həm də “şəxsiyyət”,
“şəxs” mənasını verir, ancaq “şəxsiyyət”
sözünün mahiyyətində maska ilə heç bir əlaqə
yoxdur.
İnsanlara zülm etmək, onları bədbəxtliklərə
düçar etmək heç də sağlam iradədən
xəbər vermir. İradə mənfur qərarlar verməyə, həyatda
cəhənnəm əzablarını bərqərar etməyə
xidmət etməməlidir, belə iradə yalnız bəla
simvolu ola bilər. İradə
əməldə və düşüncədə irrasional cəhətlərdən
kənarda dayanmalıdır. İnsan şəxsiyyət
kimi özünü, yalnız iradəsini sərbəst ifadə
etmək yolu ilə təsdiq edə bilər.
Atributlardan digəri
olan sərbəstlik hadisənin mümkün sonu
variantlarını seçmək imkanıdır. İradə sərbəstliyi isə insan üzərinə
məsuliyyət qoyur. Zəka yeni ideyalar
meydana gətirən sintez edilmiş yaradıcı fəaliyyətin
əsasıdır. Hiss isə, açıq gerçəkliyə
öz münasibətini aşılamaqdır.
Şəxsiyyətin sabit komponentləri toplusuna
temperament, xarakter, motivasiya daxildir. Temperament psixikanın
xüsusiyyətidir. Xarakter isə
insanın tipik davranışıdır. Motivasiya
insan davranışını idarə edən planın dinamik
prosesidir, bu onun istiqamətini, təşkilatlanmasını, fəallığını
və dayanıqlığını müəyyən edir.
Şəxsiyyətin motivasiya özəyi hər bir adam üçün müəyyən
edilmişdir və dayanıqlığı ilə xarakterizə
olunur.
(Ardı
gələn şənbə sayımızda)
Telman Orucov
525-ci qəzet.-
2012.- 20 oktyabr.- S.18.