Millət vəkili:
"Ramil Səfərov məsələsi
nədən hələ də gündəmdədir?"
Milli
Məclisin (MM) Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr
müavini Sevinc Fətəliyevanın 525.az-a müsahibəsi
- Məlum
olduğu kimi, bu günlərdə “Avronest” Parlament
Assembleyası (PA) çərcivəsində Avropa Xalqları
Partiyasının (EPP) iclasında iştirak etmisiniz.İlk
öncə bu tədbir haqqında məlumat verməyinizi
xahiş edirik...
-
Avropa Xalqları Partiyasının tədbiri Moldovanın
paytaxtı Kişinyov şəhərində keçirildi.
İclasın əsas müzakirə mövzusu “Şərq tərəfdaşlığı”
ölkələrində siyasi vəziyyət haqqında idi və
hər bir ölkənin nümayəndələri bu
mövzuda çıxışlar etdilər. Azərbaycandan bu
toplantıda Yeni Azərbaycan Partiyasının nümayəndə
heyəti olaraq Milli Məclisin deputatları Məlahət
İbrahimqızı, Sevinc Hüseynova və mən iştirak
edirdik. Toplantıda müzakirələr çox əhatəli
şəkildə keçdi və ölkələrin nümayəndələri
həmçinin, gələcək əməkdaşlığın
perspektivləri haqqında fikirlərini bölüşdülər.
Azərbaycan nümayəndə heyətinin üzvləri də
müzakirələrdə çox fəal iştirak edərək
dövlətimizin müxtəlif məsələlərlə
bağlı mövqeyini ifadə ediblər. Ümumiyyətlə,
hesab edirəm ki, belə toplantılar gələcək əməkdaşlıq
baxımından faydalıdır. Azərbaycan daim bütün
ölkələrlə, beynəlxalq qurumlarla normal əməkdaşlığa
maraqlıdır və bu mənada sözügedən
toplantı əhəmiyyətli qiymətləndirilə bilər.
-
Sevinc xanım, toplantıda ölkəmizdəki mövcud
siyasi durum haqqında məlumat iştirakçılar tərəfindən
necə dəyərləndirildi?
- Bu
mövzuda mən çıxış etdim və Azərbaycandakı
ictimai-siyasi durum haqqında tədbir
iştirakçılarına ətraflı məlumat verdim.
Çıxışımda qeyd etdim ki, 21 ildir Azərbaycan
müstəqil dövlətdir və ötən dövrdə
ölkəmiz sürətlə inkişaf edib. Azərbaycan
siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi inkişaf
edərək, hər bir sahədə uğurlar əldə
edir. Azərbaycanda güclü siyasi sabitlik mövcuddur. Eyni
zamanda, demokratik islahatlar uğurla həyata keçirilir və
çoxpartiyalı sistem mövcuddur, parlamentdə 10-dan
artıq siyasi partiya təmsil olunur.
Azərbaycan
demokratik dəyərlərin bərqərar olduğu müasir
hüquqi dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş
cəmiyyəti quruculuğu, dünya birliyinə fəal
inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən
biri kimi elan olunub. Ölkə rəhbərliyi tərəfindən
məqsədli şəkildə həyata keçirilən
demokratikləşmə prosesi sosial, siyasi, iqtisadi olmaqla cəmiyyət
həyatının bütün sferalarını əhatə
edir.
21
illik müstəqilliyi dövründə bir çox çətinliklərlə
üzləşməsinə baxmayaraq, Azərbaycan hüquqi
dövlət, vətəndaş cəmiyyəti quruculuğunda
yüksək nailiyyətlər əldə edib. Həmçinin,
qeyd etdim ki, Azərbaycan demokratik dövlət kimi söz və
mətbuat azadlığını da tam təmin edib. Nəzərə
alsaq ki, bütün dünyada bu amil xüsusi diqqət mərkəzindədir,
onda ölkəmizdə söz və fikir
azadlığının təminatına böyük önəm
verilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycanın
seçdiyi yol, demokratiya yoludur və bu yol ilə inamla irəliləyir.Əlbəttə
ki, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət
toplantı iştirakçıları tərəfindən
maraqla qarşılandı. Bir sıra çıxışlarda
ölkəmizin regiondakı mövqeyi, Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələr xüsusi vurğulandı.
- Bəs
Azərbaycanın iqtisadi inkişafının hazırki durumu
və perspektivinə dair hansı qənaətlər ifadə
olundu?
- Azərbaycan
son illər sürətlə inkişaf edir və həyatın
bütün sahələrində ciddi dəyişiklər
müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin
əsasında ölkəmizdə həyata keçirilən
uğurlu siyasət dayanır. Müstəqilliyini 20 il əvvəl
bərpa etmiş Azərbaycanda həyata keçirilən
uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar
iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik
bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin
çoxnövlülüyü təmin olunub, bazar
institutları formalaşdırılıb.
İnzibati-planlı iqtisadi sistemdən liberal bazar
iqtisadiyyatına keçid dövrünü başa vurmuş
ölkəmiz yeni inkişaf mərhələsinə qədəm
qoyub. Yeni inkişaf mərhələsinin məqsədi ilk
növbədə xarici və daxili sosial-iqtisadi
çağırışları qarşılaya biləcək
rəqabətqabiliyyətli, ixracyönümlü,
çoxşaxəli, səmərəli, innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılmasıdır.
Bu isə,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi
siyasəti vasitəsilə mümkündür. Modernləşmə
siyasətinin səciyyəvi xüsusiyyətini ölkənin
uzunmüddətli dayanıqlı iqtisadi inkişafının
təmin edilməsi, bilik iqtisadiyyatının
formalaşdırılması, elmtutumlu texnologiyaların tətbiqinin
sürətləndirilməsi, innovasiya fəallığının
yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli məhsulların
istehsalının stimullaşdırılması təşkil
edir. Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi
zərurəti və onun əsas istiqamətləri həm də
dünya iqtisadiyyatının inkişaf meyllərindən
qaynaqlanan ciddi sosial-iqtisadi çağırışlarla
şərtləndirilir.
Ümumiyyətlə,
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı
bütün dünyanın gözü qarşısında
baş verir. Bilirsiniz ki, son 10 il ərzində
iqtisadiyyatımız 3 dəfə artıb, yoxsulluq 50 faizdən
7 faizə düşüb, 1 milyon yeni iş yeri
açılıb. Hazırda ölkə iqtisadiyyatının
83 faizi özəl sektorun payına düşür. Qısa
zamanda Azərbaycan investisiya olunan ölkədən, investor
ölkəsınə çevirilib, Avropanın enerji təminatçılarından
birinə çevrilib. Mən çıxışımda təsadüfən
iqtisadi inkişafdan söz salmadım, heç kəsə sirr
deyil ki, stabil iqtisadiyyat, stabil siyasi durumdan asılıdır.
Bizim prioritetimiz cəmiyyətin fəal üzvü olmaqla
yanaşı, öz vətəndaş mövqelərini və
düşüncələrini ifadə edən vətəndaşlar
yetişdirməkdir. Azərbaycan həm Avropa
Şurasının, həm də İslam Əməkdaşlıq
Təşkilatının üzvüdür. Azərbaycan
tolerant ölkədir. Əsrlər boyu Azərbaycanda müxtəlif
millətlərin və dinlərin nümayəndələri
sülh və bır-birlərini anlama şəraitində
yaşayıb. Bu gün biz bütün gücümüzü
regionda stabilliyin qorunması ilə yanaşı, insanlar
arasında əməkdaşlıq və dostluğun
inkişaf etməsinə yönəltmişik. Azərbaycan
dünyaya açıq ölkədir və məqsədimiz
dostlarımız üçün maraqlı və faydalı tərəfdaş
olmaqdan ibarətdir.Bununla belə, Azərbaycanın üzləşdiyi
problemlər, Ermənistanın Azərbaycana qarşı təcavüzü
inkişafa mane olur. Qeyd etdim ki, Azərbaycan işğal
faktorundan əziyyət çəkir. Bütün dövlətlər,
beynəlxalq təşkilatlar Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyi halda, Ermənistan
beynəlxalq birliyin çağırışlarına hələ
də əməl etmir. Bunun nəticəsındə hələ
də, torpaqlarımızın 20 faizi işğal
altındadır, bir milyondan çox azərbaycanlı öz
daimi yaşayış yerlərindən zorla qovulmuş və
ya həmin yerləri tərk etməyə məcbur
olmuşlar. Biz hesab edirik ki, bu münaqişənin həll
olunması regional əməkdaşlığın daha da
genişlənməsi üçün böyük
üfüqlar açacaq.
-
Sizin bu fikirlərinizə qarşı Ermənistan nümayəndələri
hər hansı münasibət bildirdilərmi?
- Bəli,
Ermənistan nümayəndələri mənə zabitimiz
Ramil Səfərov və bu hadisənin tolerantlıq mühitinə
təsiri məsələsi ilə bağlı suallar
ünvanladı. Sualı verən deputat AŞPA-da da təmsil
olunur. Mən onun nəzərinə çatdırdım ki, bu
haqda artıq AŞPA-da kifayət qədər müzakirələr
aparılıb, yenidən təkrar etdim ki, ekstradisiya və əfv
etmə prosesində nə beynəlxalq konvensiyanın, nə
beynəlxalq hüququn, nə də Azərbaycan qanunları
pozulmayıb. Biz beynəlxalq qanunlara həmişə hörmətlə
yanaşmışıq və riayət etmişik.
Hüqüqşunas olmayan da başa düşməlidir ki, əfv
anlayışı - cinayətlərin və əfvin
tanınmasıdır. Ramil Səfərov törətdiyi cinayətə
görə 8 il həbsdə olub.
Ölkə
rəhbərliyi bu müddətin yetərli olduğunu hesab edərək,
qanun çərçivəsində onu əfv edib. Belə
hadisələr ancaq bizim torpaqlarımız işğaldan azad
olunandan sonra bitəcək. R.Səfərov məsələsinə
Dağlıq Qarabağ məsələsindən ayrı
baxıla bilməz, ona görə ki, o hadisənin arxasında
məhz Qarabağ məsələsi durur. R.Səfərov məsələsı
nədən hələ də gündəmdədir? Bu kontekstə
niyə digər məsələlərə diqqət yönəlmir?
Məhz, erməni terrorçunun Orli aeroportunda Türk Hava
Yollarının ofisini partlatmasından sonra terrorçunun məsələsi,
8 yaşlı günahsız uşağın ermənı
snayperi tərəfindən güllələnməsi nədən
müzakirə edilmir?! Tolerantlıq məsələsinə gəlincə,
Azərbaycan Ermənistanla müharibə şəratində
olmasına baxmayaraq, ölkəmizdə hal-hazırda 30 000-dən
çox erməni yaşayır və onlar rahat
yaşayırlar. Bu tolerantlığın ən gözəl
göstəricisidir.
-
Sevinc xanım, YAP-ın EPP ilə
əməkdaşlığının perspektivini necə
görürsünüz? Bu əməkdaşlığın əhəmiyyəti
nədən ibarətdir?
-
Avropa Xalqları Partiyası Avropa Birliyinin qrup
partiyasıdır və özündə bu qitənin
nüfuzlu siyasi təşkilatlarını birləşdirir.
Avropa Xalqları Partiyasına Avropa Birliyinə üzv olan
dövlətlərin sağ-mərkəz yönümlü
siyasi partiyaları üzvdür. Yəni bu təşkilat
özündə şəxsləri deyil, partiyaları birləşdirir.
Bu qrupa Avropanın 39 ölkəsini təmsil edən 70-dən
çox partiya daxildir.
YAP ilə
EPP arasında yaxşı əlaqələr var. Bunu təsdiq
etmək üçün deyə bilərəm ki,
partiyamızın nümayəndə heyəti 2009-cu ilin dekabr
ayında Bonn şəhərində EPP-in qurultayında
iştirak ediblər. Bundan əlavə, ötən il YAP
nümayəndə heyəti Brüsselə səfər edərək
təşkilatın rəhbər şəxsləri ilə səmərəli
görüşlər keçirdi. Eyni zamanda,
partiyamızın Gənclər Birliyinin üzvləri də
EPP-in dəvəti ilə Brüsseldə səfərdə
olublar.
Ulu
öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan
Partiyası yarandığı vaxtdan bu günədək
böyük inkişaf yolu keçib. Bu gün cənab
İlham Əliyevin rəhbərliyi ilə partiyamız
yeni-yeni uğurlara imza atır. YAP nəinki ölkəmizin,
eyni zamanda Cənubi Qafqaz bögəsinin ən böyük
siyasi qüvvəsidir. Dünyanın bir sıra nüfuzlu
partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər
çərçivəsində əməkdaşlıq
edirik. Bu baxımdan, çox nüfuzlu Avropa Xalqları
Partiyası ilə əlaqələr böyük əhəmiyyət
kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da
genişləndirilməsi ilə yanaşı YAP-ın fəaliyyəti
haqqında da Avropaya geniş bilgilər verir.
KAMİL
525-ci qəzet.- 2012.- 20 oktyabr.- S.11.