Xalq
Əmanəti Səttar Bəhlulzadə
1.
OLİMP... ALTINCI KİTAB
Bakının
bir Olimpi var - düzdür, Yunan əsatirlərinə aid olmasa
da, demək olar ki, paytaxtın əksər yaradıcı
adamları bura toplaşır. Çünki prospektin bir tərəfində
rəssamların emalatxanası, onunla üz- üzə isə
İncəsənət Akademiyası yerləşir. Olimp,
klassiklər və müasirləri bir vərəqin iki səhifəsinə
çevirib. Bir az aralıda- meydanda reklam lövhəsində
Səttar Bəhlulzadənin “Torpaq, Su, Günəş və Zəhmət”
tablosunun əksi görünür. 1961- ci ildə yaradılan
bu tablo 2012- ci ilin səs- küylü prospektində zamanın
rəmzi kimi nəzərə çarpır. Payızın
işıqlı rəngləri, yarpaqların
xışıltısı və kölgəsi, alatoranın
işartıları onun üzərində oynayır; nə
vaxtsa Səttarın emalatxanasında- pəncərədə,
divarda, molbertin üzərindəki kətanda
oynadığı kimi. Amma boş emalatxanada Səttar gözə
dəymir. 1974- cü il oktyabrın 12- dir. Düz iki gündən
sonra rəssam Moskvada, onu sənətə çağıran,
rəngkarlığın əsaslarını, təsvirin
qanunlarını öyrədən və xoşbəxt tələbə
həyatı yaşadan şəhərdə gözlərini
yumacaq. Arseni Tarkovskinin misralarını yadıma salıram. “Əbəs
yerə nə şər, nə də xeyir itəcək. Hər
nə varsa, işıqlıdır. Amma bu da azdır”.
Prospektlə
yuxarı qalxıb sənət olimpi ilə qonşuluq edən
“Xalq Bank”a tərəf tələsirəm. Bu gün “Xalq Əmanəti”
silsiləsindən altıncı kitabın, Səttar Bəhlulzadəyə
həsr olunmuş albomun təqdimatıdır. Altı silsilənin
sonuncu nöqtəsi deyil. Nədənsə, bu rəqəm mənə
qədim müdriklərin “ Altı hikmət piyaləsi”ni
xatırladır. Altıncı piyalə tənha dərvişin-
Səttarın qismətinə düşüb. Onun
yaradıcılığı qəliblərdən, qaydalardan
yan ötərək, mistik yaşantıları ilə sıx bağlıdır. Elə
bu ölçüdən Səttarı nə ənənəvi
məktəblərə, təlimlərə, nə də
müasir cərəyanlara bağlamaq olmaz. Səttar “tənha
ustadlara” bənzəyir. Çantasını çiyninə
salıb, yolu qabağına qatan, səyahətində
başlanğıc və son nöqtə olmayan qədim sənətkarlara
oxşayır.
TƏNHALIQ
....XATIRLANMA
Tədbir, çıxışlar Səttar Bəhlulzadənin
iki böyüdülmüş fotosu fonunda başlayır.
Alın yazısını Ali Yaradan təsdiqləyir.
İnsanlar, sadəcə olaraq oradan epizodların surətini
çıxarıb, söhbətə, çıxışa,
yazıya çevirir. İşıqlı zallarda
asılmış əsərlər isə, balaca
çayların nəğməsinə bənzəyir. Onlar
müxtəlif kolleksiyalardan axıb gələrək Səttar
dənizində birləşib. “ Xalq Əmanəti” layihəsi
onları bir zalda müvəqqəti, bir kitabda isə həmişəlik
görüşdürüb. Albomda Səttarın qəribə
bir şəkli var. Pəncərənin qarşısında
dayanıb müştüyünü tüstülədir. Bu ağ- qara fotoda qeyri- adi
bir kədər hiss olunur. Elə bil, ötəri,
fani həyat mənzərələrindən qıraqda tamam
başqa bir dünya var, rəssam ora baxır. O yerə
ki, tənhalığa alışmış qəlbi alın
yazısı haqqında düşünür. Onu
duymaq üçün gərək Səttarın
ağlasığmayan bir kədərlə Kəpəzin
göz yaşlarına tamaşa etməyini görəsən.
Mark Şaqal çəpər dibində, yel ağzında titrəyən
yarpıza baxanda kövrəlib, şair dostuna “mən bu mənzərəni
görmək üçün nə boyda yol gəlmişəm”
deyib. Basyo isə ondan halını soruşan ustadına belə
cavab verib:- “Dünənki
yağışdan sonra elə bil mamır böyüyüb. Mən onun bu qədər yaşıl olduğunu
bilmirdim”. Əvvəlcə albomda Səttarın- tənha dərvişin
obrazına baxıram. Sonra bu obraz mənə
kömək edəcək ki, nəhəng sənət
nümunələrinə heyrətlənmək fikrindən yan
keçim. Ruhun səsi, taleyin sirri
yaradır tablonu. Albom, sanki Səttarın
mənəvi qütbünü və onun ətrafında dolanan
yaşantılarını cəm etmək istəyir. Çünki insan əməlinə verilən sonuncu
qiymət kitabdır. Görəsən, bizdən sonra
kimlər vərəqləyəcək bu kitabı, uşaq
kimi sadəlöhv və iddiasız, bir az
da tərkidünya rəssamın yaşantıları
haqqında düşünəcək? Səttar
Bəhlulzadə bütün bəşərin mədəni
irsinə aiddir. Amma o, həm də Azərbaycan
xalqının əmanətidir.
XALÇA, MİNİATÜR,
FÜZULİ
Heç kim deyə
bilməz ki, sənətkar nə zaman onu yetirən mədəniyyətin
simvoluna çevrilir. O, bu mədəniyyətin içində
varlıq və gerçəklik hissini o qədər dərindən
yaşayır ki, taleyi ilə onu təsdiqləsin. Kitabın ilk səhifəsinə ön söz kimi Səttarın
“tale üçbucağına” verdiyi yozum
götürülüb. Birinci nöqtə-
Xalça, ikinci nöqtə- Miniatür,
üçüncü nöqtə- Füzuli. “Onlar məni sənətkar kimi yetişdirib”- deyir Səttar.
Görünür, ruhunu işıqlandıran
fikirləri rəssam zahiri əkslərlə yozmaq istəyir. Xalçanın
üzərinə düşən işıq kimidir
“Torpağın arzusu” əsəri. Xatirələrin,
yaddaşın üzərinə düşən nurdur “Azərbaycan
nağılı”- qədim miniatürlərin sirli əks- sədasıdır.
Füzuli isə daha çox qeyri- müəyyən işarələrin
içindədir elə bil . Həqiqətən rəsm əsərini yozmaq,
yuxuları gerçəyin dilinə çevirmək cəhdi
kimi uğursuzdur. Dağlar, meşələr, göllər
və bütün bu sirli kainatın arxasında dayanan
başqa bir fəza- nabatlar, səmənilər, gülabı
qabları, şamlar, kəlağayılar-nə vaxtsa
başlayan və zamanın sonuna qədər bitməyən
bir misteriyanın rəmzlərini yozmaq qeyri-
mümkündür.124-cü və 125- ci səhifəni əhatə
edən “Gülüstan” əsərinin illüstruasiyasına
baxıram . Heç bir sual yoxdur. Qəribə bir barışıqla, ilahi
möcüzəyə tabe olmaq hissi görünməyən,
eşidilməyən bir ənginliyi duymaq və onu vəsf etmək
eşqi var bu əsərdə. Sonra kitabda
Füzulinin təsvirlərinə baxın, rəngli və
qrafik təsvirlərə. Keçmişə
reminissensiya etsək, bütün bu, “ovsunlayan nə isə”nin insanda təzahürünü görərik-
bu, sonuncu insanın birinci Adəmə
qayıdışının əksidir. Səttar
“piramidasının” zirvə nöqtəsi Füzulidir. Onun Füzuliyə olan məhəbbətini
emalatxananın divarlarında yazdığı, qeyd
kitabçasına köçürdüyü qəzəllərdə
axtarmaq sadəlöhvlük olardı. Füzuli
İraqın Xillə adlanan qəsəbəsində, Səttar
isə Abşeronun
Xilə kəndində doğulub. 197- ci səhifədəki Füzulinin portretinə
baxın, başını azca aşağı əyib,
gözlərini yuman Şairin obrazına diqqət yetirin. Lap sonda isə əvvələ qayıdaq, kitabın
ilk səhifəsinə. Ərimiş
şamların qarşısında siqaretini tüstülədən
Səttara nəzər yetirək. Bütün
bu əkslərin, elə bil, bir surət olduğunu görərik.
Səttar öz əksini çəkib-
dünyadan küskünlüyünü, dünyanın mənzərələri
ilə vəsf edən yorğun rəssamın surətini.
Onun yaşadığı ehtirasları,
iztirabları anlamalısan ki, “Laza şəlalələri” əsərini
seyr edəndə, suyun səsini, müqəddəsliyini, məhəbbətini
duyasan - biləsən ki, həqiqi istedad ruhun nəfəsi ilə
oyanır.
İŞIQ VƏ KÖLGƏ-
QRAFİKA
Səttarın qrafikası qəribə təsir
gücünə malikdir. Sağlığında dostlarına, tələbələrinə
deyərdi ki, mənim qrafik işlərimin zamanı hələ
gələcək. Zaman Səttar
üçün nisbi bir anlayış idi. O, elə bil
bu sözlə kəsə yol varkən, uzun yolu seçən
səyyahı nəzərdə tuturdu. Qədim
rəssamlar tuşun nəcibliyi haqqında çox
yazıblar. Tənhalığı,
poeziyanı, qəribsəməyi, kədərin sonsuzluğunu
tuş kimi nəcib bir vasitə daha çox ehtiva edir. Düşünürsən ki, səsin təsviri əlifbadır.
Birinci sinif uşağının ilk hərfi əyri-
üyrü yazmağı ilə, eynəyin arxasından yazdığına
baxa- baxa özündə səhv axtaran qocaya baxın. Onların nə qədər bir- birinə
oxşadığını müşahidə etmək çətin
deyil. Hər dəfə biz, həyatın əlifbasını
yenidən öyrənirik. Kimsə onu
yazır, kimsə onun sadəcə olaraq şəklini çəkir.
Səttar ruhani bir sükutun şəklini
çəkirdi, həm müdrik qoca, həm də öz
oyununa aldanan uşaq kimi.
Albomda Məcnunun bir neçə əksi var. Səttar
üçün bu obraz heç vaxt açılmayan
düyün kimi təsvirdən- təsvirə
ötürülüb. Eşqin məqamları, halları kimi hər
dəfə başqa- başqa surətlərdə peyda olub.
Sanki Məcnun lövhə üzərində
qoca ustadın yazdığı addır. O, heç vaxt
gerçək olmayıb. Kainatın ağ
və qara çərçivəsində yeganə gerçək
eşqdir. Səttar təsvirin qırağında “Nun” hərfini
elə bil, qəsdən uzadır ( səh.136).
Bu kosmik işarə Zünnunun xilasını, Yunusun “qiyamət
xəbəri”ni əks etdirir. “Nun” hərfi qədim miniatürlərdən
tutmuş, müasir xəttatlıq işlərində də
böyük bir simvol kimi istifadə olunur. Bir
anlığa təsəvvür edək ki, Səttar
üçün bu, sadəcə olaraq hərf deyil. Çünki onun üzərindəki nöqtə
işarəsinə başqa bir tərəfdən də baxmaq
olar. Müqayisə edək bu əsəri
qədim Kəşmir miniatürü ilə. Vəzir Asəf bir gənc oğlanla üz- üzə
əyləşib. Oğlan diqqətlə
Asəfin ovcunda görünən nöqtəyə baxır.
Zərrəbin lazımdır ki, görəsən.
Bu nöqtə deyil, qarışqadır. Yaradan Adəmə anladıb ki, nöqtə yoxdur, mərkəz
var. Rəssam fikrin bitdiyi, qələmin duruxduğu yerdə
nöqtə qoymur. Qövsvari işarənin
üzərində nöqtə yox, mərkəzi tanısaq,
“Nun” tamamlanacaq. Məcnunun eşqi xilas
olacaq. Əgər təsviri çevirib, bir azca yana əysək, Məcnunun simasında bu
işarənin təkrarını görərik.
Səttar kağızın, tuşun dili ilə
yaratdığı mənzərələrdə simvolik
bütövlük prinsipini saxlaya bilir. “Qafqaz harmoniyası”,
“Daşlı meşə”, “Qubadan Şahdağın
görünüşü”... Gerçəkliyin
poeziyasına metoforik yozum verməkdə Səttar böyük
ustad idi. “Nə qəribə adamdır”
sualını, “necə qəribə görür” sualına
çevirmək lazım deyil. Səttarın
qiyafəsi ilə, qrafikası bir- birini tamamlayır.
PAYIZ, SƏTTAR
Albomu vərəqləyirəm. Elə bil, elektrik qatarını, perronu, Əmircan mənzərələrini,
bir də Səttarın çiynində etüd
çantası, vaqondan düşdüyünü
görürəm. Mənə elə gəlir ki, ağ-
qara kadrlar tələsir- sənətin öz işarələri,
taleyin öz qrafikası var. Salonun iri pəncərələrindən
ağır- ağır düşən axşama baxıram.
Deyəsən, onu uzaqda, qum təpələrinin
arasında etüd çantasını yerə qoyub papirosunu
tüstülədən və nə haqda isə öz-
özüylə mübahisə aparan görürəm. Bir dəstə qağayı onun başı üzərindən
ötüb keçir. Və elə bil,
payız yarpaqları iri, qabarlı ovuclar kimi, bir azdan rəssamın
mavi gözlərini örtəcək.
Vəli NOVRUZOĞLU
525-ci qəzet.-
2012.- 20 oktyabr.- S.10.