Akademik Vasim Məmmədəliyevə
yubiley məktubu
Əziz dostum, böyük qardaşım!
Hər şeydən
öncə Sizi – görkəmli şərqşünas
alimi, akademiki, dilçi və ilahiyyatçını anadan
olmanızın şərəfli
70 illiyi mocibincə kiçik qardaş məhəbbəti ilə
təbrik edir, bağrıma basıram. Sizin adınız
zəmanəmizin şərəf
səhifəsində səri
tumarə yazılıb.
Əvəzolunmaz akademik Ziya Bünyadovla birgə tərcümə etdiyiniz Quranın hər səhifəsində Sizin işıqlı obrazınız
görünür. Sizin mənalı
ömrünüz dəyəri
bilinməyən zərqiymət
toplanmış qızıl
sənduqəyə bənzəyir.
Onun qapağını qaldıran
kimi Xorasan qızılgüllərinin ətri
aləmə yayılır,
Şərqin üç
böyük qəzəl
ustasından biri –
Hafiz Şirazinin sevgi dolu beytləri dilə gəlir. Siz ərəb dili üzrə nadir mütəxəssis,
ilahiyyat adamısınız.
Mən sevinirəm ki, Sizinlə bir epoxada yaşayır, ünsiyyət saxlayır,
az-az da olsa səfərə çıxır, mərhəmanə
söhbətlər edirəm.
Şükürlər olsun İlahiyə
ki, bizə Sizin kimi bir
elm, əxlaq, şəxsiyyət
və mənəviyyat
zirvəsi bəxş
edib, o zirvəyə baxıb papağımızı
düzəldirik.
Siz yarım əsrə yaxındır ki, təmənnasız olaraq zəkanızın imkanlarını, qəlbinizin enerjisini əsirgəmədən, sovet rejiminin bütün totalitar ideoloji təzyiqlərinə baxmayaraq Şərq ruhunu Azərbaycan mənəviyyatının arsenalına gətirirsiniz. Əziz Vasim müəllim! Həmişə bu fani dünyadan gileylənən insanın ömrü əslində çox böyükdür. Ömür illərin sayı ilə yox, əməllərin sanbalı ilə ölçülür. Ömür bir anı əbədiyyət kimi yaşayanlar üçün mənalıdır. Ömrə ülviyyət gətirən üç şey var: Eşq, Dua və Səmimiyyət! Ömrə əşya toplamaq imkanı kimi baxanların bu üç şeydən xəbəri yoxdur. Yazıqlar olsun onlara! Möhtərəm ustad, ustadi-müəzzəm! Zəmanəmizin böyük alimi olan bəndənizi səmimi qəlbdən təbrik edir, rifahınız üçün Ulu Tanrıya dualar edir, millətimiz və dövlətimiz yanında uca başınızın səlamətliyini arzulayıram. Ən səmimi sevgilərim və sayqılarımla
Nizaməddin
ŞƏMSİZADƏ,
Azərbaycan Respublikasının
Dövlət Mükafatı laureatı,
filologiya üzrə elmlər
doktoru,
professor
525-ci qəzet.- 2012.- 23 oktyabr.- S.7.