Yazıçı
Elçin Hüseynbəyli ermənilərin
oğurluğu ilə bağlı
müraciət edib
«Ulduz» jurnalının baş
redaktoru, yazısı Elçin Hüseynbəyli Müəllif
Hüquqları Agentliyinin sədri Kamran İmanova müraciət
edib.
APA-nın xəbərinə görə,
E.Hüseynbəylinin müraciəti ermənilərin onun
«Gözünə gün düşür» hekayəsinin
ideyası və süjet xətti əsasında film çəkmələrindən
bəhs edir: “İnternetdən məlum olduğu kimi, ermənilər
Qarabağ müharibəsi barədə «Əgər
hamı...» adlı film çəkiblər və onu nüfuzlu
Oskar mükafatına təqdim ediblər. Bu barədə məlumatı
oxuyarkən məni heyrət bürüdü. Çünki
süjet və ideya mənim «Gözünə gün
düşür» hekayəmdən götürülüb”.
E.Hüseynbəyli
qeyd edib ki, «Gözünə gün düşür» hekayəsi
2010-cu ilin əvvəllərində yazılıb və həmin
il fevralın 27-də «525-ci qəzet»də çap edilib. Hekayə
çıxan kimi onun barəsində bir neçə məqalə
yazılıb. Professorlar Nizami Tağısoy və Telman Vəlixanlının
məqalələri qəzetin mart-aprel saylarında nəşr
olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə
geniş məqalə həsr edib. Hekayə rus dilinə
çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan
«Drujba narodov» jurnalında çap olunub və jurnalın
saytında yerləşdirilib (druzhba-narodov.html). Jurnalın həmin
sayında beş erməni müəllifinin də əsəri
yer alıb. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi
kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə
də məlumat nəşr olunub. Həmin ili iyunun 7-də
«Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub
(www.azadliq.org). «Literaturnı Azərbayjan» jurnalı hekayəni
2010-cu il avqust sayında yerləşdirib. Daha sonra hekayə Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə «525-ci qəzet»
seriyasından işıq üzü görüb (mart 2010).
2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı
bədii film çəkilib və həmin ilin martında
Almaniyanın «Oberhauzen» festivalına göndərilib və
proqramdankənar nümayiş olunub. Qeyd edim ki, «Yol» və «Əgər
hamı...» filmində hər iki qəhrəman atasının
vəsiyyətinə görə ağac əkir”.
Yazıçı
daha sonra qeyd edib ki, ermənilərin çəkdiyi filmlə
hekayənin və Azərbaycanın qısametrajlı filminin
ideya və süjeti üst-üstə düşür: “Bu qədər
yaxın düşüncə və paralellər nonsens kimi qəbul
edilə bilər. Nəzərə alsaq ki, «Gözünə
gün düşür» hekayəsi 2,5 il öncə
Rusiyanın nüfuzlu jurnallarından birində çap olunub
və saytlarda yerləşdirilib, onda «Əgər hamı...»
filminin ssenaristləri Mikael Paqosyan və Tereza Vargepetyanın
bu hekayədən bəhrələndiklərini güman etmək
olar. Bir faktı
da qeyd edim
ki, filmin rejissoru Natalya Belyauskinedir. «Gözünə gün düşür» hekayəsinin
Riqada da nəşr olunduğunu nəzərə alsaq, bu cür üstü-üstə
düşmələr maraqlı
və narahatedici görünür. Plagiat
faktı o yana
dursun, ermənilər
Qarabağ müharibəsi
barədə faktları
da təhrif ediblər. Biz Azərbaycan
dövlətinin dəstəyi
və Müəllif Hüquqları Agentliyinin bilavasitə yardımı
ilə bu iddianı dünya kino ictimaiyyəti və Oskar komitəsi qarşısında qaldırmağa
borcluyuq. «Plagiat» iddiası hüquqi məsuliyyət daşıdığından, bu,
sonralar beynəlxalq məhkəmədə də
çözülə bilər”.
525-ci qəzet.-
2012.- 23 oktyabr.- S.7.