Olduğu
kimi görünən alim
Şükür buna da! Bu yaşa
çatdığımıza görə yox, bu ömrü
yaşadığımıza görə! Yaşı verən
verir, ömrü özümüz yaşayırıq. İrəli
baxmağa ümid azaldıqca, geri daha çox boylanmağa
başlayırıq. Elədiklərimizi nəzərdən
keçiririk, təsəlli tapdığımız da olur, təəssüf
doğuranı da; istədiklərimizin, amma yerinə yetirə
bilmədiklərimizin həyata keçirdiklərimizdən
qat-qat çox olduğunu yadımıza salmaq istəməsək
də, xatırlamalı oluruq və göynərtimizi ovundurmaq
naminə geridə qalan ömürdən təsəlliyə,
təskinliyə fakt axtarırıq. Tapanlar da olur, yəqin,
tapmayanlar da.
Mənim
dərin inamıma görə, bu gün həyatının 60
ilini rahatlıqla, peşmanlıq keçirmədən, xəcalət
çəkmədən vərəqləməyə mənəvi
haqqı olanlardan biri də ədəbiyyatşünas alim
Şirindil Alışanlıdır. Taleyini sözə
bağlayan, çörəyini sözdən çıxardan
Şirindil sözün urvatını sözə namuslu
münasibəti ilə qorumağa
çalışıbdı, ən başlıcası isə
sözə xəyanət etməyibdi. Böyük C.Ruminin “ya
göründüyün kimi ol, ya olduğun kimi görün” kəlamı
özünü bir də Şirindilin timsalında
doğruldur: Şirindil 60 ildi olduğu kimi görünərək
yaşayır və yazıb-yaradır: qələmi ürəyi
və dili deyəni, ürəyi qələmi və dili deyəni,
dili də ürəyi və qələmi deyəni deyib, deyir
və yaşanan ömür də təsdiqləyir ki, indən
belə də deyəcək.
Vaxtilə ona verdiyim kitabların birinə təxminən
bu məzmunda söz yazmışdım: elmi-nəzəri
fikrimizin ən kişi filoloq alimlərindən birinə.
İllər mənim sözümün doğruluğunu sadəcə
olaraq bir də ona görə təsdiqlədi ki, Şirindil dəyişmədi,
zaman keçdikcə savadını daha da artırdı, daha
da müdrikləşdi... amma şəxsiyyəti ilə
yaradıcılıq axtarışları bir-birini tamamlayan
Şirindillikdən çıxmadı. Getdi Moskvada Qorki
adına Ədəbiyyat İnstitutunda təkmilləşmə
keçdi, özü ilə böyük arzularını, bir
də Laçın dağlarının ruhunu apardı. Geri
qayıdanda özü ilə bilik, təcrübə, savad,
yeni ideyalar... bir də Laçın ruhunu gətirdi. Moskva
mühiti onu dəyişdirə, Şirindillikdən
çıxarda bilmədi. Namizədlik dissertasiyasını
müdafiə elədi, Ədəbiyyat İnstitutunun elmi katibi
vəzifəsində çalışdı. Çox gənc
yaşlarında doktorluq dissertasiyası müdafiə eləməyə
biliyi də, imkanı da, əlaqələri də vardı. Eləmədi,
yazdı, yaratdı və bəzi həmkarları kimi sübut
elədi ki, adı hörmətə
mindirən elmi dərəcə olduğu kim, elmi dərəcəni
də hörmətə mindirən ad ola bilir. Etiraf eləsələr
də, eləməsələr də xoşbəxtlikdən
Şirindilin özündən də, sözündən də
narazılar var. Ona görə xoşbəxtlikdən deyirəm
ki, o, danışanda və yazanda auditoriyanın, oxucunun istəyini,
tələb olunanı deyil, vacib saydığı dərəcədə
bildiyini deyibdi. Şirindil haqqında nələrsə bəlkə
də demək olar, amma onu arxadan danışan insan kimi səciyyələndirmək
müşkül işdi. Çünki Şirindil arxada
dediyini üzə, üzə dediyini arxada söyləyənlərdəndi.
Yəni onun üçün kimin və nəyin haqqında
danışmaq yox, danışılanların mümkün dərəcədə
obyektivliyi əsas olubdu. Şirindil sözün ətrafında
fırlanmır, sözün içindədi, buna görə
də haqqında yazdığı sözə və öz
sözünə eyni dərəcədə hörmətlə
yanaşır. Bəlkə də elə buna görə az
yazır, hər bir yazısının nəzərdə
tutduğu hədəfə çatmasına ayrıca diqqət
yetirir. Onu ədəbiyyatşünas kimi səciyyələndirən
cəhətlər sırasında bir cəhəti xüsusi
vurğulamaq mümkündü: üz tutduğu problemi, məsələni
bədii sözün inkişaf perspektivinə uyğun
seçməyə və bununla əlaqələndirməyə
cəhd göstərir. Heç vaxt alim ömrünü (mənim
də birmənalı şəkildə tərəfdarı
olduğum) absurda qarşı mənasız və Sizif əzabını
xatırladan “mübarizəyə” həsr eləməyibdi, yəni
hamıya bəlli zay əsərlərin
zaylığını ciddi-cəhdlə sübuta
çalışmayıbdı.
Hətta tənqid üzərində qurulan
yazılarında da şəxsiyyətə toxuna biləcək
məqamlara yol verməyibdi. Yaxşı yazı yalnız elmi
səviyyəli əsər deyil, həm də əxlaqlı
yazıdı. Ən yaxşı yazı isə yazıdakı
əxlaqla müəllifin həyatdakı əxlaqı
üst-üstə düşən yazıdı. Y.Lotman
yazırdı ki, mədəniyyət qadağadan başlayır.
Şirindilin yazılarında qandan, ruhdan, tərbiyədən
və savaddan irəli gələn qadağanın sayəsində
yazıdakı əxlaqı ilə həyatdakı əxlaqı
bir-birlərini tamamlayırlar.
Ciddi elmi məsələlər qaldırıb, bədii ədəbiyyatın
aktual problemlərinin əhəmiyyətli saydığı çözümünü
verməyə cəhd göstəribdi. Sözün mənafeyini
əsas götürən alim üçün yazarın şəxsiyyəti,
titulu, adı, mövqeyi... yox, bütün varlığı,
mənəvi-əxlaqi dəyərləri, dünyaduyumu və
s. bu və ya digər dərəcədə əksini
tapmış əlahəzrət mətn avtoritetidi. Demək istəmirəm ki, onun qələmindən
çıxanların hamısı eyni dərəcədə
yüksək elmi-nəzəri səviyyəli
araşdırmalardır. Sadəcə olaraq demək istəyirəm
ki, mən Şirindilin təmənnalı (yarınmaq, xoşa
gəlmək, hansısa işini keçirmək ehtimalı və
s.) yazılarını oxumamışam. Alim kimi fərqli cəhətlərindən
biri də bundan ibarətdi ki, Şirindil tədqiqatlarında
model müəyyənləşdirməyi, öz imkanı və
səviyyəsi daxilində konsepsiya qurmağı bacarır və
araşdırmasını du bunun üzərində aparır.
Nəticədə konkret bir problem ayrıca araşdırılmır, nəzərdə
tutulan modelin, konsepsiyanın tərkib hissəsi kimi
götürülərək ya ədəbiyyat tarixi, ya ədəbi
prosesin ümumi gedişi, ya da nəzəri-poetik sistemlə əlaqələndirilir.
Deyilənləri onun doktorluq dissertasiyasında daha qabarıq
görmək mümkündür. Şirindil
Alışanlının ad günündə, şad
günündə və hesab günündə onu ziyalı
kimi, şəxsiyyət kimi səciyyələndirən iki cəhətə
də toxunmaq lazım gəlir. Vaxtilə N.Nekrasov
yazırdı ki, sən şair olmaya bilərsən, amma vətəndaş
olmalısan. Rus sənətkarının bu sözlərini
insanın ömür həsr elədiyi bütün sahələrə,
o cümlədən elmi araşdırmaları özünə
tale seçənlərə də şamil etmək
lazımdı. Təbii ki, şair, alim... və vətəndaş
olmaq daha yaxşı olardı və mən bu anlamın
heç də patetik mənada
işlədilməsinin tərəfdarı deyiləm. Alim yalnız səviyyəli tədqiqatlar
aparmaqla, yazılar yazmaqla kifayətlənməməlidi, eyni
zamanda son elmi nailiyyətləri, ümumiyyətlə, bədii
və elmi sözü əsas işinə mane olmayacaq dərəcədə
peşəkarcasına təbliğ etməlidi. Bu mənada
Şirindil həm də maarifçi filoloqdu. Yazılarında,
şöbə müdiri kimi və tədqiqata yeni gələn
gənclərə elmi rəhbərlik fəaliyyətində,
müxtəlif elmi-nəzəri tədbirlərdə bu
missiyasını da yerinə yetirir: fərqli və filoloji
fikrin müasir tələbləri səviyyəsində
mövzular verməyə çalışır, yeni nəzəri
kitabları və fundamental məqalələri təbliğ
edir, mütaliə həvəsli filoloqlara kitab gətirib verir
və s.
Təsadüfi
deyil ki, Azərbaycanda ilk dəfə
məhz onun təşəbbüsü və rəhbərliyi
ilə poetikanın müxtəlif problemlərinə həsr
olunmuş silsilə məqalələr toplusu ərsəyə
gətirilibdi. Onun bəxtinə həm də təşkilatçılıq
düşüb. Uzun illərdi
Şirindil Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatına
rəhbərlik edir, müəllifi və redaktorlarından biri
kimi çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin
vaxtında, səviyyəli və poliqrafik baxımdan mükəmməl
şəkildə işıq üzü görməsində əzablı
zəhmət çəkənlərdən biri olubdu.
Şirindil ictimai, bədii-estetik fikir tariximizdə
böyük bir boşluğun doldurulmasında mühüm rol
onayacaq əhəmiyyətli bir layihənin – Azərbaycan
mühacir sözünün toplanması, nəşri layihəsinin,
dünyanın müxtəlif ölkələrindən gəlmiş
filoloq alimlərin iştirakı ilə Bakıda keçirilən
beynəlxalq elmi-nəzəri konfransın təşəbbüskarlarından
və təşkilatçılarından biridi. Xatirəyə çevrilmiş
ömrün hansısa anı üçün peşman olmaya
bilmərik, amma dünəndə qalmış hər hansı
bir yazımıza, hər hansı bir əməlimizə
görə bu gün həm başqalarının, həm də
içimizdəki müxtəlif mənlərin
qarşısına utanmadan çıxa biliriksə, nəyisə
gizlətməyə, nəyisə birdəfəlik silib
atmağa fakt tapa bilmiriksə, belə tale yaşayanların
hamısı kimi Şirindil Alışanlı da qürurla deyə
bilər: Şükür buna da! Bu yaşa
çatdığımıza görə yox, bu ömrü
yaşadığımıza görə! Və belə
yaşadığımıza görə!
Arif Əmrahoğlu
525-ci qəzet.-
2012.- 24 oktyabr.- S.7.