Mirzə Cəlilin yaxın qohumu İdris Mirzə Qacarın müəmmalı aqibəti  

 

1758-1806-cı illərdə Qarabağda xanlıq edən İbrahimxəlil xanın qardaşı oğlu Məmməd bəy Cavanşirin (1756-1797) nəvəsi Əhməd bəyin (1828-1903) qızı Həmidə xanım böyük ədibimiz Mirzə Cəlilə sədaqətli ömür-gün yoldaşı olmuşdur. O, həm görkəmli yazıçının əməl dostu olmuş ədəbiyyat tariximizdəMirzə Cəlil haqqında xatirələrimkimi monumental bir kitab yadigar qoymuşdur. Xatirələr qiymətli məlumatlarla doludur. Bu xatirələrdən öyrənirik ki, 1917-ci ildə yazıçının qızı Münəvvər xanım Kəhrizlidə olan süvari dəstənin komandirinin yavəri İdris Mirzə ilə ailə qurmuşdur. Mirzə Cəlilin razılığı ilə baş tutan bu izdivacın ömrü 1920-ci ildən sonra naməlum qalmışdır. Şuşada yaşayan İdris Mirzə Qacarın təqib olunması, həbs edilməsi nakam taleyi haqqında hələ ki, bir məlumat əldə edilməmişdir.Böyük ədibin ailə üzvlərindən biri olan İdris Mirzə haqqında bildiklərimizi Mirzə Cəlilin oxucuları ilə bölüşmək arzusunda olduq. Biz arxiv sənədlərini vərəqlədikcə görəcəyik ki, İdris ağa həm çar Rusiyasında mahir hərbiçilərdən olub. İdris ağa Qaflan ağa oğlu Qacar şahzadə Bəhman Mirzə Qacarın nəvəsidir. Bəhman Mirzə Qacar Cənubi Azərbaycanın hakimi Abbas Mirzənin (1789-1833) oğludur. Abbas Mirzə 1798-1833-cü illərdə hakimiyyətdə olmuşdur. Oğlu Bəhman Mirzə (1811-1884) isə 1841/42-1847-ci illərdə Cənubi Azərbaycanın hakimi olmuşdur. Sonralar ölümün pəncəsindən qaçaraq Rusiya İmperiyasında sığınacaq almış ömrünün sonuna kimi Şuşada yaşamışdır. Olduqca savadlı, bacarıqlı hərbiçi olan Bəhman Mirzənin oğlan varislərinin hamısı Rusiya ordusunun məşhur general polkovnikləri, həmçinin zabitləri olmuşlar. Qədim türk tayfası olan Qacarlar İrana Rusiyaya heç bir sülalənin bəxş edə bilmədiyi hərbçilər bağışlamışlar. Bəhman Mirzə İrandan gəldiyi üçün rus mənbələrində Qacarların adlarının qarşısındaPers (İran) şahzadəsititulu yazılıb. Amma onlar tarixlərdə böyük izlər qoymuş türk Qacarlardır. İdris Mirzə Qacar 7 oktyabr 1889-cu ildə Tiflisdə doğulmuşdur. Qvardiya poruçiki Qaflan ağanın ailəsində doğulan İdris ağa Tiflisdəki kadet korpusunda təhsil almışdır. 29 avqust 1901-ci ildə Nijeqorodda yerləşən qraf Arakçeyevin kadet korpusuna dəyişdirilib. 1 sentyabr 1905-ci ildə yenidən Tiflis kadet korpusunun üçüncü sinifinə dəyişdirilib. 1908-1909-cu təhsil ilinin məlumatına əsasən o, Tiflisdə ikinci şöbənin altıncı sinifində oxuyub. Rusiya Dövlət Hərbi Tarix Arxivində onun xasiyyətnaməsi saxlanılır. Burada onun  gözəl əxlaqi keyfiyyətlərə malik olması haqda məlumatlar verilib. Ailələrinin vəziyyəti ilə əlaqədar olaraq İdris ağa Tiflis kadet korpusunu bitirə bilmir. Tiflisdə ixtiyar sahibi olan böyük knyaz Mixail Nikolayeviçin xüsusi icazəsi ilə 20 iyun 1915-ci ildə dördüncü Azərbaycan süvari polkunda hərbi xidmətə başlayır. Bu polk Qafqazın yerli sakinlərindən təşkil edilmiş diviziyaya tabe idi. İdris ağa bu polkun tərkibində 1915-ci ildə avstriyalılara qarşı vuruşur. 10 fevral 1916-cı ildə ona uryadnik hərbi rütbəsi verilir. Arxiv sənədlərində onun hərbi hünərləri haqqında olan məlumatlar çox maraqlıdır. Burada onun döyüşlərdə göstərdiyi hərbi hünərlərdən söhbət açılır. Sənəddəki maraqlı bir məqamı xatırlatmaq yerinə düşərdi.  24 iyun 1916-cı ildə Delyatin kəndində gedən döyüşlər təsvir edilir: “Düşmənin kəskin atəşlərinə baxmayaraq, süngü ilə zərbələr endirən çoxlarına nümunə olan İdris ağa yoldaşlarının dərin rəğbətini qazanır hücumun uğurlu keçməsinə imkan yaradır”. Şahzadə İdris ağa bu hünərinə görə dördüncü dərəcəli Georgi Xaçı ilə təltif edilir. Bu, ali hərbi təltifdir. Azərbaycanın hərbi tarixinin tədqiqatçısı Şəmistan Nəzirli hətta ona verilən bu hərbi mükafatın nömrəsini tapıb: 103054.

Onu da deyək ki, İdris ağa bu polka azad təyinatlı, yəni könüllü süvari kimi qəbul edilmişdi. Onun bu hərbi hünəri qorxmazlığı, cəsurluğu polkun komandiri polkovnik knyaz Bekoviç-Çerkaskinin diqqətindən yayınmır. O, diviziyanın rəisi general-leytenant knyaz Baqrationa 23 oktyabr 1916-cı ildə raport ünvanlayır. O, xahiş edir ki, gənc könüllü döyüşçünün polkun həqiqi döyüşçüsü sıralarına verilməsinə icazə versin. General-leytenant knyaz Baqration öz raportunda onun azərbaycanlılardan ibarət süvari alayının həqiqi döyüşçüsü olmağına icazə verməklə, həm praporşik rütbəsi ilə təltif edir. Cənub-Qərb Cəbhəsinin 2066 saylı əmri ilə 26 dekabr 1916-cı ildə İdris ağa orduda praporşik kimi fəaliyyət göstərir. Sonralar İdris ağa kornet hərbi rütbəsini almışdır. Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra o, milli orduda hərbi xidmətini 25 may 1918-ci ildən 28 aprel 1920-ci ilədək davam etdirmişdir. Azərbaycan Demokratik Respublikasının ordusunda keçmiş Azərbaycan süvari polku 1918-ci ilin dekabrında iki polka bölünmüşdü. Birinci Azərbaycan ikinci Qarabağ polku adlanırdı. Şahzadə İdris ağa Qacar öz hərbi fəaliyyətini ikinci Qarabağ süvari polkunda davam etdirir. Bu polkun komandiri Cəmşid Naxçıvanski idi. Əla xidmətinə görə İdris ağa 24 iyun 1919-cu ildə poruçik rütbəsi ilə təltif edilmişdir. Artıq 1920-ci ildə poruçik şahzadə İdris Mirzə ikinci Qarabağ süvari polkunda üçüncü dəstənin komandiri idi. 1920-ci ildə Azərbaycan Respublikası bolşeviklər tərəfindən işğal edildi. Bu zaman ikinci Qarabağ polku təzə hakimiyyətə tabe olmağa məcbur oldu. Amma polkun xeyli sayda zabitləri 11 may 1920-ci ildə attestasiyadan bəzi səbəblərə görə keçə bilmədilər. Onların hamısını bolşeviklər həbs edib güllələdilər. Bu zaman attestasiyadan keçməyənlərdən biri İdris ağa idi. Amma arxiv sənədlərində həmin vaxt onun məzuniyyətdə olduğu bildirilir. Həmidə xanımın xatirələrindən məlum olur ki, Mirzə Cəlilin ailəsi Təbrizə köçməyə məcbur olduqda yazıçı qızı Münəvvəri aparmışdı. İdris ağa hərbiçi olduğundan getməyib Şuşada qalmışdı. Münəvvərlə o, Şuşada yaşayırdılar. Qəmər xanımın söylədiyinə görə İdris ağa özü Münəvvəri Kəhrizliyə gətirib Təbrizə yola salmışdı. Münəvvər onun qanuni nikahla həyat yoldaşı idi. Qəmər xanım deyirdi ki, biz Təbrizdən qayıdandan sonra onu çox axtardıq. İgid oğlan idi. Ancaq çox heyiflər olsun ki, İdris ağa haqqında heç öyrənə bilmədik. Onun Mirzə Cəlillə, Həmidə xanımla, Münəvvərlə çəkdirdiyi şəkillər var. Hamısı Həmidə xanımın Şuşadakı evində qalmışdı. Biz qayıdanda o evi talan edilmiş gördük.

Bu günlərdə Moskvada hərbi tarixçi dostum Eldar Elxan oğlunun 573 səhifəlik bir monoqrafiyası işıq üzü görüb: “Persidskie prinsı iz doma Kadjarov v Rossiyskoy imperii” (“Qacarlar evindən olan İran şahzadələri Rusiya imperiyasında”). Orada İdris ağanın da haqqında ətraflı məlumat verilib. Amma onun Mirzə Cəlilin qızı Münəvvər xanımın həyat yoldaşı olması haqqında məlumat yoxdur. Bu haqda müəllifə deyəndə o, çox sevindi. Bildirdi ki, təkrar nəşrdə bu haqda hökmən yazılacaq. Böyük ədibimiz Mirzə Cəlilin Tiflisdə dostluq etdiyi Qacarlarla həm qohumluq əlaqəsi var. Biz bu qohumluq əlaqəsindən, xüsusən yazıçının kürəkəni İdris ağa Qacardan azacıq da olsa məlumat vermək istədik. Ümidimiz var ki, yaxın gələcəkdə İdris ağanın 1917-1920-ci illərdə-Münəvvər xanımla birgə yaşadığı illərdə tərtib etdiyi şəxsi albomdan heç olmazsa bəzi fotoşəkillər tapılacaq. Bir gənc süvari İdris ağanın son taleyi ilə bağlı axtarışlar oxucularımızı sevindirəcək.

 

 

Musa QULİYEV (RƏHİMOĞLU),

AMEA Naxçıvan Bölməsinin əməkdaşı 

 

525-ci qəzet.- 2012.- 24 oktyabr.- S.7.