Gənc şair dostuma açıq məktub
Hörmətli Heydər Ələddinoğlu,
şeirlərini diqqətlə
oxudum. Sən şairsən,
ona görə mənə şair dilində, şeirlə cavab yazıram. Özün başa düşərsən.
Dərdin çoxdu,
çək azalsın,
Dərd üstünə dərd
yükləmə.
Namərdlər dərd çəkən deyil,
Mərd üstünə dərd
yükləmə.
Torpaq qara,
səma bəyaz,
Nə “daş axtar”, nə “qəbir qaz”.
Sən rəngləri
qarışdır yaz!
Şeirini yaz. Dərin-dayaz!
Yeri! Yüyür!
İməkləmə!
Heydər ƏLƏDDİNOĞLU
Kül olsun
dünyanın yekə
başına!
Məni hədələyir
bu azğın dünya,
Gözümdən süzülən yaşı
da görmür.
Mən əzab
elmini elə bilirəm
Ayağım biləni başı
da bilmir.
Dərd-qəmi sinəmdə elə yatır ki,
Zəhəri şərbətə
elə qatır ki,
Həsrət sapandıyla
elə atır ki
Tökülür başıma daşı
da bilmir.
Baxıb utanmayır
ahıl yaşına,
Nə gəldi
eləyir elə huşuna,
Kül olsun
dünyanın yekə
başına!
Bir şair
oğlunu yaşada bilmir!..
Qəbrimə Yer boyda daş bəsləyirəm
İçdiyim kədərdir, yediyim əzab
İsti ürəyimdə qış
bəsləyirəm.
Yıxılmış yurd-yuvam boş qalmamaqçın
Birtəhər bədəndə baş
bəsləyirəm.
Fələkdir puç olmuş günləri sayan
Qoruyan mələksən,
sən nəsən dayan!
Vüsalı dadmamış
qırxa çatmayan
Ölümçün şərəfli yaş
bəsləyirəm.
Uçar üstünüzə
çəkilin, qaçın!
Torpağın qan olmuş ağzını açın,
Bir də
bu dünyaya qayıtmamaqçın
Qəbrimə Yer boyda daş
bəsləyirəm!..
Fikrət Qoca
525 -ci qəzet.- 2012.- 24 oktyabr.- S.7