Təzadlı
Jorj
“Yaşamaq ən ali səadətdi...
Heç nəyə baxmayaraq, Yaşamaq!”
Jorj Sand
Türk yazıçısı Elif Şəfəq
“İçimizdəki diktator” essesində: “Bir müddətdi
ki, Jorj Sand və Frederik Şopenin həyatını oxuyuram. Onları roman qəhrəmanları kimi görürəm.
Beynimdə hekayələrini yazıram. XIX
əsrin ən maraqlı, bəlkə də ən çətin
sevgisi idi onlarınkı...” - deyir. XIX əsr
Fransa ədəbi mühitinin parlaq və fərqli
simalarından biri Jorj Sandın həyatına,
yaradıcılığına ötəri bir nəzər
salanda belə Eliflə razılaşmaya bilmirsən. Jorj adamı özünə yoluxduran
yazıçıdı. Romanlarını, haqqında
yazılan əsərləri, çəkilən filmləri,
avtobioqrafiyasını, portretlərini gözdən
keçirdikcə adamda belə hiss yaranır, sanki Jorj bilərəkdən
o cür yaşayıb... Bəli-bəli bilərəkdən!
Bəlkə özündən yüz illər sonra da
dünyaya gələcək kişi sənətkarları
ilhamlandırmaq, qadınları heyrətləndirmək
üçün... Zəmanəsinin maraqlı
simalarına yaxın olub, onlara “birbaşa” təsir etmək adətiydi,
xasiyyətiydi Jorjun. Onunla bircə dəfə üz-üzə gəlib
illər uzunu bu barədə yazan, danışan adamlar da
vardı, təkcə görkəmindən
qıcıqlanıb qaçanlar da... Çoxu Jorj Sandı
qayğıkeş ana hesab edirdi, amma İblis qadın
adlandıranlar da az deyildi. Bütün bu
statuslar, imiclər, qorxulu enmə və inamsız qalxmalar...
ruh iflasları, sevgi fəvvarələri, qısqanclıq böhranları isə
sənət - Jorj Sandın yazdığı,
yazdırdığı və yazdıracağı Sənət
naminəydi!
Əsl adı Amandina Avrora Lüsil
Düpen olan Jorj Parisdə, zadəgan ailəsində
dünyaya göz açmışdı. Onun “roman qəhrəmanı” həyatı isə
dörd yaşından başlanır. Atası,
hərbçi Moris Düpenin ölümündən sonra... nənəsi
Avroranın tərbiyəsini gəlini, alverçi qızı
Sofi-Viktoriyaya etibar etmir. Sofi-Viktoriya
qızını ona vəsiyyət olunacaq Noan malikanəsindən
məhrum etməmək üçün Parisə
qayıdır. Körpə Avroranın
yaşına uyğun balaca əzabları burdan
başlanır. Sonralar Jorj Sand iztirablarını belə
bildirirdi: “Anamla nənəm ürəyimi para-para edirdilər...”
... Nənəsi Avroranı
Jan Jak Russonun (Russo onun ən çox oxuduğu və sevdiyi
yazıçı idi) azadlıq, bərabərlik, demokratiya
ideyaları ilə tərbiyə edir. Lakin
Avroranın anasının yanına qaçmaq planlarından xəbər
tutanda onu dərhal monastıra göndərir. Gələcəkdə
“qəlb oğrusu”na çevriləcək
qıczığazın ürəyinə ilk sevgi toxumu da burda
səpilir. Allaha sevgi: “Mən ilahi qüvvə ilə
bütünlüklə qarışmağı möcüzə
kimi qəbul edirdim. Sözün əsl mənasında, müqəddəs
Tereza kimi yanırdım: yatmırdım, yemirdim, əzalarımın
hərəkətini hiss etmədən gəzirdim...”
Avrora xəbərsiz olduğu kənar
dünyaya meyl etmir, hələ batmadığı
günahlardan qurtulmaq istəyir... Rahibə olmaq
qərarına gəlir. Amma nənəsinin
və ona hamilik edən keşişin səyləri ilə bu
fikrindən daşınır. Nənəsi
Avroranı özünün diliylə desək, “yerdəki cənnətdən”,
monastrdan ayırıb ərə vermək istəyir.
... Bir romanın zadəgan ailəsində
doğulub körpəlikdən atasız qalan, monastrda tərbiyə
olunub rahibəlik etmək istəyən, sonra nənəsinin vəsiyyəti
ilə ailə qurub iki övlad dünyaya gətirən, Noan
malikanəsində ehtiyacsız, qayğısız yaşayan qəhrəmanının
həyatı nə qədər də cansıxıcı, yeknəsək
görünər, elə deyilmi? Elədi! Maraqlı,
fərqli olması üçün isə bütün bu
qaydaları, qanunları - Russonun demokratiya ideyalarından
tutmuş, nənəsinin xanımlıq qəliblərinə
kimi hamısını - dağıtmaq, məhv etmək
lazım idi. Avrora belə də edir...
Əri Kazimir Düdevanın intellekt
immitasiyalarından, qeybətlərindən bezmiş xanım
oğlu Moris və qızı Solanjı da özüylə
götürüb çoxdan vurulduğu və uzun müddətdən
bəri yazışdığı sevgilisi Jül Sandonun
yanına, Parisə gedir. Onun ard-arda davam edəcək
“çevriliş”lərinin başlanğıcı burda idi.
O zamanlar yazıçılıq incə desək, “xanıma
yaraşmayan peşə” sayılırdı. Ona
görə Avrora ilk romanlarını sevgilisi Jül ilə bərabər
yazır, onun imzası ilə çap etdirirdi. Lakin bir müddət sonra Jül buna etiraz edir.
Avrora özünə kişi adı
götürür, soyadını isə sevgilisindən
“oğurlayır”. Beləliklə, Avrora Düpen
Düdevan Jorj Sanda çevrilir - “İndiana” romanının
müəllifi Jorj Sanda. Təkcə adını yox, həm
də qarderobunu dəyişib kişi
kostyumları geyinən Jorj tezliklə bütün Fransa ədəbi
mühitinin, cəmiyyətinin diqqətini özünə
çəkir.
Sandın romanlarının əsas
ideyasını qadın azadlığı təşkil
etdiyindən, inqilabi yüksəliş yaşamış Fransa
oxucusunun zövqünü oxşayırdı. Buna görə də Jorj çox sürətlə
məşhurlaşdı. Daha da həvəslənən,
ilhamlanan yazıçı hər gün səkkiz saatını
masa arxasıda keçirir, romanlar, hekayələr
yazırdı. Lakin ən gözəl
“roman”ları və gözlənilməz sonluqlu “hekayə”ləri
Jorj Sand yaşayacaqdı. Qarşıda onu
Alfred de Müsse, Frederik Şopen, Prosper Merime və başqa
dahilərin sevgiləri gözləyirdi.
...Sand özünün sevgi
idealını, arzuladığı kişini xəyalında
yaratmışdı. Özündən gənc, sarı
saçlı, dərisi ağappaq, arıq, hündür, incə,
mehriban, bir az da balaca uşaq təki
köməyə, qayğıya ehtiyacı olan birisi... Jorjun sevgi hekayələrinə nəzər
saldıqda adamda belə fikir yaranır, sanki o həyatının
əsas roluna aktyor seçirmiş. Hər dəfə
sadalanan keyfiyyətləri özündə birləşdirən
kişiylə rastlaşanda “bu mənə lazım olandı” -
deyib “ov”una sahib çıxır, alır, aparır,
qanadlandırır, uçurdur, yazdırır,
qısqandırır, məhv eləyir... Sonra
eyni rolu ifa etmək üçün yeni namizəd axtarır.
Bəlkə heç axtarmır da... Bu sadəcə, onun
yaşadığı həyatın nizamıdı, bəzən
özü bilərəkdən pozduğu nizamı...
Jül Sandodan sonra Jorjun yeni qəhrəmanı
gənc yazıçı Alfred de Müsse idi. Müssenin özündən 6 yaş böyük
xanıma vurulmağı üçün uzun zaman lazım
deyildi. Jorj “yoluxdurmağı” hər kəsdən
yaxşı bacarırdı. Alfred “xəstəliyi”nin ilk simptomlarını belə təsvir
edirdi: “Mən onu ilk dəfə görəndə əynində
gözəl bir don vardı. Özünü həmişəki
kişi kostyumu ilə yöndəmsiz hala
salmamışdı. Yanaqlarında gəncliyin
izləri duyulur, gözəl gözləri
parıldayırdı. Bu parıltı tünd
saçlarının kölgəsi altında sehirləyici təsir
bağışlayır, ürəyimi tar-mar edirdi... “
Yazıçı xanım isə
münasibətlərinin kiçik söz oyunlarından, baxış
deyişmələrindən dərinə getməyəcəyini
düşünürdü. Çünki
hamar olanları əzik-üzük eləməyi sevən Jorj
üçün Müssenin ütülü görkəmi
çox cansıxıcı idi: “O çox dəhşətli
modabazdı, biz qəlbən uyğun gəlmirik...”
Lakin Jorjun gənc aşiqin
çılğın etirafları qarşısında tab gətirməsi
də asan deyildi. Beləliklə, onlar Venesiyaya gəzməyə
yollanırlar. Hər şey çox isti başlasa da, Jorj
Venesiyada soyuqlayır. Bundan qəzəblənən
Müsse onu tək qoyub barlarda əylənir. Sonralar
Alfred de Müsse yazırdı: “Mən hər gün səhərdən
axşama əyyaşlıq edir, vaxtımı barlarda
keçirirdim. Jorj isə bir litr süd içib səkkiz
saata romanın yarısını yazırdı...”
Çox çəkmir ki, Alfred də
xəstələnir. Həkimlər ona beyin
soyuqdəyməsi diaqnozu qoyurlar.
Məncə, adına, soyadına, geyiminə,
kobud maneralarına rəğmən təpədən
dırnağa Qadın olan Jorj Sandın təzadlı xarakteri
“roman”ın bu yerində daha çox açılır. Jorj sevgilisinin son günlərdəki laqeydliyinə,
dəcəlliyinə baxmayaraq, özünü əsl fədakar,
qayğıkeş qadın kimi aparır. Bütün
işini, yazılarını atıb Müsseyə dayəlik
edir. Lakin... Nə qədər qəribə
olsa da, Alfredin həkimi italyan Pyetro Pocelloya vurulur. Pyetro
Jorja çox duzsuz və hədsiz sadə görünsə də,
Alfredin biganəliyinin, kobudluğunun fonunda bu, bəlkə də
gözlənilən idi... Alfred qısqanclıq səhnələri,
söz atışmaları, kiçik müharibələrlə
vəziyyəti dəyişməyə
çalışırdı, lakin artıq gec idi...
Jorj Venesiyada iki kişini birdən
sarsıtmışdı. Müsseni
tərk etməsi, Pocellonu sevməsi ilə. Müsse
yazırdı: “Mən bu qadının təsirilə yenidən
doğuldum. Nə ona qədər, nə də ondan sonra mən
heç vaxt belə sevgi vəcdləri, xoşbəxtlik
coşquları duymadım... “
Parisə qayıtdıqdan sonra
Müsse Jorj ilə məktublaşırdı. Lakin qisqanclıq “tutma”larını gizlədə
bilmir, bəzən “Qrafinya Qaliani” kimi hekayələri, daha
doğrusu “prozaik söyüşlər”i ilə təhqir
edirdi onu.
Jorj Sand möhüründən azad
olmaq mümkün deyildi. Həkim Pocellonun Sand
kimi qadını saxlamaq, özününkü eləmək
gücü yox idi. Ona görə tezliklə
İtaliyaya qayıdıb evlənir, uşaqları olur. Lakin arxasınca deyilən “Jorj Sandın sevgilisi olub”
pıçıltılarından ömrünün sonuna kimi
qurtula bilmir. Sand üçün isə bütün
bunlar “roman”ın geridə qalmış səhifələri
idi. Qarşıda onu ŞOPEN adlı macəra
gözləyirdi.
Polşalı bəstəkar Şopen Jorju
qrafinya De Aqunun evində görəndə ilk təəssüratı
o qədər də xoş olmamışdı: “Sand nə qədər
də kifir qadındı. Ümumiyyətlə,
qadındırmı? Mən buna şübhə edirəm...”
Lakin bu fikirləri dəyişmək
üçün vampir-qadın Jorja bir söhbət kifayət
idi. Elə həmin məclisin sonuna yaxın
onlar üz-üzə durub söhbətləşəndə
Şopen yanıldığını anlayır. İlyarımlıq ünsiyyətdən sonra isə
Şopen qəti qərarın verir. Ona məhz Jorj kimi
qadın lazımdı: “Avrora, mən sənin ayaqlarına
döşənməyə hazıram. Sənə
hər şeyimi verərəm, mənə heç nə həddən
artıq görünməz. Yorulanda bir
baxışın, təbəssümün, nəvazişin
yetir mənə. Yalnız sənin
üçün yaşamaq, incə melodiyaları sənin
üçün ifa etmək istəyirəm. Görəsən sən, mənim
başıaşağı sevgilim, çox qəddar
olmayacaqsan ki?”
Şopen və Jorj çox fərqli
adamlar idilər. Jorj
açıq-saçıq, epataja bir qədər meyilli,
Şopen sakit, sadə, utancaq. Şopen sevgilisinin kişi kostyumlarından qıcıqlanır,
Jorj onun cəsarətsizliyinə hirslənirdi. Lakin
buna baxmayaraq bu iki sənətkar birlikdə xoşbəxt idilər.
Və çox güman ki, bu səadətin
kökündə sənətə eyni münasibət dururdu.
Fransız yazıçısı Andre Morua “Leliya, yaxud Jorj
Sand” oçerkində yazırdı: “Onları gözəlliyə
sevgi daha çox birləşdirirdi. Bir axşam
Noanda Jorj Şopenə kənd sakitliyi və təbiətin
möcüzələri haqda danışır. O bunu
çox gözəl bacarırdı. “Sizin
danışdıqlarınız necə də heyrətamizdir”
- deyir Şopen. “Eləmi? O zaman mənim
bütün bu danışdıqlarımı musiqi dilinə
çevirin”. Həmin dəqiqə Şopen royal
arxasına keçib əsl kənd simfoniyasının improvizələrini
edir. Jorj Sand sevgilisinin yanında durub əlini incə
şəkildə onun çiyninə qoyur və
pıçıldayır: “Cürətli ol, məxmər əllər”.
Bu barədə fikirlər müxtəlif
idi. Onların müasirləri hesab edirdilər
ki, İblis qadın tərbiyəli, alicənab bəstəkarı
ələ keçirib. Şopenin
bütün zamanlarda qadınların sevimli bəstəkarı
olduğunu nəzərə alıb, bəlkə də, bu
fikirləri xanımların “qısqanclıq iynələri”
kimi də yozmaq mümkündü. Lakin
bunun əksini düşünən tənqidçilər də
var ki, onlar Jorjun Şopeni yeni-yeni əsərlər yazmağa
ilhamlandırdığını və qısa ömründə
bəstəkarın şedevrlər yaratmasını məhz
onun xidməti olduğunu vurğulayırlar. Jorj özü də
bəzən Şopenin yaxınlarının əsassız
ittihamlarından sıxılırdı. O, Şopenin
dostu Alberə yazırdı: “Bu dünyada onun etibarını
tam qazanmış yeganə qadın mənəm, amma o
özü bunu dərk eləmir. Bilirəm ki, çoxları
məni günahlandırır:
bəziləri düşünür ki, mən onu öz
şiddətli hisslərimlə yormuşam, digərləri isə
elə bilir mən dəliliklərimlə sarsıdıram
onu... Amma mənə elə gəlir ki, sən həqiqəti
bilirsən. O, rədd cavabları ilə onu
öldürdüyümdən şikayətlənir. Lakin əminəm ki, başqa
cür olsam, o ölər...”
Bütün
ətraf təsirlər bir tərəfə, Şopenin xroniki sətəlcəmi
də onların münasibətini əngəlləyirdi.
1838-ci ildə bəstəkarın xəstəliyini az da olsa
yüngülləşdirmək üçün onlar ikilikdə
İspaniyanın Mayorka əyalətinə səfər edirlər. Jorj buranın ağ ciyərlər
üçün müalicəvi havasının Şopenə
xeyir edəcəyinə inanır. Lakin başlayan aramsız
yağışlar əks nəticə verir. Kirayədə
qaldıqları evin sahibi Şopenin xəstəliyini öyrənəndə
onları evdən qovur. Jorj çətinliklə də olsa,
monastrlardan birində otaq tapıb Şopenlə orada
yaşayır. Bu məqamda yenə də Jorj Sand xarakterinin
qayğıkeş ana tərəfi üzə
çıxır. Jorj səhərdən axşama sevgilisinin
nazını çəkir, yanından bir an belə
ayrılmır, zamanını yalnız ona sərf edir. Hətta
Şopenin piano tələbini də yerinə yetirir. Lakin
bütün qulluq və nəvazişlərə baxmayaraq, bəstəkarın
halı gün-gündən pisləşir. Beləliklə,
onlar Parisə qayıtmaq qərarı verirlər.
... Jorj Sand
“roman”ının ən kövrək, ən yaddaqalan səhnəsini,
bəlkə də kuliminasiyasını burada yaşayır. Nəzarətçilər limanda Şopenin vərəm
olduğunu biləndə onu gəmiyə buraxmırlar,
Şopenin halı daha da pisləşir, Sand liman boyu
qaça-qaça, vurnuxa-vurnuxa kapitanlara yalvarır. Çox
güman ki, burada Jorj vazkeçilməz qadın sehrini işlətsəydi,
gəmiçilər gözüyumulu onun istəyini yerinə
yetirərdilər. Amma indi xəstə sevgilisinə görə
ağlaya-ağlaya danışan, yalvaran bu qadın onların gözündə
sadəcə, bir zavallı idi... Uzun sürən söhbətlərdən
sonra dahi bəstəkarı aparmağa yalnız köhnə,
sınıq-salxaq bir gəminin kapitanı razı olur. Onlara gəminin
ən köhnə və dağılmış
kayutasını verirlər. Başqa sərnişinlər isə
donuzlar idi. Sonralar Şopen hər zaman şikayətlənirdi
ki, gəmi kapitanı donuzlara onlardan daha yaxşı şərait
yaratmışdı.
... Parisə
qayıtdıqdan sonra da Jorj Sand özünün
“üçüncü uşağı” adlandırdığı
Şopenin sağlamlığıyla məşğul olur.
Onlar Jorjun qızı və oğlu ilə birlikdə
Noandakı malikanədə yaşayırdılar. Xəstə
Şopenə qulluq edə-edə ana aurasına
düşmüş Jorj sonradan sevgilisinə sadəcə,
övladı kimi baxır, sevgi etiraflarından, ehtiras oyunlarından
qaçırdı. Bu da onların münasibətlərinin
soyumasına, Şopenin zamanla deyingən “qoca”ya çevrilməsinə
gətirib çıxarır. Getdikcə bəstəkarın
Jorjun oğlu Morislə də münasibətləri gərginləşir.
Eyni zamanda Solanj da Şopeni anasına qarşı qoyur. Onu
inandırmağa çalışır ki, Jorj xəyanətkardır.
...Və
bütün bunlar on illik sevgi nağılının sonuna gətirib
çıxarır. 1847-ci ildə Şopen Noanı tərk
edir. Jorjun məktublarına, onu qaytarmaq cəhdlərinə də
cavab vermir. Bir neçə ay sonra məclislərin birində
üz-üzə gəlsələr də, Şopen Jorjla soyuq
görüşür və bu görüş sonuncu olur.
İki il sonra dahi Şopenin xətəliyi şiddətlənir
və o, dünyasını dəyişir. Onun
ölümündən öncə dediyi son cümlə belə
olur: “O mənə söz vermişdi ki, mən onun qolları
arasında öləcəyəm”.
Jorj Şopendən sonra 27 il
yaşadı. Öz prinsiplərinə,
özünə sadiq qaldı hər zaman. Həyatında
Prosper Merime kimi dahinin, yaxud Aleksandr Morso, Jorj Marşal kimi
özündən gənclərin, sarışınların,
yaraşıqlıların qısamüddətli
dayanacaqları oldu. Lakin Jorj haqqında
çəkilmiş “Əsrin uşaqları”, “Ekspromt” filmlərinə
baxdıqdan, Andre Moruanın “Leliya, yaxud Jorj Sand” oçerkini,
özünün müəyyən əsərlərini
oxuduqdan sonra nədənsə mən Jorj Sand həyatını
eskalatora bənzətdim. Özü ürəyi istəyəni
mindirir, bir müddət yuxarıya aparır, sürəti
artırır və azaldır... Amma zirvədən
aşağıya yol, ya dayanacaq yoxdu... Orda
mütləq düşürtməlidi. Bəli! Həyatının sonuna yaxın yenə də
monastrda yaşamağa hazır olan uşaq düşüncələrinə
qayıtmışdı Jorj. Daha
doğrusu, Avrora. Nəvələrinə,
övladlarına qulluq edən Avrora. Çox nikbin və
şən Avrora... O
yalnız Şopeni dinləyəndə kövrələrdi.
... Amandina Avrora Lüsil
Düpen 1876-cı ildə Noanda vəfat edir. Son sözləri
belə olur: “Yaşıllıq ... Saxlayın”. Bu
onun qəbrinə aid vəsiyyəti idi. Qəbri
üstündə başdaşı qoyulmamasını,
otların arasında itib-batmasını arzulamışdı
Avrora. Həyatı boyu diqqət cəlb edən,
ölümündən sonra qəbrinin gözdən itməsini
istəyən Təzadlı Jorj.
P.S. Viktor Hüqo Jorj Sandın vəfatını
eşidəndə yazmışdı: “Ölən
üçün yas saxlayıram, ölməzi salamlayıram”.
PƏRVİN
525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.24-25.