Əjdər OL!
Təsəvvür edin ki, iyul
ayında ürəyin istəyən iki- üç dostunla
İsmayıllıya- istirahətə gedirsən. İndi də fikirləşin ki, düz -
dünyanı selləmə yağış tutub, sizin də
maşınınız, təkəri partladığı
üçün palçıqlı kənd yolunda qalıb.
Bərk dilxorsunuz. Üstəlik
də, toya tələsirsiniz.
Bax, Əjdər Ol haqqındakı bu
yazını ikinci variantdakı adamların ovqatı ilə qələmə
alıram. Yəni, bu başdan ürəyində “Əjdəri
yaxşı tərifləyəcək” fikri ilə əllərini
ovuşduran bəzi yaxın, uzaq dostlar yüz faiz arxayın
olsunlar ki, düşündüklərimi elə
düşündüyüm kimi yazacağam- bəzəksiz-
düzəksiz. Nə isə, başladıq.
Qısa deyim, indiyə kimi Əjdər
Olun poeziyası və nəsri haqqında çap olunan əksər
yazılar mənə tərif kimi görünüb, canıma
yatmayıb. Mən demirəm ki, o məqalə,
yaxud resenziyaların müəllifləri, üzr istəyirəm
Əjdəri “yıxıb-sürüməlidirlər”. Yox, sadəcə, onlar məncə,
ölçünü- biçini gözləməyiblər.
Nəinki ədəbi tənqiddə, ümumiyyətlə,
insanın bütün işlərində- bu yemək-
içməyə də aiddir, danışmağa da, gülməyə
də- bir qoruq- qaytaq olmalıdır. Həddi
aşanda hər şey baş- ayaq olur. Məni
qınamayın, onu da gizlətmirəm ki, Əjdəri öyən
yazıları oxuyanda, hərdən düşünürəm
ki, deyilənlər doğrudursa, mən Qorxmaz çox xoşbəxt
adamam, çünki Yeseninlə, nəinki eyni şəhərdə
yaşayıram, hətta onunla dostam, arada çay içirik də.
Burda haşiyə çıxmasam
olmaz. Arada dost- tanışlardan kimsə
sözün şitini çıxaranda, yaxud haqsız
danışanda araya söz qatıram.
Nəsiminin bir “Etməgil” rədifli qəzəli
var:
Üzünü məndən nihan, etmək
dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək
dilərsən, etməgil!
Sən sözün gözəlliyinə
bax: “etməgil”. Və bu sözü bir- iki dəfə
təkrarlayıram. Beləcə, söhbətin
məcrasını dəyişirəm. İndi,
yazımın bu məqamında böyük Nəsiminin bu “etməgil”i
hardan gəlib yadıma düşdü, bilmirəm.
Qoy heç kimin ürəyində xal
qalmasın: mən Əjdərin dostuyam. Bir-
birimizin xeyir- şərinə getmişik.
Uşaqlarım onu televizorda görən kimi tez
qışqırırlar: “Ata, gəl, Əjdər əmi
danışır”.
Münasibətlərimiz quzey qarı
kimi tərtəmizdir. Sadəcə, mən xətrini istədiyim
bir adam haqqında şit- şorba
yazılar oxumaq istəmirəm. Üstəlik də...Bu
yerdə indiki ədəbi aləmdə tez- tez
rastlaşdığım bir xəstəlikdən ikicə kəlmə
demək istəyirəm. Deyək ki,
üç yazar oturub çay içir. Dəxli yoxdur,
onlardan hər hansı biri çaypulunu verib gedən kimi, qalan
ikisi anındaca onun arxasınca mütləq və mütləq
rişxəndlə deyir: “ Bu da
özünü şair sayır. O nə hekayə idi o
yazmışdı? Özüm ölüm,
oxumaq olmur. Əşi, yazma da”. Hamısı olmasa da, göydəki Tanrı
şahiddir ki, çoxu mən deyən kimidir. Bir dəfə
söhbətləşəndə, nə dedimsə- Vallah,
yadımda deyil- Əjdər tutuldu:
- Qorxmaz, sən nə qırmızı
adamsan?!- dedi.
Tək Əjdər yox, bütün
dostlarım- onlar azdır- bilir ki, mən
“qırmızı”yam. Üç saat
çay içdiyin dostunun arxasınca danışmaqdansa, elə
sözü rəngləmədən, ütüləmədən,
yəni, qırmızı şəkildə üzə demək,
daha yaxşıdır. Əslində, Əjdər
də dostlar haqqında yazanda ütüdən istifadə
etmir. İnanmırsınızsa, onun Namiq
Abdullayev, Rafiq Tağı və Əlisəmid Kür
haqqındakı esselərini oxuyun.
Mən Əjdərlə 1988- ci ildə,
yazıçıların Şüvəlandakı
Yaradıcılıq Evində tanış
olmuşam. İş yoldaşı idik. İmzasını isə mətbuatdan
tanıyırdım. Onda, ilk baxışda mənə ətiacı
adam təsiri bağışladı. Çox sərt, özündənrazı və ciddi
bir görkəmi vardı. Bizi
doğmalaşdıran fantast yazıçı Namiq Abdullayev
oldu. Bircə cümlə ilə deyim ki,
evi olmadığı üçün gözəl Namiq müəllim
Yaradıcılıq Evində yaşayırdı .Çox qəribədir
ki, ilk günlərdən ciddi xasiyyətinə görə, Əjdərə
“çinovnik” deyirdim. Qabağa gedib deyim
ki, “çinovnik” məsələsində, Əjdərlə
bağlı səhv etməmişəm.
Deyəsən, 1989-cu ilin avqustuydu. Yazıçılar Evinin köhnə korpusunun ikinci
mərtəbəsindəki eyvanında yazıçı Namiq
Abdullayevlə söhbətləşirdik. Gecə
saat on iki olardı. Birdən Namiq müəllim
şarappadan qayıtdı ki, içmək istəyirəm.
- Bu gecə yarısı hardan araq tapaq?- könülsüz- könülsüz dilləndim,-
səhər açılar, gedib alıb gətirərəm.
- Sən dəqiq bilirsən ki, səhər
açılacaq?
Yenə də dilimi sürüməyə
başladım:
- Bunu mənə günorta deyəydin,
alaydım da.
- Günorta özüm almışdım,
Əjdər qamarlayıb qoydu seyfinə.
Ədəbi aləmdə olanlar bilir
ki, araq- Namiq müəllimin ən zəif yeriydi. Əjdər də içki məsələsində
ona Ağa Məhəmməd Şah Qacar kimi
yanaşırdı. Qoymurdu bütün
pulunu içkiyə xərcləsin. Hətta
çox vaxt pensiyasını və qonorarını əlindən
götürər, özü də üstünü düzəldib,
ona ayaqqabı, pal- paltar alar, bir də şəhərə
gedib- gəlməyə cibxərcliyi verərdi.
- Əjdər açarları evə
aparmır,- Namiq müəllim ümidlə
dilləndi.
Hər şey mənə aydın
oldu. Əjdərin iş otağının pəncərəsi
yerdən yarım metr hündürlükdəydi.
Çürümüş mıxları əyib, böyük
lay şüşəni rahatca
çıxartdım. Stolun üstündəki açar
topası ay işığında
parıldayırdı...
On dəqiqədən sonra eyvanda
oturub, dünyanın gözəlliyindən
danışırdıq. Yazıçı
dostumun kefi açılmışdı.
Bəli, Əjdər Namiq müəllimi
içkidən aralandırmaq, bir növ, onu xilas etmək istəyirdi. Ancaq dərindən fikirləşəndə, elə
mənim bu hərəkətimi də Namiq müəllimi xilas
etmək kimi yozmaq olardı.
Dostluq etdiyimiz yazıçı Rafiq
Tağı Əjdərə “dövlətçi” deyirdi. Arada onun vətən, torpaq, müstəqillik və
azadlığımıza həsr etdiyi şeirlərindən
misallar gətirərdi. Sözünü də həmişə
belə tamamlayardı: “ Gör nə qədər
isti yazıb?!”. Münasibətlərimizin istiliyini bilməyiniz
üçün bir məqamı da vurğulamalıyam
. Mən, Rafiq və Əjdər imkan olan
kimi, metronun “N. Nərimanov” stansiyasına bitişik bağda
görüşüb çay içərdik. Yaxud da tez- tez telefonla danışardıq.
Rafiqin sağlığında, Əjdərlə telefondakı
əksər dialoqlarımızın “Salam- əleyküm” hissəsini
nəzərinizə çatdırmaq istəyirəm:
- Salam, Əjdər.
- Salam. ( səsindən
buz sallanıb)
- Təzəcə Rafiqlə
danışdım, səndən yaxşıca döşədik.
- Bildim- (buz yerindədir)
- Rafiq mənə tapşırdı ki, səninlə
danışanda sözümü qısa eləyim,
vaxtını almayım.
- Düz deyir, sözünü qısa elə
(buz yaşıla çalmağa başlayır-
qalınlaşır).
Yazı yorucu olar deyə, bu dialoqu
uzatmaq istəmirəm.
Əjdərlə münasibətlərimiz
dostluq həddinə çatan vaxtlarda ürəyimi deşən
bir sözü dilimə gətirdim: “ Sən
qəzet- jurnala normal bir şəkil verə bilmirsən? Sifətində bir az təbəssüm olsun da”.
O, nə desə yaxşıdır: “ Elə
ən təbəssümlü şəkillərimi seçib
verirəm”. Mən belə başa
düşürəm ki, Əjdərə görə,
kişinin üzündə təbəssüm zəiflik əlamətidir.
Neyləyəsən, bu adam, gülmək
bir yana, təbəssümü də özünə yasaq
edib. Qoy bu sözü də deyim: gözəl bir məclisdir,
necə deyərlər süfrədə can dərmanı var.
Mənim şair dostum başlanğıcda qədəhə
süzülən əlli qram arağı sürüdə-
sürüdə gətirib çıxarır məclisin
sonuna. Görürsən ki, onun da yarısı
qədəhdə qalıb. İndi, gəl, çatlama! Yox, səhərdən bəri dediklərim,
görürəm ki, Əjdərin portretini tam
işıqlandıra bilmir. Onda, qoy birini də deyim: hə...evdən
mənə zəng edirlər ki, kənddən anam gəlib.
İnanın ki, onda, az qalır, iş
yerimin beş addımlığındakı teleqüllənin
üstünə çıxıb, ordan evə uçum. Bu mən. İndi keçək Əjdərə.
Təsəvvür edirəm ki, AzTv-nin diktoru, dostum Nəsimi əlində
kağız, həyəcan içində studiyaya doğru
qaçır:- “Qorxmaz, ordumuz Xankəndini ermənilərdən
təmizləyib. Gedirəm xəbəri
oxumağa!” Mən də sevincək, ürəyim
ağzımdan çıxa- çıxa Əjdərə zəng
edirəm: “Xankəndini almışıq!” İndi,
sizcə, Əjdər mənə necə cavab verər?
Yüz il düşünsəniz də,
yenə tapa bilməzsiniz. “ Bəs necə
olmalıydı?” Özü də bu sözləri
çox sakitcə, tövrünü pozmadan deyəcək.
Sonra da mütləq əlavə edəcək: “Bir az iş
çoxdu, axşam görüşüb söhbət edərik.
Başqa sözün yoxdu ki?” Gəl, indi
dağılma! Bu situasiyada belə sakitcə
danışan, daha doğrusu, adamı öldürən Əjdərin
adi telefon zənglərimə necə cavab verdiyini, yəqin ki,
təsəvvür edirsiniz. Ancaq tələsməyin.
İndi sizə elə gəlir ki, Əjdəri
artıq tanıyırsınız. Yox, bir az
səbr edin.
Rafiqin Əjdərlə bağlı
danışdıqlarından: “Əjdər mənə gecə
zəng elədi ki, sabah bütün millət bulvarda olacaq,
türk şahinlərinə baxacaq, biz də bir yerdə gedərik.
Qayıtdım ki, Bakının hansı tərəfində
durub baxsan, göydəki Türk təyyarələrini görə
bilərsən. Mütləq bulvara getməliyik?
Qısası, sözləşdiyimiz vaxtda
bulvarda olduq. Dənizkənarı parkda əsl
bayram idi, böyük təntənə yaşanırdı,
hamı sevinirdi. Doğrudan da, Türk
şahinləri səmada böyük ustalıq nümayiş
etdirirdilər. Fərəhdən
köksümüz qabarmışdı. Gördüm
ki, Əjdər dodağının altında nəsə
danışır. Demə, təyyarəçilərin
göydə göstərdikləri çox mürəkkəb
“tryuklar” onu həyəcanlandırıb. Ona
görə də, Əjdər Allaha dua edirmiş ki, Türk
şahinlərinə heç nə olmasın. Mən ona
nahaqdan “dövlətçi” demirəm ki!”.
Yadımdadır, Rafiq bu
danışdıqlarını tam səmimi qəbul edəcəyimə
şübhə etdiyi üçün, daha doğrusu,
“çürükçü” olduğumu bildiyi
üçün, köməkçi arqumentlərə əl
atırdı: “ Gəl,
düzünü deyək də.
Yazı- pozu öz yerində, ədəbi aləmdə bu qədər
adam tanıyırsan. Onların içində
beş- on keyfiyyətli adam varsa, biri Əjdərdir”.
Razılıq əlaməti olaraq
başımı yelləsəm də, Rafiq söhbətin bu məqamında
düz gözümün içinə baxıb, sözlərinə
inanıb- inanmadığımı yoxlamaq istəyir. Hər halda, sözlərinin boşa getmədiyinə
əmin olur.
Burda bəstəkar Azər
Dadaşovun bir sözü yadıma düşür. O deyir
ki, hərdən ruhdan düşəndə,
güzgünün qabağında durub özümə əmr
edirəm: Azər Dadaşov, Əjdər ol.
Belinskinin, təxmini yadımda qalan belə
bir fikri var: yaşamadıqlarını yazan şairin işi
çör- çöplə oynamaq kimi bir şeydir, yəni,
onlarda sənətdən əsər- əlamət olmur. Bu
fikri tərsinə çevirəndə belə alınır:
şair, həqiqətən yaşadığı hiss-
duyğuları qələmə alanda, oxucu ona inanır. Əjdərin vətən, torpaq, istiqlalımız
haqqındakı şeirləri, Rafiqin dediyi kimi, çox istidir,
çox səmimidir. Yəqin bu istiliyin, səmimiliyin
səbəbini də Belinskinin bu fikrində axtarmaq
lazımdır.
Mən indi Əjdərin “Azərbaycan”, “ Oxşama”, “Gözaydınlığı”,
“Soyadım, adım Vətən” şeirlərini oxuyanda,
görürəm ki, bəzi şairlərimizin gözdən
saldığı, bezdirdiyi “ vətən” mövzusu şair
dostumun qələmində, həqiqətən də, kama
çatır. Bu mövzu öz
ucalığında durur. Əjdər bu
şeirlərində vətəni Abbas Səhhət nəfəsi
ilə vəsf etmək gücündə görünür.
Sözləri boğazdan yuxarı deyil, ürəkdən
gəlir. Baxırsan ki, şair bu şeirləri
qələmlə yox, ürəklə yazıb. Elə Rafiq sağlığında “dövlətçi”
deyəndə, daha çox Əjdərin vətənə
möhkəm bağlılığını nəzərdə
tuturdu.
Yaxşı, belədə, istər- istəməz,
sual olunur: Bəs, Əjdərə qarşı məndə bu
soyuqluq hardandır? İyirmi beş ilə
yaxındır çörək kəsirik. Həmişə
mənə hörmətlə yanaşır. Dar günlərimdə mənə qardaşlıq
edib. Qürurludur, özünü həmişə
ağayana aparır. Sözünün
sahibidir. Sözü üzə deməkdə
məndən də qırmızıdır. “O
olmasın, bu olsun”da
Rza bəy demişkən, bəs Əjdərin nəyi
xoşuma gəlmir? Hə...Bu sualı
özümə çox vermişəm. Yox,
hələ dayanın. Vicdanın
oyanmağı yaman olur. Deyəcəklərim
çoxdur. Əjdər 2008- ci ildə
çapdan çıxmış şeir kitabımın
redaktoru olub. O kitaba ön söz də yazıb. Yeri olsa
da, olmasa da- məndən inciməyin- həmin “ ön söz”dən
üç- dörd cümlə misal gətirəcəyəm:
“ Neçə illərdir radioda, televiziyada, qəzetlərdə
jurnalistlik edən Qorxmaz Şıxalıoğlunun bir
kitabçalıq şeiri də var. Hesaba vursaq, hələlik
onun ömrünün hər ilinə bir, uzaqbaşı iki
şeir düşür. Və mən həmin
poetik nümunələri oxuyandan sonra gördüm ki,
bunların içərisində Qorxmazın özünün,
məhz özünün beş- on şeiri ola- olmaya. Qalanları kimlərinsə ədəbi təsiri ilə
yazılan, yaxud azacıq da olsa, ustad mərtəbəsinə
qalxmış müasirlərinin qanadının kölgəsi
düşmüş, ya da axıra qədər ifadə oluna
bilməmiş şeirlərdir”. Gördüyünüz
kimi, burda tərifli, parıltılı heç nə yoxdur.
Amma yuxarıda dediyim kimi, Əjdər
sözün düzünü deyəndir. Yenə həmin
“ön söz”dəndir: “Mən Qorxmazın “öz şeirlərindən”
bir balaca danışmaq istəyirəm. Onun bu
şeirləri çox təbiidir, ürəyəyatan, səmimidir.
Şair öz xarakterinə, xasiyyətinə tam
uyğun olaraq sözü bədii çalarda, düz
adamın gözünün içinə deyir”. Bəli, bu “ön söz”də mənim
üçün Əjdərin ən qiymətli fikri sonuncu
misrada ifadə olunandır. İndi siz
baxın ki, Əjdərin “ön söz”ünü son anda
kitabdan çıxartdım. O məndən incimədi, bəlkə
incisə də, biruzə vermədi. Bu, təbii
ki, onun ürəyinin təmizliyindən irəli gəlir.
Düşünürəm ki, görən, belədə mən
də Əjdər kimi ola bilərdimmi? Birmənalı
cavabım yoxdur. Bəs onda bu soyuqluğun
səbəbi nədir? Bu barədə
çox düşünmüşəm. Mən
bunu izah etməkdə çətinlik çəkirəm.
Ancaq hər şeyin bir izahı olmalıdır
axı. İstər tikintidə fəhlə
işləyəndə, istər əsgərlikdə, istərsə
də universitetdə oxuyanda, yəni, hər yerdə mən
çoxluğun əleyhinə getməyi xoşlayan
olmuşam. Siz Allah, pis
başa düşməyin, haqq- nahaq, təklənənlərin
tərəfində durmuşam. Bu xasiyyətimə
görə, çox əziyyət çəkmişəm.
Ancaq neyləyim ki, bu,
qanımdadır. İndi də Əjdərə
olan bu münasibətin fəlsəfəsini, yəni məğzini
özümə aydınlaşdıranda görürəm ki, əslində,
məni ondan aralıda saxlayan, çoxluğun Əjdəri tərifləməsidir.
Mən də, dediyim kimi, həmişə
çoxluğun əksinə olmuşam. Pisdi,
yaxşıdır- bilmirəm. Hərhalda,
düşündüyümü, ürəyimdəkini
yazıram.
2008- ci il martın
altısı idi. Mən, Rafiq və Əjdər
Dəvəçiyə gedirdik. Əjdərə
qarşı ürəyimdəki buz da o gün sındı.
“Niyə”sini yazdığım bu şeirdə görəcəksiniz:
ƏJDƏR OLA
Dörd il əvvəl,Dəvəçidə
tanıdım səni-
şair dostumuz Ağalar
Mirzənin
dəfninə
getdiyimiz gün.
Yadımdadır,
Ağaların oğluna, bacılarına
ürək- dirək verirdin;
tank kimi qəm- kədərin
üstünə
yeriyirdin...
Yadımdadır o mağar,
sənin sözün-
söhbətin,
səsinin ləngəri.
Onda, birdən mənə elə gəldi
ki,
mağarın bir
küncündə oturub,
sənə baxır
Ağalar.
Sənin dost sədaqətin,
duz- çörəyə
hörmətin
yaman kövrəldib
onu.
Yadımdadır, o gün sən mənə
“dost” sözünün
dərinliyini göstərdin.
O gün öləcəyim günü
saldın yadıma-
gördüm ki,
kənddəki həyətimizdə
durub,
balalarıma ürək- dirək
verirsən;
tank kimi qəm -kədərin
üstünə yeriyirsən.
Yadımdadır ki, Dəvəçidə
Ağaların qohumları ilə sağollaşıb,
maşına oturanda Əjdərə birinci sözüm bu
oldu: “Mən daha ölümdən qorxmuram”. Dörd
ildən çox keçib o vaxtdan. Bu haqda
yazmaq üçün neçə dəfə əlimə qələm
götürsəm də, son anda fikrimdən
daşınmışam. Yenə təkrar
edirəm, bunları yazmasaydım, guya nə olacaqdı ki?
Əjdər yenə də həmin Əjdər
olacaqdı. Sadəcə, bu dörd ildə,
Dəvəçiyə getdiyim gün yadıma düşəndə,
həmişə içimdə xəyanətkar adamın
ovqatı yaşanıb, əzab çəkmişəm.
Hardasa, bir- iki ay əvvəl şeir adına
oxuduğunuz bu yazını qaraladım. Və
sonra da, ümumiyyətlə, Əjdərlə bağlı
düşüncələrimi qələmə almağı qərarlaşdırdım.
Qabaqlar Əjdərə baxanda fikirləşirdim
ki, bu adam gərək general olaydı. Çünki çinar kimi boy- buxun, sərt xasiyyət,
ciddilik, tələbkarlıq, yüksək məsuliyyət
hissi...Sanki Allah onu hərbçi- general olmaq üçün
yaratmışdı. Ancaq o, hərbçi
yox, şair oldu.
Əjdər aranda -Hacıqabulda
böyüyüb. Görünür,
meşəsi, dağı, qayası olmayan bu rayonda o, xəyala
dalmaq üçün səmadan başqa heç nə
tapmayıb. Ona görə də çarəsiz
qalan Əjdərin baxışları tez- tez göylərə
zillənib. Yazda, payızda ötüb
keçən durna qatarlarına baxıb kövrəlib.
Bəlkə, ona görə Hərbi Akademiyaya yox,şair Füzuliyə üz tutub. Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib.
Füzuli demişkən, mən bu nəhəng söz
ustası haqqında nə bilirəmsə, Əjdərdən
öyrənmişəm ( ixtisasca
tarixçiyəm, orta məktəbdə də Füzulini
yaxşı öyrətmirlər). Bir dəfə - on beş il əvvvəl olardı- Əjdər
dedi ki, çox sevdiyim müəllimim gələcək. Mən Sabir Əliyevi Əjdərin söhbətlərindən
tanıyırdım. O, Gəncə Pedaqoji Universitetində
dərs deyirdi. Filologiya elmləri doktoru, dərin
füzulişünas idi. Axundovun heykəlinin yanında
görüşdük. Yerdə qar
vardı. Əjdər üz- gözündən nur
tökülən bu kişi ilə məni
tanış etdi. Sanki Füzuli şeirinin
bütün işığı onun üz- gözünə
hopmuşdu. Sabir müəllimin birinci sözü belə
oldu: “ Əjdər, sənin bu dostun xərabət
əhlinə oxşayır”.
İndi də Axundov heykəlinin
yanından keçəndə, o qarlı yanvar günü və
bir neçə il əvvəl
dünyasını dəyişmiş Sabir müəllim
yadıma düşür. Onda,
yaxınlıqdakı isti kafedə çörək yeyə-
yeyə Sabir müəllimin şirin söhbətlərinə
qulaq asdığım o günə görə Əjdərə
həmişə ürəyimdə minnətdar olmuşam.
İndi Bakının bu yeri mənə kənddəki
evimiz qədər doğmadır.
Yenə qayıdıram beynimdə
yulğun, yovşan assosiasiyası yaradan Hacıqabula. Əjdərin
bu yerlərlə bağlı aran üzümü kimi
şipşirin şeirləri var ( onun “Gələcəkdə
yaşayıram” adlı ilk kitabında oxumuşam bu şeirləri).
O şeirlərə sonra qayıdacağam.
Hərdən düşünürəm
ki, bu adam Musa Yaqub kimi
İsmayıllıda, özü də cənnətmisallı
Buynuz kəndində doğulsaydı, yəqin Puşkini
ötüb keçərdi. Hətta, bir dəfə
bunu şux zarafat kimi nəzmlə dilə gətirmək də
istədim. Ancaq sonra fikrimi dəyişdim.
Çünki on iki -on üç il əvvəl
də Əjdərlə bağlı yarızarafat,
yarıgerçək bir yazı qaralayıb “525-ci qəzet”də
çap etdirmişdim. Düşündüm ki, birini də
yazsam, yaxşı çıxmaz, ya da, Əjdərin dost kimi
mənə ayırdığı güzəşt limiti
tükənə bilər. Lakin o köhnə şeiri yada
salmaq olar ( şeir uzun olduğu
üçün ixtisarla verirəm)
O şeirin belə bir başlığı var:
“Bir gün yazıçı Rafiq
Tağı ilə şair dostumuz Əjdər Olun
doğulduğu Muğan kəndinə getmişdik”
Kəndin Muğan, Muğanlıqdan əsər
yox,
Torpağında, havasında təhər
yox,
Bağça yoxdur, bostan yoxdur, bəhər
yox,
Ay Əjdər Ol, get, özünə kənd
ara.
Bir tərəf Hacıqabul, bir yan Kürdəmir,
Vallah, bu kənd deyil, təndirdir, təndir.
Hələ ki, ağlına düşməyib
kəndir,
Ay Əjdər Ol, get, özünə kənd
ara.
Qaş- qabaq sallayıb üfüq necə
də,
Burda saç ağarar bircə gecədə.
Gözümə dəymədi bir boz sərçə
də,
Ay Əjdər Ol, get, özünə kənd
ara.
Dağlarda qartal ol, səhrada nər ol!
İgid ol, ərən ol, ər ol, Əjdər
ol!
Bu kənddən köçməyə tez
səfərbər ol,
Ay Əjdər Ol, get, özünə kənd
ara.
Hardasa, şeirin çapından bir- iki həftə
sonra “525- ci qəzet”də Məmməd Aslanın böyük
bir şeirini gördüm. Bu şeir də
“Ön söz”lə çap olunmuşdu.
“Xatirini çox istədiyim Qorxmaz
Şıxalıoğlu oturub- oturub bir turşməzə
şeir yazıb dərc etdirdi ki, nə şirinliyini udmaq olur,
nə acı təəssüratını. Şair
dostu Əjdər Olun doğma kəndi barədə nə qədər
ustalıqla yazsa belə, nə qədər zarafatyanalıqla qələm
işlətsə belə, “Get, özünə kənd ara” şeirindəki rişxəndə,
öz-özünü xorlamaya dözə bilmədim” (bu
şeiri də ixtisar etmişəm).
Axır sən də uydun hər dəbə,
Qorxmaz,
Artarsan mərtəbə- mərtəbə,
Qorxmaz.
Dünyadan bixəbər, ay bəbə
Qorxmaz,
Kəndini şairin başına
qaxma.
Kəndsiz qalan bilər kənd- kəsək
nəymiş:
Hər insan övladı yurdunda bəymiş!
Sözün oxa dönüb qəlbimə
dəymiş,
Kəndini qaçqının
başına qaxma.
Ölüsü- dirisi... bir dünyası
var:
Axşam düyünü var, səhər
yası var,
Onun öz rüzgarı, öz havası
var,
Axşamı səhərin
başına qaxma.
Hikmət qaynağıdır o Muğan kəndi:
Bir özgə aləmdir, bərəsi-
bəndi.
Xor baxdın, gileyi ərşə dirəndi,
Samanı sünbülün başına
qaxma!
AzTv-nin çayxanasında Məmməd
Aslanla rastlaşdım:
- Mənə yazdığınız
şeiri oxudum, yaxşıdır. Evdə arvad mənə
deyir ki, ya Məmməd Aslanı məhkəməyə ver, ya
da ona kəskin bir cavab yaz. Ancaq məsələ
bundadır ki, biz yüz ton duz- çörək kəsmişik,
ona görə sizi məhkəməyə verə bilmərəm.
Amma şeirinizə mütləq cavab
yazacağam.
Məmməd müəllim zarafat etdiyimi
bilsə də, mənim ona cavab yazıb- yazmayacağım
sarıdan, deyəsən, arxayın deyildi:
- Ə, tərbiyəsiz ( o,
ərk elədiyi bəzi cavanlara belə deyir), bir iş idi,
oldu- qurtardı...
Yenə qayıdıram Hacıqabula. Bizim
rayona Bakıdan iki yol var: Şamaxı və Kürdəmir
yolu. Kürdəmir yolu yeknəsək olduğu
üçün, hələ tələbəlik illərindən,
həmişə Şamaxı yolu getmişəm. Hardasa,
on- on iki il əvvəl, Gəncədən
ezamiyyətdən gələndə, maşınımız
xarab olub, qaldıq Kürdəmir çölündə. Hava çisəkləyirdi. Torpağın
və quru yovşanın ətri adamı məst edirdi. Bu ətirli havanı ciyərlərimə çəkə-çəkə,
sanki birdən ayıldım. Gördüm
ki, illər boyu isti, şoran, yovşanlı, qarağanlı
aran torpağına olan soyuqluğuma görə, içimdə
bir xəcalət hissi baş qaldırmaqdadır. Düşündüm ki, bütün dünyanın
var- dövlətini yığsan, ondan bir ovuc torpaq əmələ
gətirmək mümkün deyil. Bəs
belədə, bu aran torpağının hər
qarışına niyə qurban olmayasan? Sözü
uzatmıram, elə bu həqiqətin üstündə,
üç il əvvəl Küdrü düzündən ( Şamaxı, Kürdəmir və
Hacıqabulun müəyyən ərazilərini əhatə
edir) rejissor dostum Vəli Səyyadi ilə bir televiziya filmi
çəkdik: “ Nəhayətsizliyin rəngi”. Demək,
burda hansı tərəfə baxsan, üfüqlərə dirənən,
nəhayətsiz çöl görərsən. O filmdəki
kadrarxası mətnin son cümlələri belədir: “Deyirlər
ki, dünya yeddi rəngin üzərində qərarlaşıb.
Amma mənə elə gəlir ki, o, bu yeddi rəngin
içində bütöv görünmür. Səsin,
Varlığın, Zamanın sirrində, bəlkə də,
gözə görünməyən səkkizinci rəng var.
Bu, nəhayətsizliyin rəngidir”. İndi
qayıdıram Əjdərin aran mövzusunda
yazdığı şeirlərə. Fikirləşəndə
görürəm ki, o, poeziyamıza Aranın sehrini, gözəlliyini,
nəhayətsizliyinin rəngini gətirib. İnanmayanlar
onun ilk kitabındakı bu mövzuda yazdığı
şeirlərini oxusunlar.
Bu da son.
1977- ci ildə Dərnəgüldəki
15 saylı yataqxanada qalırdım. Onda, tikinti
idarəsində fəhlə işləyirdim. Və işimə nifrət edirdim.
Qışda, səhər tezdən hər dəfə isti paltarı
soyunub, sement qoxusu verən tozlu iş paltarını ( həm də nəm olardı) geyəndə,
and içirdim ki. mütləq universitetə
girəcəyəm. Gecə- gündüz
oxuyurdum. Ən çox sevdiyim gün də beşinci gün, daha
doğrusu, beşinci günün axşamı idi ( indi də
günləri adla yox, sayla tanıyıram) .Niyə?
Çünki o gün iş həftəsi başa
çatırdı. Yataqxanada qalanlar bilir: birinci mərtəbədə
“ Qırmızı guşə” deyilən
böyük bir otaq vardı. Beşinci
günün axşamı özümü verirdim ora. İlahi, qarşıda da iki dənə uzun gün-
altıncı və bazar günü. Deyək
ki, altıncı günün axşamı o qədər
şirin olmurdu. Çünki işə cəmi bir
gün qalırdı .Ancaq beşinci günü...(mən
onda bilmirdim ki, cümə günü müsəlman
dünyasının ən əziz günüdür) bir Allah bilir ki, mən bu
günü necə həsrətlə gözləyirdim. Düz səhərə kimi oxuyurdum. Roza
adlı gözətçi bir qadın vardı
. Gecə görürdüm ki, mənə kartof
qızardıb gətirib: “ Bilirsən, mənə
ləzzət eləyir- bütün yataqxana yatıb, sən
kitab oxuyursan. Ye, bir azdan çay da gətirəcəyəm”.
Mən indi də o zaman altmışa yaxın
yaşı olan həmən işıqlı qadını
hörmətlə xatırlayıram. İnanın
ki, o qadın yadıma düşəndə, gözlərim
yaşarır.
Yəqin, fikirləşirsiniz ki,
bunların Əjdərə nə dəxli? Tələsməyin. Bu
yazını kompüterdə yazdıranda, vərəqin
sonundakı tarix məni diksindirdi. Demə, bu
yazını beşinci günü axşamı
yazmışam- ən çox sevdiyim gündə. Bax, bu məqamın- bu yazını ən çox
sevdiyim gündə qələmə almağımın Əjdər
Ola dəxli var.
Qorxmaz
Şıxalıoğlu
525-ci qəzet.-
2012.- 25 oktyabr.- S.26-27.