Elçin
Hüseynbəylinin “Yolayrıcında
qaçış”ındakı qadın dünyası
Yazıçı
və dramaturq Elçin Hüseynbəylinin bir çox əsərlərini
oxumuşam, dəfələrlə onlar haqqında fikir
yürütmək istəsəm də, yan keçmişəm.
Yəqin ki, yazıçı mənim bu fikrimdən inciməz.
Ümumiyyətlə, Şərq qadınlarının
psixologiyasına, əxlaq prinsiplərinə uyğun olmayan,
açıq-intim münasibətlərini
çılpaqcasına özündə əks etdirən əsərlər
mənim nəzərimdə o qədər önəm
daşımır, yaxud sevilmir. Lakin bu əsərdə
toxunulan elə məqamlar var ki, onlar nəinki dünənimizin,
bu günümüzün, hətta gələcəyimizin ən
böyük faciəsinə aparan yoldu, desəm, yanılmaram.
Əsərdəki əslində Şərq
qadını olan, lakin qərb psixologiyasına, qərb adət-ənənələrinə
üstünlük verən Züleyxa hər gün
rastlaşdığımız və cəmiyyətimizi Avropa əxlaqına
sürükləyən minlərdən biridir. Bir müdrikin
dediyi kimi -”gözəl qadın gözə xoş
görünə bilər, xeyirxah qadın qəlbə. Biri gözəl əyləncədir, biri gözəl
xəzinə”. Əfsuslar olsun ki,
yazıçının “qadını”, əsərin qəhrəmanı
Züleyxa gözəl olduğu qədər də, gözəl
əyləncə olaraq, əks cinsin nümayəndələri
üçün ləziz xörəyə çevrilir. Bu isə
Şərq qadınlarının milli mənəvi və əxlaqi
dəyərlərinə zidd xarakterik xüsusiyyətlə
birgə, ümumiyyətlə qadın adına
əbədi qara ləkədən başqa bir şey deyil. Doğrudur, belə qadınlar kişilərin, yaxud
yazıçının nəzərində cəlbedici və
sirlidir. Bu da əbəs deyil. Hələ
yeniyetmə bir gəncin nəzərini gözəlliyi və
çılpaq bədəni ilə cəlb edərək onu
ovsunlayan, gəncin bakirə hisslərini öz gözəlliyi
ilə xumarlayan Züleyxa onun üçün əlçatmaz
olduğu qədər də sirli və müəmmalı ola bilər. Züleyxanın
güclü ehtirası, onun gənclik hissləri ilə
qoşalaşaraq xəyallarında silinməz iz buraxır.
Gənc oğlanı çulğayan bu
ehtiraslı hisslər onu itirdiyi ana qədər narahat edir.
Deməli, yaşından asılı
olmağına baxmayaraq hər bir kişinin qadına
yanaşma tərzindən başlayır hər şey. Qadını həmişəlik sevgisinə də
çevrilə bilər, əyləncəsinə də.
Onun əxlaqını gözəlləşdirə
də bilər, çirkləndirə də. Yaxud əksinə...
Odur ki,
unutmayaq ki, hər qadının buraxdığı səhvdə
bir kişi barmağı var...
Bu məqamlar bizlərin tez-tez rastlaşdığı,
dəfələrlə qələmə
aldığımız, lakin böyük bir əsərə gətirib
çıxara bilmədiyimiz ağrılarımız, əzablarımızdı. E.Hüseynbəyli bir Şərq
qadının obrazında onları cəmləşdirib, qəbul
edə bilmədiklərimizi qələmə alaraq, bizdə
bunlara qarşı ikrah hissi oyatmağa çalışıb
və elə başa düşürəm ki, bu əsər bəzilərimizə
mənəviyyat dərsi ola bilər.. Həqiqətdə
isə əsər cəmiyyətimizdəki
çürüklüyə qarşı bir mübarizlik, bir
çağırışdı ki, “Azərbaycan
qadını”, “müsəlman qadın” adına
yaraşmayan biabırçılığa son qoymaq
üçün haraya çevrilib.
Əsərdəki
Züleyxa adlı azərbaycanlı qadın öz həyatını
bütövlükdə yaşamaq istəyən, azadlıq, sərbəstlik,
bir sözlə avropalı həyat tərzi onun fikrinə,
beyninə, düşüncəsinə elə pərçim
olmuşdur ki, Züleyxanı bunlardan uzaqlaşdırmaq, mənəviyyatsızlığa
aludə olan həyatına təsir etmək olduqca çətindi.
Bu bəlkə də cəmiyyətin
düçar oduğu zaman və bu zamanın bizlərə bəxş
etdiyi bəlalardı ki, nəinki Züleyxa, onun kimi minlərlə
qadınımızın söykəndiyi dəyərlər
öz qüvvəsini beləcə itirir.
Azadlıq
bəşəriyyətin can atdığı ən yüksək
amallardan biridir. Əgər azadlıq
qadını hər cür istisnadan xilas edir, cəmiyyətdə
ona əks cinslə bərabər hüquq verirsə, o zaman bu
azadlıq rifah və tərəqqidir. Bəzən
əldə olunan azadlıq zərif cinsin nümayəndələrini
ən möhtəşəm bəzəyindən, incəlik və
zərifliyindən azad edir, onu əks cinsin solğun
oxşarına çevirirsə, onda cəmiyyət tərəqqiyə
yox, uçuruma sürüklənir. Bu mənada
yazıçının Züleyxa obrazındakı qadın
azadlığı XX əsrin əvvəllərində qara
çadraya, cəhalətə yox deyib, ilk azadlıq göyərçini,
azadlıq cəhdinin qurbanı olan Səriyyə Xəlilovanın
azadlığı deyil, qərb əxlaqına uyğun
avropalaşmış qadın ehtirasının
azadlığıdır. Səriyyə bu
azadlıqda haqq-ədalət uğrunda, Züleyxa isə şəhvət
hisslərinin sərbəstliyi uğrunda ayağa
qalxmışdır.
J.Labrüer
yazırdı: “Qadınların əksəriyyəri
ağlın deyil, ürəklərin səsinə qulaq
asır və onların davranışı bütün
hallarda sevdikləri kişilərdən asılı olur”. Züleyxa
bir qadın olaraq ürəyinin səsinə qulaq asan,
böyüklərinə qarşı çıxaraq öz əyləncəsini
onlardan üstün tutan, dinimizə, dilimizə qarşı
zinalıq edən o qadındır ki, həyatını,
ömrünü sevdiyi deyil, məhz əyləndiyi kişilərdən
asılı etməklə yaxınlarının,
doğmalarının qəzəbinə düçar olaraq,
öz bacısıoğlunun cinayətkar qurbanına
çevrilir. Bu gün ən böyük faciələrimizdən
biri, yaşadığımız cəmiyyətdə
Züleyxa kimi yüngül həyat tərzi keçirməyə
meylli qadınların çoxluq təşkil etməsi,
onların əks cinslərdə qadınlara qarşı
baxışların dəyişdirməsidir. O
baxışlar ki, cəmiyyətdə ən fədakar, ən
namuslu qadınlara belə əyridir. Əslində
isə pis qadınlar kişilərin tez-tez düşüb
boğulacağı bataqlıq, pis kişilər isə
qadınların heç cürə nəzərindən silinməyən
qara ləkəsidir.
Qəribədir
əsərdə mömin, dindar bir ailədə eyni tərbiyə
alan iki bacı Fatimə ilə Züleyxa
bir-birinin əksidir. Fatimə Allaha ibadət edən,
namaz qılan, ata-ana ehtiramını gətirən, ailə
sahibi, lakin müasirlikdən, cəmiyyətdən kənar.
Züleyxa isə şeytana qulluq edən,
ömrünü, gözəlliyini ehtirasına qurban verən,
qərb əxlaqına meylli, zinakar, lakin ürəyi, qəlbi
təmiz müasir qadın. Ziddiyyətli
xarakterik xüsusiyyətlər bir ailənin zərif nümayəndələrinin,
biri o birinin məhvinə gətirib çıxarır. Əslində
Fatimə həddindən artıq mövhumata, dinə, hicaba
bağlı, Züleyxa isə müasirliyə çox can
atan. Bu müasirliyin içində gerçəkliyi
əks etdirən həqiqət də var, mənəviyyatı
kor edən əxlaqsızlıq da. Yaxud
Fatimənin düşüncəsində azadlığa,
müasirliyə qarşı çıxmaq da var, onu insan kimi əxlaqi
dəyərlərini saxlamaqla yaşatmaq da. Bir də keçmişə güclü inam və
bağlılıq. Züleyxanın bacısı Fatimə
haqqında dedikləri fikir onun bir daha yüngülbeyin, yolunu
azmış olduğunu aydın göstərir: “Bacım namaz
qılırdı, gecə-gündüz ərə getmək
haqqında fikirləşirdi. O, bədbəxt adam
idi.” Fatimə isə “: -O, dişi canavar idi, vəhşiydi. Bir də görürdün ki, evdən
çıxdı və gecə yarı qayıtdı”. Bu ziddiyyətli fikirlərdə hər iki
doğmanın qarşıdurmasını aydın
görürük. Züleyxa Fatiməni bədbəxt
sayır, Fatimə də Züleyxanı. Doğma
bacısının ölümü üçün imanlı
oğlu Məhəmmədə onun öldürülməsi əmri
də təzadlı bir xarakterdir. Hər
halda qəbul edə bilmədikləri ilə bərabər
Fatimədə bir qadın qısqanclığı da,
bacısına qarşı ürəyindəki kin-küdurət
də aydın təzahür edir. Çünki
Züleyxa onun dəlicəsinə sevdiyi Yusifi əlindən
almış, bu isə onu bəlkə də bizim təsəvvür
edə bilmədiyimiz bir intiqam hissinə gətirib
çıxarmışdır. Ancaq Fatimə
özünü elə göstərir ki, guya nəslin adına gətirilən ləkə
üçün bu addımı atmağı məsləhət
görür. Əslində isə Fatimənin
içində bacısına qarşı biganəliklə bərabər,
bir paxıllıq, bir qısqanclıq var. O istəsəydi
bacısına müsbət təsir edib, onu yolundan qaytara bilərdi.
Bu isə xurafatçılıqdan başqa bir
şey deyil.
Ümumiyyətlə, isə hər iki bacını
qarşı-qarşıya qoyan yazıçının məramı
onların timsalında Azərbaycanda azadlığın
özbaşınalığa, müstəqilliyin
harınlaşmağa doğru irəliləməsinə və
eyni zamanda sosial-ictimai proseslərin harmonik şəkildə əxlaqi
dəyərlərin azalmasına, insanlığın
cılızlaşmasına, posmoderinin fəsadlarına
eyhamıdır.
Unutmayaq ki, qadınlarımız ömür boyu abır
və ismət rəmzi olublar. Sevgisi ilə kişilərə
döyüş və əmək meydanlarında dəstək
olmaqla bərabər onlara güc və ilham veriblər. Bu mənada Azərbaycan qadını fədakar, qəhrəman
və əvəzedilməz dərəcədə sevib-sevilməyə
layiq olduğu qədər də gözəldir. Biz qadınlarımızı belə
tanımışıq, belə də tanıyırıq.
Züleyxa kimi “müasir” qadınlar Azərbaycanın
qara yarası, Fatimə kimi qadınlar isə özünü
düşünərək, yalançı əməlləri
ilə millətin gözünə kül üfürənlərdir.
Əsl
qadın kişidən dahi Hafizin tərənnüm etdiyi sevgini
istəyə bilər:
“Yüz il də bundan sonra gəlib qəbrimin
üstündən keçsən, sənin eşqinlə
ayağa qalxaram mən”.
Sonda bir kəlamı
da xatırlatmaq istərdim: Qadın kitaba bənzəyir, onu
sevərək və diqqətlə oxumaq lazımdır.
Sanıram ki, əsər gənclərimizin, o cümlədən
qadınlarımızın mənəvi əxlaqı dəyərlərinin
nizamlamasına tutarlı cavabdır.
Nəcibə İLKİN
525-ci qəzet.-
2012.- 25 oktyabr.- S.21.