Həkimlər ağrını bölüşməzlər” - “Qərib söhbət”

 

 TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI OFTALMOLOQ FAİQ ORUCOĞLU: “BİR MƏSƏLƏDƏ İSRAR EDƏNDƏ, YAXUD DA TƏRİFƏ UYANDA ANLAYIRAM Kİ, AZƏRBAYCANLIYAM”

 

İnsan sevdiklərindən, böyüyüb boya-başa çatdığı yerdən, mühitdən uzaqdadırsa, deməli, qəribdir. Fərqi yoxdur, o mühitdən az uzaqda ya çox uzaqdasan. Bu layihə də biz Qəriblərin layihəsi olacaq. Danışanlar da, danışdıran mən - İlhamə Qasımlı da Qəriblərik.

“Qərib söhbət”lərimiz müxtəlif coğrafiyaları əhatə edəcək. Amerikadan da, Avropadan da - bir sözlə, hər yerdən olacaq müsahiblərimiz. Bunun üçün mütləq oraya getməyə gərək yoxdur - müasir informasiya texnologiyalarının imkanı ilə dünyanın hər yeri ilə istər səsli-görüntülü, istərsə də çat vasitəsilə müsahibələrimizi alacağıq.

Qəriblik yalnız nostalji hissləri ifadə eləmir, həm də fərqli mədəniyyətləri, adət-ənənələri, mətbəxləri və daha nələri görmək, müqayisə etmək üçün bir fürsətdir.

“Qərib söhbət”imizi bu dəfə 18 il əvvəl vətəni Azərbaycanı tələbə kimi tərk edib Türkiyəyə gələn, indi isə ikinci vətəni olan Türkiyənin sayılıb-seçilən göz həkimlərindən biri Faiq Orucoğlu ilə edirik.

Türkiyənin ən nüfuzlu “Birinci” göz xəstəxanasının refraktif və kornea departamentinin direktoru olan Faiq Orucoğlu Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin İdarə Heyətinin üzvü və həmin qurumun gənc oftalmoloqların fəaliyyətini koordinasiya edən qanadının rəhbəridir. Bundan başqa, Avropa Cornea Konfransının Türkiyə təmsilçisi, 30-dan artıq elmi məqalənin və 140-dan artıq abstraktın müəllifidir.

- Faiq bəy, Azərbaycandakı həyatınız maraqlıdır. Xahiş edirəm, bu barədə danışardınız.

- 1976-cı ildə Bakıda anadan olmuşam. Hələ ibtidai məktəb yaşlarımda ailəm həkim olmağımı istəyirdi. Həmişə mənə “yaxşı oxu, cərrah ol” deyirdilər. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, bu cür arzular onların da bir çoxunun həyatında səslənib.

Məndən 7 yaş böyük qardaşımın stomatologiya fakültəsinə qəbul olunması məslək seçimimə təkan oldu. Ailədə atam neft-qaz mühəndisi idi, anam isə uşaq bağçasında çalışırdı. Səksəninci illərin sonuna doğru Sovetler birliyi çalxalanmağa başladı. O zamanlar diqqətimiz dərslərdən daha çox, siyasi hadisələrdə idi. Qarabağ hadisələri başlamışdı. 1989-cu ildə atamı itirdim. Qardaşım hərbi xidmətə çağırıldı. Ailədə mən, anam və bacım qaldıq. O zamanlar universitet idealları üzərində düşünmürdüm. Milli məsələlər məni daha çox düşündürürdü.

- Belə bir düşüncələrə sahib gənc necə oldu ki, Türkiyəyə gəldi?

-  Türkiyəyə gəlməyim bir az təsadüfi oldu. Sərhədlər yeni-yeni açılmağa başlamışdı. Türkiyəyə maraq çox böyük idi. O vaxtlar Türkiyəyə getməyi və orada tibb təhsili almağı qarşıma məqsəd qoymuşdum. O zamanlar Türkiyədən Azərbaycana müəllimlər gəlməyə başlamışdı. Əmimdən öyrəndim ki, o müəllimlər Ziya adlı ingilis dili kursları açıblar. Mən də maraqlandım. Sənədlərimi verdim və qəbul olundum. Kursu uğurla başa vurub Türkiyəyə gəldim.

- Bəs, hansı məqam sizi Türkiyəyə ömürlük bağladı? Azərbaycan səhiyyəsindəki sistemi bəyənmədiniz?

- Tibbi Türkiyədə oxumağımın səbəbi bu ölkəyə olan marağım və universitetlərdəki şəffaflıq oldu. Türkiyədə tibbi təhsil almaq uzun illər tələb edir. Əvvəlcə 7 il Erciyez Universiteti tibb fakültəsində təhsilimi tamamladım. Təhsili başa vurduqdan sonra ixtisas imtahanı verərək Mərmərə universiteti Göz Xəstəlikləri kafedrasında çalışdım. Bundan sonra ixtisasımı artırmaq üçün İsrailə getdim. Orada da üç il Kornea ve Refraktif (Lazer) Cərrahiyyəsi ixtisasına yiyələndim.Türkiyəyə döndükdən sonra məni işə dəvət edən bir özəl klinikada işə başladım.

Əlbəttə, Azərbaycandakı ailəm üçün də darıxırdım. Ancaq məsafənin yaxın olması məni rahatladırdı. Azərbaycana mütəmadi səfərlərimdə oradakı tibb ocaqları ilə əməkdaşlıq etmək istəsəm də, ilk vaxtlarda bu, mümkün olmadı. İsraildən dönəndən sonra Türkiyədə müasir tibbi texnologiyalara sahib hazır işim, şəraitim, səlahiyyətlərim və əlbəttə ki, yaxşı maaşım vardı. Azərbaycanda bunların hamısına sahib ola bilməyəcəyimi bilirdim.

- Türkiyə və Azərbaycan səhiyyəsindəki əsas fərq nədir?

- Ən əsas fərq təhsildədir. Mən fərdlərdən danışmıram. Türkiyədə ixtisaslı həkim olmaq üçün uzun müddət lazımdır: tibbi təhsili başa vurduqdan sonra ixtisas imtahanına girməlisən. Mən bu imtahana girdiyim illərdə 30 min həkimdən sadəcə 2 mini bu imtahanları keçə bilirdi. O imtahanları keçdikdən sonra da əlavə olaraq 5-7 il təcrübə keçməlisən ki, sərbəst həkim kimi işləyə biləsən. Bundan başqa, məcburi xidmət və hərbdə həkim işləmək də var. Üst ixtisasa sahib olmaq istəyirsənsə, bu müddət illərlə sürə bilər. Amma nə qədər uzun proses olsa da, bu yollardan keçən həkim daha savadlı olur.

İkinci əsas fərq Azərbaycanda olmayan tibbi sığorta sistemidir. Bunun sayəsində vətəndaşlar yüksək tibbi xidmət alma şanslarına sahibdirlər.

- Mən Türkiyə səhiyyəsinin pasiyenti olandan sonra bəzən öz həkimlərimiz üçün darıxıram. Hülya Avşar bir köşə yazısında Türkiyə həkimlərinin pasiyentlərə qarşı çox soyuq rəftarını “üzlərində sıfır ifadə var” deyə təsvir etmişdi. Xüsusilə dövlət xəstəxanalarında çox sıxıcı münasibət olur. Sizcə, bu niyə belədir?

- Öz həkimləriniz üçün darıxmaq o həkimlər üçün qürurvericidir. Mən Hülya Avşarla xəstəxanada qarşılaşmışam və onun öz üzündə həmin sıfır ifadəni gömüşdüm. Ancaq bunun səbəbləri vardı. İnsanın və ya yaxınının bir problemi olduğunda bütün diqqəti orda olur. Həkimlər ağrını bölüşməzlər. Bəlkə də buna görə ifadəsizləşiblər. Ancaq yenə də dediyinizdə həqiqət var - Türkiyədə dövlət xəstəxanaları çox sıx işləyir.  Həkim çox qısa vaxt ərzində xəta etmədən xəstəni sağaltmalıdır. Həkimlik - çətin peşədir. Təsəvvür edin ki,  ixtisasa yeni başlayan cərrahlar günaşırı növbəylə işə başlayır, növbə sonrası isə dincəlməyə getmədən işini davam etdirir. Bu isə fasiləsiz 34 saat işləmək deməkdir.

- Türk səhiyyə sistemində bir maraqlı fərq də var - həkim sahib olduğu ixtisasın hər bir bölümündə çalışır. Məsələn, endokrinoloq həm ultrasəsə, həm cərrahiyyə, həm də müayinə işinə cəlb edilir.

- Bir cərrah, əlbəttə, işindəki bütün alətləri ultrasəsi, rentgeni, əməliyyatı və müayinəni bilməlidir. Ancaq yüksək səviyyəli ixtisaslaşmalarda daha çox bir yöndə inkişaf gedir.

- Sizin tərcümeyi halınızda bir məqam diqqətimi çəkdi. Türkdilli ölkələrin oftalmoloqlar dərnəyi idarə heyətinin üzvü və Türkdilli ölkələrin gənc oftalmoloqlar dərnəyinin başqanısınız. Böyük bir coğrafiyada yüksək etimad sahibisiniz.

- Çox təşəkkür edirəm. Türk Cumhuriyyətləri gənc oftalmoloqlar birliyi Türk cumhuriyyətləri oftalmoloqları dərnəyinə (TCOD) bağlıdır və 40 yaşa qədər oftalmoloqları birləşdirir. Təşkilatımız gənc oftalmoloqları birləşdirir. Burada təhsil ilk sırada gəlir. Gənç oftalmoloqların təhsilində, konqreslərdə iştirakına, bir araya gəlmələrinə, problemlərinin həllinə cəhd göstərir. Sağlamlığımızın keşiyində duran və duracaq gənc həkimlərimiz üçün bu qurum çox əhəmiyyətlidir. Ümid edirəm ki, bu quruma digər türk cümhuriyyətlərinin dövlət təşkilatları da arxa duracaq.

- Diaspor fəaliyyəti göstərirsinizmi?

- Universitet illərində aktiv diaspor fəaliyyətim vardı. İndi isə diaspor fəaliyyətimi daha çox peşəmlə bağlı göstərirəm. İdarə heyətində olduğum TCOD qurumunda Türkiyədən sonra ən aktiv ölkə Azərbaycandır.

Türkiyədə çox sayda ziyalımız, iş adamları kimi hörmətli insanlarımız olsa da, təəssüf ki, onları bir arada birləşdirəcək diapor təşkilatımız yoxdur. Ümid edirəm ki, kimsə belə bir addımı mütləq atacaq.

- Yaşadığım Ankarada Azərbaycandan gələn doktorlar, əsasən, asistent və ya təcrübəçi kimi çalışırlar. Sizin həkimlik dərəcəniz isə operator doktordur. Bu statusun mənası nədir?

- Operator doktor ixtisaslı cərrah deməkdir. Bunu əldə etməkçün yalnız Tibb Universitetini bitirmək kifayət etmir. Əlavə olaraq çox çətin imtahan keçməlisən və o statusa sahib olmaq üçün əlavə olaraq ən azı 4-5 il təcrübə keçməlisən. Təsəvvür edin ki, mən vaxt itirmədən, hətta vaxtından əvvəl ixtisasımı tamamlasam da, indiki Kornea və refraktif (lazer) cərrahı statusuma çatmaq 14 ilimi aldı. 14 ilə universitet, ixtisas və üst ixtisas daxildir. Bunu bacaran həkimlərimiz var. Ancaq bəzən də Azərbaycandan gələn bəzi həkimlər imtahansız və qısa müddətə göz cərrahlığını öyrənməkçün müraciət edirlər. Qısa müddətdə isə ixtisas almaq olmaz.

- Azərbaycandakı uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Uşaqlığımın daha sosial və istiqamətləndirici olduğunu xatırlayıram. Bir-birimizlə daha çox oyun qurardıq. Məktəbdən sonra klublara gedər, fərqli hobbilərimiz olardı. Şahmat, şeir və hekayələr, çalğı alətləri həyatımızın bir parçası idi. Xəbər etməyə ehtiyac duymadan qonaq gedilməsi, ya da qonaq gəlinməsi - bütün bunlar məni xoşbəxt edirdi. Uşaqlıq illərim gözəl xatirələrlə doludur.

-  Azərbaycan və Türkiyədə gündəlik həyat, yaşam, insanlar və mentalitet baxımından fərqlər və oxşarlıqlar nədir sizcə?

 - Türkiyə böyük ölkədir və etnik xüsusiyyətlər baxımından çox zəngindir. Çoxundan soruşsanız babalarının ya orta Asiyadan, ya Qafqazdan, ya da Balkanlardan gəldiyini deyər. Türkiyənin qərbi ilə şərqi də çox fərqlidir. Türkiyənin şərqində Azərbaycanla oxşarlıqlar olduqca çoxdur. Xüsusilə oxşar sözlər və adətlər çoxdur. Ancaq arada kapitalizm və sosializmin gətirdiyi fərqli həyat tərzləri var.

Azərbaycanı Türkiyənin şərqi ilə də, qərbi ilə də müqayisə etmək fərqlidir. Yenə də yaşadığım mühitlərə görə müqayisə edəcəyəm. Azərbaycanda Şərq ünsürləri daha çoxdur. Türkiyədə isə Avropanın təsiri daha çox hiss edilir. Böyüklərə sayğı və qaydalara uymağı sevməmək isə oxşar xüsusiyyətlərdir.

- Azərbaycanda həkimlərin xəstələrin əlinə baxması sirr deyil. Burda həkimlərin qazancı nə qədərdir? Məsələn, sizin statusda olan həkim nə qədər maaş ala bilir?

-  Burada dövlət xəstəxanalarında çalışan həkimlər maaş və “dönər sərmayə” deyilən əlavə aylıq alırlar. “Dönər sərmayə” xəstəxananın hər baxılan xəstə üçün sığortadan əldə etdiyi gəliridir. Bu pullar toplanır və hər ay həkimlər arasında bölüşdürülür. Nəticədə dövlət xəstəxanasında işləyən həkim 6-9 min lirə maaş alır. Özəl xəstəxanalarda isə maaş və aylıq mükafatlar verilir. Göz həkiminin orta gəliri 8-12 min lirədir. Bu miqdar statusa görə arta bilər.

- Bir az da ailənizdən danışardınız.

- 2003-cü ildə Mersin şəhərində anadan olmuş Aslıhan xanımla evlənmişəm. Aslıhan yapon dili mütəxəssisidir. Onunla Azərbaycanla bağlı keçirilən tədbirlərdən birində tanış olmuşduq. Hazırda bir fransız şirkətində çalışır.

Ataxan adlı 5 yaşlı oğlumuz var. Ataxan bu il bir kollecin hazırlıq sinfinə başlayıb.

- 20 ildir Azərbaycandan kənarda yaşayırsınız. Xanımınız türk. Yəqin artıq yeməklərimizi də unutmusunuz.

- Yox, unutmamışam. Əslən Borçalıdan olan anam xəmir yeməklərini bişirməkdə ustadır. Xüsusilə xəngəli. Qutabı da gözəl hazırlayır. Onunla hər görüşümdə mütləq bişirir. Ancaq mənə desəniz ki, bir Azərbaycan yeməyi hazırla - bunu bacarmaram. Mətbəxə heç marağım yoxdur.

- Uzun illərdir, Türkiyədəsiniz. Təbii ki, adaptə olmusunuz. Bəs, hansı məqamda hiss edirsiniz ki, azərbaycanlısınız?

- Əslində, Azərbaycandan daha çox xaricdə yaşamışam. Bunun 17 ilə yaxınını Türkiyədə, üç ilini isə İsraildə keçirmişəm. Türkiyəyə demək olar ki, adaptə olmuşam. Xüsusən də İstanbula. Bir məsələdə israr edəndə, yaxud da tərifə uyanda anlayıram ki, azərbaycanlıyam.

- Hər nə qədər bir millət olsaq da, hansısa məqamda insan Vətən həsrəti çəkir. Siz hansı anlarda bu həsrəti yaşayırsınız?

-  Klassik Azərbaycan mahnılarını, xüsusilə Rəşid Behbudov, Akif İslamzadə kimi ölməz sənətkarlarımızı dinləyəndə Azərbaycan üçün darıxıram.

 

 

İlhamə QASIMLI

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.20.