Böyük
şəxsiyyətlər bütün dünyaya məxsusdur
Şəxsiyyət
anlayışı barədə
(Xeyirə
kahin xidməti, şərə qarşı isə məğlubedilməz
qladiator cəsarəti göstərən R.A.-ya)
(Əvvəli
ötən şənbə saylarımızda)
Antonin kimi mənim üçün şəhər və
vətən Romadır, bir insan kimi isə - dünyadır.
Mark Avreli
XX əsrdə
yaranmış fəlsəfi cərəyan olan eksiztensializm
öz diqqətini insanın irrasional varlığının
unikallığı üzərində cəmləşdirir.
Eksiztensializm mövcudluq fəlsəfəsi deməkdir,
həm də insan varlığı barədə fəlsəfədir.
Bu cərəyan insanı mənəvi varlıq
kimi götürür. Eksiztensiya hansısa
bir irrasional reallıqdır, obyektin və subyektin vəhdətidir.
Eksiztensializmdə azadlıq problemi ideal
azadlıqdan ibarətdir, bu isə şəxsiyyətin cəmiyyətdən
azad olmasıdır.
Ekzistensializm adətən empirik və rasional ənənələrə
ziddir, onun tezisi ondan ibarətdir ki, burada heç bir qəti
niyyət və ya ümumiyyətlə dünyada qayda yoxdur. Dünya
qeyri-müəyyən şəkildə düşməndir.
Fərdlər öz xarakterlərini və məqsədlərini
seçirlər, bu seçməkdən qaça bilməzlər,
buna isə onlar özlərinin yaratdıqları
“sıçrayışla” nail olurlar və həm də eyni
qaydada buna borclu olurlar.
Dünya haqqında həqiqət və bizim vəziyyətimiz,
fokuslaşmamış psixoloji qayğı və ya qorxu
altında daha təmiz şəkildə açılır. Bu mövzulara
XX əsrdəki Avropa ədəbiyyatı, psixoanalizlər və
ilahiyyat güclü təsir göstərmişdi. Böhranlı anlar, çətinliklər şəxsiyyətin
nəyə qadir olduğunu göstərir.
Ümumiyyətlə, sınaqlar şəxsiyyət barədə
daha düzgün rəy çıxarmağa imkan verir. Şəxsiyyət
nə qədər qüvvətli və iradəli olsa da,
heç də zəifliklərdən tamamilə xali deyildir.
Bəzən kiçik bir zəiflik bütün
müsbət keyfiyyətlərin də üzərindən xətt
çəkə bilir. Böyük filosof
Biez Paskal deyirdi ki, insanlar kövrək məxluqlardır,
çox vaxt hissləri tərəfindən aldadılırlar,
ağılları ilə azırlar və öz emosiyaları
tərəfindən məğlub olurlar. Həm də
onlar elə varlıqlardır ki, təbiətin özü belə
onları düşünməyə sövq edir: “İnsan
yalnız qamışdır, təbiətdə ən zəif
olandır, lakin o düşünən qamışdır”. Yalnız ağlı və düşünmə qabiliyyəti
ilə insan öz ətrafını, təbiəti və cəmiyyəti
dərk edə bilir. Humanizmin görkəmli
nümayəndəsi Benedikt de Spinoza isə qeyd edirdi ki, hər
şey rasional izaha malikdir və insanlar onları tapmağa
qadirdir. İnsanlar real azadlığı,
təbiətin qaydasını və zəruriliyini başa
düşdükdə və ya ötüb keçən
maraqlardan uzaqlaşdıqda, onların əsl
azadlığı gələcəkdir. Onun
düşüncəsinə görə təbiət tufanlar,
zəlzələlər və xəstəliklər şəklində
insanlara dost olmayan qaydada özünü biruzə verəndə
“onlar bəyan edirlər ki, bu şeylər ona görə
baş vermişdir ki, Allah adamların düzgün olmayan əməllərinə
və sitayişində hansısa səhvə yol verdiklərinə
görə onlara acıqlanmışdır”. Görünür,
şəxsiyyətlər səhv addım atdıqda, gerçəkliyə,
reallığa göz yumduqda, gözlədiyi uğur əvəzinə
məğlubiyyətlə qarşılaşır və yəqin
ki, bu məsələdə də Allahın ondan narazı
qalması öz işini görmüş olur.
Bəzən təsadüflər iri şəxsiyyətləri
də çıxılmaz vəziyyətdə qoyur. Napoleon
Vaterlooda məğlub oldu, çünki onun bu
döyüşdəki qələbəsi XIX əsrin
hesablarına daxil deyildi. Ona heç də
böyük sərkərdələr - Vellinqton və Blyuxer
maneə olmadı, ona allahın özü mane oldu. Axı digər hadisələr sırası
hazırlanırdı, orada isə Napoleona artıq yer yox idi.
Öz şəxsində Hannibalı, Yuli
Sezarı və Böyük Karlı bir yerdə təcəssüm
edən bu böyük şəxsiyyət tarix səhnəsini
tərk etməli idi. Qeyri-adi adamın
yıxılması saatı gəlib çatmışdı.
Buğlanan qan, dolub daşan qəbiristanlıqlar,
anaların göz yaşları qorxulu ittihamçılar
olmaqla, onun taleyi barədə öz hökmünü
vermişdi. Ona görə də Vaterloo sadəcə
döyüş deyildi, bütün kainatın sifətinin dəyişilməsi
idi. Bu zərurətdən Napoleon da
qaça bilməzdi.
Bu hadisədə qalib sərkərdələr nə qədər
öyünsələr də, onlar məğlub etdiklərinin
şöhrətinə yiyələnə bilmədilər. Artıq epoxa
başqalarını yüksəldirdi, Almaniyada Blyuxerin
başı üzərində Höte, İngiltərədə
isə Vellinqtonun başı üzərində Bayron
dühaları işıq saçırdı. Onlardan əzəmət yağırdı. Çünki onlar düşünürdülər
və insanları düşünməyə dəvət
edirdilər.
Bəzən məslək adamları mübarizədə
əsl qəhrəmanlara xas olan xüsusiyyət nümayiş
etdirirlər.
Əgər Brut qılıncla diktatorun həyatına
son qoymuşdusa, Tsitseron Sezara öz fikirləri ilə
hökmünü oxumuşdu. Məslək bahadırları, az sayda asketlər istisna olmaqla, gözəlliyi
sevir, bu yolla işığa can atırlar. Böyük
rus yazıçısı F.M.Dostoyevski dünyanı gözəllik
xilas edəcəyini dedikdə, hər şeydən əvvəl
ruhun, könülün gözəlliyini nəzərdə
tuturdu. Böyük şəxsiyyətlər
yetişdirən xalqlar, ehkamlarda donub qalmış və ya təmənna
ilə pozulmuş digərlərindən fərqli olaraq məhz
sivilizasiyanı irəli aparırlar. Qızıl
və ya başqa bütlərin qarşısında diz
çökənlər isə canlı əzələlərin
və kəsərli iradənin atrofiya olmasına səbəb
olurlar. İyrənc prinsiplər iyrənc
adətlər kimi hökmən insanları uçuruma
aparır. Bizim qüsurlarımızı
cilovlayan məğrurluq çox vaxt əks mövqedəki
qüsurlara istiqamət götürür. Qaniçənlərin
məğrurluğu bu sahədəki iştahının
doymasına əsaslanır. Hollandiyada ispan
ağalığının zülmünü qoruyub saxlayan
hersoq Alba adamların yandırıldığı tonqalda əllərini
qızdırırdı. Torkvemada inkvizisiya
qurbanlarının artan çoxluğundan ilham alırdı.
Hitler yəhudi problemini ölüm düşərgələri,
qaz “hamamları” ilə birdəfəlik həll edirdi. Tarix bu barədə bizə çoxlu nümunələr
bəxş edir, axı keçmişin gələcəkdəki
əks-sədası gələcəyin keçmişə
atdığı işıqdır.
Tiraniya tirandan çox yaşayır. Ar olsun o adama
ki, öz obrazında təcəssüm olunan mənəvi
zülmət qoyub gedir.
Tarixin aydınlığı mərhəmətsizdir. Vaxtilə
parıltı görünən yerə kölgə salır.
Tarix təkcə
böyük zəka sahiblərini nişan
verən panteon hesab edilməməlidir. Orada elələri
vardır ki, fövqəl istedadı hesabına liderliyə
yüksəlmiş, min illər ərzində azadlıq
uğrunda yenilməz mübarizlər simvoluna
çevrilmişlər. Frakiyalı hesab
edilən Spartak qul kimi qladiator məktəbinin sahibi tərəfindən
satın alınmışdı və b.e.ə. 73-71-ci illərdə
İtaliyada qul üsyanına başçılıq
etmişdi. Romanın görkəmli siyasi
xadimi Krassın başçılıq etdiyi sayca çox
böyük ordu Spartakın döyüşçülərini
məğlub etdi və qul sərkərdəsi özü məhv
oldu. Bu işdə Pompey də Krassa köməyə
gəlmişdi. Lakin tarix öz ədalətini biruzə verdi. Krass parfiyalılarla döyüşdə
18 il sonra, b.e.ə. 53-cü ildə məğlub
edilib, öldürüldü, Pompey isə bundan beş il sonra
Sezar tərəfindən Farsaladakı ağır məğlubiyyətindən
sonra Misirə qaçdıqda, orada öldürüldü. Ən
böyük tarixi ədalət isə ondadır ki, Krass və
Pompey son yarım min illikdə yalnız Qədim Roma tarixi ilə
məşğul olanların diqqətini cəlb etdiyi halda,
Spartak azadlıq məşəlini yuxarı qaldıran,
quldarlığın ləğvinin mümkün olduğu
müjdəsini bəşəriyyətə çatdıran ilk
qəhrəman olmaqla, ölməzliyə, əbədi həyata
qovuşmuşdur. İki min ildən artıq bir
müddət keçsə də, Spartak azadlığın
sönməz günəşi kimi işıq saçmaqda, yol
göstərməkdə davam edir. Spartak
qulları azad edə bilmədi, lakin əsrlər ərzində
dünyanın hər tərəfindən zülmə
qarşı mübarizə aparanlar üçün mayak, yol
göstərən oldu. Bəşəriyyət
Fermopil keçidindəki spartalıların igidliyi kimi,
Spartakın zülmə qarşı mübarizəsi
qarşısında böyük ehtiramla baş əyməkdə
davam edir.
Böyük
şəxsiyyətlər bir qayda olaraq yaşadıqları
zamanı və məkanı tərk edib az
qala əbədi həyata qovuşurlar. Onlar, əlbəttə,
hansısa ölkəyə, xalqa və müəyyən
dövrə mənsubdurlar, lakin zaman və məkan çərçivələrini
qırıb dağıtdıqlarından başqalarından fərqlənməklə
dünya vətəndaşlarına çevrilirlər. Qədim yunanlar dünya vətəndaşlarını
kosmopolites - kosmopolit adlandırırdılar. Kosmopolitizm dünya vətəndaşlığı
adlanan bir ideologiya idi. Bu anlayışda vətən
ideyası bütün dünyanın üzərinə
yayılırdı, insanlar üçün ümumi ana, torpaq
olduğu kimi, ümumi vətən də dünyadır.
Dünyaya xidmət həm də bəşəriyyətə,
insanlığa xidmətdir. İnsan həyatı
əgər bir andan ibarətdirsə, onun mahiyyəti əbədi
axındır. İnsan bir xalqın
içərisində dünyaya gəlsə də, əməlləri,
mübarizəsi ilə kiçik bir icmaya deyil, bütün
dünyaya mənsub olduğunu sübut edir. Misal çəkdiyimiz Spartak da bütün dünya
xalqları üçün xeyirə qovuşmaq uğrunda
mübarizənin simvoluna çevrildi.
Tarix təkcə onun səhnəsində baş verən
və sonrakı dövrə, gələcəyə təsir
göstərən hadisələr yığını
deyildir, həm də insan ehtiraslarının və
ağlının həmin hadisələrə göstərdiyi
təsiri qeydə almaqla, böyük şəxsiyyətlər
sərgisidir.
Onlar heç də ideal varlıqlar deyillər,
digərləri kimi səhvlərdən də
bütünlüklə qaça bilmirlər. Lakin onların öz əməllərində
kristallaşmış mənəvi boyu təkcə bu
adamları əhatə edənlər arasında fərqləndirməklə
kifayətlənmir, həm də əsrlərin dumanından
keçib öz ruh qamətini yüksəltmiş olur. Bəzi şəxsiyyətlər həm də
qüsurlu əxlaq daşıyıcıları olurlar. Lakin bu onların tarixi düzəltməkdəki
rollarını nəinki bütünlüklə poza, heç
azalda da bilmir. Seçim qaydasında
onların bəzilərinə müraciətə keçməmişdən
əvvəl öz müdriklikləri ilə min illər
keçsə də bəşəriyyəti heyran edən
şəxsiyyətlərə ani də olsa nəzər
salmamağın özü də günah olardı. Söhbət dünyanın məşhur yeddi
müdrikindən gedir. Antik rəvayətlərə
görə bu adı daşımağa layiq olan iyirmiyə qədər
dühanı aid etmək olardı. Yeddi
müdrik, əlbəttə ki, mifik deyil, tarixi şəxsiyyətlərdir
və onların aforizmləri rəvayətlər əsasında
saxlanmışdır. Onların xarakteristikalarında isə
qədim yunanların gördükləri və nəyə can
atdıqları əks olunmuşdur. Onlara Miletdən olan Fales,
Afinadan olan Solon, Korinfdən olan Periandr, Pittak, Spartadan olan
Xilon, Priyenadan olan Biant, Skifiyadan olan Anaxarsis daxildir.
Falesin (b.e.ə. 583 və ya 547-ci ildə
ölmüşdür) ibarəli sözlərinə “Hər
şeydən böyük məkandır, çünki hər
şeyi əhatə edir. Hər şeydən iti ağıldır,
çünki hər şeydən irəli qaçır.
Hər şeydən güclü zərurətdir,
çünki hamı üzərində hökm edir. Hər şeydən müdrik zamandır,
çünki hər şeyi açır” kəlamları
daxildir. O, həm də öyrədirdi ki,
“Özünü dərk et!”
Solon ((b.e.ə. 560 və ya 547-ci illərdə
ölmüşdür) Afinanın populyar arxontu olmaqla, ona təklif
edilən təkbaşına hakimiyyətdən imtina etmiş
və Pisistratın tiraniyasının qurulmasına mane
olmağa cəhd etmişdi. Rəvayətə görə o, Xalq
yığıncağında bəyan etmişdi: “Vətəndaşlar!
Sizin bəzilərinizdən mən
ağıllıyam, bəzilərindən isə daha cəsarətliyəm.
Pisistratın yalanını başa düşməyənlərdən
ağıllıyam, başa düşüb, dillənməyənlərdən
isə mən cəsarətliyəm”. Bundan
sonra o, dəli elan edildi və sürgünə yollandı.
Solonun qanunlarında deyilirdi: “Özün qoymadığın
şeyi ölüm qorxusu altında da götürmə!”. “Gözü
çıxardanın iki gözünü də
çıxarmaq lazımdır”. Onun
başlıca aforizmi “Heç nə çox olmasın” idi.
Periandr (b.e.ə. 627 və ya 587-ci ildə
ölmüşdür) Kinsemin oğlu və
ardıcılı idi, çevriliş yolu ilə hakimiyyəti
tutmuşdu. Yaşlı vaxtında hamilə arvadını
öldürmüş, kənizlərini diri-diri
yandırmış, oğlunu sürgünə göndərməklə
labüd ölümə məhkum etmişdi. Güman ki,
o, demişdir: “Hökmdarın ən yaxşı mühafizəsi
nizə deyil, ümumxalq məhəbbətidir”. “Özünü
təkcə xətaya görə deyil, həm də niyyətə
görə cəzalandır” sözləri də ona aid edilir.
(Ardı
gələn şənbə sayımızda)
Telman Orucov
525-ci qəzet.-
2012.- 25 oktyabr.- S.18.