“Fəlsəfəyə söykənməyən ideologiya dayanıqlı ola bilməz”

 

 Bakıda 27-28 sentyabr tarixində mətbuatda hələ də yetərincə dəyərləndirilməmiş, amma türkçülüyün inkişafında yeni bir mərhələ sayıla biləcək mühüm bir hadisə baş verdi. Türkçülükdə indiyə qədərki ənənəvi filoloji və ideoloji müstəvidən özünüdərk və fəlsəfi təhlil pilləsinə doğru bir addım atıldı.

Bu hadisənin əhəmiyyətini açıqlamaq üçün Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyası idarə heyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilova müraciət etdik.

-Bu günlərdə Bakıda Türk dünyası filosoflarının birgə keçirdiyi beynəlxalq elmi konfransın məramı nə idi? Filosoflar hansı isə konkret elmi mövzunun, yoxsa daha geniş miqyaslı planların müzakirəsi üçün bir araya gəlmişdilər?

-Əslində konfransda bir neçə mövzu müzakirə olunurdu. Burada “mədəniyyətlərarası dialoq” məsələsinə yeni bucaq altında, türk prizmasından bir baxış var idi. Çünki dialoqdan söhbət gedərkən, adətən ya Şərq və Qərb, ya da islam və xristianlıq tərəflərinin münasibəti önə çəkilir. Bu dəfə problemə türk milli kimliyi baxımından, türk mədəniyyəti və türk düşüncə tərzinin identifikasiyası mövqeyindən yanaşılırdı. Dünya çapında gedən dialoqlara məhz bir türk olaraq qatılmağın mümkünlüyü müzakirə olunurdu. Bunun üçün isə ilk növbədə türk xalqlarının öz aralarında dil tapa bilməsi və ortaq məxrəcə gəlmələri tələb olunur. İndiyədək ortaq dildən çox söhbət getsə də, ortaq düşüncə tərzindən və vahid fəlsəfi fikir platformasından, demək olar ki, bəhs olunmayıb. Ona görə də Türkiyənin və Qazaxıstanın tanınmış filosoflarının Bakıda öz azərbaycanlı həmkarları ilə birlikdə belə bir müzakirəyə qatılmaları əslində işin yalnız başlanğıcı sayıla bilər. Qarşıda duran vəzifə sadəcə filosofların bir-biri ilə tanış olması və ya elmi yaradıcılıq fəaliyyətlərinin əlaqələndirilməsi olmayıb, həm də “türk fəlsəfəsi” adı altında ortaya çıxarıla biləcək bir təlimin konturlarının cızılması, onun tarixi köklərinin müəyyənləşdirilməsi və çağdaş fikir mücadiləsi arenasında müasir inteqrativ ideyaların irəli sürülməsi idi.

İki günlük fikir mübadiləsindən əldə olunan ilk qənaət bundan ibarət oldu ki, nəinki türk cümhuriyyətlərinin ortaq düşüncə ənənələri az öyrənilib, həm də hər bir türk cümhuriyyəti ayrı-ayrılıqda öz milli fəlsəfi fikri haqqında indiyədək çox az düşünüb. Və bu istiqamətdə qarşımızda böyük işlər durur. Belə ki, biz öncə Azərbaycan fəlsəfi fikri, qazax fəlsəfi fikri və s. adlar altında aparılan tədqiqatlara da yenidən baxmalıyıq. İndiyə qədər bu sahədə görülən işlər ancaq tarixi keçmişə ünvanlanıb. Yəni, ya qədim dövrlərdə, ya orta əsrlərdə bizim mütəfəkkirlərimizin nə yazdıqları önə çəkilmiş, lakin bu yazılanların müasir dünya fəlsəfi fikrinin strukturunda yer alıb-almaması məsələsi gündəmə gətirilməyib.

- “Dünya fəlsəfəsi” dedikdə, Siz nəyi nəzərdə tutursunuz? Onun formalaşmasında kimlərin və hansı millətlərin nə dərəcədə rol oynadığını necə müəyyənləşdirmək olar?

-Əvvəla, biz ilk növbədə “fəlsəfə tarixi” ilə “fəlsəfə”ni fərqləndirməliyik. Fəlsəfə tarixində təlimlər təkcə müasir fikir baxımından deyil, həm də öz dövrlərində və bölgələrində oynadıqları rola görə qiymətləndirilir. Burada həmin dövr üçün önəmli olan fəlsəfi təlimlər, onların hansı şəraitdə və kim tərəfindən yaradılması öz əksini tapır. Məsələn, ola bilsin ki, hansı isə fəlsəfi təlim bu gün artıq aktuallığını itirib və daha heç yaradıldığı bölgədə də istifadə olunmur. Lakin əgər həmin təlim müəyyən bir xalqın mənəvi-intellektual həyatında, dünyagörüşündə hər hansı rol oynayıbsa, ictimai tərəqqiyə təsir göstəribsə, deməli, onun haqqında biz tarixilik baxımından danışa bilərik. Xüsusilə elmlərin tarixində vəziyyət məhz bu cürdür.

Çünki keçmişdə irəli sürülən elmi ideyalar və təlimlər müasir dövrdə bir elm hadisəsi olmaqdan daha çox, tarixi baxımdan maraq doğurur. Düzdür, fəlsəfədə vəziyyət bir qədər fərqlidir. Bu günə qədər yaşamış və bu gün də öz təsir gücünü saxlamış olan təlimlər də var. Bu mənada dünya fəlsəfəsinin strukturunda müasir fəlsəfi təlimlərlə yanaşı, klassik filosofların əsərləri də mühüm yer tutur. Amma hər halda biz ancaq o fəlsəfəyə müasir deyə bilərik ki, o məhz günümüzün ictimai və mənəvi həyatı ilə həmahəngdir və çağdaş varlığımızın ideya təməli kimi qəbul olunur. Yəni əgər biz bu gün fəlsəfənin ön cəbhəsində söz sahibi olmaq istəyiriksə, müasir ictimai həyatın, qlobal problemlərin dərk olunması, dəyərləndirilməsi və proqnozunda önəmli olan konsepsiyalarla çıxış etməliyik. Müasir fəlsəfədə daha çox aktuallıq kəsb edən, bəşəriyyətin aqibəti, dünyadakı böhran və münaqişələrdən çıxış yollarını nişan verə biləcək fəlsəfi əsərlər isə, maləsəf, daha çox Qərb ideoloqları tərəfindən yazılır. Yəni müasir dünya da, onun gələcəyi də bir qərblinin baxış bucağından işıqlandırılır. Bir Şərq adamı üçün və daha konkret götürdükdə, bir türk üçün bəşəriyyətin və dünyanın perspektivi məsələsinin necə göründüyü hələ ki, ortaya qoyulmayıb. Bu mənada bizim qədim və orta çağ fəlsəfə tarixində müəyyən iştirakımız olsa da, müasir fəlsəfi fikrin strukturunda mövqeyimiz bəlli deyil. Və ya, başqa sözlə desək, səsimiz eşidilmir. Ona görə yox ki, biz nə isə deyirik, amma bizi eşidən yoxdur; ona görə ki, əslində biz heç nə demirik. Və ancaq deyilənləri dinləmək, mənimsəmək və təqlid etməklə məşğuluq. Biz öz sözümüzü o zaman deyə biləcəyik ki, dünyaya öz baxışımız olsun. Lakin bunun üçün ilk növbədə bu “Öz”ün fikir və fəlsəfə səviyyəsində aşkarlanması lazımdır.

-Bu konfrans Bakıda türk filosoflarının ikinci dəfə belə böyük miqyasda görüşü hesab oluna bilər. Hər ikisində təşəbbüskar Siz olubsunuz. Bəs buna qədər türk dünyasında ortaq türk fəlsəfi fikri və ya sadəcə türk fəlsəfəsi ideyası ilə çıxış edənlər olubmu?

-Olub, şübhəsiz. Hələ 80 il bundan öncə professor Hilmi Ziya Ülken “Türk filosofları antologiyası” kitabını hazırlayarkən də, məhz belə bir birlik ideyasından çıxış etmişdi. Orada daha qazax, özbək, tatar bölgüsü aparılmamış, məhz türk fəlsəfi fikrinin tarixi izlənmişdi. Bundan başqa, Türkiyədə çoxlu sayda “Türk düşüncəsi”, “Çağdaş türk düşüncə tarixi” kimi əsərlər çap olunur.

Amma Türkiyədə ölkənin öz daxilində də çoxlu fikir ayrılıqları var. Filosoflar nəinki öz aralarında birləşə bilmir, hətta bir-birinə tamamilə əks mövqelərdə dayanan fəlsəfi birliklər mövcuddur. Azərbaycanda filosoflar əsasən AFSEA-nın egidası altında birləşdiyi halda, Türkiyədə bir-biri ilə dil tapa bilməyən iki fəlsəfə qurumu var. Əsl fəlsəfə olaraq Batı fəlsəfəsini qəbul edən və əsas məqsədləri Qərb filosoflarının əsərlərini tərcümə edib onlara şərhlər yazmaq olan tədqiqatçılar Prof.Dr. İohanna Kuçuradinin rəhbərliyi ilə bir Fəlsəfə Dərnəyi islami dəyərləri önə çəkən və orta əsr islam filosoflarını örnək kimi götürən tədqiqatçılar isə başqa bir Fəlsəfə Dərnəyi yaratmışlar. Birinci Dərnək məramından da bəlli olduğu kimi, milli fəlsəfi fikir və ya türk fəlsəfəsi ideyası üzərində qurulmamışdır. Onların nəzərlərinə görə, vahid ümumbəşəri fəlsəfə vardır ki, onun da əsas nümayəndələri Qərb filosoflarıdır. Ona görə də “türk fəlsəfəsi” axtarışlarında biz daha çox Prof. Dr. Nəcati Önər bəyin təsis etdiyi və bu gün Prof. Dr Əhməd İnamın rəhbərlik etdiyi Türk Fəlsəfə Dərnəyi ilə əməkdaşlıq edirik. Lakin bu, normal vəziyyət deyil. Belə ki, qurmaq istədiyimiz Türk dünyası fəlsəfə birliyində Qərb yönlü filosofların da əhatə olunması mühüm şərtdir. Bu baxımdan öz tədqiqatlarında orta çağ islam fəlsəfələri, o cümlədən təsəvvüf fəlsəfəsi ilə müasir Qərb fəlsəfi cərəyanları arasında müqayisəli tədqiqat aparan Prof. Dr. Kənan Gürsoyun fəaliyyəti çox önəmlidir. Onun “Bir Evrensel Projemiz var mı?” adlı kitabında da türk fəlsəfəsinin evrənsəl- ümumbəşəri problemlərə qatılmaq əzmi və imkanları təhlil olunub.

Lap bu yaxınlarda - keçən il İstanbulda Akif Poroyun “Türklərdə fəlsəfə varmı?” adlı əsəri çap olundu. Burada mənim türk dünyasında fəlsəfi araşdırmaların bir araya gətirilməsi sahəsində gördüyüm bəzi işlər də öz əksini tapıb. İki il öncə keçirdiyimiz Türk filosoflarının birinci Bakı simpoziumundan da bəhs olunur. Lakin bu kitabda əsas diqqət türk dünyasından fəlsəfi fikrin inkişaf yolu, türk millətindən olan adamların fəlsəfəyə qatqıları əsas yer tutur. Dr. Akif Poroy ixtisasca filosof olmasa da, bu məsələnin aktuallığını hiss edərək, bu sahədəki vəziyyəti qələmə almış və dəyərli bir əsər yazmışdır. Burada ayrıca türkçülük bir ideya istiqaməti kimi diqqət mərkəzinə çəkilir. Bu əsər də əslində XX əsrin əvvəllərində böyük türk ziyalılarının türk milli ideologiyası ətrafındakı çalışmalarını xatırladır. Amma bizim qarşımızda duran vəzifə milli ideologiyadan daha öncə milli fəlsəfi fikrin formalaşması məsələsidir. Çünki fəlsəfəyə söykənməyən ideologiya dayanıqlı ola bilməz.

-Milli ideologiya ilə milli fəlsəfi fik ri necə fərqləndirmək olar?

-Milli ideologiya dedikdə, ilk növbədə bir millətin təşkilatlanması və gələcək inkişafı yolunda müəyyən etdiyi prioritetlər, seçdiyi əsas meyarlar, qarşıya qoyduğu məqsədlər və bu məqsədlərə çatmağın üsulları nəzərdə tutulur. Yəni bura hər hansı bir millətin ümumbəşəri ictimai tərəqqidə nə kimi yer tutması və hansı səmti özü üçün daha uyğun görməsi aiddir. Amma bütövlükdə dünyanın gedişatını anlamaq, ümumbəşəri perspektivləri öncədən görmək və insanın milli bir varlıq olmazdan öncə mənəvi-ruhani varlıq kimi düzgün seçim edə bilmək imkanları ancaq fəlsəfi fikir kontekstində reallaşır. Yəni daha geniş miqyaslı prosesləri aydınlaşdırmadan, dünyanın hara getdiyini, gələcəkdə insanlığı nə kimi bir aqibətin gözlədiyini bilmədən milli seçim etmək və düzgün milli ideologiya formalaşdırmaq mümkün deyil. Taktiki bir gediş kimi dövrün tələbinə uyğun seçimlər etmək olar. Amma bu, müvəqqətidir. Daha dayanıqlı inkişaf yolu ancaq fəlsəfi araşdırmalar kontekstində seçilə bilər. Hərənin dünyada öz yerini düzgün müəyyənləşdirə bilməsi üçün öncə dünyanın ümumi mənzərəsi düzgün çəkilməlidir.

Türk milli məfkurəsini təmsil edən ideoloqlar çox olub. İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Məmmədəmin Rəsulzadə və sairin görüşləri barədə Azərbaycanda son vaxtlar xeyli yazılar dərc olunub. Ən maraqlısı isə budur ki, həmin nəslə mənsub olan Yusuf Akçura hələ o vaxt “Türkçülüyün tarixi” əsərini yazmışdı. Deməli, XIX əsrin axırları, XX əsrin əvvəllərində formalaşan türkçülük ideologiyasının təməlləri xeyli əvvəllərə dayanırdı. Əlbəttə, XIX əsrin əvvəllərində daha çox dərəcədə bütövlükdə İslam məfkurəsinin dirçəlişinə səy göstərilirdi. Əlamətdar haldır ki, Yusuf Akçura da öz əsərində bu hərəkatın təməlçilərindən biri kimi Mirzə Fətəli Axundzadəni göstərir və bu bölmənin adını belə qoyur: “Azəri türklərində türkçülük”. Sonrakı dövrdə bu sahədə böyük xidmətləri olan şəxslər arasında Cəmaləddin Əfqaninin və Həsən bəy Zərdabinin adlarını çəkmək olar. Lakin bütün bu böyük şəxsiyyətlərin yaradıcılığı və fəaliyyəti türkçülüyün ya bir ədəbi-bədii praktika, ya da bir məfkurə, ideologiya kimi formalaşması tarixini təşkil edir. “Milli kimlik” məsələsi indi də Türkiyədə ən aktual mövzulardan biridir. Lakin bizi maraqlandıran sadəcə türkçülük deyil, türk fəlsəfəsi problemidir. Və maraqlı haldır ki, bu sahədə görülən işlərin ilk ideya mənbələrindən biri kimi, Pakistan filosofu Məhəmməd İqbalın yaradıcılığı hesab oluna bilər. Onun İslam fəlsəfəsinin yeni dövrdə dirçəlişi ilə əlaqədar fikirləri və fəlsəfi araşdırmaları həm də türk fəlsəfi fikrinin identifikasiyası üçün metodoloji təməl rolunu oynaya bilər. Maləsəf, fəlsəfi aspektdə belə çalışmalar çox azdır və hətta yox dərəcəsindədir. Amma önəmli olan, təməldə dayanmalı olan məhz milli fəlsəfi fikirdir. XIX əsrin axırlarında Avropa səyahətindən qayıdan Cəmaləddin Əfqani İstanbulda Osmanlı sultanı ilə görüşərkən, burada yeni açılmış universitetin rolu haqqında öz fikrini belə bildirir: “Hələ ki, bu universitetlər Avropanı təqlid üzərində qurulub, onların faydası çox az olacaqdır. Universitetlər milli inkişafın hərəkətverici qüvvəsinə yalnız o zaman çevrilə bilər ki, təqlid yolu ilə deyil, milli fəlsəfi fikir üzərində qurulmuş olsun”. 

Milli fəlsəfi fikir milli ruhun nəzəri ifadəsidir.

Fikir müstəvisində birlik yaradılmadan siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə birliyə nail olmaq mümkün deyil.

 

-Siz ancaq milli fəlsəfi fikirdən bəhs edirsiniz. Bəs elm, təhsil, mədəniyyət sahələrində milli birlik və milli mövqe məsələləri müzakirə oluna bilməzmi?

-Elmin milli mənsubiyyəti olmur; dünya miqyasında vahid elm mövcuddur. O başqa məsələ ki, ayrı-ayrı xalqlar və ölkələr elmi inkişaf səviyyəsinə görə fərqli pillələrdədir. Amma söhbət məhz eyni pilləkənın müxtəlif pillələrindən gedir. Fəlsəfədə vəziyyət başqa cürdür. Elmin inkişaf yolu eyni olsa da, müxtəlif xalqların fəlsəfi fikirləri arasında həmişə müəyyən fərqlər olub...

Təhsil də xeyli dərəcədə ümumbəşəri bir prosesdir. Nə zaman ki, söhbət elmi biliklərin əsaslarının öyrədilməsindən gedir, burada bütün millətlərin qarşısında təxminən eyni vəzifələr durur. Fərq ancaq təlimin metodlarının seçilməsində ola bilər. Yəni eyni biliklər öyrədilsə də, öyrənənlər milli-mənəvi keyfiyyətlərinə görə fərqləndiyindən, təlim metodları seçilərkən milli xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu baxımdan, Avropa təhsil standartlarının kor-koranə təqlid olunması yolverilməzdir. Bundan əlavə, humanitar biliklərin öyrədilməsi təkcə təlim metodları baxımından deyil, həm də məzmun baxımından milli çalarlara malik olduğundan, hər bir ölkədə təhsil standartları milli fəlsəfi fikrə söykənməlidir. O ki qaldı tərbiyə məsələlərinə, burada mübahisəyə heç yer yoxdur. Kosmopolit tərbiyə mümkün deyil. Müasir təhsil sistemində öyrəncilərə fərdi yanaşma prinsipi tətbiq olunursa, onda milliliyin fərqinə varmadan, hansısa dünya standartlarından danışmaq sadəlövhlükdür.

Mədəniyyət də ümumibəşəri və milli komponentlərə malikdir. Daha doğrusu, ümumbəşəri elementlər sivilizasiyada ehtiva olunduğundan, mədəniyyət dedikdə, ilk növbədə milli özünəməxsusluq nəzərdə tutulur. Mədəniyyətlərin dialoqa girə bilməsi üçün isə onların eyni dildə danışa bilməsi ilkin şərtdir...

İnsanlar bir-biri ilə tərcüməçi vasitəsi ilə də danışa bilərlər. Amma fikirlər fərqli müstəvilərdə olsa, hətta dilin eyniyyəti də köməyə gəlmir. Tərəflərin bir-birini anlaması üçün dünyagörüşlərinin, düşüncə tərzlərinin uyğunluğu tələb olunur.

-İndi xalis milli düşüncə tapmaq çox çətindir. Çünki neçə yüz illər ərzində, xüsusən qloballaşma mərhələsində mədəniyyətlər kimi düşüncə tərzləri də qatışırlar. Milli düşüncə tərzinin özünəməxsusluğu ən çox nədə, hansı sahədə qorunub-saxlanıb?

-Türk düşüncəsi özünün saf halda ifadəsini ən çox folklorda, atalar sözlərində, nağıl və dastanlarda tapıb. Yəni, bir xalqın ən çox önəm verdiyi, qiymətləndirdiyi, müqəddəs saydığı şeylər həmin xalqın simasını, iç aləmini təsəvvür etmək üçün ən mühüm göstəricilərdir. Bunlar da daha çox folklorda, şifahi xalq ədəbiyyatında üzə çıxır. Uşaq dünyaya göz açdığı vaxtdan həyata necə köklənirsə, hansı dəyərləri mənimsəyirsə, bunlar onun bütün sonrakı baxışları, hətta mentaliteti üçün təməl olur. Nəyi sevmək və nəyə nifrət etmək?! Nəyə can atmaq və nədən uzaq durmaq?! Əgər hər hansı bir millət üçün bu meyarlar qəti şəkildə müəyyənləşibsə, deməli, onun özü də kifayət qədər formalaşmış, öz siması, dəst-xətti olan özgür bir millətə çevrilmişdir. Əgər biz bu meyarlar sistemini ümumiləşmiş halda, nəzəri şəkildə ifadə edə bilsək, onda həmin millətin fəlsəfi dünyagörüşünün də müəyyənləşdiyini söyləyə bilərik. Yəni, hiss və duyğu səviyyəsində, dəyər səviyyəsində olan mənəvi həyatın ümumiləşmiş obrazını anlayışlar və prinsiplər vasitəsilə ifadə etmək mümkündürsə, deməli, milli-fəlsəfi fikirdən danışa bilərik.

Türk xalqları müxtəlif dövrlərdə mədəni-mənəvi abidələr yaratmaqla yanaşı, nəzəri düşüncənin məhsulu olan fəlsəfi əsərlər də yaratmış və özlərinin dünyaya münasibətini öz fəlsəfi dünyagörüşləri halında dəfələrlə ifadə etmişlər.

Əlbəttə, “türk fəlsəfəsi” dedikdə, biz heç də milli mənsubiyyətinə görə türk olan adamların fəlsəfə sahəsindəki tədqiqatlarını nəzərdə tutmuruq, çünki etnik-milli mənsubiyyət bir şeydir, daşıyıcısı olduğun, təmsil etdiyin və təbliğatını apardığın fəlsəfi dünyagörüşü isə başqa bir şeydir; bunlar bir-birinə uyğun gəlməyə də bilər. Milli ruha və rasional biliklərə əsaslanan, fəlsəfələr arasında uyğunsuzluq təbiidir. Onlar çox vaxt üslub baxımından da fərqlənir. Birincinin ifadəsi üçün bədii üslub və esse janrı, ikincinin ifadəsi üçün isə traktatlar, nəzəri sistemlər səciyyəvidir. Belə ki, nəzəri sistemlər hazır şəkildə başqa xalqlardan da əxz oluna bilir. Bir də görürsən ki, öz hissiyyatı ilə sevinci, kədəri, niyyəti, amalı ilə müəyyən bir dəyərlər sisteminə, müəyyən bir mənəvi mədəniyyətə mənsub olan insanlar onlara yad olan nəzəri-fəlsəfi sistemləri dərsliklərinə salır və gənc nəslə tədris edirlər.

Əlbəttə, ən ideal variant milli ruhla nəzəri-fəlsəfi sistemin adekvatlığıdır. Yəni, əslində xalq özü öz fəlsəfəsini yaradırsa, bu fəlsəfə milli-mənəvi dəyərlərə uyğun olacaq və məhz onları ifadə edəcək.

Lakin reallıq başqadır. Böyük fəlsəfə klassiklərinin yaradıcılığı heç də ancaq milli-mənəvi dəyərlərin ümumiləşdirilməsi və nəzəri ifadəsi kimi ortaya çıxmır. Yeni fəlsəfi təlimlər bir qayda olaraq artıq sistem halına salınmış, milli ünvandan çıxaraq ümumbəşəri status almış fəlsəfələrin mənimsənilməsi və davamı kimi yaranır. Əvvəlki dediyimiz fəlsəfələr isə hansı dövrdə, hansı şəraitdə, hansı xalqlar tərəfindən yaradılmışdır, - bu artıq tarixdə qalır. İdeya öz müstəqil həyatına başladıqdan sonra bu ideyanın doğuluşunu təmin edən mənəvi mühit çox vaxt yaddan çıxır. Fərddən milliliyə, millilikdən ümumbəşəriliyə gedən yolun dialektikası belədir.

-Fəlsəfə tarixi daha çox dövrlər, bölgələr, ayrı-ayrı fəlsəfə klassikləri, fəlsəfi məktəblər,  yoxsa milli fəlsəfələr üzərində qurulur?

-Fəlsəfə tarixində “hind fəlsəfəsi”, “yunan fəlsəfəsi”, “fransız maarifçilik fəlsəfəsi”, “klassik alman fəlsəfəsi” və s. bu kimi milli-etnik ünvanlı fəlsəfi təlimlərdən bəhs edilir. Orta əsr islam bölgəsi fəlsəfəsi isə çox vaxt ya islam fəlsəfəsi, ya da ərəb fəlsəfəsi adı altında təqdim olunur. Nəticədə bir türk fəlsəfəsinin ya qədim dövrdə, ya orta əsrlərdə, ya da hətta yeni dövrdə varlığından bəhs olunmur. Belə təəssürat yaranır ki, ya türklərin heç vaxt fəlsəfəsi olmayıb, ya da fəlsəfə tarixi yazılarkən türklər yaddan çıxıb. Lakin yada salsaq ki, hələ miladdan xeyli əvvəl türk xalqları arasında yayılmış olan tanrıçılıq, yaxud böyük əksəriyyətin etiraf etdiyi kimi, Urmiya gölü ətrafında yaşamış Azərbaycan türkü Zərdüştün təlimi, yəni zərdüştilik, yaxud Azərbaycanın tarixi qəhrəmanlarından sayılan Babəkin də mənsub olduğu xürrəmilik hər hansı başqa bir xalqdan daha çox məhz bizə aid olduğundan, “türk fəlsəfi fikir tarixi” adı altında bunlar da öyrənilə bilərdi. O mübahisəli məsələlər və faktlar ki, Zərdüşt təlimi üstündən min illər keçdikdən sonra eramızın VII-IX əsrlərində pəhləvilər tərəfindən təhrif olunmuş şəkildə qələmə alındıqdan sonra, İran dini-fəlsəfi düşüncəsinin tərkib hissəsinə çevrilmişdir, yaxud xürrəmilikdə türk düşüncəsinə yad ünsürlər vardır, - bunlar heç də əsas vermir ki, biz asanlıqla geri çəkilərək, əsl gerçəkləri üzə çıxarmaq üçün heç bir addım atmayaq, həqiqi tarixi üzə çıxarmağa çalışmayaq. Əksinə, fəlsəfə tarixində məhz belə qaranlıq və mübahisəli məqamların yenidən gündəmə gətirilməsi və araşdırılması məhz haqqı pozulmuş tərəfin - türklərin ümdə vəzifəsidir. Yaxud, “Dədə Qorqud”, “Manas” və s. böyük milli abidələr dilçilərin, filoloqların öhdəsinə buraxılaraq, fəlsəfi kontekstdə ciddi tədqiqat obyektinə çevrilmədiyindəndir ki, bu dastanlardakı ideya tarixi hələ də türkün fəlsəfi fikir tarixinə daxil edilməmiş və nəticədə “türk fəlsəfəsi” kəlməsi üçün bir təməl, bazis yaradılmayıb.

Bəli, bütün bunların təqsiri müasir dövrdə yaşayan türk fəlsəfə tarixçilərinin özündədir, yəni bizdədir. Lakin biz indi bunu etiraf etməklə kifayətlənə bilmərik. Bu etirafın ardınca itirilmişləri bərpa etmək üçün çox gərgin və müntəzəm tədqiqat işləri başlanmalıdır. Bunun üçün isə ilk növbədə bütün türk filosoflarının bir araya gəlməsi və təşkilatlanması tələb olunur.

-Türk fəlsəfi fikir tarixi hansı təməllərə dayanır?

-Türk fəlsəfi fikrinin qədim təməlləri arasında biz ilk növbədə tanrıçılığı qeyd edə bilərik. Tanrıçılıq dindirmi, yoxsa fəlsəfədir? Əlbəttə, bu, ilk növbədə bir dünyagörüşüdür. Lakin məhz fəlsəfi yönlü bir dünyagörüşüdür. Bu baxımdan, Həsən Həsənovun “Tanrıçılıq” kitabı çox əlamətdardır. Burada tanrıçılıq həm din, həm ideologiya, həm də fəlsəfi təməl rakurslarında araşdırılıb. Düşüncənin fəlsəfi səviyyəsi vəhdəti görmək məqamından başlanır. Harada vahid Tanrı, tək Allah ideyası varsa, orada fəlsəfi yanaşmanın rüşeymi var. Və əksinə. Bütpərəstlik, çoxallahlılıq dünyanın vəhdətini görə bilməməkdən qaynaqlanaraq, fəlsəfəyə yabançı olan dünyagörüşləridir. Bu mənada xristianlıq da - “Müqəddəs üçlük” ideyasına yuvarlanarkən, İsa peyğəmbərin də təbliğ etdiyi ən əsas missiyadan, vəhdət ideyasından uzaqlaşmış oldular. Və nəticədə həqiqi xristianlığın yerini tutmuş, mənimsəmiş olan kilsə ideologiyası həm elmin, həm də fəlsəfənin əleyhinə yönəlmiş oldu. Türklər İslamı qəbul etməzdən əvvəl də təkallahlı dünyagörüşünə malik olmuşlar. Və məhz bu arqument türk mentalitetini lap qədimdən fəlsəfi düşüncə üçün əlverişli edib.

Öncə müəyyənləşdirilməlidir ki, “türk fəlsəfi fikri” dedikdə, biz nəyi nəzərdə tutacağıq. Burada iki yanaşma ola bilər. Ya milliyyətcə türk olanların yazıb-yaratdıqlarına türk düşüncəsi, türk fəlsəfəsi demək olar. Ya da müəllifin etnik-milli mənşəyindən deyil, yazdıqlarının məzmunundan və hansı xalqın mentalitetinə uyğun olmasından çıxış etmək olar. Orta əsrlərdə və qədim dövrdə milli-etnik mənsubiyyətin müəyyənləşdirilməsi elə də asan məsələ deyil. Əvvəla, gah bir, gah da başqa imperiyanın tərkibinə daxil olan xalqların etnik kimliyi milli dövlətlə müəyyənləşdirilə bilmədiyindən, yazı mədəniyyəti yetərincə inkişaf etmədiyindən, tarixi salnamələrdə xalqların deyil, padşahların prioritetliyi hökm sürdüyündən, hamının o dövrdə qəbul olunmuş ənənəvi dildə yazmasından dolayı milli-etnik mənsubiyyət xeyli dərəcədə arxa planda idi. Orta əsrlərdə bizim bölgədə şeir dili olaraq fars dili, elmi dil olaraq isə ərəb dili mütləq üstünlük təşkil edirdi. Təbii ki, türk mütəfəkkirləri də həmin dillərdə yazmaq məcburiyyətində idilər. Deməli, etnik-milli kimlikdən daha çox hansı dildə yazmaq və hər hansı bir əsərin hansı dildə yaradılmış bir abidə kimi tarixdə qalması önəm kəsb edirdi. O dövrdə yaradılmış fəlsəfi fikrin də Qərbdə “ərəb fəlsəfəsi” kimi təfsir edilməsi təəccüblü deyil. Bir ingilis və ya alman üçün bunun elə bir önəmi də yoxdur.

- Belə məlum olur ki, müasir Türk fəlsəfəsi əvvəlki dövrlərdə yaranmış fəlsəfələrin cəmi və ya ekstrapolyasiyası kimi formalaşa bilməz. Bəs onda, Sizcə, Türk fəlsəfəsinin XXI yüzildə yenidən doğuluşu üçün hansı şərtlər tələb olunur?

- Əlbəttə, keçmişimizin, milli düşüncə ənənələrimizin, fəlsəfi irsimizin öyrənilməsi ilk əsas şərtlərdən biridir. Lakin fəlsəfə sadəcə bir fərdin və ya hətta bütövlükdə milli ruhun nəzəri ifadəsi olmaqla qalmır. Paradoksal haldır. Fəlsəfə, bir tərəfdən, zaman xaricindədir, yəni bütün dövrlərə aid olan məsələləri öyrənir, digər tərəfdən də, onun subyekti, yaradıcısı öz zamanının övladı olduğuna görə, fəlsəfə də bu təsirdən tam azad ola bilmir. Subyektə gəlincə, ilk növbədə belə bir sual ortaya çıxır ki, müasir türklər nə dərəcədə ənənəvi türk düşüncəsinin daşıyıcılarıdır? Yəni biz qatışıqlardan xilas olub məhz özümüz kimi düşünə bilərikmi? Həm də onda belə çıxmırmı ki, biz bir türk kimi düşünmək üçün öncə öyrəndiyimiz təlimlərdən, məsələn, yunan və ya alman fəlsəfəsindən imtina etməliyik? Yaxud bəlkə bunun üçün ən yaxşısı elə fəlsəfə tarixindən xəbərsiz olmaqdır? İstənilən halda biz kənardan aldığımız biliklərin təsirindən xilas olub öz gerçək duyğularımız, təəssüratlarımız üzərindən fikir söyləyiriksə, bu fikirlərin məhz bizə məxsus olması və deməli, milliliyi daha az şübhə doğurur. Əlbəttə, burada o zaman millilikdən söhbət gedə bilər ki, fəlsəfi düşüncənin subyekti məhz milli mədəni-mənəvi varlığın daşıyıcısı olsun.

Keçmişdə yaradılmış əsərlərin, fəlsəfi irsin öyrənilməsi və təbliği həmin fikirlərin, təlimlərin bu günün tələblərinə uyğunsuzluğu səbəbindən səmərə verməyə də bilər. Yəni bugünün fəlsəfəsi bu gün  yaradılmalıdır. Adətən deyirlər ki, “keçmişi olmayan xalqın bu günü də yoxdur”. Amma bugünümüz sadəcə keçmişimizin davamı ola bilməz. Həm də öncə bu keçmişə sahib çıxmaq lazımdır. Sahib çıxa bilmək üçün isə, öncə öz varlığımızı təsbit etməliyik. Görünür, Əbu Turxan da məhz bu səbəbdən deyir: “Bugünü olmayan xalqın keçmişi də yoxdur”.

 

 

Günay ƏLİYEVA

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.10-11.