“Başa düşülməyəndə həyat çətin olur”

 

Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayıl “Media forum” saytının qonağı olub. Oktyabrın 22-də onun 55 yaşı tamamlanıb.

İlham İsmayıl 1957-ci ildə Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.

1982-ci ildən Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib.

MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur.

Evlidir. Bir oğlu, bir qızı var.

- İlham bəy, 55 yaş azdır, çoxdur?

- İnsan ömrünü nəzərə alsaq, çoxdur. Adətən yaşından asılı olmayaraq hər kəs ömrünün çox hissəsini yaşamadığını düşünür. Daxildə bunun belə olmadığını bilir, amma yaşamaq hissi güclü olduğundan hələ çox yaşayacağını düşünür. İnsanda yaşamaq eşqi çox güclüdür. Ramiz Rövşənin buna yazılmış çox gözəl sözləri var:

 

Min illərdir ölə-ölə,

Öldüyünü bilə-bilə,

Doğulursa, insan hələ -

İnsan Allahdan böyükdür!

 

İnsan bilir ki, müəyyən vaxtdan sonra həyatda olmayacaq. Amma yaşamaq uğrunda mübarizə aparır.

- Yaşadığınız həyat sizi yormayıb ki?

- “Uzun, incə bir yoldayam, gedirəm gündüz, gecə” və “Ömrümün günlərini zamanın ovcundan yollara tökə-tökə”. Aşıq Veysəlin və Rəsul Rzanın söylədikləri kimi, bu, həyat yoludur və həyat məni yormayıb. Hələ çox görə biləcəyimi düşünürəm, təəssüf ki, hələlik bunun üçün cəbhəm yoxdur. Universiteti bitirdikdən sonra dövlət orqanlarında çalışmışam. İlk dəfə rayon komsomol komitəsində işə başlamışam, daha sonra Dövlət Təhlükəsizlik Komitəsində işləmişəm. Yəni müəyyən qədər idarəetmə təcrübəm var. İndi artıq qazandıqlarımı cəmiyyətə qaytarmaq istəyirəm. Düzdür, ixtisasca jurnalistəm, yazılar yazıram, amma bunu yetərli hesab eləmirəm. O vaxt Qarabağ döyüşlərində iştirak edəndə nə vaxtsa müharibə veteranı adı alacağamı düşünmürdüm. Hətta həmin dönəmdə çətinliklərdən ləzzət aldığımı da deyə bilərəm. Mən ölkəm üçün çalışmağı davam etdirmək istəyirəm. Amma elə bil ki, qarşıma bir sədd çəkilib.

- İndi hansı sahədə çalışmaq istərdiz?

- İnsan yaşlaşdıqca müdrik qərarlar qəbul edə bilir. Məsələn, bu gün xüsusi xidmət orqanlarında işləsəydim, o sistemdə yeniliklər etmək istəyərdim. Dediyim kimi, idarəetmə təcrübəm var, təvazökarlıqdan uzaq olsa da, bu işi yaxşı bacarıram. Mən Milli Təhlükəsizlik Nazirliyində çalışanda kiçik kollektivlərə başçılıq etmişəm, amma işim çox məsuliyyətli idi. Yüksək idarəetmə qabiliyyətini işin məzmunu tələb edirdi.

Sumqayıt hadisələrindən bir qədər əvvəl Gəncədə ermənilərə qarşı narazılıqlar başlanmışdı. Əhali ermənilər yaşayan yerlərə getmək, onları şəhərdən qovmaq istəyirdi. Mən o insanları sonrakı problemlərdən qorumaq üçün keçirilən mitinqdə ilk çıxış edən oldum. Eyni şeylər Xanlarda da baş verdi və mən orda da əhalini yığıb çıxış elədim.

Amma hadisələr gərginləşən günlərdə, Şuşaya ezamiyyətim zamanı Mədəniyyət Evinin qarşısındakı mitinqdə əhalini baş verənlərə etiraz etməyə səslədim. Halbuki camaatı sakitləşdirməyə göndərilmişdim. Ümumiyyətlə, ekstremal situasiyalarda idarəetmə fərqli bir qabiliyyətdir.

Azərbaycanda situasiyanın bu gün də gərgin olduğunu düşünürəm. Ən azı ona görə ki, Qarabağ hələ də işğal altındadır.

- Təhlükəsizlik sistemində yeniliklər etmək istədiyinizi söylədiniz. Məsələn, nə kimi yeniliklər?

- İlk növbədə münasibətlər yenidən qurulmalıdır. Mən ancaq peşəkar kadrları seçərdim, tanışlıqla heç kimi işə götürməzdim. O sistemin əməkdaşları fərqli olmalıdırlar. Çox təəssüf ki, hazırda mən o fərqi görmürəm. Biz bir növ gözəgörünməz idik. Amma indi MTN-çilər çox üzdədirlər.

- Pisdir bu?

- Yaxşı məqsədlə gözə görünəndə yenə eybi yox, məkrli məqsədlərlə üzdə olmaq, əlbəttə ki, pisdir.

- Məkrli məqsəd deyəndə nəyi nəzərdə tutursuz?

- Bəzi fəaliyyət istiqamətlərini. Əvvəllər milli təhlükəsizlik əməkdaşları xırda məsələlərə - polisin, prokurorluğun səlahiyyətində olan məsələlərə qarışmazdılar, amma indi belə deyil. Bir də mən xüsusi xidmət orqanlarını korrupsiyasız qurumlar kimi görmək istərdim.

- MTN-də çalışmaq sizin şəxsiyyətinizə hansısa şəkildə təsir etdimi?

- Təsir etmək təhlükəsi yarandığı üçün işdən ayrıldım. Haqsızlıq, ədalətsizlik gördüm orda. Mən nazirlikdə şöbə müdiri vəzifəsində işə başlayanda respublikada vəziyyət çox mürəkkəb idi, bir qədər sonra 1994-cü ilin 4 oktyabr, ardınca da 1995-ci ilin mart hadisələri baş vermişdi. Hər iki insident üzrə təhqiqat komissiyasının üzvü olmuşam. O zaman araşdırmalarda haqsızlıq elementləri görüb şəxsən nazirin özünə etirazımı bildirdim, o da buna görə həbs olunacağımı söylədi. Amma mən göz görə-görə insanlara qarşı haqsızlıq edə bilməzdim...

- Yəni?

- Yəni o hadisələrdə iştirak etməyən adamları günahkar çıxara bilməzdim. Bəziləri hesab edirlər ki, onda mən karyera naminə işdən çıxıb müxalifətə keçmişəm. Amma bu, səhv fikirdir. Nazirlikdə növbəti vəzifəm idarə rəisi olacaqdı, sonrakı mərhələdə nazir müavini də təyin oluna bilərdim, yəni artıq mənim bəlli bir karyeram və onu yüksəltmək şansım vardı. Bunun üçün rəhbərliyin əmrlərini sözsüz yerinə yetirməyim lazım idi, mənsə bununla razılaşmadım. Onlar da bunu qəbul etmədilər və biz xudahafizləşdik.

- Buna qədər necə, hər şey normal idimi?

- Buna qədər də problemlər olmuşdu. Məsələn, Xanlar rayonun kuratoru olanda raykom katibi ilə vuruşmalı olmuşdum. O, sırf bürokratik mövqe tutub israr edirdi ki, xeyli sayda erməni yaşayan Çaykəndinin əhalisini köçürmək olmaz, xalqlar dostluğu nəzərə alınmalıdır... Mənsə real situasiyanı görürdüm, MTN rəhbərliyinə bunun vacib olduğunu söyləmişdim. Buna görə o mənə qarşı cəbhə açmışdı, əleyhimə şikayətlər yazıb göndərirdi.

1 il 6 ay ərzində ölkədə neçə dövlət başçısı dəyişdi. Belə bir vəziyyətdə icra başçıları ilə işləmək çətin idi. Məsələn, Şəmkirin bir icra başçısı vardı. O adamı başa salmaq olmurdu ki, rayon bankını sənin istədiyin hər hansı bir mühasib yoxlaya bilməz. O da məndən prezidentə qədər şikayət edirdi.

- Ötən 55 illə bağlı məmnunluğunuz çoxdur, məyusluğunuz?

- Məyusluq daha çoxdur. Gördüyün işlərin nəticəsi olmayanda məyusluq çox olur. Amma bütün bunlar bir tarix olduğu üçün məmnunluq da var.

- Keçmişdə etdiyiniz hansı hərəkəti bu gün təkrarlamazdınız?

- Təbii ki, keçmiş barədə düşünürəm, amma dərinə getmirəm. Gələcəyə baxmağa çalışıram. Keçmişlə bağlı məyusluğu çox yaxına buraxsam, sınaram, məhv olub gedərəm...

- Daha çox kimdən narazısız - özünüzdən, yoxsa başqalarından?

- Qiymətləndirilməmək, verdiyin əməyin qarşılığında “sağ ol” eşitməmək adamı incidir. Hər bir insanın bu kəlməyə ehtiyacı var...

Mən təqaüd almıram. Deyirlər ki, 5 ay stajın çatmır. Bəlkə də düzgün hesablasalar, çatar. Tutalım, həqiqətən çatmır. Axı mən müharibə veteranıyam, ən azı bunu nəzərə almaq olmazmı? Adam pis olur... “Rembo” filmində bir səhnə var, bunu bir yazımda da yazmışam - orda Rembodan soruşurlar ki, vətənə bu qədər böyük xidmətlər göstərəndən sonra niyə indi hər yeri dağıdır. O da cavabında vətəni çox sevdiyini, ancaq vətəndən sevgi görmədiyini söyləyir. Yəni “sağ ol” sözünü hamı gözləyir.

- Qarabağda nə qədər oldunuz?

- Hadisələr başlanandan ta axıra kimi. MTN-in xüsusi təyinatlı dəstəsində pulemyotçu idim. Tovuz-Xanlar-Goranboy bölgəsində vəziyyət çox gərgin idi. O günlərlə bağlı “Unudulmuş qələbə” adlı kitab da yazmışam. İnşallah, bir gün çap elətdirərəm.

- Niyə indi çap elətdirmirsiz ki?

- Maliyyə probleminə görə.

- Daha nələr haqda yazmaq istərdiz?

- Hazırda mən ancaq yazmaq istəyirəm. Sadəcə vaxt yoxdur. Çox istərdim ki, kəndimizə gedim və durmadan yazım.

- Yalnız ictimai-siyasi hadisələrdənmi?

- Yox, niyə ki? Sevgidən də yaza bilərəm.

- Məsələn, ilk sevginizdən?

- Ola bilsin... Tələbəlik illərimdən, DTK, MTN-də xidmət etməyimdən də yazmaq istəyərdim. Diplom işim ədəbi tənqid və müasir ədəbiyyat qarşısında qoyulan tələblər mövzusunda idi. Rəyçim Şirməmməd Hüseynov idi, rəyində komissiyadan xahiş etmişdi ki, onu ən yaxşı diplom işi kimi qiymətləndirsinlər. Universitetdə qalmağımı çox istəyirdilər, amma alınmadı, təyinatla rayona gedəsi oldum, Bərdənin “Kommunizm yolu” qəzetinə təyinat vermişdilər.

Yəqin xatırlayırsız, “Gün keçdi” filmində Əsmər Oqtaydan divardakı rəsmi soruşur. Oqtay cavab verir ki, “Günəş” sarayıdır, nə vaxtsa tikəcəm. Soruşanda indi nə işlə məşğulsan, “Rayon hamamlarının layihəsini çəkirəm” deyir. Qatarla rayona gedəndə bu epizod yadıma düşmüşdü, çünki “Literaturnaya qazeta”, “Komsomolskaya pravda” oxuyub o qəzetlərin ruhuna uyğun yazılar yazan jurnalist olmağı arzulayırdım.

- Müsahibəyə başlamazdan əvvəl də “Gün keçdi”dən danışmışdız. Deyəsən, çox sevirsiz bu filmi.

- Elədir, çox sevirəm. Demək olar ki, əzbər bilirəm.

- İlk məhəbbətiniz Leyla Şıxlinskaya olub yoxsa?

- İlk dəfə bu filmə 13 yaşımda baxmışdım, Əsmərə - Leyla Şıxlinskayaya vurulmuşdum. Qızımın adını da Əsmər qoymuşam.

- Heç vaxt yazmayacağınız, yaza bilməyəcəyiniz nələrsə varmı?

- Var. MTN-dən ayrıldıqdan sonrakı siyasi fəaliyyətimlə bağlı bəzi məsələlər var ki, onlardan heç vaxt yazmayacam.

- Niyə?

- Çünki fərdi məsələlərdir, onları yazmağa ehtiyac yoxdur.

- Şəxsi həyatınızla bağlı da yazmayacağınız şeylər varmı?

- Yox, yoxdur. Mən ailə qurandan sonra ancaq xanımımı sevmişəm, ona sadiq olmuşam həmişə.

- Sizə həm də buna görə “sağ ol” düşür.

- Həyatdan ləzzət almaq gözəl münasibətlərdən, təbiətdən ləzzət almaq deməkdir. Mən doğmalarımın, dostlarımın məni yaxşı mənada anacaqlarını bilirəm. Ola bilsin, kimsə pis xatırlayacaq, çünki hamıya yaxşılıq eləmək mümkün deyil. Heç vaxt heç kəsə quyu qazmamışam. Ona görə də əvvəllər çalışdığım yerlərə həmişə çox rahatlıqla gedirəm və bundan ləzzət alıram.

Mən həyatın hətta ən adi hadisələrindən də zövq alıram. Məsələn, başqa bir sürücüyə yol verəndə onun təşəkkür əvəzi mənə əl yelləməyindən, yağışın yağmağından, küləyin əsməyindən...

- O zaman sizə optimist demək olar.

- Geniş mənada yox. Hərçənd ümidsiz də deyiləm. Sadəcə, məsuliyyətli adamlar optimist ola bilmirlər. Çünki həmişə o məsuliyyətin yükü altında qalırlar.

- Belə adamlara yaşamaq çətin olur amma.

- Çox çətindir. Yenə bir filmdən misal çəkmək istəyirəm. “Bazar ertəsinədək gözləyək” filmində şagirdlərdən biri “Mənə görə xoşbəxtlik odur ki, səni başa düşsünlər” cümləsini yazır dəftərinə. Sonra da “mənə görə” sözünün üstündən xətt çəkir. Mən də belə düşünənlərdənəm. Çox istəyirəm ki, məni başa düşsünlər. Başa düşülməyəndə həyat çətin olur.

 

 

525-ci qəzet.- 2012.- 25 oktyabr.- S.8.