Mətbuatın mənzərəsi və jurnalistika hazırlığı mühiti: ümumi nəzəri rakursdan baxış

 

– Akif müəllim, hansısa bir əcnəbi Azərbaycanın əsl sosial-iqtisadi, siyasi, mədəni vəziyyətini öyrənmək istəsə, hansı mətbuatla tanış olmalıdır?

– Maraqlı yanaşmadır. Doğrudan da əgər bir əcnəbi əsl Azərbaycanla tanış olmaq istəyirsə hansı qəzeti oxumalıdır? Müxalifət qəzetini oxusa, ona elə gələcək ki, ölkə dağılır. İqtidar qəzetlərini  oxusa, elə biləcək ki, hamı süd gölündə üzür. Bax, bu baxımdan neytral, müstəqil mətbuatın əhəmiyyəti burada bir daha  özünü göstərir. Mətbuat neytral olmalıdı, qərəzli yanaşmamamalıdır, eyni zamanda tərifləyib göylərə qaldırmamalıdır. Bu baxımdan belə bir arzusu olan əcnəbiyə “Ayna-Zerkalo”nu, “525-ci qəzet”i, “Şərq”i və bir sıra başqa qəzetləri məsləhət görərdim. Bunlarda neytrallıq qorunur, informativlik əhatəlidir. Bu kimi nəşrlərdə həm inkişaf, həm nöqsanlar öz əksini tapır.

– Söhbətinizdən belə çıxır ki, SSRİ dövrundə, respublikalarda mətbuat hamısı bir-birinə bənzəyib- ideoloji xətti işıqlandırmaq baxımından, eləcə də zəhmətkeşlərin əmək yarışların işıqlandırmaq uğrunda yazı yarışları...

–Demək olar ki, eləydi. Təsəvvür edin ki, Kommunit Partiyasının Mərkəzi Komitəsinin mətbu orqanı  olanPravda” qəzetinin-nəşr tarixi-5 may bütün SSRİ ərazisində mətbuat günü kimi qeyd edilirdi. Gürcü də, türkmən də, qazax da, özbək də, tatar da, biz də və sair. Amma bu respublikalar müstəqillik qazandılar və hər biri öz milli mətbuat gününü qeyd eləməyə başladı. Gec-tez belə də olmalı idi. Çünki həqiqətləri uzun müddət gizləmək, insanları süni dəyərlərlə əbədi olaraq yaşamağa məcbur etmək olmaz. 

Akif müəllim, sovet dövründə auditoriyalarda milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, eləcə də digər demokratik fikirli ziyalılarımız, mətbuat fədailərimiz haqqında söhbət açılırdımı?

– Əlbəttə, “Əkinçi” qəzetinin yaradıcısı olaraq Həsən bəy Zərdabinin adını çəkirdik. Amma çox qabardılmağa icazə verilmirdi. SSRİ dağılandan sonra Əziz Mirəhmədovun MoskvadaLiteraturnaya qazeta”nın suallarını cavablandırmışdı. “Günahımı yumaq istəyirəm” adlı müsahibədə qeyd edirdi ki, biz bilə-bilə Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ziyalılarımızı damğalayırdıq. Bilirdik. Lakin şərait, dövr belə tələb edirdi. İndi ki, müstəqillik qazanmışıq, gərək günahlarımızı yuyaq, səhvlərimizi düzəldək”. Adını çəkdiyiniz o şəxslər haqqında indiki kimi danışmaq olmurdu. Həsən bəyə Zərdabini milli qəzetimizin yaradıcısı kimi öyrənirdik və öyrədirdik, amma indiki kimi milli mətbuatımızın banisi kimi təqdim etməyə icazə verməzdilər. Müasir dövrdə prezidentimizin sərəncamları ilə “Əkinçi” qəzetinin bütün böyük yubileyləri qeyd olunur, amma o vaxt buna səthi yanaşılırdı, təmtəraqlı yubileylərdən qətiyyən söz belə gedə bilməzdi. Yaxud da demokratik fikirli ziyalılarımızın əksəriyyəti repressiyaya qurban getmişdilər, sürgün olunmuşdular, mühacirətdə yaşayırdılar, onlardan necə danışa bilərdik? Təbii ki, burada da məqsəd milli şüurun oyanmasının, millətin öz kimliyini dərk etməsinin qarşısını almaq məqsədi güdürdülər. Həmin dövrə aid adicə bir faktı yadınıza salım. SSRİ-də bir məhsul istehsal olunurdusa, ən müxətilf respublikalardan hissələri gəlirdi, tamam başqa respubilkada o məhsul yığılıb başa çıxırdı. Bu da qəsdən edilirdi, rəhbərlik sabahı fikirləşirdi, gələcəkdə respublikalar müstəqil olmaq fikrinə düşməsinlər, suveren olmaq istəyəndə də bir-birilərindən, eləcə də Rusiyadan asılı vəziyyətdə olsunlar. Bu sovet Rusiyasının “parçala, hökm sür” siyasəti idi. Necə ki, tərkibinə daxil olan ölkələrdən çıxmazdan əvvəl orada etnik münaqişə ocaqlarını qalayıb çıxmışdı. İndiRusiya bu münaqişə faktorlarından istifadə edib müəyyən regionlarda öz məkrli siyasətini yeridir.

– Azərbaycan müstəqillik qazanandan sonra mətbuatımızda hansı tendensiyalar özünü göstərdi?

– 1987-ci ildə yenidənqurma artıq Azərbaycana da gəlib çıxdı. Dövr üçün yenidənqurma, Qorbaçovun öz sözü ilə desək, vaxtı çatmış bir məsələ idi. Həmin vaxtlar SSRİ-də çörək üçün növbəyə durduğumuz, talonla ət aldığımız günlər idi. SSRİ-də sosializm yarışı adı altında camaata yalanlar yedizdirilirdi. Vəziyyət gərgin idi. Bu gərginliyi gördüyü üçün Qorbaçov yenidənqurma ideyasını ortaya atdı. Həmin vaxtlarda Mərkəzi Komitənin bir nömrəli qəzeti “Pravdada bir məqalədə yazılmışdı: “Kolxozçuları kolxoz yığnağına gətirmək üçün onlara üç manat pul verilirdi. O vaxt üç manata yarım litr araq almaq olurdu”. Bu, mənim yox, “Pravda”nın müxbirinin müqayisəsidir. Onlar da maşallah (!) içən olduqları üçün müqayisəni araqla aparırdılar. O vaxt o yazını görəndə biz çox təəccüblənmişdik. Axı hələ SSRİ dağılmamışdı. Amma hiss edirdik ki, təəccüblənməyimizə səbəb olanlar yenidənqurmanın təzahürləridir. Qorbaçovun o vaxt bir sözü vardı: proses başladı. Bəli, proses başlamışdı. Bu yazının “Pravdada getməsi artıq başqa respublikalarda da milli ayılmanın başlanğıcına rəvac verirdi. Yenidənqurma prosesi adı altında baş verənlər bizim mətbuatımıza da təsirsiz ötüşmədi. O vaxt Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetində kəskin yazılar verməyə başladı. Bu yazılarda korrupsiyadan da, rüşvətdən də söz açılırdı. Mərkəzi Komitədən gördülər ki, Nəcəf Nəcəfov kəskin mövzulara toxunur, ona görə də rəhbərlik onu qəzetdən uzaqlaşdırdı. Biz indi də mühazirələrdə tələbələrə deyirik ki, “Molodyoj Azerbaydjana”mətbuatımızda  rəsmi qəzetdən qeyri-rəsmi qəzetə keçidin əsasını qoyub. Bu qəzet hələ SSRİ dağılmamış müstəqilliyə doğru addım atmağa başlamışdı. Yerinə də ayrı adamlar gətirdilər ki, bu qəzeti əvvəlki məcrasına qaytarsın. Bundan sonra Nəcəf Nəcəfov “Azadlıq” qəzetini təsis etdi. O vaxt Sabir Rüstəmxanlı da təxminən eyni vaxtda “Azərbaycan” qəzetini buraxdı. Hər iki qəzetdə  dövr üçün xarakterik olmayan, o vaxta qədər heç yerdə rast gəlmədiyimiz  kəskin yazılar çap olunurdu. O vaxt çap olunan bir yazı heç yadımdan çıxmır: On beş respublika uzanıb, üstlərinə yorğan salıblar. Azərbaycanın ayağı isə çöldə qalıb. Müqayisə edilirdi ki, Azərbaycan ayağını yorğanına görə uzatmır. Beləliklə, Azərbaycanda hələ Sovetlər birliyi dağılmamış müstəqil mətbuatın əsası qoyulurdu. Adını çəkdiyim və çəkmədiyim bir sıra qəzetlər artıq yavaş-yavaş azadlıq ab-havasını bizə gətirirdi. Milli azadlıq hərəkatının formalaşmasında da o qəzetlərin böyük rolu vardı.

– Belə burulğanlardan çıxmış Azərbaycan mətbuatının indiki dövrünü necə qiymətləndirirsiniz?

– Müəyyən mənada mətbuatımızda inkişaf var. O inkişafın müqabilində nöqsanlar da var. Bizim mətbuatımızda reklam bazarı bərbaddır. Bu gün Azərbaycan mətbuatının ən yaralı yeri, mənim fikrimcə, iqtisadi asılılığıdır. qədər ki, Azərbaycan mətbuatı iqtisadi asılılıqdan qurtarmayıb, tam mənasında inkişaf edə bilməyəcək, müstəqil ola bilməyəcək. Ümumi rakursdan yanaşsaq, deməzdim ki, fikir, söz azadlığı, plüralizm yoxdur, var. Elə qəzetlər var, elə mövzuları işıqlandırır ki, burada tamamilə plüralizmi əks etdirir.  Bizdə indi cəmiyyətin demokratikləşməsi prosesi gedir. Mətbuatımızın da müstəqilləşməsi, demokratikləşməsi buna uyğun gedir. Əlbəttə, 200 illik dövlətçilik tarixi olan ABŞ-la, yaxud da Avropa ölkələri ilə müqayisələr aparmaq düzgün olmazdı. Hər bir cəmiyyətin özünəxas inkişaf qanunları var. Həm nəzərə alaq ki, özünü tam demokratikləşmiş hesab edən ölkələrdə hərdən elə situasiyalar baş verir ki, deməyə söz tapmırsan. Məsələn, götürək Fransanı. Ermənilərin uydurma soyqırımını tanımayanların məsuliyyətə  cəlb olunması ilə bağlı qanun az qala qəbul olunurdu. Avropanın mərkəzində belə bir cəfəngiyyat mövzuya çevrilirsə, hansı demokratiyadan, söz, fikir azadlığından söhbət gedə bilər? Amma Fransanın Konstitusiya Məhkəməsi tam demokratik bir ölkənin hakimiyyət qolu kimi bunu ləğv elədi, fikir, söz azadlığının təmininə nail oldu. Nöqsanların mövcudluğuna baxmayaraq, hazırda demokratik dəyərlərə söykənən mətbuatımız inkişafdadır.

Akif müəllim, son dövrlərdə insanların  informasiya mənbələrinin sayı artıb. Onlayn, sosial media ənənəvi mətbuatı qabaqlamaqdadır, hətta qəzet dönəminin sonundan danışırlar. Buna münasibətiniz?

Qəzet oxuyanların sayının xeyli azaldığını demək olar. Amma bəzilərinin dediyi kimi, qəzet erası bitməyəcək. Ola bilsin ki, tamamilə arxa plana keçəcək. Şəxsən mən özüm informasiyanı əsasən qəzetlərin internet versiyasından oxuyuram. Ancaq bəzən lazım olanda qəzet alıram. Ona görə ki, bəzi qəzetlərin saytlarında yazıların başlığını görürəm, amma ardını vermirlər, başlığı xoşuma gələndə yazı ilə tanış olmaq üçün qəzeti almalı oluram. Hər halda fikrimcə, qəzetlər aktuallığını itirəcək, amma tamamilə sıradan çıxmasına inanmıram. İnternet medianın inkişafı isə mütləq qəzetlərin satışına mənfi təsir göstərəcək. Həqiqətən onlayn media özünün inkişaf dövrünü yaşayır əksər informasiya mənbələrindən öndədir.

 

 

(Ardı var)

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 30 oktyabr.- S.6.