Dağlıq
Qarabağ haqda Azəri
xanımın bildikləri
Əslən
azərbaycanlı olan fransız yazıçısı Baninin
(Ümm el Banin) Fransanın “Lö Monde” qəzetinin 20 yanvar
1990-cı il nömrəsində çap olunmuş bir məqaləsi
məni təəccübləndirmişdi. Çünki
yazı qanlı yanvar günü çap olunsa da, hadisə
haqda heç bir məlumat yox idi. Ola bilər ki, məqalə
qəzetə əvvəlcədən təqdim olunmuş, lakin
onu 20 yanvar faciəsi ilə əlaqədar həmin gün dərc
etmişdilər. Baninin əsərləri
gec də olsa, Azərbaycan oxucularına təqdim olunub.
90-cı illərdə onun “Qafqaz Günləri” və “Paris
günləri” romanlarını fransızcadan dilimizə tərcümə
edib oxuculara çatdırmışıq. İndi isə onun
“Lö Monde” qəzetində çap olunmuş cəsarətli
məqaləsinin tam mətninin tərcüməsini təqdim
edirəm. Hamlet QOCA
Ümm El BANİN
Bu
tikanlı Dağlıq Qarabağ problemi həmişə ancaq
ermənilərin qərəzli nöqteyi-nəzəri əsasında
təqdim olunub.
Əslində
isə Qarabağ və Dağlıq Qarabağ (azəri dilində
Qara bağ deməkdir və bu da oranın mənşəyi
haqda həqiqəti açır) heç vaxt ermənilərə
mənsub olmayıb. Dağlıq Qarabağda erməni əhalinin
çoxluq təşkil etməsi isə XIX əsrdə
çar 1-ci Nikolay ilə İran şahı arasında
çoxsaylı erməni əhalinin İrandan Qarabağa və
Zaqafqaziyaya köçürülməsi haqda müqavilənin
imzalanması oldu ki, bu da şiə İranda xristian əhalinin
sayının azalmasına xidmət edirdi. Ermənilərin
iddiaları 1918-ci ildən, Rusiyada vətəndaş
müharibəsi nəticəsində Rusiyadan ayrılaraq
öz müstəqilliklərini elan etmiş Gürcüstan,
Azərbaycan və Ermənistan respublikalarının
yaranmasından sonra başladı. Əvvəllər isə,
XIX əsrin əvvəlindən bu ölkələr rus
imperiyasına mənsub idilər və heç bir iddia irəli
sürə bilməzdilər. 1920-21-ci illərdə bu
respublikalar sovetləşmiş Rusiya tərəfindən yenidən
zəbt olundular və ümumi rejim qaydalarına tabe
oldular. Buna baxmayaraq,1920-ci ilin
sonlarında Ermənistan
Qarabağ məsələsini qaldırdı. Bu dəfə
o, ərazinin beşdə birini, yəni erməni əhalinin
çoxluq təşkil etdiyi Dağlıq Qarabağı tələb
etdilər. Bu tələblərə görə, 1921-ci il
iyulun əvvəlində Kommunist Partiyasının Qafqaz
bürosu belə bir dilemma qarşısında qaldı:
“Dağlıq Qarabağa toxunmamaq (qeyd edək ki, bu “toxunmamaq”
ifadəsi sübut edir ki, bu ərazi həmişə Azərbaycana
mənsub olub), yaxud Ermənistana birləşdirmək. Əvvəlcə
ikinci təklifə üstünlük verilirdi, amma Nərimanovun
başçılıq etdiyi azəri hökuməti tələb
edirdi ki, məsələyə Moskvada qərar verilsin və
Orconikidze ilə Nazaretyan məsələni tarixə
salmağı qərara alırlar. Beləliklə,
Dağlıq Qarabağın Azərbaycanla qalması qərarı
ermənilərin israr etdiyi kimi, Stalindən gəlməyib. Amma
o, bu işi taktiki səbəblərə görə edə
bilirdi: Dağlıq Qarabağın ermənilərə verilməsinin
əvəzində gürcülərin bəzi ərazi tələblərini
də dəstəkləyərdi (unutmayaq ki, onun özü də
gürcü idi). Lakin Nərimanovun məsələyə
şəxsən Leninin baxması tələbi
qarşısında geri çəkilməli oldu. 1921-ci ildən sonra isə paradoksal
bir vəziyyət yarandı: Ermənistanda (altı yüz min)
və Gürcüstanda (beş yüz min) yaşayan azərilərə
muxtariyyat verilmədiyi halda Qarabağda yaşayan ermənilərə
muxtariyyət verildi.
Heç kimin dilə gətirmədiyi
məsələ
Onu
da unutmayaq ki, son minillikdə Ermənistan ancaq 1918-1920-ci illərdə
müstəqil olub, qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ
heç vaxt onun tərkibində olmayıb. Onu özünə
birləşdirmək cəhdində Ermənistan iqtisadi,
sosial, yaxud dini məqsədlərə deyil, ancaq öz ərazisini
genişləndirmək məqsədinə xidmət edirdi.
Heç kimin dilə gətirmədiyi və özüm
şahidi olduğum məsələdən də
danışmaq istəyirəm. Osmanlı imperiyasında ermənilər
əzilmiş və intiqam ala bilməmişdilər. Azərbaycanda
isə başqa şərait yaranmışdı. Burada onlar
bir növ intiqam almaq imkanı qazanmışdılar. Biri
müsəlman, digəri xristian olan iki millətin
toqquşması və bir-birini qırmasında ruslar heç
bir qəbahət görmürdü. Elə buna görə də
1905-ci ildə, birinci inqilab vaxtı, inqilabçılardan kömək
alan ermənilər azəri əhalini qırıb məhv etməyə
başlamışdılar. Hamilə olan anam Bakıdan uzaq bir əyalətə,
həkimi və xəstəxanası olmayan bir yerdə
sığınacaq tapıb, orada doğmalı olub və
doğuş vaxtı ölüb. Doğulan uşaq mən
olmuşam. 1918-ci ildə, oktyabr
inqilabı vaxtı sol təmayüllü
daşnaksütunçü ermənilər, bu dəfə
qırmızıların köməyi ilə, azəri əhalini
qırmağa başladılar. Mənim ailəm isə bu dəfə
böyük çətinliklə İrana qaçmaq məcburiyyətində
qaldı.
Qeyd:
Madam Banin azəri əsilli yazıçıdır,
Fransada yaşayır.
Lö
Monde, 20 yanvar 1990, şənbə
525-ci qəzet.- 2012.- 30 oktyabr.- S.4.