Abbas Zamanovun
“ustad dərsləri”
GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS
ALİM KEÇMİŞ ÇEKİSTDƏN CAVİDİN
QİSASINI NECƏ ALDI?
– Gəl
bir az gəzişək. Bu gün yaxşı hava var. Heç
yay havasına oxşamır. Həm də sənə bir
söz demək istəyirəm.
Abbas
Zamanov qoluma girib asta, ehtiyatlı addımlarla irəliyə
doğru yeriməyə başladı.
...Avqustun
ortaları olsa da, hava sərin idi. Yazıçıların
Şüvəlandakı Yaradıcılıq Evinin həyətindəki
bağçada çiçəklər deyəsən təzədən
açmışdı. Yaxınlıqda dalğaları sakitcə
xışıldayan dənizin yalnız sövq-təbii hiss
ediləcək nəmişliyi bu bağçadakı
çiçəklərin ətrinə
qarışmışdı.
O il mən
birtəhər yollayış əldə etmişdim. Hələ
Yazıçılar Birliyinin üzvü olmadığım
üçün həmkarlar təşkilatı boynuma minnət
qoymuşdu. Artıq mənim ilk kitabım çapdan
çıxmışdı və olsun ki, müraciət etsəydim,
İttifaqa üzv də seçilə bilərdim. Amma
yazı-pozu ilə məşğul olan
tanışlarımın “üzv olmaq üçün” o
mötəbər təşkilatın yerləşdiyi binaya
illər uzunu “ayaqdöydüsünün” şahidi olduğum
üçün çalışırdım ki, yolumu o tərəflərdən
az salım və ya heç salmayım. Amma istər-istəməz
yazılarımın çapıynan bağlı aradabir
İttifaqın, daha doğrusu, oradakı jurnal
redaksiyalarının qapısını döyməli olurdum.
Redaksiyada çalışan əksər adamların ifadəsiz
sifətini görəndən sonra o mötəbər
binanın mötəbərliyi də gözümdə tədricən
öləziyirdi.
Səksəninci
illərin ortasında (birdən yadıma düşdü ki,
söhbət ötən əsrdən gedir) dediyim o ilıq
avqust günü, günün axşama doğru getdiyi bir
vaxtda, yazıçıların Şüvəlandakı
Yaradıcılıq evinin həyətindəki
bağçada İshaq müəllim Əzizə xanımla
söhbət edir, Vaqif iti addımlarla həyəti o baş-bu
başa “ölçür”, Arif başına
yığışan adamlara Türkiyə ilə bağlı
boyat xatirələrini danışırdı. Daim həyətdə
olan Namiq müəllim gözə dəymirdi, olsun ki,
yaxınlıqdakı ərzaq dükanından “sursat” (burada qələm
əhli içkiyə belə deyirdi) almağa getmişdi. Bu əsnada
bayaqdan bəri həyətin ortasında dayanıb
şirin-şirin söhbətləşdiyi qadından (həmin
qadın onun həyat yoldaşı idi) Abbas Zamanovun birdən tələsik
addımlarla mənə yaxınlaşıb “bir söz demək”
istəməsi, mənə bir az qəribə gəldi və nədənsə
İshaq müəllimin arabir qoşa gəzən ahıllara
atdığı atmacanı xatırladım: “Abbas müəllim,
yenə xanımı salmısan çənənin
altına... Gəl bir hovur otur yanımızda, görək bir
nə edirik, nə etmirik, nə etməliyik?” Adətən, Abbas Zamanov cavabı ləngitməzdi:
“İshaq, niyə demirsən ki, arvad məni salıb çənəsinin
altına”.
İndi
Abbas müəllim ağlıma gələni üzümdən
oxuyubmuş kimi, zarafatla dedi:
–Həqiqətən,
sənə bir söz demək istəyirəm. İshaqın
sözü olmasın, elə ona görə arvadı çənəmin
altında çox saxlamadım.
Mən
Abbas müəllimin tələbəsi olmamışdım.
AmmaYaradıcılıq Evindəki ünsiyyətimiz az qala
dostluğa çevrilmişdi. Görünür, mənim Mirzə
Cəlil, Mirzə Ələkbər Sabir
yaradıcılığına bələdliyim,
bağlılığım onun xoşuna gəlmişdi.
Xatırımdadır, bir dəfə soruşdu ki, Mirzə Cəlil
haqda ilk kitabın müəllifinin kim olduğunu soruşanda
dedim ki, səhv etmirəmsə Mirzə İbrahimovdur. Abbas
müəllim gülüb demişdi: “Gör bir mənim
yaddaşım necə korşalıb, “Böyük demokrat”ı
untmuşam. Deyəsən, o, həmin vaxt dahi
yazıçının yaradıclığının tədqiqi
tarixi ilə bağlı nəsə yazırdı.
Hərdən
mənə deyirdi ki, sən filosofsan, bilərsən, filan məsələ
niyə elə yox, belə oldu? Mən utanardım.
–Yox, Abbas
müəllim, mən filosof deyiləm, olsa-olsa bu sahədə
adi tədqiqatçıyam.
– Nə fərqi
var ki? Bir də ki, filosoflar səndən artıqdır bəyəm?
Bilirəm, yazıçılığın da var. Neçə
kitabın çıxıb? Hə, demişdin, yadıma
düşdü, cəmi bir kitabın. Bu, azdır. İndi
çap olunmaq da çətindir. Gərək bir az
döyüşkən olasan.
Günlərin
bir günü isə işlədiyi universitetdə
“yuxarıdan gələn” dövlət nümayəndələrinə
necə hücum etməyini xatırladı:
– Ermənilər
Naxçıvanın qədim Ermənistan ərazisi olması
barədə iddia qaldırmışdılar. Daxili-xarici mətbuatda
bu barədə hədyanlar yazırdılar. Bizim başda
oturanlarımız isə ağızlarına su alıb
susurdular. Bir dəfə Universitetin geniş bir iclası
keçirilirdi, yerimdən qalxıb Sabirin dediyi bu “canlı dəyirmanların”
aşının suyunu verdim. Orada başqa vaxtlar
yaxalarını cırıb “vətən, millət” deyən
şair-yazıçıların da bostanına daş
atdım, dedim ki, Səməd Vurğun sağ olsaydı
qorxmazdı, ermənilərin cavabını layiqincə verərdi,
amma siz hamınız qorxursunuz, susursunuz. Yadımdadır
zaldakılar məni ayaq üstə alqışladı. Abbas
müəllim danışdıqca kəkələyir, hətta
aradabir nəfəsi təngiyirdi. Bəstə boyu onu uzaqdan
uşağa bənzədirdi. Elə uşaq kimi əlini-əlinə
vurub ürəkdən gülməyi də vardı.
O,
axşamlar həyətə yığışan adamlara,
xüsusən gənc qələm sahiblərinə, həyatdan
köçmüş və sağ olan görkəmli sənət
adamları ilə bağlı xatirələrini də
danışırdı. Əziz Şərif, Süleyman Rəhimov,
Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul
Rzanın həyat və yaradıcılığından ibrətamiz
detal və epizodlar hamının marağına səbəb
olardı. Onu incidən məsələrdən biri də
böyük tədqiqatşı Qulam Məmmədlinin
heç bir elmi ad almaması idi. “Kişinin oğlu əsl
alimdir, amma elmi ad vermirlər, nədi-nədi ali təhsili
yoxdur. Bəyəm Üzeyir bəyin ali təhsili vardı,
amma akademik idi, çünki dahiydi. Qulam da hər cür ada
layiq adamdır”-deyə, yana-yana danışardı. Mən indi həmin söhbətləri
məmnuniyyətlə və əminliklə professor Abbas
Zamanovun “ustad dərsləri” adlandıra bilərəm. Mənə
nəsə sözü olacaq Abbas müəllim sanki o anlarda
adamların gözündən uzaq bir yer axtarırdı. Nəhayət,
deyəsən belə bir yeri tapdı: Yaradıcılıq Evi
korpusunun, yəni yeddimərtəbəli sərt
görünüşlü binanın arxasında ayaq
saxladı. Bura sakit bir yerdi. Dəniz tərəfdən sərin
meh əsirdi. –Sənə bir söz deyəcəm. Amma
orda-burda danışma hələlik. Bəlkə də bir
vaxt danışmaq, hətta, yazmaq da olar. Mən indi bu əhvalatı
yaza bilmərəm. Yazsam da kimdir onu nəşr edən? Nəşr
edən tapılsa belə, onu cəzalandırarlar. Bir-iki
yaxın adama danışmışam. İndi də sənə
danışmaq istəyirəm. Hiss etmişəm ki,
etibarlı adamsan, özün də yazıçısan,
filosofsan, nə vaxtsa bunları qələmə alarsan. Mənim
özümü yox ey, mənim bu danışacağım əhvalatı.
Bu, əsl kino, pyes, roman süjetidir. Birdən elə fikirləşərsən
ki, bu kişi nədənsə qorxub-çəkinir, ehtiyat
edir. Yox. Qətiyyən. Sadəcə, istəmirəm ki, mənə
görə kiminsə başı ağrısın. Abbas
müəllim danışdıqca bayaqdan titrəyən səsi
indi sərtləşmişdi: sanki odda bərkimiş dəmir
parçaları bir-birinə dəyib cingildəyirdi. –Firuz,
oğlum, gizlətmirəm, həmişə Cavidin pərəstişkarı
olmuşam. Onun həyatı, yaradıcılığı daim
mənə örnək olub. Bu hökumət onu tutdu, zindana
atdı, sürgünə göndərdi. Onun tərcümeyi-halı
az qala hamıya məlumdur.
Amma mən
indi sənə Hüseyn Cavidin nə həyatı, nə də
fəaliyyəti haqda danışmaq istəyirəm.
Sözümün canı var. Bir yerə tələsmirsən
ki?
– Yox,
Abbas müəllim, heç bir işim yoxdur.
– Hə,
bu başqa məsələ. Dedim birdən sənin də bizim
o bəzi şairlər kimi burada dincələn xaxol
qızları ilə görüşün-zad olar. Hər
ikimiz güldük. Biz asta
addımlarla Yaradıcılıq Evinin qənşərinə
sarı yeriməyə başladıq.
– Bir dəfə
tanışlarımdan biri mənə dedi ki, sən Cavidi
sevirsən, bilirsənmi ki, onu həbs edəndə
döyüblər? Mən buna inanmadım. Hətta, mənə
çatan məlumata görə guya vaxtilə Bağırov
onun güllələnməsinin, ailəsinin isə
sürgünə göndərilməsinin
qarşısını alıbmış. Bu söhbət
ortaya çıxanda Cavidə təzəcə bəraət
verilmişdi. Aradan bir müddət keçdi. Amma
tanışımın dedikləri məni bir an da rahat
buraxmırdı. Bu dəfə mən özüm onun
yanına getdim. Tanışım yaxasını kənara
çəkmək istədi, amma mən ondan əl çəkmədim.
Sən demə, Cavidi sürgünə göndərərkən
həqiqətən ona əl qaldırıblarmış.
Axı cəzalandırılan adamın boynuna
ağır-yüngül, nəsə bir cinayət qoyasan gərək.
Nə isə... Tanışım mənə Cavid döyüləndə
orada bunu öz gözü ilə görən bir adamın,
keçmiş “keqebeşnikin” adını dedi. Mən həmin
adamı tanıyırdım, ziyalı bir kişiydi. Bir də
ki, artıq o dövrdə cəmiyyətdə bir “yumşalma”
hiss olunurdu, arxivlər açılırdı, Stalinin
adıyla bağlı cinayətlər üzə
çıxarılırdı. Tanışımın
nişan verdiyi “keqebeşniki” tapmaq elə də çətin
olmadı. Dediyim kimi, mən onu tanıyırdım. O da mənim
yazı-pozu adamı olduğumu bilirdi. Mən onunla bir neçə
dəfə görüşdüm, ordan-burdan söhbət elədik.
Qəfil sual verib hürkütmək istəmirdim. İş elə
gətirdi ki, həmin adamın özü Caviddən, onun həbsindən,
sürgünə göndərilməsindən, bir nəfərin
ona əl qaldırmasından söhbət açdı. Mən
söhbət əsnasında həmin adamın indi sağ
olub-olmadığı ilə maraqlandım. Abbas müəllim
qəhərləndi. Mən onun gözlərinin dərinliyindən
boy verib baxan qəmi bütün rəngləri ilə
gördüm. Onun çiyinləri titrəyirdi. Abbas müəllim
üstünü ləkələr örtmüş zəif,
titrək əlləri ilə gözünün
yaşını silib bir xeyli susdu.
İndi mən onun qoluna girdim. Bir xeyli səssiz gəzişdik. Mən heç bir söz demir,
heç nə soruşmurdum. Sövq-təbii hiss edirdim ki,
Abbas müəllim hadisənin arxasını danışacaq.
O, handan-hana toxtayib özünü ələ aldı. – Həmin
adam mənə dedi ki, bəli, Cavidə əl qaldıran kəs
sağdır. Qeyri-ixtiyarı həmin adamın
ad-familiyasını da dedi. O, bilsəydi ki, bu işin sonu necə
bir həngamə ilə qurtaracaq, yəqin ki, heç ad
çəkməzdi. Bu əsnada mən də özümü
saxlaya bilməyib qeyri-ixtiyari soruşdum: –Abbas müəllim, o
adamın ad-familiyasını indi xatırlayırsızmı?
Abbas müəllim astadan, xırda-xırda,
qırıq-qırıq, kəsik-kəsik güldü.
İndi onun üz-gözündə saf bir uşaq təbəssümü
oynayırdı. –Deyəsən, sən də məndən sirr
almaq istəyirsən. Deyərəm. Tələsmə. Sən
əhvalatın dalına qulaq as. Dənizdən gələn sərin
mehin, nəmişliyin ətri bu anlarda sanki onun əsəblərinə
“əl gəzdirmişdi”, çünki Abbas müəllim indi
sakit bir tonla danışırdı.
– Həmin
adamın evini tapmaq elə də çətin olmadı.
İndi məqamı gəlib, qoy sənə o adamın
adını deyim biləsən. DTK-da işləyən
adamı deyirəm. Firudin idi onun adı. Əslən cənub
rayonlarından birindəndı.(Mən burada həmin bölgənin
adını bilərəkdən yazmıram-F.M.) O vaxt mənim
nisbətən cavan vaxtım idi. Özüm də ciyərli
idim, qorxaq deyildim. Birbaşa Firudinin evinə getdim. Firuz, sən
indi bir dünyanın işinə bax, repressiya zamanında adətən
alimin qapısını çekistlər döyüb, indi
çekistin qapısını alim döyürdü.
Qapının zənginə o, özü gəldi. Bu,
saclarına dən düşmüş, sakit
görünüşlü, hətta, deyərdim ki, zahirən ədəbli
bir adam idi. Sənin yadında yaxşı qalsın deyə,
onun simasının bir yaddaqalan detalını da deyim:
gözünün birinin ağı qarasına
qarışmışdı, daha doğrusu, bəbəyi
dümağ idi. Tanış olduq. Firudin məni evə dəvət
etdi. Deyəsən, mənzildə tək idi. Hər halda, mən
oranı tərk edənəcən üzə çıxan
başqa kəs olmadı. Mən içəri keçib gəlişimin
məqsədini dolayısı ilə izah etdim. Böyük bir
mizin arxasında üz-üzə əyləşdik. Əlbəttə,
əvvəlcə Cavidin döyülməsindən yox, onun
yaradıcılığından, həyatından, sürgünə
göndərilməsindən söhbət açdım. Dedim
ki, yeni kitab üzərində işləyirəm,
eşidib-bildiyimə görə siz Cavidi dindirən müstəntiqlərdən
biri olmusunuz. Onu son dəfə görən insanlardan birisiz...
Abbas müəllim dərindən köks ötürüb
udqundu, qısa pauzadan sonra söhbətini davam etdirdi:
–Əvvəlcə
nala-mıxa vuran adam sonra mənim suallarıma qısa cümlələrlə
cavab verməyə başladı. O, bütün baş verənləri
o dövrun, o mühitin, Stalinlə Bağırovun boynuna
qoymağa çalışırdı. Mən arada
özümü saxlaya bilmədim, onun sözünü kəsib
soruşdum ki, bəs siz necə, özünüzü bu
işdə günahkar bilirsizmi? O, bəbəyinə ağ gəlmiş
gözünü qıyaraq çekist təmkini ilə mənim
sualıma qısaca cavab verdi: “Yox”. O, dəqiq cavablardan
yayınırdı. Mən əsəbləri tarıma çəkilmiş
bir vəziyyətdə sonuncu sualı verdim: “Eşitdiyimə
görə, Cavid əfəndini istintaqa cəlb edən
müstəntiqlərdən biri ona əl qaldırıb. Həmin
adamın kimliyini deyə bilməzsiz ki?” Elə bil kişini tok vurdu, onun
salamat olan gözü səyriməyə başladı. Deyəsən,
düz lazım olan nöqtəyə
düşmüşdüm. Köhnə çekist
özünü ələ alıb sakit tonda soruşdu: “Bununla
nə demək istəyirsiz?” Mən ayağa durdum. Deyəsən,
qırımımı duyub o da dikəldi. Bu, boy-buxunlu bir adam
idi. Əlim onun çiyninə zorla çatardı. Ona görə
də cəld yuxarı hoppanıb çekisin sifətinə
bir şapalaq ilişdirdim. Sanki ovcumun içinə od
basdılar. Kişi bunu gözləmirdi. O, səntirlədi,
amma yıxılmadı. “Bu, vaxtilə sənin Cavidə
vurduğun şillədir, indi qayıdıb öz üzünə
dəydi”-deyib, tez qapıya yönəldim. Qapı
açıq idi. Özümü bayıra atdım.
Doğrusu, uzun müddət səksəkədə qaldım.
Fikirləşirdim ki, gəlib məni Cavidin getdiyi son mənzilə
göndərəcəklər. Amma daşdan səs
çıxdı, o Firudin deyilən adamdan səs
çıxmadı. O, bəlkə indi də sağdır və
hələ də susur. Bilirsən də, susmaq- faktla
razılaşmaq əlamətidir. Mən Cavid əfəndinin
qisasını çekistdən bax bu cür aldım. Abbas
müəllim susub fikrə getdi.
İndi yalnız dənizin səsi eşidilirdi. Günəş
qüruba enməkdə idi.
Mən o
anlarda belə bir qənaətə gəldim ki, yəqin bu
dünyada heç nə elə-belə, izsiz ötüb
keçmir. Hər şey zamanında öz dəqiq qiymətini
alır. Abbas Zamanovun illər sonrası çekistin
qulağının dibinə vurduğu şillə də əslində
onun “ustad dərslərindən” biri idi.
Firuz Mustafa
525-ci qəzet.- 2012.- 31 oktyabr.- S.4.