Adı, sənəti və məktəbi əbədiləşən Bülbül

 

Azərbaycan professional vokal məktəbinin banisi dahi Bülbül hələ çox gənc ikən gözəl səsə malik olduğundan Şuşada xalq tərəfindən ona bu ad verildi. Murtuza Məmmədov adlı gənc məktəb yaşlarından Bülbül kimi tanındı və məşhurlaşdı. İllər ötdükcə həqiqətən də Bülbül dünya şöhrətli ifaçıya çevrildi. Dahi Bülbülümüzün özündən sonra böyük bir məktəb qoyub getməsi gözümüz önündədir. Bu gün mən, Ramil Qasımov, bu məktəbin davamçısı kimi, Bülbül haqqında maraqlı fikirlər demək istəyirəm. Bülbül (Murtuza müəllim) gənc yaşlarından vətənini və xalqını sevən musiqiçi olub. 

Bülbül İtaliyada musiqi təhsili alanda hamı onun səsinə heyran qalmışdı. Ona deyirdilər ki, sənin səsinin çox geniş diapazonu var. Sən 1-ci oktavanın “Do” notundan başlayaraq, 3-cü oktavanın “Fa-Sol” notuna qədər gələ bilirsən, bu təhsil sənin nəyinə lazımdır ki? Bülbül cavab verir ki, mənim gəlişimin məqsədi səsim üzərində ciddi işləməkdir. Belə ki, öz musiqimizlə yanaşı, dünya xalqlarının musiqisini ifa edəndə də istəyirəm ki, bütün ifalarım peşəkar səslənsin. Nitqimdəki şivə hiss olunmasın. Və nəhayət, Bülbül  İtaliyada təhsilini başa vurub gələndən sonra məruzələr edərdi. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski kimi tanınmış xanəndələr Bülbül müəllimin məruzələrinə maraqla qulaq asardılar. Onun Azərbaycan ifaçılığına etdiyi xidmətlər əvəzsizdir. Mənim fikrimcə, həm də milli vokalizmin banisi də məhz dahi Bülbül olmuşdur. 

O, ariyanı ariya kimi, romansı romans kimi, mahnını mahnı kimi, kantatanı, odanı öz xarakterində ifa edərdi. Bülbül sanki bir rəssam, yeri gələndə bir rejissor idi. Nəyi ifa edirdisə öz xarakteri ilə musiqini yaşayır, analiz edir və həmin ifanı tamaşaçıya, dinləyiciyə çatdırmaq üçün tələb olunan rola girirdi. 

Bülbülün İtaliyadan qayıdışından sonra Üzeyir bəy bu gün də sevilə-sevilə dinlənən nəhəng “Koroğlu” operasını yaradır. Zənnimcə bu opera Azərbaycan milli vokal antologiyasına dəyərli bir töhfə oldu. Belə ki, Üzeyir bəyin xalq yaradıcılığından, xalq dastanlarından götürdüyü M.S.Ordubadinin librettosu əsasında “Koroğlu” dastanı xalqın qələbəsi, şərin xeyirlə mübarizəsi və xeyrin şərə qalib gəlməsi, milli dəyərlərimizi, cəngavərliyimizi, millətimizin mərdliyinin təcəssümüdür. Bu dastan böyük türk dünyasını özündə əks etdirir. 1937-ci ildə yazılmış və 1938-ci ildə Moskva dekadasında səslənən bu əsər “Stalin” mükafatına layiq görülür. Nəhəng “Koroğlu” operası Bülbülün ifasında böyük şöhrət qazanır. Bülbülün əsas məqsədi Azərbaycan vokalını musiqimizin çoxşaxəli qolları ilə birlikdə dünyaya tanıtmaq idi. Bülbülün uğurlarından ruhlanaraq bəstəkarlardan Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Əşrəf Abbasov, Zakir Bağırov, Ramiz Mustafayev... öz yaradıcılıqları ilə onun səsinə səs verirdilər. Buna misal olaraq, Müslüm Maqomayevin “Nərgiz” operası, Əfrasiyab Bədəlbəylinin “Nizami” operasında da milli vokalımız bir daha özünü təsdiq edir. 

Milli vokal dedikdə, bunun əsası milli aşıq yaradıcılığından başlayır. Gəlin birlikdə keçmiş toy məclislərimizə nəzər salaq. Bu məclislərdə aşıqlarımız günlərlə dastanlar söyləyir və oxuyurdular. Bəs onların səsi yorulmurdumu? Onların ifa tərzi düz idi. Allah verən səsdən ustalıqla istifadə edirdilər.  Mənim ustadım, Xalq artisti, professor Mobil Əhmədov dahi Bülbül haqqında özəl xatirələr danışırdı. Onun dediklərinə görə, Bülbül tələbələrinə ifaçılıq sənətinin sirrlərini öyrətməklə yanaşı, onların şəxsi problemləri, məişətləri ilə də yaxından maraqlanırdı. Sonra isə onlara öyrətdiyi əsərlər barədə suallar verirdi.

Məsələn: “Koroğlu” operasında Koroğlu partiyasını təhlil edərdi: 1-ci pərdəsi lirik-dramatik, 3-cü pərdə dramatik, 4-cü pərdə isə aşıqsayağı ifa olunmalıdır. Üzeyir bəyin də dahiliyi onda idi ki, harada ifa olunmağından asılı olmayaraq, onun əsərlərində Azərbaycanlılıq bilinir.  Bülbül müəllim bir pedaqoq kimi özünün səs məşğələlərini yaradır. Məsələn: “Ay qara göz amandır”, “Özümün gözü, sözümün sözü”, “Bilsəydim mən”, “Əlvan gülüm” bu sözlərdən ibarət səs məşğələləri insanın səsinin həm təməlinə, həm səsin irəlidə oxunmasına, onun tembrinin təbii tembr olmasına, səsin boğazda ifa olunmamasına gətirib çıxarır. Bülbül daim deyirdi: – Vokalçı , ifaçı mütləq səs mədəniyyəti ilə məşğul olmalıdır. O, ifa etdiyi zaman məsuliyyətlə düşünməlidir ki, ifa akademik və peşəkarcasına səslənsin.  Peşəkar ifaçı isə, qeyri peşəkarlardan səs məşğələləri, repertuarı və tutduğu mövqeyi ilə seçilir.  Bülbülün yaratdığı məktəb Azərbaycan vokal musiqisinə öz musiqi töhfəsini verib və verməkdədir.  Musiqiçilərimizdən Mobil Əhmədov, Firudin Mehdiyev, Kamal Kərimov, Firəngiz Əhmədova, Ramiz Mustafayev, Əli Zeynalov və bu kimi ifaçılar Bülbül məktəbinin yetirməsi deyilmi? Öz növbəsində mənim müəllimim Mobil Əhmədov Bülbül məktəbinin sirlərini mənə öyrətdi və çox fəxarət hissi duyuram ki, bu gün Bülbül məktəbinin davamçısıyam. 

Bir daha vurğulayıram: Bülbül məktəbinin xüsusi özəlliyi ondan ibarətdir ki, bu məktəb Milli Vokal Akademiyasıdır. Yəni ifa zamanı Azərbaycan romanslarını savadlı şəkildə ifa edirsən. Onların piano, bəzən forte nüanslarına diqqət yetirirsən. Eyni zamanda ifa etdiyin əsərin xarakterinə öz nüaslarını əlavə etməklə ona dolğun effektlər verirsən və nəticədə dinləyiciyə keyfiyyətli bir əsər təqdim etmiş olursan. 

Bu günlərdə Bülbül məktəbi gözəl bir təşəbbüs irəli sürərək Bülbül müsabiqəsi keçirir. Bu müsabiqədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən Bakıya musiqiçi qonaqlar axışırlar. Bundan böyük xoşbəxtlik ola bilməz. Özlüyündə bu tədbir bir daha sübut edir ki, Bülbül adı əbədiyaşardır, dünya şöhrətlidir. 

27 mart 2011-ci ildə mən Bülbül ruhuna ithaf olaraq, Akademik Opera və Balet Teatrında Ü. Hacıbəylinin “Koroğlu” operasında Koroğlu rolunu ifa etdim. Mən çox xoşbəxtəm ki, onun yaratdığı məktəb sayəsində mən də akademik musiqimizi təmsil edir və ifalarımla şöhrət qazanıram. Tezliklə dahi Bülbülün 115 illiyinə həsr etdiyim CD toplu işıq üzü görəcək. Bu bir daha mənim Bülbül sənətinə olan hörmət və ehtiramımın təzahürüdür. 

Mən dahi Bülbülün və müəllimim Mobil Əhmədovun ruhu qarşısında baş əyirəm. Müqəddəs ruhlara ulu Tanrımızdan daim rəhmət diləyirəm. 

 

 

Ramil QASIMOV 

 

525-ci qəzet.- 2012.- 31 oktyabr.- S.7.