Milli kinomuza
düşən “Dolu”
Avqust ayında Bakıda olarkən “Azərbaycanfilm”in yenicə istehsala buraxılmış “Dolu” bədii filminin təqdimatına dəvətnamə aldım. Həmin dəvətnaməni mənə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyorlarından olan, dostum Əjdər Zeynalov təqdim edərkən təvazökarlıqla bildirdi ki, bu filmdə o da balaca bir rola çəkilib.
“Nizami” Kino Mərkəzində təşkil olunan təqdimat mərasimində filmin demək olar ki, bütün yaradıcı, inzibati və texniki heyəti də iştirak edirdi. Baxışdan öncə filmin ərsəyə gəlməsi barədə bir neçə söz deyildi, yaradıcı heyət və aktyorlar haqqında məlumat verildi, göstərilən qayğı və himayəyə görə aid təşkilatlara, ayrı-ayrı şəxslərə minnətdarlıq ifadə olundu.
Nəhayət, işıqlar söndü və ekranda “Dolu” titrinin görüntüsü ilə film başladı. Elə ilk dəqiqələrdən görünən kadrlar və eşidilən sözlər bütün salonun diqqətini yalnız ekrana cəlb etdi. Etiraf edim ki, uzun illər kinoteatrda, həm də bir dənə də boş yer qalmadan bu qədər tamaşaçısı olan salonda olmadığımdan arada imkan tapıb bu insanların mimika və baxışlarını izləyir, onların da əksəriyyətinin böyük ekrana tamarzı qaldıqlarını hiss edirdim. Hamı böyük maraqla bir-birini əvəz edən kadrları seyr edirdi.
Artıq bir neçə dəqiqədən sonra sanki bütün salon böyük ekrana köçüb “1991-ci ilin yayı” adlanan bir zamana düşmüşdü. Şəhərin müdafiəsi zamanı gərgin, qeyri-bərabər vuruşmada ağır yaralanaraq möcüzə nəticəsində sağ qalan Komandir döyüş bölgəsinə yaxın bir kəndin çayxanasında oturub həmin 1991-ci ilin yayını xatırlayır. Əsas hadisələr də bundan sonra başlayır.
Çox təbii çəkilən və təbii də təsir edən həyəcanlı hadisələr bir-birini əvəzlədikcə tamaşaçı heyrəti, gərginliyi, marağı, intizarı da artırdı. Budur, şəhərin birinci katibi kabinetində Bakı ilə telefonla danışır. O, güclü kömək gəlməsə, bu gün-sabah şəhərin ermənilərin basqınına məruz qalacağını əsəbi şəkildə telefondakı böyük məmura başa sala bilmədiyini görüb qəzəblə: “Biz bu dünyaya kişi kimi gəlmişik, kişi kimi də gedəcəyik. Ancaq sizlər nakişi gəlmisiz, nakişi də öləcəksiniz!” – deyərək dəstəyi çırpır.
Sonra cənnət Qarabağımızın yaşıllığa bürünmüş gözəl guşələrindən biri təsvir olunur. Qəddar düşmən tərəfindən qəsb edilmiş bu məkanda hərbi geyimli ermənilər sıraya düzülüblər. Onların qarşısında o baş-bu başa gedərək gəvəzələyən isə İnterpol tərəfindən axtarışda olan qatı cinayətkar, qaniçən, residivist və məşhur terrorist Levondur. O, bütün türklərin axırına çıxmağın ən müqəddəs vəzifələri olduğunu sıradakılara bir daha anladaraq, yaxınlıqdakı kəndə bir neçə dəqiqədən sonra başlayacaqları basqın zamanı azərbaycanlıların birini də sağ buraxmamaq tapşırığını verir. O, heç kimə aman verilməməsinin zəruriliyini xüsusi vurğuladıqda ön cərgədəki gənc bir erməni sual verir: “Qadınlara və uşaqlara da?” Bunu eşidən Levon bir-iki addım atıb bu gəncə yaxınlaşır, heç bir cavab vermədən, soyuqqanlılıqla tapançasını çıxarıb onu düz alnının ortasından güllələyir.
Bu zaman arxa cərgələrdən bir tamaşaçı səsini aydın eşitdim: ”Əclaf vurdu e!” Bir anda ekrandakı erməni vəhşiliyilə salondakı azərbaycanlı mərhəməti sanki qarşı-qarşıya durdu, tamaşaçılar arasında xəfif bir uğultu gəzdi.
Ekranda iri planla doğma torpağımızı tapdalayan qəsbkar çəkmələri görünür. İşğalçılar günün günorta çağı sakitcə kəndin əsas küçəsinə girib soyuqqanlılıqla irəliləyirlər. Qaniçənlərin birinci qurbanı qəflətən üz-üzə gələn gənc oğlan olur. Atəş səslərinə evlərindən çıxan, hasardan boylanan, qonşu həyətdən çıxıb öz evinə doğru qaçan hər kəs erməni gülləsinə tuş gəlir. Sanki insan ovuna çıxmış bu quldurlar heç kimə aman vermədən, yaşına-başına baxmadan bütün kəndi qanla suvarırlar. Daha sonra kadrlardakı hadisələr bir-birini əvəzlədikcə tamaşaçı personajlarla və onların xarakterik xüsusiyyətlərilə daha yaxından tanış olur. Filmin baş qəhrəmanı Komandir əsl vətənpərvər, düşmənə və xəyanətkarlara qarşı amansız, tabeliyindəkilərə qarşı isə tələbkar və qayğıkeş, döyüşlərə birinci atılan igid bir sərkərdə simvoludur. Bu obrazı tam dolğunluğu ilə yaradan görkəmli aktyor Məmməd Səfa öz təbii oyunu ilə tamaşaçı rəğbətini qazanmağa nail olur. Biz onu müxtəlif səpkili rollardan tanıyırıq. “Cavid ömrü” filmində isə aktyor İblis başda olmaqla cürbəcür xarakterli bir neçə mənfi obrazlar qalereyası yaradır. “Dolu”da isə Vətəninə soxularaq yaşına baxmadan günahsız insanları qətlə yetirən vəhşi düşmənə qarşı nifrət, əsgərlərinə böyük qardaş və ata şəfqəti bəsləyən, şəhəri müdafiəsiz qoyub qaçmağa üstünlük verən, öz əsgərlərini də buna vadar edərək: “...kimin şəhəridir, o da gəlsin qorusun” deyən xəyanətkar zabiti yerindəcə güllələyən, qaçmaqda olan əsgərlərisə haraylayaraq yenidən döyüş mövqeyinə qaytarmağı bacaran, ağır yaralandıqda belə əsgərlərinin aqibətilə maraqlanan Komandiri – Məmməd Səfanı görürük. Filmin əsas qəhrəmanlarından olan Drakon doğma yurdu uğrunda hər an canından keçməyə hazır olan, qeyrətli, mərd, qorxmaz və döyüşkən bir Azərbaycan əsgərinin ümumiləşdirilmiş obrazıdır. O, qəddar və amansız Levonu məhv etməyi öz öhdəsinə götürür. Bunun üçün razılıq istəyərkən Komandir ən cəsur əsgərlərdən bir neçə nəfərini də ona qoşaraq ehtiyatlı və təmiz iş görməyi tapşırır. Şəhər Milis Şöbəsinin rəisi isə Levonun yerini telefon danışıqları zamanı tam dəqiqləşdirmək üçün bu dəstəyə xüsusi ratsiya verir. Onun vasitəsilə məşhur terroristin nə zaman hansı yoldan keçəcəyi bəlli edilir və Levon bir neçə nəfərlə açıq maşında meşə yolu ilə gedərkən Drakonun atdığı balta ilə öldürülür, maşındakılar da səssizcə məhv edilir. Digər əsas qəhrəman Pələngdir. Hadisələrin gedişində iş belə gətirir ki, hərbi hissənin həyətində bu iki adlı-sanlı döyüşçü əsgərlərin qarşısında kəskin mübahisə etməli olurlar. Pələng Drakona sillə vurur. Qəzəblənmiş Drakon imkan düşən kimi onu öldürəcəyilə hədələyir. Növbəti döyüşdə ölümcül yaralanan Pələngi gah qucağında, gah çiynində daşıyaraq hərbi hissəyə çatdırmağa can atan, kövrəlmiş Drakon bir neçə yalvarışından sonra onu yerə qoyur. Bu zaman Drakonla Pələngin arasında kövrəldici dialoq baş verir. Aktyorların – Rza Rzayev (Drakon) və Elvin Əhmədovun (Pələng) film boyu, xüsusən də sonda, meşədə bir-birinə olan əsl münasibətin üzə çıxması zamanı ifaları tamaşaçını riqqətə gətirir. Qolları üstündə can verən Pələngin ürəyinin dayanmasına Drakon fəryad edir, onun naləsi sanki bütün meşəni lərzəyə gətirir. İntiqam alovunda alışan Drakon Pələngi orada qoyub geriyə qayıdaraq düşmən üstünə hücum çəkir. Üzərindəki qumbaralarla bir neçə ermənini tikə-parça etsə də gülləbarana tutulan Drakon da qəhrəmancasına şəhid olur. Burada qeyd etmək yerinə düşər ki, hazırda tamamilə başqa bir sahənin əməkdaşı olan Rza Rzayevin milli kinomuzdakı bu debütü parlaq və yaddaqalan oyunu ilə ona böyük uğur, həmçinin geniş tamaşaçı rəğbəti qazandırmışdır. Filmdəki əsas rollarda Fuad Poladovu (katib), Fərhad İsrafilovu (rəis), Gülzar Qurbanovanı (ana), Əjdər Zeynalovu (Levon) görürük. Xalq artisti, məharətli aktyorumuz Fuad Poladov yaratdığı qəhrəmanının daxili aləmini düzgün duyaraq onun kommunist beynilə vətənpərvər ürəyi arasında gedən görünməz çəkişməni son kadrda böyük ustalıqla biruzə verə bilir. Ermənilərin şəhərə yaxınlaşdıqları gün köməkçisinin getmək məqamının çatdığını bildirməsilə katibin daxili təlatümü daha da artır, maşını hazırlamaq göstərişini versə də, onun bu şəhərdən getmək fikrində olmadığı aydın hiss olunur. Katib bu vəziyyətdə öz xidməti maşınında rahat əyləşib paytaxta üz tutmağı getmək yox, qaçmaq hesab etdiyindən bu fikrindən artıq daşınmışdır. Lakin xəcalətindən özündə cürət tapıb küçədən vahiməli səs-küyünü eşitdiyi xalqın içinə də çıxmır. O, artıq başqa bir qərar vermişdir. Stolunun siyirməsini çəkərək tapançasını götürüb pəncərəyə yaxınlaşan katib çiyinlərində müxtəlif yük və bağlama, əllərində ağır çamadan və çantalar təlaşla o tərəf bu tərəfə qaçışan adamlara – yaşlılara, qadınlara və uşaqlara baxır. Rəhbəri olduğu şəhər əhalisinin bu vəziyyətə düşməsində şəxsən özünü də müqəssir sayaraq intihar edir. Ustad sənətkar Fuad Poladovun – katibin gözləri və mimikaları heç bir əlavə danışıq olmadan onun daxili “olum ya ölüm?” sualını xeyli qabardır və yuxarıda qeyd olunanları aydın surətdə tamaşaçıya çatdırır. Buradan belə bir nəticəyə gəlmək olar ki, filmin epiloqunda Komandirin ardınca “addımlayan” şəhid olmuş müsbət qəhrəmanlar arasında katibin görünməməsi quruluşçu rejissorun düzgün qərarıdır. İlk baxışda müsbət obraz təsiri bağışlayan katib axırda bu şəhər uğrunda vuruşanlara qoşulmur, acizanə bir vəziyyətdə həlak olur və şəhidlik zirvəsinə yüksələ bilmir. Milli kinomuza Qəqəni obrazı ilə (“Yeddi oğul istərəm”) uğurlu qədəm qoyan Fərhad İsrafilov ötən illər ərzində bir neçə filmdə müxtəlif təbiətli rolların ifaçısı olub. “Dolu” filmindəki Şəhər Milis Şöbəsinin rəisi sənətkarın yaradıcılıq ampluasında özünəməxsus yeri olan bir roldur. Film boyu F. İsrafilov hər bir vəziyyəti düzgün əxz edərək rəisin daxili həyəcan və sarsıntılarını təbii boyalarla çatdırmağa nail olmuşdur. Şəhər boşaldılarkən rəis həbsxanaya gəlib dustaqların hamısını azad edərək ermənilərin yaxınlaşdığını elan edir və onların da şəhəri tərk etmələrini məsləhət görür. Dustaqlar çaşqınlıqla bir an necə hərəkət edəcəklərini bilmirlər.
Rəis təkrar qışqıraraq onlara şəhərdən çıxmaq əmri verdikdə dustaqlar bundan imtina edib düşmənlə vuruşmaq üçün ondan silah tələb edirlər. Rəis bir an tərəddüd içində diqqətlə onlara baxır. Həmin baxış sanki bu cinayətkarlarda hələ də vətənpərvərlik hissinin qalıb-qalmamasını qiymətləndirən bir baxış olur. Rəis onların da hərəsinin heç olmasa bir erməni öldürəcəyinə inam hissilə qəti qərara gələrək hamısına silah verdirir. Beləliklə, dustaqlar da küçələrdə qurulmuş barrikadalarda vuruşan şəhərin müdafiəçilərinə qoşulurlar. Barrikadalardan birində dustaqlarla bir yerdə döyüşən rəis qəflətən ağır yaralanır. Bir az əvvəl ondan silah tələb edən dustaqlardan biri can verməkdə olan rəisin çiyinlərindən tutub: “Ölmə, rəis, ölmə! Sən ölməli oğlan deyilsən!”- deyə hayqırır. Məhz bu sözlər rəisi xarakterizə edən ümumi qiymət mənasında səslənir. Bu yerdə nədənsə “Yeddi oğul istərəm”i xatırladım. Rəis (Qəqəni) Qəzənfər dayının, dustaq isə Qəqəninin yerində idi. Filmdə əsas mənfi obraz erməni cəlladı Levondur. Əvvəldə qeyd etdiyim kimi filmin baxışına dəvətnaməni mənə təqdim edərkən aktyor Əjdər Zeynalov burada balaca bir rol ifa etdiyini də vurğulamışdı. Lakin onun sözün əsl mənasında böyük ustalıqla yaratdığı Levonu gördükdə təvazökarlıqla söylədiyi bu “balaca” roluna heyran qaldım. Bu, Ə. Zeynalovun kinoda debütü olmasa da, onun böyük ekranda ilk ən böyük və yaddaqalan roludur. İstedadlı aktyor Levonu sərt danışığı, kəskin hərəkətlərilə canlandıraraq onun qəddarlığını, amansızlığını, soyuqqanlılığını, hiyləgərliyini özünəməxsus jestlərlə, sifət cizgilərilə və ən əsası danışıq tərzilə (erməni dilində aktyor özü danışır) yüksək səviyyədə təqdim etmişdir. Levonun – Ə. Zeynalovun hərəkətlərinə salondakı tamaşaçıların reaksiyası aktyorun böyük yaradıcılıq uğuruna dəlalət edir. Burada daha bir əsas obraz Pələngin anasıdır. Bu rolun öhdəsindən Gülzar Qurbanova lazımi səviyyədə gəlmişdir. Ərinin düşmən işğalında qalmış məzarının nisgilini, döyüşdə olan yeganə oğlundan nigaranlığını, sonda mətanətli bir şəhid anası kimi vətənpərvərliyini, düşmənə qarşı kin və intiqam hissini aktyor təbii ifası ilə çatdırmağa nail olmuşdur. Aktyorlardan Şamil Süleymanlının, Oqtay Quliyevin, Faiq Kərimoğlunun, Cavanşir Hadıyevin, Rövşən Ağayevin, Vüqar Vəlixanovun, Sərdar İskəndərovun da oyunları xoş təsir bağışlayır və yaddaşlara həkk oluna bilir. Bir neçə sətir də “Dolu”nun əsas yaradıcı heyəti barədə. Qarabağ müharibəsində həlak olmuş döyüşçülərin xatirəsinə ithaf olunmuş film görkəmli yazıçı-jurnalist Aqil Abbasın eyniadlı əsəri əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə “Azərbaycanfilm” Kinostudiyasında ərsəyə gəlmişdir. Real hadisələrə əsaslanan ssenari də elə müəllifin özü tərəfindən yazılmışdır. Quruluşçu rejissor artıq Azərbaycan kinosunda öz dəst-xəttilə tanınan gənc sənətkar Elxan Cəfərovdur. O, ötən əsrin 70-ci illərində böyük ekranda və bədii televiziya filmlərində yaratdığı maraqlı uşaq obrazları ilə nəinki respublikamızda, həmçinin keçmiş SSRİ-nin ən ucqar yerlərində belə məşhurlaşmışdı. Çünki Elxanın çəkildiyi filmlər (“Hazır ol, əlahəzrət!”, “Mən mahnı qoşuram” və s.) M. Qorki adına Mərkəzi Uşaq və Gənclər Filmləri Kinostudiyasında və SSRİ Dövlət Teleradio Verilişləri Komitəsinin sifarişilə çəkildiyindən həm bütün müttəfiq respublikaların kino-teatrlarında, həm də Moskvadan Mərkəzi Televiziya ilə nümayiş etdirilirdi. “Dolu” filmini isə artıq bu sənətdə püxtələşmiş E. Cəfərovun bir rejissor kimi növbəti və daha böyük yaradıcılıq nailiyyəti saymaq olar. Xüsusən filmin rol bölgüsü, naturaların dəqiq seçimi rejissor uğurunun tam yarısını təşkil edir.
Qeyd olunmalıdır ki, “Dolu”da bu məsələlər çox yüksək səviyyədə həll edilmişdir. Kənddəki qətliam, cəbhədəki döyüş səhnələri böyük ustalıqla və təbii canlandırılmışdır. Maraq doğuran gözəl tryuk səhnələri də filmin professionallığına və səviyyəli çəkiminə öz payını vermişdir. Əlbəttə ki, bütün bu çəkilişlərdə, ümumiyyətlə filmin sanballı alınmasında quruluşçu operator Nadir Mehdiyevin, quruluşçu rəssam Rafiq Nəsirovun, bəstəkar Polad Bülbüloğlunun və tryukların müəllifi, Azərbaycan Kaskadyorlar Assosiasiyasının prezidenti Əli Məmmədovun müstəsna xidmətləri vardır. Filmin icraçı prodüsseri Əli Məmmədovdur. Belə bir deyim var “İş olan yerdə nöqsan da olar”. Bu gözəl işin də özünəməxsus kiçik, lakin böyük mənalı nöqsanları mövcuddur. Danışıqlarda bir neçə dəfə məntiqi vurğu xətalarına yol verilir. Bir daha xatırladım ki, əsərdən irəli gələrək filmdəki hadisələr də 1991-ci ilin yayını əhatə edir. Yəni hələ ki, SSRİ adlı bir ölkə, sovet dövləti və Kommunist partiyası mövcuddur. Katib obrazı bütün bunları bir daha təsdiqləyir. Bəs belə bir zamanda hərbi formaların qolunda bayrağımızın rənglərinin görünməsi və şəhidlərin yas mərasimində, masanın üzərində latın qrafikalı “Şirvan” siqaretinin iri planda göstərilməsi hansı zərurətdən irəli gəlmişdir? Düzdür, üçrəngli, ay-ulduzlu bayrağımız hələ 1990-cı ilin noyabrından Naxçıvanda parlament səviyyəsində qaldırılaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdi. Əgər belə izah olunsa ki, filmdəki əsgərlərimizdən bəziləri bu bayrağa məhəbbət nümunəsi olaraq üç rəngi formalarının qollarına tikmişlər, onda bunun üzərində ay-ulduz da olmalı idi. Tamaşaçı isə formanın üstündə sadəcə üçrəngli parça görür. Latın qrafikalı məhsulların buraxılışı isə ölkəmizdə rəsmən 1992-ci ilin yayından gerçəkləşmişdir. Filmə baxış başa çatar-çatmaz bütün tamaşaçılar ayağa qalxdı və salonu sürəkli alqış sədaları bürüdü. Bu zaman içimdə belə bir istək oyandı: kaş ki, “Filmin sonu” titrindən əvvəl “DOLU” sözü yenidən görünəydi və bu sözün sonuna kənardan “B” hərfi əlavə olunaydı, “DOLUB”un yuxarısında isə üzərində “səbr” sözü yazılmış bir kasa təsvir olunaydı. Bu, məncə filmə baxan hər bir tamaşaçının ürəyindən olardı, yəni səbr kasamız dolub, artıq hərəkət zamanıdır! Necə ki, finalda, əlində əsa olan Komandir magistralda üzərinə “keçid qadağandır” işarəsi qoyulmuş təpəciyi aşaraq arxasınca gələn şəhid qəhrəmanların ruhları ilə işğal altındakı torpaqlarımıza doğru irəliləyir.
Əlbəttə ki, bu detallar “Dolu” filminin dəyər və səviyyəsini heç də azaltmır. Film Qarabağ müharibəsi haqqında yaradılmış sənət əsərləri cərgəsində özünəməxsus və çox layiqli bir yer tutur. “Dolu” milli kino tariximizin yeni bir səhifəsini doldurdu.
Ələkbər
QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2012.- 31 oktyabr.- S.7.