Mətbuatın mənzərəsi və jurnalistika hazırlığı mühiti: ümumi nəzəri rakursdan baxış

 

– Sosial mediada varsınızmı?

– Şəxsən mən özüm heç bir sosial şəbəkədə yoxam. Amma ümumiyyətlə, sosial şəbəkələr  indi çox inkişaf edib, hətta qarşısı alınmayacaq dərəcədə irəliləyib. Sosial şəbəkələrdə, forumlarda çıxış edənlərin sonralar jurnalistlik iddiasına düşdüyünü də eşidirik. Elə ölkələr var ki, jurnalisti elə orta məktəbdən gətirib redaksiyalarda hazırlayırlar. Amma jurnalistin redaksiyada hazırlanması ilə universitetdə hazırlanmasının fərqindən danışanda, vurğulamaq istərdim ki, bəli, jurnalistikanı bitirməyən şəxs də jurnalist ola bilər. Düzdür, kütləvi yox, amma istisnalar var. Elə adamlar var ki, onlar elə dünyaya jurnalist kimi gəlirlər.

– İnternet medianın sürətli inkişafına baxmayaraq, əksəriyyət bu gün də auditoriya əhatəliliyi baxımından televiziyanın digər informasiya mənbələrini qabaqladığını deyir...

– İnformasiya mənbələrinin çoxalması artıq bir faktdır. Amma o da var ki, doğrudan da televiziya bu gün də kütləni ətrafına toplamaq baxımından liderdir. Danılmaz faktdır ki, televiziyanın böyük gücü var. O gücü necə istifadə etmək isə artıq güclü siyasət tələb edir. Televiziya ilə bağlı Moskvanın “İskusstvo” jurnalında bir lətifə oxumuşdum. Oğul atasından soruşur ki, ata, şeytan nədir? Atası televizoru yandırır və oradakı açıq-saçıq bir verilişi göstərir. Oğul yenidən atasından soruşur ki, bəs şeytandan necə xilas olmaq olar? Atası televizoru söndürüb deyir ki, belə xilas olmaq olar. Televiziyanı doğru istiqamətə yönəltmək vacibdir.  Bu gün televiziyalarımız da elə proqramlar, verilişlər hazırlamalıdır ki, bu dialoqu bizə xatırlatmasın, televizoru söndürməyə məcbur olmayaq. Televiziyanın gücündən ağılla istifadə etmək lazımdır, o gücü lazımınca dəyərləndirmək lazımdır. Təsadüfi deyil ki, qəzet çıxarmaq üçün lisenziya lazım deyil, amma televiziya açmaq üçün mütləq tezlik təyin edilib lisenziya alınmalıdır. Çünki televiziyanın təsir dairəsi daha genişdir.

– Müasir dövrdə zamanın tələbi ilə yeni janrlar yaranır, bəziləri aktuallığını itirir. Bununla mətbuatımız nə qazanır, nələrdən məhrum olur?

Bu gün dünyada müxtəlif məktəblər jurnalistikanın müxtəlif janrlarını müəyyənləşdirir. Məsələn, çex jurnalisti Tatyana Repkova janrları iki yerə bölür: informasiyapublisistik janrlar. Biz jurnalistikada əsasən üç janrdaninformasiya, analitik və bədii-publisisitik janrlardan söz açırıq. Lakin bu bölgülərə çox aludə də olmaq olmaz. Bu, nisbi bir anlayışdır. Çünki elə yazı var ki, onu konkret olaraq hansısa janra aid etmək çətindir. Səməd VurğunAygün” poemasını yazanda müzakirə vaxtı sual verirlər ki, bu əsər hansı janrdadır? Şair qayıdır ki, mən yazmışam, janrın adını necə qoyursunuz, qoyun. Janr məsələsi də nisbidir. Zaman dəyişdikcə yeni-yeni janrlar meydana gəlir, bəziləri aktuallığını itirir. Bu təbii bir prosesdir. Məsələn, əvvəllər biz nekroloqu janr hesab eləməmişik. Amma indi nekroloq informativ janra aid edilir. Sovet dövründə oçerk janrı daha populyar idi. Burada daha çox kolxozdan, əmək qəhrəmanlarından yazardılar. İndi dövrün tələbinə uyğun olaraq oçerk kimi janrlar populyarlığını itirib ortadan çıxmaqdadır. İndi ən işlək janr fikrimcə, müsahibədir. Amma bəzi qəzetləri açırsan, görürsən eyni nömrədə iki-üç müsahibə dərc olunub. Bəzən hətta bir şəxsin iki müsahibəsi çap olunur. Mənim şəxsi fikrimə görə, qəzetlərdə xırda informasiyalar sanballı analitik yazılar üstünlük təşkil etsə, yaxşıdır. Bəzən qəzetlərdə ikiüç dənə palaz yazı verilir. Vallah, heç kəs elə palaz yazıları oxumur. Ancaq xırda informasiyaları hamı oxuyur. Jurnalistikada nədən yazırsan yaz, hansı janrda olur olsun, onun kökündə xəbərləmək dayanır.  İstər boyat, istərsə isti xəbər olsun, amma xəbər olsun. Janrlaşdırmaq əslində şərtidir. Əsas odur ki, jurnalist dəyərli xəbər versin.

Pedaqoq kimi tələbələrdən razısınızmı?

Təbii ki, tələbələrin hamısı eyni ola bilməz. Əgər dərs dediyimiz 50 tələbədən təxminən 15 nəfəri mətbuatda özünü təsdiqləsə, deməli istədiyimizə nail olmuşuq. Məgər həkimlik, müəllimlik oxuyanlar hamısı yaxşı mütəxəssis olur? Mümkün deyil. Amma tələbələrimin içərisində gələcəyinə ümid bəslədiym xeyli tələbə var. Hazırda qiyabi dördüncü kursda, eləcə əyanidə elə tələbələrimiz var ki, gələcəyinə böyük ümidlər bəsləyirik. İlkin, Məmməd adlı tələbələrimiz var ki, rəngli “Student taymsqəzeti buraxırlar ki, heç o biri qəzetlərdən geri qalmır, yaxşı da satılır. Orada tələbələr formalaşır, çox yaxşıdır. Amma arzu edərdim ki, fakültəmizdəki televiziya studiyası yenilənsin. Tələbə ancaq studiyada, bir qəzet redaksiyalarında formalaşır. Bunlar olmasa, sadəcə nəzəriyyə ilə jurnalist yetişdirmək olmaz. İndiyədək jurnalistika fakültəsini bitirmiş, hazırda mətbuatımızda öz dəsti-xətti olan xeyli yetirməmiz var. Hazırda jurnalistika fakültəsində elə tələbələr var ki, gələcəkdə onların mətbuatımızın inkişafı üçün uğurla çalışacaqlarına inanıram.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2012.- 31 oktyabr.- S.6.