Akademik Vasim Məmmədəliyevin
70 illiyi qeyd olunub
Bakı Dövlət Universitetində
görkəmli alim, ilahiyyat fakültəsinin dekanı, Ərəb filologiyası kafedrasının
müdiri, Əməkdar
elm xadimi, akademik Vasim Məmmədəliyevin
70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
Vasim Məmmədəliyevin
görkəmli ərəbşünas
alim, təlim-tədris
təşkilatçısı, ictimai xadim, xeyirxah yaradıcı ziyalı kimi Azərbaycan elminə verdiyi töhfələrdən
danışıb: “Ölkəmizin
çiçəklənməsi üçün bilik və bacarığını
ortaya qoyan Vasim müəllim nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da millətimizə həmişə
başucalığı gətirir.
Vasim müəllimin böyük
irsindən gənc alimlər, tələbələr
faydalanırlar. Onun yazdığı
dərslik, dərs vəsaitləri, metodiki vəsaitlər, elmi-publisistik
məqalələr, etdiyi
tərcümələr hər
zaman aktualdır.
Çünki bu əsərlərin
bir ucu tarixi
ənənələrə söykənirsə, o biri
ucu bugünkü həyatın axarına uyğundur. Onun Ziya Bünyadovla
birlikdə “Qurani-Kərim”i
Azərbaycan dilinə
izahlı tərcümə
etməsi isə xüsusi vurğulanmalıdır.
Vasim müəllim istər vaxtilə Şərqşünaslıq
fakültəsinin dekanı
kimi, istər həmin fakültədə
ərəb filologiyası
kafedrasının müdiri
kimi, istərsə də hazırda İlahiyyat fakültəsinin
dekanı kimi işinin öhdəsindən
çox layiqincə gəlib və gəlməkdədir”. Rektor
onu da qeyd
edib ki, 1959-cu ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan Vasim müəllim burda fəaliyyət göstərdiyi
ayrı-ayrı vəzifələrdə
həmişə öz
sözünü deməyi
bacarıb, dəyərli
məsləhətləri, yüksək
elmi səviyyəsi ilə bütün kollektivin rəğbətini
qazana bilib. Vasim Məmmədəliyevi
universitetin mənəvi
sütunlarından biri
kimi dəyərləndirən
rektor BDU-nun “Fəxri fərman”nı alimə təqdim edib.
Şərqşünaslıq fakültəsinin
dekanı, dosent Elxan Əzizov akademik Vasim Məmmədəliyevin həyatı,
elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında danışıb.
E.Əzizov Vasim Məmmədəliyevin həm
də Azərbaycan musiqisinin, xüsusilə də muğamlarımızın
bilicisi olduğunu diqqətə çatdırıb.
Şeyxülislam Hacı Allahşükür
Paşazadə çıxışında
Vasim Məmmədəliyevi
böyük alim kimi səciyyələndirib
və bildirib ki, dəfələrlə
birlikdə səfərdə
olduqları ölkələrin
böyük alimləri
ilə mübahisəli
mətləblərin müzakirəsinin
şahidi olub, hər dəfə də Vasim müəllim
bu müzakirələrdə
haqlı olduğunu sübut edib.
Təhsil
naziri Misir Mərdanov çıxışında
deyib: “Mən özümü çox xoşbəxt insan hesab edirəm ki, düz 40 ildir, Vasim Məmmədəliyevlə
səmimi münasibətimiz
var. Mən bu 40 ildə müşahidə
etmişəm ki, Vasim müəllimin, aradan illər ötsə də, insanlara olan münasibəti dəyişməz
olaraq qalır. Mənim Vasim müəllimin şəxsiyyətində
diqqət etdiyim bir cəhəti də onun yaddaşıdır.
O, fenomenal bir yaddaşa malikdir”.
Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, professor Nərgiz Paşayeva Vasim Məmmədəliyevin elmin
bütün səviyyələrinə
bələd olan, yalnız bilməklə kifayətlənməyib, eyni
zamanda da elmi duyan bir
alim olduğunu vurğulayıb. Humanitar
elm sahəsində onun
Azərbaycan xalqına
verdiyi dəyərli töhfələrdən bəhs
edən Nərgiz Paşayeva Qurani-Kərimin
izahlı tərcüməsi
kimi şərəfli
işin həm də V.Məmmədəliyevin
çiyninə düşən
böyük missiya olduğunu qeyd edib.
Tanınmış neft mütəxəssisi
Xoşbəxt Yusifzadənin
fikrincə, ilahiyyat çox mürəkkəb
sahədir:
“Amma Vasim Məmmədəliyev
müəllifi olduğu,
eyni zamanda da aparıcılıq etdiyi “Haqqın dərgahı” verilişində
islam dinini o qədər səlist və aydın şəkildə izah edir ki, qeyri-ixtiyari
insan əlində işini yarımçıq
qoyub onu dinləmək istəyir. Azərbaycan xalqı o şəxsiyyətləri ilə
fəxr edir ki, həmin şəxsiyyətlər xalqı,
dövləti dünya
miqyasında təmsil
edir, tanıdırlar.
Vasim Məmmədəliyev
də Azərbaycanı,
xalqını dünyada
təmsil edən, tanıdan, eyni zamanda da özü
dünya miqyasında tanınan dəyərli şəxsiyyətlərdəndir”.
Millət
vəkili, akademik Ziyad Səmədzadə Azərbaycanda şərqşünaslıq
elminin böyük bir tarixi yol
keçdiyini, bu sahədə seçilən
böyük alimlərdən
birinin Vasim Məmmədəliyev olduğunu
deyib, onun ərəb dili üzrə nadir mütəxəssis
sayıldığını diqqətə çatdırıb.
Bakı
Metropoliteninin rəisi
Tağı Əhmədov,
millət vəkili Fəttah Heydərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Pedaqoji Universitetin rektoru Yusif Məmmədov Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun direktoru,
professor Gövhər Baxşəliyeva
və tədbirdə iştirak edən bir çox elm adamları, ictimai xadimlər, səfirliklərin
nümayəndələri də
görkəmli alimi təbrik edib, onun haqqında yüksək fikirlər söyləyiblər.
GÜNEL
525-ci qəzet.- 2012.- 15 noyabr.- S.5.