Üzümə gülən
küçə
Hazırda
qədim Şabran torpağının az qala hər
qarışında gedən geniş abadlıq-quruculuq işləri
yaşadığım küçədən də yan
keçməyib.
Bu
günlərdə küçəmizdə növbəti
abadlıq-quruculuq işləri-asfaltlaşdırma gedirdi və
mən də iş üstündə olan, görülən
işlərlə yaxından maraqlanıb öz göstərişlərini
verən rayon İcra Hakimiyyəti başçısı, qələm
dostumuz Novruz Novruzovla söhbətləşir, küçəni
sakinləri adından minnətdarlığımı bildirmək
istəyirdim ki, Novruz müəllim qəfildən:
–Aydın,
bir yaxşı bax, – dedi,- elə bil küçə
adamın üzünə gülür...
Bu
sözlərdən sonra küçəmizə bir daha dərin
bir nəzərlə, diqqətlə baxıb həmsöhbətimin
müşahidəsinin itiliyinə heyran qaldım və mənə
elə gəldi ki, küçəmizin sakinləri adından
rayon rəhbərinə xoş sözlər deməyə daha
lüzum yoxdur...
Ancaq
nədənsə birdən-birə özümdə
küçəmiz haqda nəsə bir söz demək
ehtiyacı duydum...
İndi
günü bu gün atamı-anamı itirdiyim ailəmiz
yaşayan, bu küçəyə ötən əsrin
altmışıncı illərindən sonra
köçmüşük...
1966-cı
ilin aprel ayının düz 22-də- o vaxtlar dahi rəhbər
hesab etdiyimiz V.İ.Leninin doğum gününün təntənə
ilə qeyd olunduğu bir yaz günündə şəhərimizin
ortasından axıb keçən Dəvəçiçay
birdən-birə coşub daşdı, sel-su çayın
qırağı boyu sıralanmış
qonşularımızla bir cərgədə bizim də təzəcə
tikdirdiyimiz, ikinci mərtəbəsinə hələ heç
qalxıb oturmadığımız xudmani evimizi bir anda dəli-dolu
qoynuna aldı...
V.İ.Leninin
ad günü ilə bu təbii fəlakətin üst-üstə
düşməsini indi yada salıb fikirləşirəm ki, sən
demə, bəlkə də bütün bunlar heç də təsadüfi
deyilmiş... Sanki təbiəti nizama salan ilahi qüvvə onu
tanımayanlara, özlərini ateist adlandıranlara sanki bir işarə, xəbərdarlıq
edirmiş: sahil boyu bənd-bərəsi olmayan, göyün
üzünə, bir balaca bulud gələn kimi istənilən
an coşub daşa biləcək çayın sahilində binə-bölgə
bağlamış vətəndaşlarınızı
hökmüm altında olan təbiətin adi bir
şıltaqlığından qoruya bilmirsinizsə,
qurduğunuz o dövlətin axırı da uzun sürməz.
Və necə də sürmədi...
Evlərini
sel aparanlara elə həmin o çayın şimal istiqamətində
dağın döşü boyu yurd-yuva salmaq üçün
torpaq sahəsi ayrıldı. Sonra qonşularımızın
da sayı artdı... Doğma şəhərimizin
şimaldan-cənub girəcəyinəcən uzanan bu
küçə indi Şabranın ən gur
yaşayış məskənlərindəndir. Küçəmizin
qəribə tale qisməti varmış! Hətta doğmaca
sakinlərindən çoxunun adını
daşıdığı şəxsin kimliyini heç
doğru-dürüst bilmədiyi küçələr də
olub. “Mənim babam olmuş 26-lar!” deyə fəxr edib qürrələndiyimiz,
onların adlarının hər kənddə, hər şəhərdə
əbədiləşdirmək üstdə az qala bəhsə-bəhsə
girdiyimiz bir vaxtda bizim küçə də “26 Bakı
Komissarı”nın adını daşıyırdı.
Açığını
etiraf edim ki, yenə də lap sonralar ağlıma gəldi ki, əgər
26-lar doğma Bakımızın komissarları idilərsə,
niyə onların vur-tut ikisi öz millətimizdən
imiş?.. Ancaq o vaxtlar küçəmizin adı ilə fəxr
edirdim. Fəxr edirdim ki, küçəmizin adını
daşıdığı “26 Bakı Komissarı”nın şərəfinə
təkcə bizim Azərbaycanda deyil, qonşu
Gürcüstanda, Ermənistanda, Türkmənistanda da
ünvanlar var. Ötən əsrin 80-ci illərində dəfələrlə
yolumun düşdüyü Krasnovodsk şəhərində,
Ağcaqum çölünə aparılıb güllələnməmişdən
qabaq 26-ların dustaq qaldığı, o vaxtlar muzey kimi fəaliyyət
göstərən zirzəmiyə baş çəkmiş,
görkəmli sovet rəssamı İ.Brodskinin 26-ların güllələnmə
səhnəsini təsvir edən məşhur tablosuna kövrələ-kövrələ
baxmışdım. O illərdə mən Türkmənistana
orada, Tecen şəhərində yaşayan bacımgilə
qonaq gedərdim və Krasnovodskdan mənzil başına qalan məsafəni
“Krasnovodsk-Daşkənd” qatarı ilə başa vurardım.
Qatar Ağcaqum çölünə yaxınlaşanda sürətini
azaldıb uzun bir fit verər, bununla 26-ların xatirəsini yad
edər, onları bir daha öz sərnişinlərinin
yadına salardı... O məqamda bir daha 26-ların
adını daşıyan küçədə
yaşamağımın qürurunu duyardım. İyirmi ildir
ki, küçəmiz Bakı, Şamaxı, Lənkəran,
Quba qəzalarında əlləri minlərlə soydaşlarımızın
günahsız qanlarına batmış Şaumyan, Əmiryan
Avakyan... kimi quduz erməni daşnaklarının nəvə-nəticələri
ilə doğma torpaqlarımızın ərazi
bütövlüyü uğrunda döyüşlərdə,
cənnətmisal Şuşamızın müdafiəsində şəhid olmuş,
ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə
layiq görülmüş igid həmyerlimiz Şahin Vahabzadənin
adını daşıyır. İndi küçəmizdə
öz adaşları kimi lazım gələrsə yolunda
canını fəda etməyə hazır neçə-neçə
şahinlərimiz yaşayır... Bəri başdan deyim ki,
küçəmiz hər iki istiqamətdən-istər
şimal, istərsə də cənub girəcəyindən gələn
müsafirini başı üstünə
qaldırdığı üç rəngli bayrağı ilə
qarşılayıb salamlayır. Şəhərimizin
şimal girəcəyində öz memarlıq üslubu ilə
ölkəmizin digər bölgələri arasında
seçilib fərqlənərək Bayraq Meydanında
artıq tamamlama işləri gedir. Burasını da deyim ki,
küçəmiz Şabran şəhəri boyu girişindən
çıxışa qədər Azadlıq küçəsi
ilə paralel uzanıb gedir. Adını çəkdiyim o əzəmətli,
keçmişi ilə bu günümüzü, gələcəyimizi
özündə qovuşduran o Bayraq Meydanı ərazicə
Azadlıq küçəsinin payına düşür və
əlbəttə, bunun da çox rəmzi bir mənası
var. Axı, o müqəddəs üç rəngli
bayrağımızı təzədən bizlərə
qaytaran əldə etdiyimiz müstəqilliyimiz, şəhid
qanı bahasına qazandığımız
azadlığımız olub. Axı, “Bayraqları bayraq yapan
üstündəki qandır...”
Küçəmizdən
söz açanda qeyd etdiyim bir faktı
oxucularımızın bir daha yadına salım; bizim
küçə şəhərin girəcəyindən
sonunacan Azadlıq küçəsi ilə qoşa
addımlayır.
Doğrudur,
Azadlıq küçəsinin lap girəcəyində
rayonumuzun icra başçısının təkcə şəxsi
təşəbbüsü ilə deyil, həm də təşkilatçılığı
ilə milli memarlıq üslubunda bəlkə də bölgələrimizdə
yeganə olan “Poeziya evi” inşa edilib, o “Poeziya evi”nin
qarşısında klassik ədəbiyyatımızın
banilərindən biri Xaqani Şirvaninin əzəmətli abidəsi
ucaldılıb, bu da hörmətli icra
başçısının ümummilli liderimiz Heydər Əliyevin,
onun daxili və xarici siyasətinin layiqli davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının
klassik irsimizə, mənəvi dəyərlərimizə
verdiyi qiymətlə yanaşı həm də
şabranlıların: – İstəmərəm adımı
çağıralar Xaqani, Mən yoxsullar şairi Xaqaniyəm,
Xaqani,- deyən, bu torpaqda yeddi ay həbsdə yatan, klassik ədəbiyyatımızda
öz ölməz “Həbsiyyə”sini yaradan Xaqaniyə
hörmət və ehtiramının bir təzahürüdür.
Yaşadığım
bu küçə ilə bağlı neçə-neçə
xatirəm var. Bəlkə də ömrümün 60-nı
başa vurduğumdandır ki, daha xatirələrlə
yaşayıram bu küçədə, Dəvəçiçayın
üst sahilində nə yazıqlar ki, indi üzə gülən
doğulub böyüdüyü bu küçənin bu
gününü görməyən nisgilli bir qələm
dostumuz, şair, telejurnalist Ağalar Mirzə də
yaşayırdı. Şabrana gələn kimi ilk əvvəl
o küçəyə, o küçədə doğulub
boya-başa çatdığı doğma evə baş
çəkib bəlkə də bir stəkan çay içmədən
evlərinin qənşərinə çıxardı, göz dolusu küçə boyu
baxardı.
Ağalar
Mirzənin şəhərimizin Dəvəçi adlanan
vaxtında yazdığı bir şeiri yadıma
düşür:
Bir
şəhər var: Dəvəçi,
Nə
vaxtsa karvan keçib,
Dəvənin
izi düşüb,
Dəvə
Şirvan yolunda.
Şirvan
yolu tozludu,
Yamacları
duzludu.
Küçəmizin
öyünəcək yerləri çoxdur. Küçəmizi
Dəvəçiçayın hər iki sahili ilə
hündürlüyü 21 metr, uzunluğu 544 metr olan bir
körpü birləşdirir. Bu göstəricilərinə
görə bu körpü respublikamızda yeganədir.
Küçəmizin
sakinləri həm də çox qonaqpərvərdirlər.
Buyurun, gəlin, qonağımız olun. Dediklərimə
özünüz şahid olun!
Aydın Tağıyev
525-ci qəzet.- 2012.- 15 noyabr.- S.4.