Professor
Vilayət Quliyevə yubiley məktubu Şərqlə Qərbin
qovşağında fütuhat
Əzizim Vilayət,
möhtərəm Ədib!
Bu da 60 yaş!
Azərbaycan yazıçılarının
X qurultayında dediyin
sözlər yadıma
düşür:
Elə bil ki, gənclik həbs müddətidi, onu nə vaxt qurtaracağıq
ki, bizi də nəzərə
alacaqlar.
Mən sənin
60 yaşını bu
“həbs müddəti”nin qurtarması rəmzi kimi qəbul edirəm. Fəqət,
sən həmişə
mənim üçün
gəncsən. Çünki,
bir zamanlar xısın-xısın bölüşdürdüyümüz
gənclik ehtiraslarını biz bu gün də qoruyub saxlamışıq. Bu başlıca məziyyətdir.
Böyük alman filosofu Hegel deyir ki, “Ehtirassız – dahiyanə heç nə yaradılmır”.
Eşq olsun insan ehtirasına!
Möhtərəm ədib! Çox şeyləri
yada salsam, bu müxtəsər təbrik məktubum bir dastana çevrilə
bilər. Biz səninlə
həqiqətən bir
dastan həyatı yaşamışıq. Mənim
Bakının keçmiş
Vorosvki qəsəbəsində 11 il kirayənişin yaşadığım
evdə sən gəlməyənəcən qazanın
qapağı açılmırdı.
Sən də ki, maşallah tək gəlmirdin: Tahir Məsimov, Teymur Kərimli, arabir Qaley Allahverdiyev
və s. olmasa boğazından çörək
keçmirdi. Ömrümüzün ən səmimi çağları idi, ötən əsrin
70-80-ci illəri.
Biz 1975-ci ildə Daşkənd səfərində
bir-birimizlə daha yaxından tanış olduq. 37 il
keçir o vaxtdan. Mən III, sən V kurs tələbəsi idik. Daşkənddə gözəl
anlar yaşadıq, ikimiz də məruzəmizə görə
ən yüksək diplomlar gətirdik ADU-ya.
Mən, sənin
“kiçik vətəninə”
– keçmiş Jdanov
(indiki Beyləqan) rayonuna ilk dəfə çox təəssüf
ki, ağır bir günündə – anının vəfatı
günündə gəldim.
Sənin bütün nəsil-nəcabətinin böyük
ehtiram və səmimiyyətini
gördüm. Sevincli günlərimizdə
onsuz da hər şey yaxşi idi. Kədərli günlərində isə mən səni daha yaxşı tanıdım
və daha çox sevdim. Heç yadımdan çıxmır – yay tətili günlərində
hər gün görüşüb danışa
bilmədiyimiz vaxtlarda
Jdanovun Şahsevən
kəndindən Qubanın
İsnik kəndinə
göndərdiyin məktubda
(mənim məktubuma cavabda)
Fadayevin Səməd
Vurğuna yazdığı
sözləri ilə mənə yazırdım:
Nə yaxşı ki, dünyada sən varsan!
Arxivdə işləmək üçün
getdiyin Tatarıstanın
paytaxtı qazandan mənə göndərdiyin
məktubu isə son zamanlarda çap olunmuş kitablarımdan birinə salmışam. Çünki həmin məktub
bizim dostluqla, həyatla, ədəbiyyatla,
gələcəklə bağlı
müştərək arzularımızın
çox mükəmməl
bir ifadəsi idi. Bu gün
fəxrlə deyə bilərik – həmin arzuların çoxuna qovuşduq və burada dostluğumuzun xüsusi rolu oldu.
Möhtərəm Ədib! Mən sənin üçün
– Azərbaycanın böyük
alimi, ictimai xadimi, qədim türk yurdu Macarıstanda milli-tarixi taleyimizlə bağlı böyük işlərə
imza atmış cəsarətli
şəxsiyyətlə bağlı
böyük iftixar hissi keçirirəm.
Biz səninlə Məmməd Arif və Məmməd Cəfər kimi ədəbiyyatşünaslıqda
paralel relslərin – milli nəzəri fikrimizin bu qoşa
relsləri üzərində
hərəkət edirik.
Sənin yazdığın “Mirzə Kazım bəy” (1987), “Ağaoğlular”
(1997), “Azərbaycanda erməni
zülmü” (1999), “İsa
Sultan Şahtaxtinskinin qəribə
həyatı”
(1999), “Azərbaycan filoloji
fikri və rus ədəbi mühiti” (2000, rus dilində nəşri
2003-cü il), “Tarixdə
iz qoyan şəxsiyyətlər” (2001), “Açıq sözün hikməti” (2002), “Tariximiz-taleyimiz”
(2002), “Ədəbiyyatda Nobel mükafatı laureatları”
(2009), “Son illərin yazıları”
(2009), “Polşada Azərbaycan
siyasi mühacirətinin
irsi” (2010), “Polşa tatarları Azərbaycanda”
(2012, son iki kitab rus dilində qələmə alınıb)
və digər kitablar Azərbaycanın milli elmi-nəzəri təfəkkürünün
əzəmətli faktlarıdır.
Adlarından da göründüyü
kimi bu kitablar
Şərqlə Qərbin
qovşağında bir
Vilayət fütuhatı
yaradıb.
Möhtərəm ədib! Sən dünyanın şəxsiyyəti
Heydər Əliyev irsinin ədəbiyyatla bağlı əsərlərini
– “Ədəbiyyatın yüksək borcu və amalı” (1999) kitabını
nəşr etdirmisən.
Heydər Əliyevin ədəbi-nəzəri irsi
bizim milli sərvətimizdir.
Bu sənin dövlətçiliyimizə
böyük xidmətindir.
Heç şübhəsiz ki,
haqqında inandırıcı
bir kitab yazdığın erməni
zülmünə qarşı
üsyanını, etirazını
Budapeştdə bayrağımızı
təhqir edən erməni zabitini öldürməklə bildirən
Ramil Səfərovun azadlığa çıxması
Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidmətidir. Fəqət bu alicənab, humanist missiyada
Azərbaycanın Macarıstandakı
fövqəladə və
səlahiyyətli səfiri
kimi sənin danılmaz xidmətlərin
var. Prezidentin tapşırığı
ilə apardığın
danışıqlar, təşkilinə
böyük məxfilik
şəraitində və
yüksək peşəkarlıqla
nail olduğun
ekstradisiya, bir sözlə, dövlətimizin
və diplomatiyamızın
qüdrətini göstərən
bu nəcib, xeyirxah əməl qədim dostun kimi mənim
qə qəlbimi fərəh və qürurla doldurdu.
Vilayət! Biz 70-ci illərin sonunda Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutuna
gəlib Azərbaycan tənqidi və ədəbiyyatşünaslığında
bir nəsil kimi formalaşdıq. Biz – Vilayət
Quliyev, Kamran Əliyev, Rəhim Əliyev, Vəli Nəbiyev, Muxtar İmanov, Teymur Kərimov, Arif Məmmədov, Şirindil Alışanov,
Nizaməddin Babayev, Rahid Xəlilov, Tahir Məsimov... Ədəbiyyat
İnstitutuna
gəldik və Məmməd Cəfər, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Qasım Qasımzadə, Qafar Kəndli, Kamran Dadaşoğlu, Məmmədhüseyn Təhmasib, Yaşar Qarayev, Əkbər Ağayev, Arif Hacıyev kimi görkəmli alimlər bizi qarşıladı. Təmaslar o qədər də asan olmadı və biz bu mücadilədə özümüzü
təqdim və təsdiq edə bildik.
Lunaçarski mənsub olduğu nəsli – 20-ci illərin tənqidçilərinin
“iftixara layiq imzalar”, Serafimoviç isə öz nəslinin ədəbiyyata gəlişini
“dəmir axın” adlandırdı. Bizim nəsli isə tənqidçi müəllimimiz,
professor Qulu Xəlilov
“dekabristlər” adlandırırdı.
Həqiqətən də biz 70-80-ci illərin
sakit tənqid mühitinə təmiz ab-hava gətirdik. XX əsrin son çərəyinin
tənqidçilərini – sənin
mənsub olduğun nəsli bir daha sadalayıram:
Aydın Məmmədov,
Kamil Vəliyev, Kamal Abdulla, Nadir Cabbarov, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə,
İlham Rəhimli, Məryəm Əlizadə,
Arif Əmrahoğlu, Şirindil Alışanov, Kamran Əliyev, Muxtar İmanov, İsrafil İsrafilov, Rəhim Əliyev, Tofiq Hüseynov və sonrakı istedadlar. Bu tənqidçiləri həm
də Yaşar Qarayev məktəbi adlandırmaq
olar.
Möhtərəm Ədib! Sən gözəl bir nəslin, nəcib bir ailənin başçısısan, həyat
yoldaşın Şəhla
xanım, oğlun Şamil, qızın Humay da mənə
çox doğmadır.
Allah onları xoşbəxt
eləsin.
Əzizim Vilayət, 60 yaşın mübarək!
Sən millətin və dövlətin qarşısında alnı
açıq, üzü
ağ bir ziyalısan, dövlət adamısan, mənim qədim dostumsan, sən bağrıma basır, cansağlığı arzu edirəm.
Nizaməddin
Şəmsizadə,
Azərbaycan
Respublikasının Dövlət
Mükafatı
laureatı, filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2012.- 15 noyabr.- S.5.