Kişvəri
divanının yeni nüsxəsi
Nəsimidən
sonrakı anadilli Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, təxminən XV əsrin ikinci
yarısı - XVI əsrin əvvəllərində
yaşamış Kişvəri özündən sonrakı
şeirimizin inkişafında mühüm rol oynayıb.
Akademik Həmid Araslı şairin ədəbiyyat tarixindəki
xidmətləri barədə yazır: “Kişvəri
yaradıcılığı özündən sonra gələn
Azərbaycan şeirinin üzərində qüvvətli və
müsbət təsir göstərmişdir. Füzuli də
daxil olmaqla XV əsrin sonu və XVI əsrin ortalarında
yaşayan bir çox şairlər Kişvəri
yaradıcılığından öyrənmiş, onun bədii
irsi, birinci növbədə lirik şeirləri əsasında
tərbiyələnmişlər”.
Son
dövrlərə qədər elm aləminə Kişvəri
divanının üç əlyazması məlum idi. Onlardan
biri, M-27 şifri altında AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanan, 77 vərəqdən ibarət
yarımçıq və nöqsanlı nüsxə 253 qəzəl,
9 müxəmməs və 26 rübaini əhatə edir.
İkinci nüsxə Daşkənddə - Əbu Reyhan Biruni
adına Şərqşünaslıq İnstitutunda,
üçüncüsü isə Səmərqənd Elmi-Tədqiqat
İnstitutunun kitabxanasında mühafizə edilir. Səmərqənd
nüsxəsinin Bakı nüsxəsindən
köçürüldüyü məlum olub. Kişvəri
divanı ilk dəfə Bakı nüsxəsi əsasında
1984-cü ildə C.Qəhrəmanovun tərtibatı ilə
çap edilib.
Son
dövrlərdə Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli
Hüseyni İranın Parlament (indiki Məclise-Şuraye-İslamiye-İran)
kitabxanasında Kişvəri divanının müəllif tərəfindən
köçürülmüş avtoqraf nüsxəsini
aşkar etmiş və bu nüsxə bizim redaktorluğumuz və
mətni müasir əlifbaya çevirməyimizlə çap
edilmişdir. (Tərtibat və ön söz M.Hüseyninindir).
53 səhifəni əhatə edən bu natamam əlyazmadan 24
bütöv və 2 yarımçıq qəzələ digər
nüsxələrdə rast gəlmirik.
Lap yaxın vaxtlarda İstanbul Universitetinin professoru Osman Fikri Sərtkayanın yardımı ilə əldə etdiyimiz Kişvəri divanının Bursanın əlyazmalar və əski çap əsərləri kitabxanasında 46-cı nömrə altında saxlanan nüsxəsinin surəti, inanırıq ki, şairin həyat və yaradıcılığı barədə daha ətraflı söz deməyə imkan verəcəkdir. Əvvəla onu deyək ki, bu nüsxə həcmcə Kişvəri divanının digər əlyazmalarından nəzərə çarpacaq dərəcədə böyükdür. Təəssüf ki, bərpa prosesində divan səhifələrinin kənarlarında, bəzən isə elə ortalarında da bəzi şeir parçaları oxunmaz hala salınmışdır. Buna görə də şeirlərin dəqiq sayı barədə hələlik məlumat verə bilmirik. İlkin nəzərə çarpan cəhət divan nüsxəsinin gözəl nəstəliq xətti ilə köçürülməsi, buradakı şeirlərdə şairin dövrü barədə yeni məlumatların olmasıdır. Kişvəri ünsiyyətdə olduğu, önəm verdiyi bir sıra müasirlərinin adlarını çəkmişdir. Şeirlərindən görürük ki, o, yaradıcılığının əvvəlki məhrələlərində Ağqoyunlu hökmdarı Sultan Yaqubun (1478-1490) sarayında yaşamışdır. Sultan Yaqub ziyalı bir hökmdar olmuş, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlıq etmişdir. Ağqoyunlu sülaləsinin digər nümayəndələri də mədəniyyətin inkişafına qayğı ilə yanaşmışlar.
Kişvəri müxəmməslərindən birində Sultan Yaqubun diqqətini cəlb etmək istəməsini belə ifadə etmişdir:
Taleyi-bərgəştə bir dəxi qılaydı sərvəri
Kim, cila tapsaydı şol ayineyi-İskəndəri,
Şölə çəksəydi çırağı tudeyi-Bayənduri,
Vəh nə ləzzət tapğay ol saət qələndər Kişvəri
Kim, görüncə rayəti-Yəqub xanı bir dəxi.
Göründüyü kimi, burada Ağqoyunlular sülaləsinin Bayandur nəslindən olduğu vurğulanmışdır. Kişvərinin adını çəkdyi, səxavətindən, ədəbiyyatın inkişafına qayğısından razı qaldığı Ağqoyunlu hökmdarlarından biri də Uzun Həsənin nəvəsi, Yusifin oğlu, Əlvənd Mirzənin qardaşı Məhəmmədidir. Mənbələrdə onun adı Məhəmməd kimi də gedir. Tarixdən bilirik ki, Sultan Yaqubun qəfil ölümündən sonra Ağqoyunlu sülaləsi nümayəndələri arasında çoxsaylı çəkişmələr, daxili müharibələr olmuş, hakimiyyət tez-tez dəyişmiş, nəhayət dövlət süquta uğramışdı. Məhəmmədi sülalənin böhranlı dövründə qısa müddət ərzində h.903 (m.1497-1498) - h.905-ci (m.1499-1500) Yəzddə hökmdarlıq etmişdi. Kişvərinin Məhəmmədinin ölümünə həsr etdiyi 8 bəndlik təxmis formasında yazdığı mərsiyə barədə məlumatımız var idi. Burada şair “Xani-mülk Sultan Məhəmməd gövhəri-Bayənduri”nin ölümündən kədərləndiyini, dərin hüznünü ifadə etmişdir. Bəndlərin hər biri “Dirligim dirlik deyil, tək bir qara gündür keçər” misrasıyla bitir. Kişvəri divanın yeri aşkar edilmiş Bursa nüsxəsində “Dər mədhi-Sultan Məlik Məhəmməd” başlıqlı iri həcmli şeir vardır. Burada şair Məhəmmədin adil hökmdar olmasını, səxavətini məhd etmiş, sonda ayağını yerdən götürmək üçün ondan bir ulaq istəmişdir:
Padişaha, mövkibi-alində mən qul Kişvəri,
Müddətidir kim, çəkirmən yayağlığdan əzab.
Bir ulağ birlə nə nöqsan tapğa, ya Rəbb, həşməti,
Qulunu gər atlandurub lütf etsə şah kamyab.
Bil ulağı kim
minər çağında
asayiş bulay,
Nə ulağı kim,
qıla asayiş andin ictinab...
Bir sıra mənbələr, o cümlədən,
şairin öz şeirləri sübut edir ki, Kişvəri
həyatının son dövrlərində,
Ağqoyunlu sülaləsinin
süqutundan sonra Şah İsmayıl Xətaiyə üz tutmuş, Həbibi, Süruri, Tüfeyli ilə barəbər onun sarayına dəvət olunmuşdur. Kişvəri divanının
Tehran nüsxəsindəki şeirlərdən birində
oxuyuruq:
Kişvəri, bir cürə
icsən yoxdur ölməklik sana,
Cami-zərdin Şah İsmaili-sultan
əlkidin.
Kişvəri divanının yeni
üzə çıxarılmış
Bursa nüsxəsində Şah
İsmayıl Xətainin
mədhinə həsr
edilmiş 40 beytlik tərkibbənd formasında
yazılmış şeir
vardır. Təəssüf
ki, burada bir neçə misra, bəzi sözlər oxunmaz hala düşmüşdür.
Şeirdə bir sıra ölkələri,
“Şərqi və Qərbi” fəth etmiş “Xurşidi-mülk
Şah İsmaili-Heydəri”,
onun ədaləti mədh edilir. Burada Xətai “Mehdiyi-zəmanə” adlandırılır.
Şair Şah İsmayıldan əvvəl
ölkədə qarışıqlığın
hökm sürdüyünü,
indi isə asudəlik olduğunu qeyd edir. Məmləkətdəki
asudəliyin əsas səbəbini hökmdarın
ədalətində görən
şair hikmətamiz bir cümlə işlədir: “...insafü
ədlilə əkiz irür dəvami-mülk”.
Yəni dövlətdəki
insaf və ədalət onun sabitliyi və davamlılığı ilə
əkiz qardaşdır.
Bunlardan biri olmasa, digəri də mövcud ola bilməz.
Paşa ƏLİOĞLU,
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunun direktor əvəzi
525-ci qəzet.- 2012.- 1 sentyabr.- S.30.