Əsl insan, fədakar alim, gerçək ziyalı itkisi

 

PROFESSOR NAZİF QƏHRƏMANLI BU DÜNYAYA VİDA ETDİ

 

Ağlımıza gətirmədiyimiz qəfləti bir aqibət, acı bir tale, bir yazı, bir təəssür: tanınmış ədəbiyyatşünas alim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nazif Ələkbər oğlu Qəhrəmanlı bu dünyadan ayrıldı. Axirət dünyasına qovuşdu. Uzun illərin vəfalı dostu, professor Rəhim Əliyev qəfildən: - Bəs deməzsən, Nazif də uçdu, ruhunun ardınca qeyb oldu, - deyəndə acı xəbərdən tutuldum, bulandım. Elə bu anda bir ilğım, ilıq bir həyəcan da keçdi içimdən. Axı həmişəlik yaddaşıma ilişib qalan bu 17 avqust mübarək Ramazan ayındandır. Ayların sultanı, işığın, bərəkətin rəmzi olan müqəddəs Ramazan ayından.

Bu mübarək günlərin işığından, sevincindən keçən zərif bir kədər ruhuma doldu. Duyğulandım, qayğılandım. Axı Nazif Qəhrəmanlı bu pakizə Ramazanda ruhunu uçurmuşdu, qəlbini tapşırmışdı. Belə günlər insan ömrünə bir rəhmət, bir yüngüllükdür, bir kölgə, bir sayədir. Nazif Qəhrəmanlının mübarək ruhunu mələklər qanadları üstündə aparmışdı.

Yazılarını lap əvvəldən oxumuşdum. Özünü isə 90-cı illərdən tanıyırdım. Ensiklopediyada işlədiyi illərdən. Məni ora Pedaqoji Universitetin müəllimi, filologiya elmləri doktoru, professor Ramin Əhmədov aparmışdı. Ensiklopediyaya məqalə vermək üçün. Nazif Qəhrəmanlının işlədiyi otaq uzunsov, ensiz, dar bir hücrə idi. Saralmış kağızlar, kitab qalaqları yöndəmsiz şkaflarda mürgüdəydi, əl dəyməsəydi ayılmazdı. Nazif Qəhrəmanlı bu mürgünü sən demə nəfəsi ilə ayıldırdı. Ürəyinin odu, beyninin işığı ilə oyadırdı. Tozlu, solğun varaqlara, kitablara nəfəs ötürürdü. Sən demə Nazif Qəhrəmanlının nəfəsini yeyən günlərin yarpaq tökümü bəlkə elə o çağlardan başlamışdı. Bilmirəm. Bildiyim budur ki, belə iş şəraitinin səbrinə sığınmaq, səbrin əlində qalmaq nə qədər işgəncəlidir, dözülməzdir. O günlər ürək, qan yeyirmiş sən demə. Varaqlara, kitablara həyat, can vermək üçün!

Rayonda yaşayırdım. Sözə-ədəbiyyata böyük həvəsim vardı. Oxumaq istəyirdim. “Namizədliyi” rayonda yaşaya-yaşaya müdafiə etmişdim. “Doktorluq” da yazmaq istəyirdim. Professor Teymur Əhmədovun səbəbkarlığı ilə. Professor Vaqif Arzumanlının elmi məsləhəti ilə mövzu götürmüşdüm. Məni tanımadan fərdi plan işimə səliqə-sahman da gətiribmiş sən demə Nazif müəllim. Bunu telefon zənglərindən bilmişdim. Diqqətcilliyindən, xeyirxahlığından məmnun qalmışdım Nazif Qəhrəmanlının.

Tale belə gətirdi ki, onunla professor Vaqif Arzumanlının vaxtilə direktor olduğu Milli Münasibətlər İnstitutunda, Etnodil prosesləri şöbəsində bir otaqda işləməli oldum. Məni ora professor Teymur Əhmədov gətirmişdi. Ziyalı ordusunun xeyirxahlarından, qayğıkeşlərindən biri, təmənnasız ziyalı Teymur Əhmədov.

İş otağımız geniş, nisbətən rahat idi. Stollarımız yan-yana idi. Yazılarıma redaktəyə kömək edər, məsləhətlər verərdi. Mən də kitablarını oxuyardım. Nazif Qəhrəmanlıdan öyrənərdim. Hətta, cəsarət edib “Mikayıl Rəfili” kitabı haqqında da yazmışdım. Məqaləni “Şəhriyar” qəzetində dərc etdirmişdim... Elə özünün də oxşarı vardı Mikayıl Rəfiliyə. Bunu professor Fəridə Vəlixanlı, professor Şirindil Alışanlı da deyirdi. Rus ədəbiyyatıni, dünya mədəniyyətini yaxşı bilirdi. Qədərincə bilirdi Nazif Qəhrəmanlı. Azərbaycan ədəbiyyatına da söz ola bilməzdi. Milli ədəbiyyat tarixindən, tarixçiliyindən, ədəbiyyatımızın genezis və tipologiyasından, inkişaf mərhələlərindən “doktorluq” yazmışdı, kifayət qədər tədqiqat aparmışdı. Ensiklopedik bilik sahibi idi professor Nazif Qəhrəmanlı.

Bizim elmi fəaliyyətimiz 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutu, XX əsr Azərbaycan ədəbiyyatı şöbəsi ilə bağlandı. Nazifin şöbədəki, institutdakı intensiv fəaliyyəti ilə bağlı xeyli səhifələr var yaddaşımda. Bunları burada yazmaq imkanından kənardayam. Müxtəsəri budur ki, fərdi plan işlərinin tutulmasında məsləhətini, köməyini əsirgəməzdi heç kimdən. Müdafiə Şuralarında, elmi şuralarda, seminarlarda əhatəli, müdrik çıxışlar edərdi. Respublikada və ondan kənarlarda - elmi konfranslarda, simpoziumlarda dərin məzmunlu məruzələr söylərdi. Hər hansı problem-mövzunun müəyyənləşdirilməsi, müzakirəsi və aydınlaşdırılmasında, yaxud hər hansı bir ədəbi söhbətdə - istər rus, istər Avropa, Qərb ədəbiyyatı olsun, fərq etməzdi, - Nazif Qəhrəmanlının sözünə həmişə ehtiyac olardı. Məlumatı, informasiyanı genişləndirərdi, aktuallığı müəyyənləşdirərdi. Axı o, ensiklopediyalardan gəlmişdi akademiyaya. Ədəbiyyat tarixi, nəzəriyyəsi və tənqidini problemləri, mərhələləri, ənənə və qanunauyğunluqları ilə kifayət qədər mükəmməl bilirdi. Zəngin mənəviyyatlı, möhtəviyyatlı idi professor Nazif Qəhrəmanlı.

Elmi ictimaiyyət yaxşı tanıyırdı onu. Alimlər, ziyalılar arasında güclü nüfuzu vardı onun. Müxtəlif şöbələrin əməkdaşları tez-tez onun yanına gələr, məsləhət alardı ondan. Hətta, respublikanın kənar elmi müəssisələrinin əməkdaşları da yanına gələrdi onun. Kömək istəyərdi. Nazif Qəhrəmanlı da əsirgəməzdi. Mən tez-tez bunun şahidi olurdum. Hətta, elə olurdu ki, tanımadığı, bilmədiyi gənclərə lazımi qayğı göstərərdi, onlara ümid verərdi. Bunu həmyerlilərinə daha çox göstərərdi Nazif Qəhrəmanlı. Dünya həyatı yaşayan bu insanın dünya malında gözü yox idi.

Nazif Qəhrəmanlı təmənnasız alim idi. Onun dövlətdən, akademiyadan, institutdan, şöbədən, adamlardan umacağı yox idi. O yeganə təmənnanı elə Allahından görürdü. Nazif Qəhrəmanlı elm adamı idi. Elmə həris sevgisi vardı onun. Elm onun üçün maddiyyatdan, ailədən, övladdan belə irəli idi. Yeri olanda hərdən gileylənərdi. “Filan su borusunun zədələndiyi”ndən, “evin filan yerinin təmirə ehtiyacı”ndan. Nazif müəllim elə bir imkan sahibi deyildi ki, ev-mənzil şəraitinin yaxşılaşdırılmasına əlavə xərc çəkə bilsin. Ancaq o, aldığı məvacibini üst-üstə yığıb yazdığı kitabların çapına xərcləyirdi. “Nəsib bəy Yusifbəyli”, “Əliyusif Yusifzadə” belə çap edilmişdi. Boğazından, ailəsindən kəsib, kitablarına xərcləmişdi.

Nazif Qəhrəmanlı görkəmli ədəbiyyatşünas-alim idi. Əvvəllər “Nazif Ələkbərli” imzası ilə yazırdı. Ələkbər atasının adı idi. Sonra “Nazif Qəhrəmanlı” imzası ilə yazdı. Həm də soyadını çağırdı, rişələdi. Bir dəfə dedim ki, bu müxtəliflik anlaşılmazlıq yaradır axı. Dedi ki, Azərbaycanda “Nazif” bir dənədir. Adını nəzərdə tutub deyirdi. Gerçəkdən belə deyirdi. Bu gerçəkdə bir həqiqət, bir məcaz, bir məna, bir süs yox idimi?!

O ədəbiyyatımızın müxtəlif sahələrindən yazmışdı. Dürüstlüklə, mənbəli, qaynaqlı. Obyektiv. 15-ə qədər kitab çap etdirmişdi:”Mikayıl Rəfili”, “Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf, dövrləşdirmə problemləri”, “Azərbaycanda ədəbi cəmiyyətlər (20-30-cu illər)”, “Üç budaq”, “Nəsib bəy Yusifbəyli”, “Əliyusif Yusifzadə”, “Əlifba islahati”, “Ədəbiyyat nəzəriyyəsi”. Saysız-hesabsız məqalələrin müəllifi idi. XX əsrin ədəbiyyat tarixini mükəmməl bilirdi. Bu kitablar ağır zəhmətin, gərgin təfəkkürün, zəngin idrakın bəhrəsi, nəticəsi idi. Çox zaman arxiv şəraitində, mötəbər sənədlər əsasında işləyirdi. Bu kitablar - milli mənəviyyatımızın kübarı olan Nazif Qəhrəmanlının kitab heykəlləri idi. Daim əllərdə yeriyən, addımlayan heykəllər. Nazif Qəhrəmanlıdan hamı öyrənirdi - üslubundan, orijinal məntiqindən, tənqidçı, ədəbiyyatşünas səriştəsindən.

Nazif Qəhrəmanlı Bakı Qızlar Universitetinin professoru idi. Elə “professorluğu” da bu universitetdə Ali Attestasiya Komissiyasından almışdı. Gərgin elm, tədris fəaliyyətinə görə. Tələbələri onu çox sevirdi, daim əhatəsində olurdu, suallar verirdi, cavablar alırdı. Onun bəzi kitabları elə qiymətli mühazirələrinin nəticəsi, yekunu idi. “Ədəbiyyat nəzəriyyəsi” dərsliyi elə beləcə yaranmışdı. Tələbələrinin diplom , kurs işlərinə diqqətlə yanaşardı. İmtahanlarda da incitməzdi onları. Nadir hallarda ondan kəsilən olurdı. Sanki qıymayırdı tələbələrinə.

Nazif Qəhrəmanlı yəqin ki, bir könül də qırmamışdı. Qırmazdı. Sadəlik, təvazökarlıq onun təbiəti idi. Çox halda yumşaq idi, səmimi idi. Bu təkəbbürlü dünyamızda, bu Tiranların at oynatdığı - nüvə oynatdığı zəmanəmizdə təkəbbürdən əsər-əlamət yox idi Nazif Qəhrəmanlıda. Təkəbbürü Allah (c.c.) da, peyğəmbər (s.a.s.) də sevmir. Təkəbbürlülər bizdən deyil, - bildirirlər. Nazif Qəhrəmanlı təmiz ziyalı idi. Xasiyyəti qu tükü, özü ipəkdən idi, yumşaq idi. Peyğəmbər (s.a.s.) özü də yumşaqlığı, davranışı, ünsiyyəti öyrədirdi əshabələrinə. Nazif də belə idi. Əlbəttə, onun sərt çağları da, dönməz üzü olan vaxtları da olurdu. Xüsusilə, elmdə, mövqeyində güzəştsiz idi.

Nazif Qəhrəmanlı vəfalı insan idi. Vəfa ölçüsü Allahın (c.c) şəninindir. Ona yaraşandır. Ona etiqadda bu vəfa ölçüsü çox məna, fəlsəfə ifadə edir. Nazif Qəhrəmanlı Allaha (c.c).vəfasında bütün istiqamətlərdə, ölçülərdə vəfalı idi. Sabitqədəm idi. Xüsusilə, elmə vəfasında daha dürüst idi. Elmə vəfa onda ailədən, övladdan, dostdan daha artıq duyulurdu. Nazifin vəfa anlayışı ülvi idi. Bərabər ölçülü , birxətli idi. Nazif Qəhrəmanlı vəfalı insan idi.

Vəfa ölçüsü - yumşaqlıq, həlimlik, sadəlik, təvazökarlıq, ünsiyyət, səmimiyyət, əqidə və zəhmətkeşlik məni ona bağlamışdı. Nazifə yaxın adam idim. Bildiyim qədər. Onunla demək olar ki, iki gündən bir görüşürdük, söhbətləşirdik. Həftənin tək günlərini akademiyada olurdu, - zarafat edib akademiyanın bu əzəmətli dəhlizləri ilə bir fateh kimi addımlamağınla aran necədir, - deyərdim. Gülümsəyərdi... Universitetdə də iki-üç gündən bir görüşərdik. Cüt günlərdə oraya gələrdi. Tələbələrinə mühazirələr oxumağa. Demək olar ki, hər mühazirədən sonra mənim otağımda, hücrəmdə olardıq. Özüm demişdim, xahiş etmişdim ki, dərsdən sonra kafedraya yox, mənim yanıma gəlsin. Onunla ünsiyyət xoş idi. Sözünün məğzində elə ədəbi söhbətlər dayanırdı. Gileydən-güzardan, qeybətdən uzaq adam idi. Çay dəmləyirdim... Şəkərdən, təzyiqdən arxayın da içmirdi onu. Belə konfetlər təsir edirdi səhhətinə. Xırda bükülü konfetlərə meyil salmışdı. “Şəkərə daha faydalıdır” deyirdi. Bir gün elektrik çaynikim işləmədi. Elə xətti birdən qırıldı. Hey deyirdim ki, evdən gəlmirəm, götürüb yenisini gətirim. Günü günə ötürürdüm. Belə olanda bufetə də düşürdük. Onda da bir-iki manat ödəmək istəyəndə etirazlar edərdi, rəva bilməzdi. Heç çayını da əməlli-başlı içməzdi onda. “Şəkər, təzyiq...” deyərdi.

Nazif Qəhrəmanlı uzun müddət Elmi Şuraların üzvü, seminar rəhbəri, Buraxılış Yekun Dövlət Attestasiyasının sədri olmuşdu. Sözündə mötəbər, mövqeyində qayğıkeş və səmimi.

Alimin axırıncı məqaləsini biz verdik jurnalımızda. Redaksiya heyəti bütün məqalələri ixtisar etmişdi. Nazifin yazısına dəyməmişdi. Bu, tale işi idimi? Bilmirəm. Təəssüf ki, məqaləsini sağlığında çatdıra bilmədik özünə. Qubadan yenicə qayıtmışdı, zəng etmişdi mənə. Danışdıq. Yazısını soruşdu. Çapdan çıxıb dedim. Təəssüf ki, “S.Rəhmanın “Vəfasız” povestinin tənqidinə dair” arxiv yazısının çapını görmədi. Nazif Qəhrəmanlı bu məqaləsində vəfasızlığa etiraz edirdi.

Bəlkə də vəfa qavrayışı, vəfa dərki Nazifi Allaha (c.c) olan vəfasına qovuşdurdu. Kim bilir. Qubaya getmişdi. Ata yurduna, bacılarına baş çəkməyə, yazıb-pozmağa... Qardaşı üçün də bir başdaşı hazırlatmışdı. Onu qoymağa. Qoydu. Rahatlandı. Təskinlik tapdı. Fəqət... Bu təskinlik ona canı bahasına başa gəlib. Başdaşını qoyandan sonra halında təfavüt yaranıb. Xəstəxanaya aparıblar. Heyhat, gec olub... Avqustun 17-də, 63 sənədə gözlərini əbədi yumub... Allahdan (c.c.) əmanət aldığı ömür Nazif Qəhrəmanlı yaddaşında büllur bir əməl oldu. Ləyaqətli, şərəfli yaşadı.

Görüşünə, vidasına tələsdik. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı,professor Rəhim Əliyev və bu sətirlərin müəllifi yol boyu bu ünlü insanın ömür kitabını vərəqlədik. Vətəndaşlığını, ziyalılığını, təmizliyini yad etdik, kədərə dolduq.

Sanki içinə dammışdı. Səhhətindən giley edirdi hərdən. Bilmək olmaz deyirdi. Dərslərimi yarımştata keçirin. Mühazirələr çox yorur məni. Əvvəlki kimi gücüm çatmır. Ürəyinə dammışdı ölüm. Hətta, bir az əvvəl axırıncı istəkli bacısını da yola salmışdı. Mübarək torpağa tapşırmışdı. Əlvida demişdi. Tək qalmışdı. Kimsəsiz qalmışdı. Bir özü, bir ata yurdu...Ölüm içinə dammışdı Nazif müəllimin.

Bacısı oğlu Elçin deyirdi ki, ölümü də elə xəfif təbəssümlə qarşıladı. Bir neçə qırıq,anlaşılmaz cümləni də təbəssümlə demişdi, rahatlanmışdı. R.Rza demişkən, uzun bir dəqiqə dincəlmişdi...

Quba camaatı Nazif Qəhrəmanlının cənazəsinə toplaşmışdı. Sanki ay kimi bir halə yaranmışdı məzar başında...

Natiqlər: AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi əlaqələr şöbəsinin müdiri, Milli Münasibətlər İnstituutnun sabiq direktoru, professor Vaqif Arzumanlı, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı, professor Rəhim Əliyev, yazıçı-dramaturq Əli Əmirli, “Qobustan” jurnalının baş redaktoru Ələkbər Salahzadə, yazıçı, publisist Teyyub Qurban və bu sətirlərin müəllifi Əlizadə Əsgərli professor Nazif Qəhrəmanlının ədəbi-elmi fəaliyyətindən, onun şəxsiyyətindən, ləyaqətindən, xidmətlərindən, dostluq və səmimiyyətindən danışdıq. Bu vida sözlərinin hər biri duru idi, təmiz idi. Ürəkdən idi. Nazif Qəhrəmanlının uyuduğu torpağ təzə idi, pakizə idi.

V.Səmədoğlu demişkən, “əlimi uzatdım sevincə sarı, gördüm ki, arada kədər dayanıb”. Pakizə torpaq bir təmiz vücudu qoynuna almışdı. Axı o gün cümə idi, beşinci gün idi.Peyğəmbər əleyhissəlamın daha üstün gördüyü, daha işıqlı bildiyi bir gün.Səfərlərinin belə fəzilət tapdığı bir gün.”Qurani-Kərim”in nazil olduğu ,namazların daha mübarəki olan bir gün. Vallah o gün günün şüaları da bir az şaxından düşmüşdü. Hava bir qədər səngimişdi. Sanki göylər Nazif Qəhrəmanlının ruhunu sərinlətmişdi.

 Nazif Qəhrəmanlı ilə “tərəf-müqabil” idik. Aramızda bir sərhəd - bir məzar vardı. Biz dünya həyatının Məkanında, o isə axirət dünyasının Zamanında idi. Bu dünya həyatının Məkanında - başdaşı tərəfdə bir müəzzin Nazif Qəhrəmanlı ruhuna “Yasin” oxuyurdu, “Fatihə” verirdi. Tanrı rəhmətindən dualar diləyirdi. Biz könül riqqəti ilə Nazif Qəhrəmanlını çağırır, onu bolluca danışdırırdıq. Son dəfə. Son vida çağı. Biz onu görmürdük. O bizi görürdümü? Onun pakizə ruhunun ayaqları müqəddəs Kövsər çayının sularına toxunub, onu ləpələndirirdimi? Nazif Qəhrəmanlı ruhunun əlləri Kövsər suyundan içirdimi? Nazif Qəhrəmanlı ruhu Firdövs bağlarında dinclik tapırdımı? Orda sözə, ədəbiyyata məhrəmlik vardımı? Bir ruh Allah-taalanın (c.c) rəhmətində, peyğəmbərin (s.a.s.) şəfaətində idi, uyuyurdu, rahatlanırdı.

Bu dünya həyatının başqa bir məkanında, dörd divar qoynunda bir qadın dünyası ağlayırdı, bir qadın dünyasının gözləri, göz yaşları ağlayırdı. Bu dünya həyatının elə həmin məkanında, ata yurdunun həyətində,bəlkə qapı arasında, ya bəlkə də pəncərə önündə dayanan məktəbli bir qız uşağı da qəmli çöhrəsi, narın göz yaşlarıyla həsrətli bir atanı çağırırdı, soraqlayırdı. Bu dünya həyatının məkanı nə qədər uzanırdısa, o axirət dünyasının zamanına qovuşmayırdı... Ruhun şad olsun, yerin-yurdun behiştlik olsun, professor Nazif Qəhrəmanlı!

Qoy ziyalılığımızın yaddaşı olan bu yazı təkəbbürlü zəmanəmizdə müdrik bir vicdanın, vicdanlı bir ağılın dünya həyatına bir elegiya olsun!

 

 

Əlizadə ƏSGƏRLİ,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 1 sentyabr.- S.28.