Vokalçı
Ramil Qasımovun Almaniyada yeni albomu buraxılıb
Azərbaycan
Teleradiosunun musiqi kollektivlərinin bədii rəhbəri,
tanınmış vokalçı Ramil Qasımovun Almaniyada
yeni CD albomu işıq üzü görüb.
Vokalçının
APA-ya verdiyi məlumata görə, “Azərbaycanım” adı
altında milyonlarla dinləyicinin ixtiyarına verilən bu
albomda Ramil Qasımovun ifasında Azərbaycanın dünya
şöhrətli bəstəkarlarının əsərləri
yer alıb. Albom Müslüm Maqomayevin “Azərbaycan”
mahnısı ilə açılır. Eyni zamanda bu topluda “Sənsiz”,
“Sevgili canan” (Üzeyir Hacıbəyli, Nizami Gəncəvi),
“Azərbaycan” (Müslüm Maqomayev), “Vətən qədər
ucalar” (Şəfiqə Axundova, Bəxtiyar Vahabzadə), “Sahilə
gəl” (Vasif Adıgövəlov, Mikayıl Müşfiq),
“Sevgilim” (Tofiq Quliyev, Zeynal Cabbarzadə), “Həsrət nəğməsi”
(Eldar Mansurov, İsmayıl Dadaşov), “Lay-lay” (Cahangir
Cahangirov, İslam Səfərli), “Qurban olduğum” (Hacı
Xanməmmədov, Mikayıl Müşfiq), “Koroğlunun
ariyası” (Üzeyir Hacıbəyli), “İlhamlı günləri
Azərbaycanın” (Azad Zahid, Abdulla Qurbani), “My way” (Frenk Sinatra)
və digər sevilən musiqilər yer alıb. Ramil
Qasımov bildirib ki, bu diskin Azərbaycanla yanaşı,
Almaniyada da satışı olacaq:
“Müasir
Azərbaycanımız günü-gündən inkişaf
edir. Hər bir azərbaycanlı üzərinə düşən
vəzifə borcunu bacarığı müqabilində həyata
keçirir. Hər zaman çalışıram ki, hər bir
CD albom tematik olaraq maraqlı olsun. Mən bu albomun adını
yalnız “Azərbaycanım” qoya bilərdim. Azərbaycanın
adı mənim üçün hər şeydən önəmlidir.
Bundan sonrakı yaradıcılıq fəaliyyətimdə də
Azərbaycan mədəniyyətinin, incəsənətinin
inkişafı yolunda əlimdən gələni əsirgəməyəcəyəm.
Adına uyğun hazırlanan diskin üzərində ənənə
və müasirliyi özündə birləşdirən
paytaxt Bakının göz oxşayan fotosu göstərilib”.
525-ci qəzet.-
2012.- 1 sentyabr.- S.17.