“Azərbaycanın təhsil tarixi”:
milli təhsil haqqında fundamental əsər
VII YAZI
Azərbaycanın
təhsil naziri, tanınmış ziyalı, ictimai xadim,
professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycanın
təhsil tarixinin publisistik dillə qələmə alınan
ensiklopediyasıdır. Azərbaycan təhsilinin tarixi ilk dəfədir
ki, bu cür əhatəli və sistemli şəkildə
oxuculara təqdim olunur.
Çoxcildliyin
dördüncü fəsli məktəbdənkənar təhsilə,
bu sahədə təhsilin vəziyyətinə həsr olunub.
Sözügedən fəsildə Ekoloji tərbiyə və təcrübəçilik
mərkəzləri, Uşaq-gənclər idman məktəbləri,
Uşaq-gənclər şahmat məktəbləri, Texniki
yaradıcılıq mərkəzləri, Gənc turistlər
və diyarşünaslıq mərkəzləri və
Uşaq yaradıcılıq və tərbiyə işi mərkəzləri
haqda ətraflı məlumatlar yer alıb.
Təhsil
naziri Misir Mərdanov qeyd edib ki, məktəbdənkənar təhsil
müəssisələri dövlətin təhsil sisteminin tərkib
hissələrindən biridir. Məktəbdənkənar təhsil
müəssisələrinin əsas vəzifəsi uşaq və
gəncləri vətənpərvərlik ruhunda tərbiyə
etməklə yanaşı, onların maraq, meyil və
bacarıqlarını, intellektual səviyyələrini,
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən
ibarətdir. Buna görə də məktəbdənkənar
müəssisələrdə uşaqların
yaradıcılıq tələbatlarının təmin edilməsi,
asudə vaxtlarının səmərəli təşkili
üçün əlverişli şəraitin olması
vacibdir.
Nazir
bildirib ki, müstəqillik ərəfəsində ölkədə
qeyri-sabitlik bütün sahələrdə olduğu kimi, məktəbdənkənar
müəssisələrin də fəaliyyətinə öz mənfi
təsirini göstərdi. Bu illər ərzində məktəbdənkənar
müəssisələrin iş ritmi pozulmağa
başladı. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı
iıə Yuru Qaqarin adına Bakı şəhər
Uşaq-Gənclər Yaradıcılıq Sarayının
adı dəyişdirilərək Tofiq İsmayılov
adına Bakı şəhər Uşaq-Gənclər
Yaradıcılıq Sarayı adlandırıldı.
Sarayın nəzdində Uşaq Dünyası Rəsm
Qalereyası və Uşaq Yaradıcılıq Evi fəaliyyət
göstərməyə başladı. Ermənistanın
ölkəmizə hərbi təcavüzü nəticəsində
işğal olunmuş ərazilərdə təqribən 33 məktəbdənkənar
müəssisə məhv edildi. Ekoloji tərbiyə və təcrübəçilik
mərkəzlərinin zəngin maddi-texniki bazası, təcrübəçilik
sahələri, canlı güşə, sərgi salonları
işğalçılar tərəfindən
dağıdıldı. İşğal nəticəsində
Şuşa, Ağdam, Xankəndi, Xocavənd, Xocalı,
Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan, Laçın
rayonlarında fəaliyyət göstərən idman məktəblərinə
böyük ziyan dəydi. İşğal olunmuş ərazilərdə
məktəbdənkənar müəssisələrə aid 1
yeni tipli idman kompleksi, 4 yeni tipli ikimərtəbəli inzibati
bina, 7 yeni tipli birmərtəbəli inzibati bina, 6
uyğunlaşdırılmış inzibati bina,
1stolüstü tennis zalı, 1 üzgüçülük
hovuzu, 1güləş zalı, 2 oyun zalı, 3 idman zalı, 1
futbol meydançası, 1 basketbol meydançası erməni
işğalı altında qaldı. Bu illər ərzində
Cəbrayıl, Kəlbəcər, Beyləqan, İmişli,
Biləsuvar, Ağdərə, Xocavənd, Xankəndi və
Şuşa rayonlarının texniki yaradıcılıq mərkəzləri
bağlandı. İşğal olunmuş şəhər və
rayonlarımızda fəaliyyət göstərən bir
sıra məktəbdənkənar müəssisələr isə
məcburi köçkün düşərək ölkənin
şəhər və rayonlarında məskunlaşmağa məcbur
oldu:
“Heydər
Əliyevin siyasi rəhbərliyə qayıdışından
sonra məktəbdənkənar təhsil sahəsində
islahatlar həyata keçirilməyə başlandı.
1994-cü ildə Nazirlər Kabinetinin qərarı ilə “Məktəbdənkənar
təhsil müəssisələrinin nümunəvi əsasnaməsi”
təsdiq olundu. Bu əsasnaməyə uyğun olaraq, məktəbdənkənar
müəssisələr yeni - məktəbdənkənar tərbiyə
işi mərkəzi, uşaq yaradıcılıq mərkəzi,
şagirdlərin ekoloji tərbiyə və təcrübəçilik
mərkəzi, texniki yaradıcılıq mərkəzi, gənc
turistlər və diyarşünaslıq mərkəzi,
uşaq-gənclər idman məktəbi, uşaq-gənclərin
fiziki hazırlıq klubu, estetik tərbiyə mərkəzi, bədii
yaradıcılıq evi, uşaq-rəsm qalereyası,
uşaq-gənclər şahmat məktəbi adlarıyla fəaliyyət
göstərməyə başladılar. Əsasnaməyə
görə, müəssisələrdə uşaq, yeniyetmə
və gənclərin yüksək biliyə malik, dövlətçiliyə
sədaqətli, vətənpərvər, milli-mənəvi dəyərlərimizə
dərin hörmət və ehtiram ruhunda tərbiyə
olunmaları, onların mənəvi, fiziki, ekoloji, hüquqi,
estetik tərbiyəsinin, bədii və texniki
yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi
və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü
işlər görüldü. Uşaq parkının
bazasında Bakı Şəhər Məktəbdənkənar
Tərbiyə İşi Mərkəzi yaradıldı. Təhsil
Nazirliyinin 1994-cü il tarixli əmri ilə Gənc Texniklər
Stansiyasının Texniki Yaradıcılıq Mərkəzi,
1997-ci tarixli əmri ilə isə “Ehtiyat Əmək Qüvvələri”
Könüllü İdman Cəmiyyəti bazasında “Təhsil”
Respublika İdman Mərkəzi yaradıldı”.
M.Mərdanov
vurğulayıb ki, ölkədə ekologiya, ətraf
mühitin mühafizəsi və davamlı inkişaf sahəsində
uğurla həyata keçirilən dövlət siyasətinin
prioritet istiqamətlərindəb biri də əhalinin, o
cümlədən gənc nəslin ekoloji təhsili və
maarifləndirilməsidir. Təhsil Nazirliyi tərəfindən
ölkədə ekoloji təhsil və maarifləndirmə
prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi
sahəsində məqsədyönlü işlər
aparılıb. Prezident İlham Əliyevin sərəncamları
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji
müxtəlifliyin qorunması və davamlı istifadəsinə
dair Milli strategiya və fəaliyyət planı”, “Ətraf
mühitin mühafizəsi ilə bağlı Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq konvensiya və
sazişlərdən irəli gələn məsələlər
sahəsində əlavə tədbirlər”, “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün kompleks tədbirlər planı” gənc nəslin
ekoloji təlim və tərbiyə işinin müasir tələblər
səviyyəsində həyata keçirilməsini tələb
edir. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin
fəaliyyəti gənc nəsildə erkən
yaşlarından ekoloji təfəkkürün, mədəniyyətin,
ətraf mühitə məsuliyyətli və humanist
münasibətin formalaşması baxımından əhəmiyyətlidir.
Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli
təşkili, əməli bacarıq və vərdişlərə
yiyələnməsi, onların mənəvi və intellektual
inkişafı, potensial yaradıcılıq
istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq
qabiliyyətlərinin formalaşdırılması ekoloji tərbiyə
və təcrübəçilik mərkəzlərinin əsas
vəzifələrindəndir. Ekoloji tərbiyə və təcrübəçilik
mərkəzlərinin kompleks fəaliyyət proqramı ekoloji
dərnəklərin fəaliyyətini, məktəblilərin
asudə vaxtlarının səmərəli təşkilini,
onların təbiətsevərlik, təbii sərvətlərə
qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini,
ekoloji kütləvi tədbirlərin keçirilməsini,
ekskursiya və ekspedisiyaların təşkilini və digər
məsələləri əhatə edir.Azərbaycan məktəblilərinin
ekoloji hərəkatının inkişafındakı
uğurlar ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz ümummilli liderin diqqət və
qayğısı, uzaqgörənliyi sayəsində ekoloji mərkəzlərin
şəbəkəsi genişləndirilib, maddi-texniki
bazası zənginləşdirilərək dərnək, klub
və digər birliklərin sayı xeyli artırılıb.
“Əhalinin
ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun olaraq ekoloji təhsilin fasiləsizliyini
təmin etmək məqsədilə “Ətraf mühit və
biz” mövzusunda məktəbəqədər təhsil müəssisələri
üçün ekoloji təlim, tərbiyə proqramı,
ümumtəhsil məktəblərinin I-XI sinifləri
üçün ekoloji dərnək, klub və digər birləşmələrinin
nümunəvi tədris proqramları tərtib edilib:
“Müstəqillik
illərindən başlayaraq məktəbdənkənar müəssisələrin
yetirmələri dünya ölkələrində keçirilən
nüfuzlu idman yarışlarında ölkəni layiqincə
təmsil edirlər. Bu cəhətdən idman sahəsində
daha böyük uğurlarımız olub. Əgər 1992-ci
1997-ci illərdə Təhsil Nazirliyinin sistemində fəaliyyət
göstərən uşaq-gənclər idman məktəblərinin
yetirmələri beynəlxalq yarışlarda cəmi 5
qızıl, 13 gümüş, 9 bürünc medal
qazanmışdırsa, təkcə 1998-ci ildə 7
qızıl, 4 gümüş və 7 bürünc medal əldə
olunub. Uşaq-gənclər idman məktəbləri məktəbdənkənar,
sosial məqsədyönlü müəssisədir, öz fəaliyyətini
uşaq, yeniyetmə və gənclərin ahəngdar
inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə
sağlamlığının və fiziki
hazırlığının möhkəmləndirilməsinə,
yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri
ilə fiziki tərbiyə işində istiqamətləndirici
rol oynamasına və respublikada yüksək səviyyəli
idmançıların hazırlanmasının
baslanğıc və orta mərhələlərinin əhatə
edilməsinə yönəldir. İdman məktəbləri
tabeçiliyində olduqları
təşkilatlar tərəfindən ona həvalə
edilmiş idman növlərini, maddi-texniki bazasını,
maliyyə vəsaitini nəzərə alaraq fəaliyyət
proqramı hazırlayır və kollektivin pedaqoji
şurasında təsdiq edir. Məktəblərdə təlim-məşq
qrupları ibtidai hazırlıq keçmiş və ümumi
fiziki hazırlıq və xüsusi idman
hazırlığı üzrə qəbul normativlərinin tələblərini
yerinə yetirmiş yeniyetmələrdən komplektləşdirilir,
idman təkmilləşdirmə qrupları təlim-məşq
qruplarında hazırlıq mərhələsi keçmiş
və xüsusi fiziki və idman hazırlığı üzrə
qəbul normativlərini yerinə yetirmiş
idmançılardan komplektləşdirilir. Yüksək idman
ustalığı qrupları bundan əvvəlki
hazırlıq mərhələlərini keçmiş və
respublika milli yığma komandasına namizəd tələblərinə
uyğun gələn idmançılardan komplektləşdirilir.
İdmançılar növbəti ilin tədris qrupuna
xüsusi fiziki hazırlıq üzrə test normativ göstəricilərinə
gorə məşqçilər şurasının qərarı
ilə keçirilir. Bir qayda olaraq həmin tələbləri
yerinə yetirməyən idmançılar növbəti tədris
ilinə keçirilmir. Məktəbin yetirmələri idman
ustalığını artırmaq üçün müqavilə
əsasında idman təmayüllü internat məktəbinə,
Yuksək İdman Ustalığı məktəbinə, idman
oyun növləri üzrə ustalardan ibarət komandalara
göndərilə bilər”.
M.Mərdanov
yazıb ki, Təhsil Nazirliyi sistemində fəaliyyət
göstərən uşaq-gənclər şahmat məktəbləri
ölkədə şahmatın inkişaf etdirilməsində
müstəsna əhəmiyyətə malikdir. Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə ötən əsrib 70-80-ci illərində əsası
qoyulmuş bu məktəblərin sayı indi 66-ya
çatıb. Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər
şahmat məktəbi fəaliyyət göstərir:
“İdmanın futbol və şahmat növlərinin daha da
inkişaf etdirilməsi üçün İlham Əliyevin sərəncamları
ilə Dövlət Proqramları qəbul olunub. Bu
proqramların yerinə yetirilməsi məqsədilə Təhsil
Nazirliyi tərəfindən tədbirlər planları
hazırlanıb və bu istiqamətdə gündəlik olaraq
iş aparılıb. Cari ildə nazirlik tərəfindən mərkəzləşdirilmiş
qaydada bütün şahmat məktəbləri üçün
şahmat invertarı, müxtəlif mebel dəstləri,
kompüter, kompüter avadanlıqları, texniki tədris vasitələri,
digər zəruri avadanlıq və əyani vəsaitlər
alınaraq paylanıb. Şahmat məktəbləri
üçün elektron tədris vasitələri
hazırlanıb və yaxın vaxtlarda həmin məktəblərin
istifadəsinə verilib. Şahmat məktəblərinin
maddi-texniki bazalarının möhkəmləndirilməsi
istiqamətində bir çox işlər görülüb.
Belə ki, Şamaxı, Cəlilabad, Gədəbəy,
Sumqayıt və Mingəçevirdə şahmat məktəbləri
üçün yeni binalar tikilib istifadəyə verilib.
Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi,
Sumqayıt şəhər, İsmayıllı, Zaqatala və
Qax rayon şahmat məktəblərində əsaslı təmir
işləri aparılıb. Təhsil Nazirliyi sistemində fəaliyyət
göstərən idman, şahmat məktəblərinin yetirmələri
bu il respublika və beynəlxalq yarışlarda
bütövlükdə 1886 medal qazanıblar. Beynəlxalq
turnirlərdə, Avropa, Dünya birinciliklərində və
çempionatlarında 178 medal qazanılıb. Onlardan 54-ü
qızıl, 50-i gümüş, 74-ü bürüncdür.
2010-cu ildə idman növləri üzrə 1918 nəfər
yüksək dərəcəli idmançı
hazırlanıb. Onlardan 1697 nəfəri l dərəcəli,
212 nəfər idman ustalığına namizəd, 4 nəfər
idman ustası, 4 nəfər FİDE ustası, 2 nəfər
isə beynəlxalq dərəcəli idman ustasıdır:
“Texniki yaradıcılıq mərkəzləri gənclərin
texniki yaradıcılıq imkanlarını inkişaf etdirməklə
yanaşı, onların tərbiyəsində əhəmiyyətli
rol oynayır. Texniki yaradıcılıq mərkəzlərinə
kömək məqsədilə gənc dizayner, texniki ekologiya,
cizgi filmləri, kimya-texnologiya dərnəkləri
üçün tematik planlar, kimya-texnologiyaya aid əyani vəsaitlər,
kiçikyaşlı məktəblilər üçün
avia, gəmi modellərinin hazırlanması texnologiyası,
radio həvəskarlara kömək, gənc texniklərin
oyunları, məktəblilərlə elektrotexnikaya dair məşğələlər
üzrə tematik plan və tövsiyələr
hazırlanmışdı. Ölkənin tarixinin və təbiətinin
öyrənilməsində, respublikada turizmin inkişafı
sahəsində görülən işlərdə gənc
turistlər və diyarşünaslıq mərkəzlərinin
də öz payı var. Gənc turistlər və
diyarşünaslıq mərkəzlərində
diyarşünaslıq, idman-turizm, tədqiqatçılıq
profilli dərnəklər mövcuddur. Azərbaycan-Türkiyə
Müştərək İqtisadi Komissiyasının qərarı
və “Azərbaycan Respublikasının 2002-2005-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində
“Babaların tarixi zəfər və şəhadət yolu” layihəsinin
hazırlanması və həyata keçirilməsində mərkəzlər
yaxından iştirak edir”.
Çoxcildliyin
beşinci fəsli ilk peşə-ixtisas təhsilinin
inkişafına həsr olunub. Təhsil naziri qeyd edib ki, sovetlər
birliyinin dağılması, Ermənistanın Azərbaycana təcavüzü
digər sahələrdə olduğu kimi, texniki peşə təhsili
sahəsində də bir sıra ciddi problemlər yaratdı.
Müstəqilliyin ilk illərində Ermənistan-Azərbaycan
münaqişəsi nəticəsində torpaqların 20
faizinin işğal edilməsi, bir milyondan artıq
soydaşımızın qaçqın və məcburu
köçkün vəziyyətinə düşməsi,
ölkədə siyasi sabitliyin pozulması, iqtisadiyyatın
bütün sahələrini bürümüş böhran,
maliyyə çətinliklərı, bazar iqtisadiyyatına
keçidlə bağlı problemlər, dövlət müəssisələrinin
fəaliyyətinin dayandırılması texniki peşə təhsili
sistemini dağılmaq təhlükəsi qarşısında
qoymuşdu. Müstəqilliyin ilk illərində məktəblərin
sayı 176-dan 160-a enmiş, şagirdlərin sayı 4 dəfəyə,
öyrədilən peşələrin sayı isə 2 dəfəyə
qədər azalmışdı. İqtisadiyyatda gedən
struktur dəyişikliyi, dövlət müəssisələrinin
özəlləşdirilməsi və fəaliyyətini
dayandırması, fəhlə kadrlarına olan tələbatın
kəskin şəkildə azalması, emalatxana, tədris
kabinetləri və laboratoriya avadanlıqlarının köhnəlməsi,
sıradan çıxması,mövcud təhsil müəssisələrinin
şəbəkəsi ilə bazar münasibətləri şəraitində
fəhlə kadrları hazırlığın səviyyəsi
arasında uyğunsuzluq texniki peşə təhsilinin
nüfuzuna ciddi təsir etmiş, cəmiyyət tərəfindən
bu təhsil pilləsinə olan maraq xeyli azalmışdı. Təhsil
sisteminin vacib tərkib hissəsi olan texniki peşə təhsili
sisteminin də milli ənənələr və ümumbəşəri
dəyərlər əsasında yenidən qurulması
baxımından “Azərbaycan Respublikasında peşə təhsili
sisteminin təkmilləşdirilməsi tədbirləri
haqqında” Nazirlər Kabinetinin qərarının
mühüm əhəmiyyəti oldu: “Həmin qərarla
peşə məktəbi və peşə litseyinin nümunəvi
Əsasnaməsinə uyğun olaraq, Təhsil Nazirliyinin təqdim
etdiyi “Peşə məktəbi və peşə litseyi statusu
verilən tədris müəssisələrinin
siyahısı”, “Ləğv edilən peşə məktəblərinin
siyahısı”, “Birləşdirilən peşə məktəblərinin
siyahısı”, “Peşə məktəbi və peşə
litseylərində ixtisaslı fəhlə kadrlarının
hazırlanması üçün peşələrin
siyahısı” təsdiq edildi. Ləğv edilən və birləşdirilən
peşə məktəblərinin bina və
avadanlıqları, torpaq sahələri yalnız təhsil
sisteminin ehtiyacları üçün istifadə olundu. Təhsil
Nazirliyi tərəfindən ləğv edilən və birləşdirilən
peşə məktəbləri şagirdlərinin təhsillərini
başa çatdırması və sərbəstləşən
işçilərin ixtisaslarına uyğun işlə təmin
edilməsi üçün tədbirlər görüldü,
peşə tədris müəssisələrində dövlət
sifarişi ilə yanaşı təsərrüfat hesablı
kadr hazırlığını genişləndirsin və tədricən
ayrı-ayrı peşə məktəblərinin qismən
özünümaliyyələşdirilməyə keçməsini
təmin olundu. Maliyyə Nazirliyi ilə birlikdə peşə
məktəbi və peşə litseylərinin digər hüquqi
şəxslərlə ortaq istehsal müəssisələri
yaratmağın mexanizmini hazırlandı. Həmin istiqamətdə
əldə edilən vəsaitin bu müəssisələrin
maddi-texniki bazasının genişləndirilməsinə,
işçilərin və şagirdlərin sosial müdafiəsinin
möhkəmləndirilməsinə sərf edilməsi ilə
bağlı təlimatlar hazırlandı. Təhsil Nazirliyi Ədliyyə
Nazirliyi ilə birgə cəzaçəkmə müəssisələri
nəzdində olan peşə məktəblərinin tədris-maddi
bazasının möhkəmləndirilməsi və kadr
hazırlığının keyfiyyətcə
yaxşılaşdırılması üçün
lazımi tədbirlər həyata keçirdilər,
respublikada sərbəstləşən işçilərə
və əhalinin qeyri-məşğul hissəsinə peşə
öyrədilməsi, onların yenidən hazırlanması və
ixtisaslarının artırılması Dövlət Sosial
Müdafiə Fondu hesabına əsasən peşə məktəbləri
və peşə litseylərində həyata keçirildi.Yerli
icra hakimiyyəti orqanları təlim təsərrüfatı
olmayan kənd təsərrüfatı profilli peşə məktəbi
və peşə litseylərinə mövcud qaydada torpaq sahəsinin
ayrılması məsələsini həll etdilər.
Texniki
peşə təhsili bütövlükdə təhsil
sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin
sosial-mədəni və iqtisadi inkişafında fərdlərin
iştirakını təmin edir, onların ətraf mühitə
təsir etmək imkanlarını artırır, insanları
yeni biliklərə yiyələnməyə istiqamətləndirir,
peşəkar fəaliyyətdə davamlı inkişafa nail
olmaqda real kömək göstərir. Müasir dövrdə
inkişaf etmiş ölkələrdə texniki peşə məktəbləri
yalnız ənənəvi “sənətkarlar və ustalar”
hazırlamır, bu məktəblər həm də daha
yüksək bilik və bacarığa malik ixtisaslı mütəxəssis
hazırlığını həyata keçirir”.
Nazir bildirib ki, problemlərin çoxluğuna baxmayaraq, 90-cı illərin sonunda Təhsil Nazirliyi texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, texniki peşə təhsili sistemində məzmunun təkmilləşdirilməsi, təlim metodları və texnologiyalarının yeniləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra layihələr və tədbirlər həyata keçirilmişdi. Belə tədbirlərdən biri də UNESCO-nun himayəsi ilə 1997-ci ildə Bakıda keçirilən “Texniki peşə təhsili-97” beynəlxalq konfransı idi. Həmin konfransda 30 ölkənin nümayəndəsi iştirak etmişdi. Təhsil Nazirliyinin UNESCO ilə sıx əməkdaşlığının nəticəsi olaraq Azərbaycan hökuməti ilə, Heydər Əliyev Fondu və UNESCO arasında 2007-ci ildə Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi haqqında saziş imzalandı. Layihənin əsas məqsədi peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunukasiya texnologiyası üzrə müasir tələblərə cavab verən yeni kurikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılması idi. Təhsil Nazirliyi tərəfindən texniki peşə təhsili sahəsində mövcud olan problemlərin sistemli şəkildə həll edilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf istiqamətlərinin müəyyən edilməsi və ixtisaslı kadr hazırlığı sisteminin əmək bazarının tələblərinə müvafiq olaraq qurulması məqsədilə Dövlət Proqramının layihəsinin hazırlanması tarixi bir zərurətə çevrilmişdi. Bütün tələblər nəzərə alınmaqla texniki peşə təhsilinin inkişaf perspektivlərini özündə əks etdirən dövlət proqramı hazırlandı və 2006-cı ildə Nazirlər Kabinetinə təqdim edildi. Uzun sürən müzakirələrdən sonra bu sənəd - “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”prezidentin sərəncamı ilə təsdiq edildi.
“Azərbaycan respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisası kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılması idi: “2007-ci ildə Təhsil Nazirliyi ilə Cənubi Koreyanın “Daevoo” beynəlxalqşirkəti arasında müasir standartlara cavab verən “Ali Texniki Peşə Təhsil Mərkəzi”nin inşası layihəsinə dair memorandum imzalandı. 2009-cu ildə Təhsil Problemləri İnstitutunun tərkibində İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi yaradıldı. Mərkəzin tərkibində “Monitorinq və qiymətləndirmə” və “İlkin peşə təhsilinin kurikulumu” şöbələri təşkil edildi. 2008-2009-cu illərdə son 20 ildə ilk dəfə olaraq Təhsil Nazirliyi 32 adda 1222 nüsxə əyani vəsait hazırlayaraq peşə təhsili müəssisələrinə verilməsini təmin etdi. 2009-cu ildə Təhsil Nazirliyi “İlk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydaları”nı təsdiq etdi. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna əsasən texniki peşə təhsili “ilk peşə-ixtisas təhsili” adlandırıldı. 2010-cu ildə Bakıda və ölkənin müxtəlif regionlarında ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsinə İKT, turizm, tikinti, yüngül sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün tələb olunan maşın və avadanlıqlar verildi, əyani və texniki vəsaitlər paylandı, yeni dərsliklər nəşr olundu. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir necə ölkəyə təlim səfərləri təşkil olundu. 2010-cu ildə Təhsil Nazirliyi “Elektron peşə təhsili” layihəsini həyata keçirməyə başladı və elektron peşə təhsili portalı istifadəyə verildi. İlk peşə ixtisas təhsili sisteminin inkişafına diqqət yetirilməsi nəticəsində təhsilin bu sahəsi üçün ayrılan vəsait 2008-ci illə müqayisədə 2011-ci ildə xeyli artdı, bir təhsil alana düşən vəsait 943 manatdan 1184 manata qədər yüksəldi. Təhsil Nazirliyi tərəfindən müvafiq Dövlət Proqramı çərçivəsində 2 nömrəli Bakı Peşə Liseyinə 50 min manat dəyərində texnika və avadanlıq verildi. Ölkə prezidentinin sərəncamına əsasən hazırlanan “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”da kompetensiyalar əsaslı peşə-ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Milli Strategiyada zəif kadr və resurs bazarı olan kolleclərin tədricən peşə-ixtisas təhsili müəssisələrinə çevrilməsi də öz əksini tapmışdır. Ümid edirəm ki, həyata keçirmək istədiyimiz təşəbbüslər gələcəkdə Azərbaycan iqtisadiyyatının müasir inkişaf tələblərinə cavab verən ilk peşə-ixtisas təhsili sisteminin yaranmasına öz töhfəsini verəcəkdir”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 1 sentyabr.- S.14-15.