Müasir Robinzonlar, yaxud Ramazan
Xaricə,
xüsusilə Avropa ölkələrinə səfərlər
çox şeylə yadda qalır. Fərqli şərait,
qorunan monumentallıq sanki təsəvvürlərində,
düşüncələrində hansı isə qaranlıq
bir küncü işıqlandırır və sən sanki rəssam
olub bütün rəngləri seçməyə, bəstəkar
olub bütün səsləri eşitməyə cəhd edirsən.
Doğma evində artıq mexanikləşmiş
baxışların burda rentgen şüalarına
dönür və sən görünənlərin
arxasındakı görünməzləri görməyə
çalışırsan. Hətta adət etdiyin şeylər
də sənə fərqli görünür. Bunlar nə
fotoaparata köçürülə bilən möhtəşəm
mənzərələrdir, nə də pulla alınan brendlər.
Bu, həyatdır! Bu, insandır!
Həyatın
rəngləri də çoxdur, səsləri də. Mən ən
son Avropa təəssüratımla bölüşəcəm.
Əslində, səfərim elmi ezamiyyət olsa da, söhbətim
alimlərdən olmayacaq. Mən burada özünə “yer
axtaran” başqa millətlərin nümayəndələrindən
-müvəqqəti, yaxud həmişəlik qalanlardan, öz
ölkəsində yeri olmayan və özünü burada tapan
şəxslərdən danışacam! Onlar mənə
müasir dövrün Robinzonları təsiri
bağışladılar və mən onlardan danışmaq
ehtiyacı hiss elədim.
Ədəbiyyat
tarixində kəskin fərqlənən cəmiyyətlərin,
mühitlərin qarşılaşdırılmasına dair
maraqlı əsərlər yazılıb, filmlər çəkilib.
Belə məzmunlu əsərlər arasında ilk yada
düşən Daniel Defonun “Robinzon Kruzo”su və Kiplinqin
“Mauqli”si olur. Bunlar sanki eyni problemə iki əks rakursdan,
qütbdən baxışdır. Yazıçı cəmiyyətlə
bakirə təbiəti qarşılaşdırılmaqla bir tərəfdən
sanki sivilizasiyanın insanı hara gətirdiyini, digər tərəfdən,
təbiətin heç də az gözəl
olmadığını göstərməyə
çalışır. Bir tərəfdən, insan
ağlının qüdrətini, digər tərəfdən,
mənəviyyatın, ülviyyətin əhəmiyyətini
vurğulayır. Bu, Qərbin baxışıdır.
Şərq
isə bu məsələyə münasibətdə yenə
öz ənənəsinə sadiqdir: o, rasional elmi və
irrasional mərifəti, qazanılmış və fitrən
ilahidən verilmiş bilikləri
qarşılaşdırır. Əslində, biz yalnız
bildiyimiz ədəbiyyatdan, yəni İbn Sinanın və
İbn Tüfeylin “Hayy bin Yaqzan”ından (hər iki müəllif
eyni adla yazıb) çıxış edərək bunu
deyirik.
Robinzon
Kruzo bütün dünyada məşhurdur. Hətta bir Şərq
təəssübkeşi sübut eləməyə
çalışıb ki, Qərb sivilizasiyasından vəhşi
adaya düşmüş bu yüksək intellektli adam əslində
İbn Sinanın “Hayy bin Yaqzan” (“Oyağın oğlu Diri”) əsərindən
gəlib. Şərqin təəssübünü çəkən
başqa bir alim də sübut eləməyə
çalışıb ki, yox, Robinzon elmin, texnikanın öyrətdiyi
bir şəxsdir, cəmiyyətin bir parçasıdır,
Hayy bin Yaqzan isə ömründə insan görməmiş,
ilahi qüdrətlə mərifət verilmiş bir arifdir, təbiətin
bir hissəsidir. Mübahisələrin səbəbi bəllidir:
kim birincidir? Və mübahisələr hələ də davam
edir.
Son
dövrlər yaradıcı insanlar daha bir Robinzon - cənab
Robinzon obrazını canlandırdılar: XX əsrin informasiya
selində çöpə dönmüş və var-dövlətin
nazlandırdığı bir iş adamını aparıb
atdılar vəhşi adaya. Amma bu dəfə ada o qədər
də vəhşi olmadı. Yadelli qəbilənin yüksək
mənəviyyatı, əqidəsi fonunda cənab Robinzon və
onun təmsil etdiyi cəmiyyət, yumşaq desək, bir rəzil
kimi təqdim olundu.
Mən də
eyni problemə müraciət etmək istəyirəm, sadəcə
fərqli rakursdan. Burada cəngəllik yüksək inkişaf
etmiş ölkə, Robinzon isə üçüncü
dövlətlərdən birinin vətəndaşı olacaq.
Bir sözlə, XXI əsrin Robinzonunu təsvir etmək istəyirəm.
Qarışıqlıq düşməsin deyə Robinzonu da dəyişib,
Ramazan adı qoyuram.
Tufan -
birini dənizdəki, digərini həyatdakı - Robinzon və
Ramazanı atır yad bir diyara. Və hər ikisi yad bir
mühitlə üz-üzə qalır. Robinzonu hamı
tanıyır. Bu səbəbdən mən ancaq Ramazandan
danışacam.
Təsəvvür
edin.
Öz
ölkəsində 1-2 qəpik pul qazanıb xarici ölkəni
gəzmək həvəsinə düşən, yaxud Tanrının
xoş saatında xarici universitetlərin birində təhsil
almaq, müqavilə ilə işləmək imkanı
qazanmış bir tələbə, magistr, mədəni bir
adam buradakı qayda-qanunu, yüksək mədəniyyəti, vətəndaşa
diqqət və qayğını görür və içindəki
hisslər qarışır bir-birinə. Niyə mənim
ölkəm belə deyil? Niyə mən burda yaşamıram?
Niyə çoxlu pulum yoxdu ki, burda mən də kef eliyəm və
s. Haqlı-haqsız suallar aşıb-daşır. Və adam
çıxış yolları axtarmağa başlayır.
Yollar müxtəlifdir. Detallara varmayaq, sadəcə həmin
adamı bir müddətə saxlayaq xaricdə. Nə baş
verir?
Vəhşi
təbiətdə Robinzon özünü necə itirirsə,
Ramazan da özünü eləcə itirir. Öz ölkəsindən
gətirdiyi və artıq qanına işləmiş hərəkətləri
ilə bu cəmiyyətdə yad görünür, amma yenisini
də heç cür mənimsəyə bilmir: növbəni poza
bilmir, yolu işıqforsuz keçə bilmir, “mən
ölüm”lə mağazada qiymət endirə bilmir, avtobusdan
düşüb qaça bilmir, haqsız işini rüşvətlə,
“hörmətlə” irəli sala bilmir, pul verib savadsız qala
bilmir və s., qısacası, öz istəklərini məhdudlaşdırıb
başqasına hörmət edə bilmir! “Mən belə istəyirəm”
şüarını unudub “cəmiyyət belə tələb
edir” şüarı ilə yaşamaq o qədər də asan
olmur. Nəticədə, yavaş-yavaş təklənir, “cəngəlliyin”
yazılmış və yazılmamış qanunları onu
acizləşdirir və o, Robinzon sayağı adaptasiya olunmağa
məcbur olur. Onu da deyim ki, bu halı müxtəlif səviyyələrdə
həm pullu, həm də pulsuz ramazanlar yaşayır.
Sonra
ikinci mərhələ gəlir. Yeni “vətəninin”
qanunlarını öyrənə-öyrənə yeni bir
insan yaranmağa başlayır. Necə Robinzon cəngəlliyin
qanunlarına öyrəşib özünə bir güzəran
düzəldirsə, Ramazan da eləcə. Necə Robinzon bu nəhəng
cəngəlliyin bir küncündə sağ qalmağa
çalışırsa, Ramazan da eləcə. O,
özünü rəndələyə-rəndələyə
yeni cəmiyyət üçün vətəndaş “düzəltməyə”
çalışır. Yad dili öyrənir, hətta ləhcəsini
də yox etməyə nail olur ki, onu yerlilərdən fərqləndirə
bilməsinlər.
Lakin necə
Robinzon bu rəngarəng təbiətin bir “rənginə”
çevrilə bilmirsə, elə yad olaraq qalırsa, Ramazan da
eləcə. Necə Robinzon bu vahid orqanizmin bir üzvünə
çevrilə bilmirsə, eləcə də Ramazan bu
binanın bir kərpici ola bilmir. Ən yaxşı halda, onu
hardasa istifadə edirlər, ancaq möhtəşəm
sarayın divarına hörmürlər. Onun
yadlığını unuda bilməyənləri haradasa
gizlində söysə də, Ramazan bu çətinlikləri
udur, çünki yazılmayan qanunu artıq mənimsəyib,
mənimsəməyə məcbur olub.
Nəhayət,
üçüncü və sonuncu mərhələ
başlayır. Burada mən çətinliyə
düşdüm. Həm Defonun Robinzonu, həm cənab
Robinzon, həm Hayy bin Yaqzan, həm də Mauqli öz
mühitinə qayıtmağa üstünlük verirlər -
çünki özləri olaraq qalmaq üstəyirlər.
Sonradan düzəldilmiş yad qılaf onları sıxır,
inkişaf eləməyə qoymur, mən-ini unutdurur. Hətta
cənab Robinzon da öz rəzilliyinə qayıtmağa
üstünlük verir, çünki bu, onun təbiətidir,
əslidir. Mauqlinin film versiyasında sevgi belə ona öz “əslinə”
qayıtmağa mane ola bilmir. Marqaret Landonun “Anna və Kral”
adlı bioqrafik əsərində isə Anna Siam
Kralının sevgisindən, saray həyatından imtina edir və
bütün nöqsanlarını görüb, dərk etdiyi
İngiltərəyə qayıdır: oğlunu öz
xalqının ənənəsinə, soyuna uyğun
böyütmək üçün. Bütün bu qəhrəmanlar
dərk edirlər ki, əsl, kök - insanı
qidalandırır, ayaqüstə sağlam, əmin, möhkəm
saxlayır. İnsanın bu ulu torpaqda öz yerinin olduğuna
dəlalət edir. Bunu qəhrəmanın kimliyindən
asılı olmayaraq, hər biri dərk edir və buna uyğun
hərəkət edir. Səhv etmirəmsə, Viktor Hüqo əsərlərindən
birində sirk üçün eybəcər məxluqların
necə “hazırlandığını” belə təsvir edir:
uşağı kiçik yaşlarından taxta bir qəlibə
salırlar və illər ərzində oradan
çıxarmırlar. Nəticədə həmin qəlibdən
qozbel, əyri-üyrü bir məxluq çıxır və
tamaşalarda insanları əyləndirir. Robinzonlar belə qəlibdə
qalmaq istəmirlər. Əllərinə imkan düşən
kimi, arxalarına baxmadan qaçırlar. Öz əsillərinə
qayıdırlar.
Hə, mən
burda çətinliyə düşdüm, çünki
Ramazan qayıtmaq istəmir.
Bəli,
üçüncü mərhələ inkar mərhələsidir.
Ramazan hər şeyindən imtina edir. Yeni cəmiyyətə
uyğunlaşmaq üçün çəkdiyi əziyyətlərin,
əzabların qarşılığında o, əvvəlki
halını, kökünü xatırladan hər şeydən
üz çevirməyə hazırdır. Daha qorxulusu isə,
imtina ona azlıq edir və o, ona “yeni vətəndaş” olmaq
hüququnu əlindən alan hər şeyə, ən əsası
kimliyinə nifrət etməyə başlayır. Beləcə,
yeni bir insan formalaşır: süni mən-inin həsrət
“ocağında” odun yerinə əsl mən-ini yandıran
“yadları təqlid həvəsli, xalqına nifrət nəfəsli”
bir insan!
Uzaq ellərdən
öz vətəninə boylananda, elə öz ölkəsində
də Ramazana dönmüş kəsləri görürsən.
Dəyirmanının suyunun hardan gəldiyi bəlli olmayan bu
insanlar bir tufan gözləyirlər, arzulayırlar ki, gedib
düşsünlər bir “adaya”. Fərqi yoxdu, Fransa olsun, ya
İngiltərə, İtaliya, yaxud Yunanıstan, ən ucqar
bir ada, təki yad olsun. Ora getmək üçün isə
indidən məşq edirlər və tələsib
üçüncü mərhələdən
başlayırlar: öz soyköklərini danırlar, dəyərlərini,
yumşaq desək, tənqid atəşinə tutub
çürüdürlər, çirkaba batırırlar.
Bütün bunları da “yadellilərə”
çatdırmağa çalışırlar: onların
dilində, onların zövqünə uyğun. Necə cənab
Robinzon yadelli qızı qazanmaq üçün onların hər
dediyinə əməl edirsə, onlar kimi rəqs edir,
onların qaynar qazanında “bişməyə” razı olursa,
Ramazan da bütün bunları əzbərləyir, məşq
edir, yadellilərin ərköyünlüyünü çəkməyə
hazırlaşır və imkan düşən kimi onların
zövqünü oxşayır, diqqətini qazanmağa
çalışır.
İndi
dünyada vəhşi, daha doğrusu, bakirə torpaq
qalmayıb. Hər yer ya “sivilləşib”, ya da “zibilləşib”.
Amma cəngəlliyin yazılmamış bir qanunu qorunub
saxlanıb: biz səninlə eyni qandanıq - sən və mən.
Bu qanun dəyişmir! Cəngəllikdə yadlar
doğmalaşmır. Ən yüksək inkişaf etmiş
ölkədə və cəmiyyətdə də, təbiətlə
harmoniyada yaşayan xalqlarda bu qanun aşkar və ya gizli şəkildə
qüvvədədir.
Bir dəyişməyən
qanun da var: biz torpağı seçmirik, torpaq bizi seçir.
Hər iki qanun uzlaşdırılmayanda, bir-birini tamamlamayanda
isə insan itir, məhv olur.
Könül Bünyadzadə,
fəlsəfə elmləri doktoru
525-ci qəzet.-
2012.- 1 sentyabr.- S.9.