“Azərbaycandan çox gözəl duyğularla
ayrılıram”
GÜNAY KILIÇ: “AZƏRBAYCAN VƏ
TÜRKİYƏ BAYRAQLARININ YANAŞI
DALĞALANMASI QÜRURVERİCİ MƏNZƏRƏDİR”
O, ulu öndər Atatürk və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Bir millət, iki dövlət!” kəlamını xatırladaraq,
gündən-günə daha
da güclənən Türkiyə-Azərbaycan dostluğunun
möhkəm dayaqlar üzərində qurulduğunu
söyləyir.
Türkiyənin Azərbaycandakı səfiri
Hulusi Kılıçın
xanımı Günay
Kılıçla görüşmək
arzusunda idim. Azərbaycan-Türkiyə qadın təşkilatlarının
əməkdaşlığına rəvac verən bu diplomatik qadının
müsahibələrini oxuyarkən
gözlərim qarşısında
hər tərəfdən
baxanda mükəmməl
görünən əsl
türk qadını obrazı yaranmışdı.
İnternetdən onun yaxın günlərdə
“Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” İctimai birlikləri tərəfindən təsis
olunmuş “Sara Xatun” mükafatına layiq görüldüyü barədə
məlumat aldım və “Yüz türk qadını” kitabımda xanımın portret-səhifəsini verməyi
qərarlaşdırdım.
“Qismət ilahidəndir”
- deyib atalarımız. Budur, Günay
xanım məni iqamətgahlarına qonaq dəvət edib. Kitabımı ona şəxsən
təqdim etməyim məni çox sevindirir. O özünü
dost yurdunda, mən də özümü dost
evində hiss edirəm.
Qulaqlarımız türk və
azəri musiqisini eşidir, gözlərimiz
türk və azəri rəssamlarının
çəkdiyi əsərlərlə
qarşılaşır, söhbətimizdə
türk və azəri ləhcəsi qucaqlaşır, duyğu və düşüncələrimiz
bir-birini tamamlayır.
Uzun illərin məhsulu olan kitabımı yetərincə
dəyərləndirir: - “Öncəliklə
düşüncəniz çox
gözəldir”, - deyir
Günay xanım. - Həqiqətən elm, təhsil,
mədəniyyət, ədəbiyyat
və digər sahələrdə yüksək
nəticələr qazanmış
qadınlarımız var. Bunları
qələmə almaq,
bir kitabda birləşdirib yeni nəsillərə çatdırmaq
böyük zəhmət
tələb edir. Kitabınızda mənə də
yer verdiyiniz üçün təşəkkür
edirəm. Digər kitablarınıza
da uğurlar diləyirəm. İnanıram ki, inşallah çox gözəl əsərlər çıxacaq
ortaya.
Ölkəmizin ictimai həyatında yaxından iştirak edən Günay Kılıçın Azərbaycan
barədə təəssüratlarını
dinləmək istədim.
- Azərbaycan barədə
ilk söyləyəcəyim şey budur, - Azərbaycan türk yurdudur. Öz ölkəmiz bizim
üçün nədirsə,
bura da elədir,
heç bir fərqlilik yoxdur. Öz ölkəmizin başqa bir şəhərinə gəlmiş
kimi hiss edirəm özümü. Təyinatımızın Azərbaycana verildiyini
öyrənəndə çox
xoşhal olduq. Doğrudur, hər ölkəyə
diplomat olaraq, diplomatın
xanımı olaraq gedirkən sarılmaq durumundayıq. Amma bu dəfə hər hansı bir məcburiyyətdən deyil,
könüldən sarılma
oldu. Axı, Azərbaycan bizim
üçün yad ölkə deyil. Gəldiyimizdən bəri Azərbaycanın
inkişafını çox
böyük heyranlıqla
izləyirik. Hər sahədə
böyük addımlar
atılır. Eləcə də,
“Evrovizion-2012” mahnı yarışmasında
qazanılan uğurlar
dünyadı çox
böyük coşqu ilə qarşılanda və bu möhtəşəm
proqram Azərbaycanın
bir dünya dövləti olduğunu isbatladı. Bununla qürur
duyduq, fəxr etdik.
- Burada olduğunuz müddətdə Azərbaycan
qadınları ilə
yaxından ünsiyyətdə
oldunuz. Onlar sizə necə
təsir bağışladı?
- Azərbaycan qadınının
çox qüvvətli
olduğunu gördüm,
istər təhsillisi olsun, istər təhsilsizi. Hünərvər, mübariz, eyni
zamanda ailənin möhkəm qoruyucusu olan qadınlardır.
Qısaca, əsl türk
qadınlarıdır. Bütün dünyada qadınlar həqiqətən çox
cəfakeşdirlər, hər
vasitəylə ailəni
ayaqda tutmağa çalışırlar. Çox gəzdik, çox gördük, amma deməliyəm ki, türk qadınında bu keyfiyyətlər daha güclüdür.
Türk qadını ailəsinə,
övladına çox
bağlıdır, övladı
hansı yaşda olursa olsun, yəni
hər zaman onun üstündə qol-qanad gərmiş vəziyyətdədir. Yuvasını qorumaq üçün əlindən gələni
edər.
Deməliyəm ki, Azərbaycan
qadını 70 il sovet dönəminin təsiri altında yaşamış
olsa da, bu qədər təzyiq altında dinini, milli dəyərlərini,
dilini gələcək
nəsillərə çatdıra
bildi. Bu çox
böyük, şərəfli
bir işdir.
- Azərbaycanda - inkişafda
olan bir ölkədə nəyi müşahidə etdiniz?
- Təbii, Azərbaycan böyük inkişaf mərhələsindədir. Keçid dövründə
hər ölkədə
olduğu kimi burada da bəzi
sıxıntılar yaşanacaqdır.
Bu bütün inkişafda olan dövlətlərin taleyidir,
sadəcə Azərbaycana
məxsus olan bir şey deyil.
Türkiyədə də eyni şeyləri yaşadıq,
hələ də yaşayırıq. İnşallah, hər şey düzələcək, insanlar
rahatlığa qovuşacaqlar.
- Sizin Azərbaycanın müxtəlif bölgələrində
xeyriyyəçiliklə bağlı
tədbirlərdə iştirakınız
yüksək qiymətləndirilir...
- Azərbaycana gəldiyim gündən bəri müxtəlif məktəblərə
getməyə çalışdım.
Gücüm çatdığı qədər kömək etməyə səy göstərdim. Qaçqın uşaqlarının oxuduğu
məktəbə gedib
onların yaşam tərzlərinin şahidi
oldum, psixoloji gərginliklərini duydum.
Bu məni çox
kədərləndirdi. Arzu edərdim ki, elə bir gün
gəlsin, bu problemlər çözülsün,
onlar öz vətənlərinə dönsünlər,
ata torpaqlarında yaşasınlar. Mən eyni
zamanda əlil uşaqların olduğu mərkəzlərə də
getdim. Çünki bu, cəmiyyətdə
daha yaxşı standartlar altında yaşayan hər kəs üçün sosial bir məsuliyyətdir.
Onlara mənəvi və maddi olaraq köməkliyimizi
göstərməliyik. Mən onlara göstərdiyim qayğını xeyriyyəçilik
deyil, analıq borcu sayıram. Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir.
- Günay xanım, mətbuat səhifələrində
Azərbaycan-Türkiyə qadın
təşkilatları arasında
əlaqələrin, iş
birliyinin və əməkdaşlığın inkişafına böyük
töhfələr verməyiniz
barədə məlumatlanırıq...
- Mən bir çox
qadın təşkilatlarının
təşkil etdiyi tədbirlərdə iştirak
etmişəm, onların
qonağı olmuşam.
İctimai-siyasi həyatda rolu,
nüfuzu olan xanımlarla, bacılarımla
görüşmüşəm. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların
rolu barədə keçirilən bu tədbirlər, əlbəttə
çox əhəmiyyətlidir.
Hər cəmiyyətdə sevdiyim
insanlar var. Onlarla keçirdiyimiz hər görüş mənim üçün çox dəyərli və faydalı oldu. Heyran oldum o qadınların gücünə, o qadınların
etdiyi mücadiləyə.
Biz eyni millətin
övladlarıyıq, eyni
kökdənik. Azərbaycan və
Türkiyə bayraqlarının
yanaşı dalğalanması
qürurverici mənzərədir.
Odur ki, hər birimiz
türkdilli qadınlar
olaraq ölkələrimiz
arasındakı əlaqələrin
genişləndirilməsinə çalışmalı, uşaqlarımızı
milli mənsubiyyətlərini
dərk edərək böyütməli və gündən-günə daha
da güclənən Türkiyə-Azərbaycan dostluğunun
möhkəm dayaqlar üzərində qurulması
üçün əlimizdən
gələni əsirgəməməliyik.
Artıq buradakı fəaliyyət
dövrümüz başa
çatmaq üzrədir. Azərbaycandan çox gözəl duyğularla ayrılıram.
Hesab edirəm ki, bu, ailədən ayrılmaq kimidir. Ailədən ayrılan ailəsini
heç vaxt unutmaz.
Saminə HİDAYƏTQIZI
525-ci qəzet.- 2012.- 1 sentyabr.- S.9.