Ramil Səfərov
azadlıqda!
MACARISTANDA
HƏBSDƏ OLAN ZABİTİMİZ AZƏRBAYCANA GƏTİRİLDİ. ERMƏNİSTAN HAKİMİYYƏTİ TƏŞVİŞƏ
DÜŞDÜ.
SƏRKİSYAN SƏFİRLƏRLƏ
TƏCİLİ TOPLANTI KEÇİRDİ
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Ramil
Səfərovun əfv olunması barədə sərəncam
imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda
bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın
Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel
tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum
etmə cəzasına məhkum edilmiş Azərbaycan
Respublikasının vətəndaşı Səfərov Ramil
Sahib oğlu cəza çəkməkdən azad edilib.
Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Qeyd edək ki, dünən Azərbaycanın
Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov
Bakıya ekstradisiya olunub.
Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl
rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə
daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan
Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini
davam etdirmək üçün Türkiyənin İzmir
şəhərinə göndərilib. Maltəpə
hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən
sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi
təlim kursları keçib. 2001-ci ilin may ayından
2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə
Gədəbəydəki “N” saylı hərbi hissədə
tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin
mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə
qədər yüksəlib. 2004-cü ilin
yanvar ayında MN-in sərəncamı ilə NATO
proqramları çərçivəsində
Macarıstanın Budapeşt şəhərində
keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün
qalmış - fevral ayının 19-da kurslarda iştirak edən
Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin
tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən
həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin
13 aprel 2006-cı il tarixli hökmü ilə
ömürlük azadlıqdan məhrum edilib.
“Ramil Səfərovun Azərbaycana gətirilməsi və
əfv olunması Prezident İlham Əliyevin birbaşa əməyinin
nəticəsidir”. Bunu “Qafqazinfo”ya açıqlamasında R.
Səfərovun hüquqlarını müdafiə komitəsinin
sədri olmuş, Prezident Yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, R. Səfərovun Azərbaycana ekstradisiya
olunması uzun prosesin nəticəsidir: “Burada prezident İlham
Əliyev müstəsna əmək sərf edib. Belə
böyük işi hər hansı bir fərdi insanın adına bağlamaq düzgün olmaz. Bunu bir nəfərin həyata keçirməsi
mümkün belə deyil. Bu, Azərbaycan
prezidenti və dövləti tərəfindən görülən
işlərin nəticəsidir. Bu münasibətlə
Azərbaycan xalqını təbrik etmək olar!”.
Qeyd edək ki, Macarıstandan Azərbaycan ekstradisiya
olunan Ramil Səfərovu Heydər Əliyev Beynəlxalq
Aeroportunda Ədliyyə Nazirliyinin yüksək vəzifəli
şəxsləri, jurnalistlər və qohumları
qarşılayıblar. AzərTAc dövlət agentliyinin verdiyi məlumata
görə, Ramil Səfərov onun əfvinə dair Prezident
İlham Əliyevin sərəncamı ilə tanış
edilib və ona Azərbaycan pasportu təqdim olunub.
“Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın
həyatında elə anlar olur ki, onu sözlərlə ifadə
etmək çətin olur. Hazırda mən
də belə hisslər keçirirəm. İlk növbədə
humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi
başa çatdıran prezident, Ali Baş Komandan İlham Əliyevə
həm öz adımdan, həm də ailə üzvlərim
adından dərin təşəkkürümü və minnətdarlığımı
bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə
açıqlamasında deyib.
R.Səfərov
ona göstərilən dəstəyə görə minnətdarlığını
da ifadə edib: “Ədliyyə Nazirliyinə, ölkəmizin
Budapeştdəki səfirliyinə, bu işdə əziyyət
çəkən hər bir kəsə təşəkkürümü
bildirirəm. Bütün Azərbaycan
xalqını salamlayıram. İllər ərzində
mənə və ailə üzvlərimə göstərdikləri
diqqətə və qayğıya görə dərin minnətdarlığımı
bildirirəm”.
Ramil Səfərov dünən Fəxri Xiyabana gedərək
Heydər Əliyevin məzarını, Şəhidlər
Xiyabanını və Türk şəhidliyini ziyarət edib. Ramil Səfərovu
çoxsaylı vətəndaşlar müşayiət edib.
Ziyarət zamanı “Ramil”, “Qarabağ”,
“Qarabağı azad edəcəyik!” şüarları səsləndirilib.
Daha sonra R.Səfərov anasının məzarını
ziyarət edib.
Daha sonra Ramil Səfərov Bakıdakı evlərinə
gedib. Ata evində
jurnalistlərə açıqlama verən Ramil Səfərov
azadlığa çıxmağına həmişə
inandığını deyib: “Əfv sərəncamına
görə, Prezident İlham Əliyevə təşəkkürümü
bildirirəm. Həmişə dövlətin
qayğısını öz üzərimdə hiss etmişəm
və həmişə də azadlığa
çıxacağıma inanmışam. Bundan
sonra vətənə, millətə, dövlətə
faydalı bir sahədə çalışacağam”.
R.Səfərov
bildirib ki, bu səkkiz il yarım həbs həyatı
onunçün çox ağır keçib. O deyib ki, həbsdə
olmasına baxmayaraq heç vaxt ümidini itirməyib. R. Səfərov
onun həbsdən azad edilməsi üçün Azərbaycanda
aparılan işlərdən xəbərdar olduğunu
vurğulayıb: “Mənim üçün
çalışan hər bir kəsə və bütün
türk dünyasına öz təşəkkürümü
bildirirəm. Mən Qarabağ problemi ilə
bağlı aparılan işləri də hər zaman diqqətdə
saxlamışam. Ali Baş Komandanın bu
istiqamətdə apardığı fəaliyyəti
düzgün qiymətləndirirəm”.
R. Səfərov
gələcəkdə hərbçi kimi fəaliyyətini
davam etdirmək fikrində olduğunu da vurğulayıb.
Qarabağ
problem haqda danışan Səfərov deyib: “Azərbaycan
öz torpaqlarını geri alacaq”. Onun sözlərinə
görə, Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə bağlı danışıqlar yüksək səviyyədə
davam edir: “Biz Qarabağı tezliklə azad edəcəyik”. R.Səfərovun azadlığa çıxması xəbərini
eşidən bir çox vətəndaş onu görmək
üçün evlərinə ziyarətə gedib. İlk olaraq Ramili ziyarətə millət vəkili Qənirə
Paşayeva gəlib.
Ramilin atası Sahib Səfərov modern.az saytına hadisənin
onun üçün gözlənilməz olduğunu və hədsiz
sevinc yaşadığını vurğulayıb. O bildirib ki, hazırda evinə
o qədər insan axışır ki, onların təbriklərini
qəbul etməyə imkanı yoxdur. S.Səfərov
Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevə
təşəkkür edib.
Bu arada Azərbaycan
Respublikası Prezident Administrasiyasının Hüquq
mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov Azərbaycan Silahlı
Qüvvələrinin zabiti, baş leytenant Ramil Sahib oğlu Səfərov xüsusi reyslə Azərbaycana
gətirilməsi və Prezident İlham Əliyevin sərəncamı
ilə əfv olunaraq azadlığa buraxılmasına
münasibəti bildirib. Şöbə
müdiri Ramil Səfərovun Azərbaycana gətirilməsi və
əfv edilməsinin hüququ tərəflərini
açıqlayıb.
“- Ramil Səfərovun azadlığa çıxması
bu barədə bir qədər ətraflı məlumat vermənizi
istərdik.
-
Bilirsiniz ki, Azərbaycan prezidenti cənab İlham Əliyev
daim Azərbaycan vətəndaşlarının
dünyanın harasında olmalarından asılı olmayaraq
onların hüquq və mənafelərinin təmin edilməsinə
çalışır. Belə vətəndaşlarımızdan
biri də Ramil Səfərovdur. Ramil Səfərov
2004-cü ildə Macarıstanda NATO-nin tədris kurslarında
Azərbaycan bayrağını və xalqını təhqir
edən Ermənistan zabiti Qurqen Markaryanı qətlə
yetirdiyi üçün 2006-cı ildə Budapeşt paytaxt məhkəməsi
tərəfindən ömürlük azadlıqdan məhrum
edilib. Hökmə görə onun yalnız 30 il cəza çəkdikdən sonra şərti
azadlığa buraxılması hüququ müəyyən
olunub. Bu gün (dünən - red.) saat 13.40-da
Ramil Səfərov “Azərbaycan Hava Yolları” Şirkətinin
xüsusi reysi ilə Bakıya gətirilib və elə bu
gün Azərbaycan prezidentinin sərəncamı ilə əfv
edilib.
Ramil Səfərovun qaytarılması “Məhkum
olunmuş şəxslərin verilməsi haqqında” Avropa
Konvensiyası əsasında həyata keçirilib. Azərbaycan
bu sənədə 2000-ci ildə qoşulub. Konvensiyada məhkum olunmuş şəxsin cəza
çəkməsi üçün başqa ölkəyə
verilməsinin şərtləri, bu hüquqi tədbirin həm
hökm çıxarmış dövlət, həm də
şəxsin verildiyi dövlət üçün nəticələri
təsbit olunmuş, müvafiq sorğuların verilməsi və
onların cavablandırılması qaydasını tənzimləyən
müddəalar əksini tapıb. Konvensiyanın
müddəalarına əsasən Macarıstanın
müvafiq dövlət orqanları ilə əlaqələr
qurulub və Ramil Səfərovun vətənə
qaytarılması ilə bağlı intensiv
danışıqlar aparılıb. Uzun
hazırlıq işinin nəticəsi olaraq Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
Macarıstanın Dövlət İdarəetmə və Ədliyyə
Nazirliyinə R.Səfərovun ölkəmizə verilməsinin
şərtlərini əks etdirən rəsmi sorğu göndərilib.
Macarıstandan müsbət cavab
alındıqdan dərhal sonra zabitimizin Bakıya gətirilməsinin
texniki məsələlərinin həlli üçün
işə başlanılıb.
- Ramil Səfərovun
verilməsi ilə bağlı Macarıstan tərəfi uzun
müddət inad göstərib...
- Bəli,
müəyyən problemlər vardı. Çünki proses elə
əvvəldən siyasiləşdirilmişdi. Erməni
lobbisi onun Azərbaycana verilməsinə ciddi mane olurdu. Qeyd etmək istərdim ki, bu müddət ərzində
Ramil Səfərovun ölkəmizə verilməsi məsələsi
daim Azərbaycan prezidentinin şəxsi nəzarətində
olub. Bununla bağlı cənab prezident tərəfindən
yüksək səviyyəli danışıqlar
aparılıb, onun göstərişinə əsasən məsələnin
həlli üçün bütün zəruri tədbirlər
görülüb. Son nəticədə
zabitimizin Vətənə dönməsi yalnız Azərbaycan
vətəndaşlarının hüquq və mənafelərinin
qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən
dövlət başçısının siyasi iradəsi və
beynəlxalq arenada şəxsi nüfuzu sayəsində
mümkün olub.
- Ölkəmizdə
bir çoxları həmin hökmü ədalətsiz
sayırdı. Məhkəmə Ramil Səfərovun
emosional vəziyyətini qiymətə almamışdı.
Xüsusilə 77 nəfəri soyuqqanlı şəkildə
qətlə yetirən Breyvikə verilən cəzanın
yüngüllüyü ilə müqayisədə bu daha
aydın görünür.
- Digər
bir dövlətin ədalət mühakiməsi barədə
fikir söyləmək istəməzdim. Ramil Səfərov
həmin hadisənin başvermə kontekstini məhkəmə
baxışlarında dəfələrlə söyləyib.
Ramin Səfərov Ermənistanın
işğalı altında olan Cəbrayıl rayonundandır.
Məcburi köçkün həyatı
yaşayıb. Bir çox
yaxınlarını itirib və bu faciələr onun
gözü qarşısında cərəyan edib,
uşaqlıq yaddaşına həkk olunub. Azərbaycan Ordusunun zabiti kimi NATO tədbirlərinə
qatılanda isə erməni zabitlərinin ona qarşı daimi
provokasiyaları, Azərbaycan bayrağını və
xalqını təhqir etməsi nəticəsində
uşaqlığında bütün bu faciələri
yaşamış bir insanın emosional vəziyyətini təsəvvür
etmək olar. Həmçinin qeyd edilməlidir
ki, Ramil Səfərovun vəkilləri məhkəmə
prosesi zamanı onun müdafiə hüququnun pozulması ilə
bağlı dəfələrlə vəsatətlər veriblər.
Belə ki, istintaq zamanı ondan ifadələr
yaxşı bilmədiyi rus dilində alınıb, ilkin dindirmə
zamanı vəkillə təmin edilməyib, ittiham aktı isə
türk dilində təqdim edilib. Vəkillər
digər ciddi prosessual pozuntularla bağlı şikayət və
vəsatətlər də veriblər.
- Ramil Səfərovun Bakıya gətirildiyi gün
dövlət başçısı onun əfv edilərək
cəza çəkməkdən azad olunması barədə sərəncam
imzalayıb. Bəs Konvensiyada verilmiş şəxsin əfv edilməsi
mümkünlüyü ilə bağlı nə deyilir?
- “Məhkum olunmuş şəxslərin verilməsi
haqqında” Avropa Konvensiyasının müddəalarına
görə bu müqavilənin iştirakçısı olan
istənilən dövlət öz Konstitusiyasına, yaxud digər
hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv
edə bilər, onun barəsində amnistiya tətbiq edə və
cəzasını azalda bilər. Ramil Səfərov
artıq cəzasının səkkiz ildən çoxunu
çəkib. Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən
onun əfv edilməsi dövlət
başçısının müstəsna səlahiyyətidir
və cənab Prezident böyük humanistlik göstərərək
bu səlahiyyətindən istifadə edib. Dövlət
başçısının bu cəsarətli addımı
onu göstərir ki, o, Azərbaycan Respublikasının
Prezidenti və Ali Baş Komandanı kimi hər bir Azərbaycan
vətəndaşının, hər bir əsgər və
zabitinin arxasında durur. Bu, həm də
düşmən qarşısında bütün Azərbaycan
xalqının həmrəyliyi üçün bir
çağırışdır”.
Qeyd edək ki, R.Səfərovun azadlığa
buraxılması Ermənistan hakimiyyətini təşvişə
salıb. Ermənistan prezidenti Serj Sarkisyan Ramil Səfərovun
azadlığa çıxması ilə bağlı Təhlükəsizlik
Şurasının fövqalədə toplantısını
çağırıb. Toplantıda həmçinin
BMT-yə üzv ölkələrin Ermənistanda akkreditə
olunan diplomatik nümayəndəliklərin rəhbərləri
də iştirak ediblər.
Fotolar:
“Trend”
525-ci qəzet.-
2012.- 1 sentyabr.- S.4-5.