Qoca Şərqin müdrik üləması

 

 Yüksək yaradıcı potensiala malik insanlar bütün dövrlərdə həyat eşqini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alıblar. Yüksək mənəviyyat sahiblərinin ömür tablosu sanki sonu görünməyən mübarizə boyaları ilə işlənib. Qarşıya qoyduqları saf amallara, ali məqsədlərə yetişmək parlaq zəkası və istedadı ilə seçilən bu insanlar üçün dünyanın ən böyük ərmağanıdır. Yazıb-yaratmaq, xalqa təmənnasız xidmət etmək istəyi onların dünyasından qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, düşünən beyni olan belə fitri zəka sahibləri həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi cəmiyyətdə sayılıb-seçiliblər.  Əsl elm xadimi bütün ruhu ilə yaradıcı şəxsiyyətdir. O daxildən gələn tükənməz enerji ilə çalışaraq qarşıya qoyduğu safali məqsədlərə çatmaq üçün hər cür əziyyətə qatlaşır, zəhmətdən usanmır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Elmi potensialı ilə millətə, dövlətə layiqli xidməti qarşıya məqsəd qoyan yaradıcı insan, ilk növbədə, ziyalıdır. Ziyalı isə xalqın içindən çıxaraq onun mövcudluğunu, özünəməxsusluğunu şərtləndirən bütün mənəvi-əxlaqi dəyərləri, müsbət keyfiyyətləri qoruyub saxlayan, gələcək nəsillərə çatdırmağa çalışan şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi  ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır, qəlbi həyat eşqi ilə dolur. 

Etiraf etməliyik ki, ətrafımızda alimlik diplomu daşıyan çoxlu saydaelm adamı” ilə qarşılaşsaq da, onların çox az qismi gərgin zəhmət tələb edən bu sahədə yüksək nəticələr qazana bilir. Nə etməli, yüksək elmi titulları və dərəcələri olan təsadüfi “alimlər” həmişə olub, varbundan sonra da olacağı istisna deyil. Lakin nə yaxşı ki, Azərbaycanda halal zəhməti, intellekti, zəkası, saf düşüncəsi ilə elmin yüksək pilləsinə ucalmış həqiqi elm xadimləri də yetərincədir. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti ilə yetişən belə alimlərimizdən biriVasim Məmmədəli oğlu Məmmədəliyevdir. Nüfuzlu nəsil-şəcərədən olan görkəmli alim  həm elmi ictimaiyyət və xalq arasında, həm də vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanmışdır və nadir şəxsiyyətlərdəndir ki, hər yerdə birmənalı şəkildə qəbul olunur. Elmdə yüksək pillələri qət etmək hər bir tədqiqatçı alimin arzusudur, lakin bu nəcib istəyi, niyyəti  xalqın, dövlətin mənafeyi naminə yönəldib səmərəli nəticələr əldə etmək xüsusi istedad tələb edir.

Belə yüksək istedad sahibi olan, əməkdar elm xadimi Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini Şuranın sədri, AAK Rəyasət Heyətinin üzvü, Azərbaycan və Dağıstan Muxtar Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvüdür. Elm və təhsildə səmərəli fəaliyyətinə görə ölkə başçısı tərəfindən “Şöhrət” və “Şərəf” ordenləri, “Yusif Məmmədəliyev” medalı ilə təltif edilmişdir. 

Cəmiyyətdə müəyyən müsbət keyfiyyətləri ilə seçilən, rəğbət qazanan Vasim Məmmədəliyev kimi parlaq ziyalıların maraqlı olduğu qədər də şərəfli ömür yoluna nəzər salarkən, onların yetişdiyi mühitin, aldıqları mənəvi tərbiyənin rolu qabarıq sezilir. Tarixən böyük filosoflar da şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühitin, ailə dəyərlərinin təsirini qabarıq önə çəkiblər. Yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini qazanmış akademik Vasim Məmmədəliyev mənalı, zəngin və şərəfli həyat yolu keçərək xalqına fayda vermək əzmi və qətiyyəti ilə ömrünü elmi axtarışlara həsr edib. Təkcə müqəddəs kitabımız Qurani-Kərimin ana dilimizə mükəmməl tərcüməsi kifayət edir ki, xalqın bu böyük alimə sonsuz və dərin ehtiramını müşahidə edək. “Ön söz”də yazdığı – “Allah kəlamı olan Quran elə bir ecazkar ilahi kitabdır ki, heç bir müfəssir onu tam dolğunluğu ilə təfsir və heç bir mütərcim mükəmməl tərcümə edə bilməz. Çünki Allah təala Özünün haqq dini islamı və onun müqəddəs kitabı Quranı insanlara yalnız müəyyən bir dövr üçün deyil, qiyamət gününə qədər olub keçəcək bütün dövrlər üçün göndərmişdir. Qurani-kərim öz dərin qatlarında nəinki saysız-hesabsız elmi fikirlər ehtiva edir, o həm də bir çox nəhəng elmi kəşflərin sezimi üçün zəmin yaradır.

Elm, texnika inkişaf etdikcə, insanın şüur səviyyəsi yüksəldikcə Quranın müqəddəs ayələrinin mənaları təsəvvür edildiyindən daha dərin görünür, onların fikir tutumu daha da ənginləşir və sonsuzluq kəsb edir. Allah təalanının göydən yerə uzanmış mərhəmət əli olan Qurani-Kərim zahirən tam anlaşıqlı görünsə də, batinən insan düşüncəsinin əhatə edə bilmədiyi bir kəhkəşan, bir ümman kimidir. Allah-təala zaman-zaman öz mərhəməti və inayəti ilə şüaları min illər ərzində yerə gəlib çatan bu kəhkəşandakı əsrarəngiz ulduzlardan bizə yeni-yeni işartılar, nur şəfəqləri bəxş edir. Bu sonsuz ümmandan üstümüzə təzə-tər abi-həyat qətrələri çiləyir. İnsan bu mərhəmət və inayətə, bu ilahi feyzə əqli səviyyəsi yüksəldikcə, imanı kamilləşdikcə, əxlaqı gözəlləşdikcə, zəkası nurlandıqca, irfanı dərinləşdikcə, nəfsi təmizləndikcə, nəhayət ruhu bütün varlığına hakim kəsilib həqiqət məqamına varınca nail olur”, – zərif inci kimi yazılmış bu cümlələrin zənnimizcə şərhə belə ehtiyacı yoxdur. Əslində bu ön söz ölkəmizdə ilahiyyat və islamşünaslıq elminin yenidən dirçəlib parlamasına bir təkan oldu. İnsanı ilahi heyrətə və riqqətə gətirən bu qüdrətli tərcümə Vasim müəllimi bir daha onu əhatə edən mühitdə  yüksəklərə qaldırdı. Ümumiyyətlə, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə hələ orta əsrlərdə cəhdlər göstərilsə də, o yalnız ilk dəfə 1906-cı ildə xalqımızın böyük oğlu, maarifpərvər mesenat Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən 3 cilddə çap edilmişdir. Sovet dövründə isə 1968-ci ildə Azərbaycan KP MK-nın qərarı ilə ideologiya üzrə katib, eyni zamanda tanınmış alim Cəfər Cəfərovun rəhbərliyi altında Qurani-Kərimin ana dilimizə tərcüməsi üçün yaradılan komissiyaya görkəmli elm xadimləri, şair və ədiblər daxil idi. Əlyazmalar Fondunun direktoru Məmmədağa Sultanov, gənc və istedadlı tərcüməçi alim Vasim Məmmədəliyev isə redaktor təyin edilmişdilər. Lakin çox çəkməmişdi ki, Moskvadan tərcümənin dayandırması haqqında göstəriş gəlmişdi. 

Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra – 1991-ci ildə akademik Ziya Bünyadovun Vasim Məmmədəliyevlə birgə səyi nəticəsində Qurani-Kərimin Azərbaycanca tərcüməsi işıq üzü gördü. Və bu, cəmiyyətin mənəvi zənginliyi üçün böyük bir hadisəyə çevrildi. Bu günədək 30-a qədər müxtəlif nəşri olan Qurani-Kərimin bu mükəmməl tərcüməsi xalq arasında da böyük populyarlıq qazanmışdır.  Müasirləri olan çox nüfuzlu şəxsiyyətlərin akademik Vasim Məmmədəliyev haqqında dediyi sözlərdə böyük həqiqət vardır. Vasim müəllim həqiqətən müsəlman şərqinin müdrikliyini özündə cəmləşdirən üləma kimi islam dininin, islam dəyərlərinin təbliğində, geniş yayılmasında, düzgün yozulmasında bir sözlə,  xalqın mənəvi cəhətdən zənginləşməsində və inkişafında   böyük xidmətləri vardır. Onunla ünsiyyətdə olan, ibrətamiz söhbətlərini dinləyən hər bir kəs həqiqətən mənəvi cəhətdən saflaşır və zənginləşir. Vasim Məmmədəliyev erkən gəncliyindən ağsaqqallıq mərtəbəsinə yüksəlmiş, ağıllı məsləhətləri, dəyərli tövsiyələri ilə hər kəsin məhəbbətini qazanmışdır. Azərbaycan televiziyasında hər cümə axşamı efirə verilən “Haqqın dərgahı” verilişini  artıq 20 ildir  ki, xalqımız səbirsizliklə gözləyir. Gözləyir ki, Vasim Məmmədəliyev Qurani-Kərimin bəşəriyyətin ictimai və mənəvi dünyasına bağlı qapılarını üzümüzə açsın. İslami dəyərlərə kor-koranə deyil, elmi, həyati nöqteyi-nəzərdən bağlanaq, müqəddəs dinimizin tarixini bilək. Özünəməxsus məxməri və əzəmətli səsi ilə istər ərəbcə, istərsə azərbaycanca Qurani-Kərimin ayə və surələrini kəlmə-kəlmə, ilmə-ilmə şüurumuza həkk etsin! Bütün müsəlman dünyasında tanınan, hörmət edilən, çıxışları maraqla qarşılanan bu azərbaycanlı şərqşünas və islamşünas alimimiz islamın əsl mahiyyətini yüksək kürsülərdən açıqlayır.

Müasirləri onu həqiqətən təkcə  İslamşünaslıq fədaisi deyil, dərin idrakı və səmimi qəlbi ilə Vətənini sevən nüfuzlu fenomen kimi təqdir edirlər. Nadir tip erudisiyaya, təkrarolunmaz təfəkkür tərzinə, orijinal ünsiyyət üsuluna malik   bu ziyalıya, inamlı və imanlı şəxsiyyətə hər yerdə dərin ehtiram göstərilir, sevilir və alqışlanır.  Azərbaycanın Suriya Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev ustadı V.Məmmədəliyev haqqında yazır ki, onlar birlikdə bir neçə ərəb ölkəsini ziyarət ediblər: “Bir dəfə Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə idik. O vaxt kral xəstə olduğu üçün bizi dövlətin ikinci şəxsi, vəliəhd Abdulla qəbul etdi. Rəsmi danışıqlar qurtardıqdan sonra vəliəhd nümayəndə heyətinin üzvləri ilə bir neçə kəlmə kəsdi. Vasim müəllimlə danışan vəliəhd onu ərəb bilib soruşdu ki, sən bunlarla nə edirsən? Cavabında Vasim müəllim “Mən də bunlardan biriyəm, azərbaycanlıyam”,-dedi. Vəliəhd bundan heyrətini gizlətmədi, ətrafdakılara müraciətlə “Siz heç ömrünüzdə belə ərəbcə danışan əcnəbi görmüsünüz?” deyə soruşdu. Artıq protokolla ayrılan vaxt bitsə də, vəliəhd onun əlini buraxmırdı, sorğu-suala tutmuşdu. Bizdən ayrılarkən dediyi son sözlərdən biribu oldu ki, “Professoru qoruyan, indiki mərhələdə islam aləminin belə şəxsiyyətlərə böyük ehtiyacı var”. 

Vasim Məmmədəliyevin həyatında belə görüşlərin sayı-hesabı yoxdur. Şahidi olanlar dəfələrlə dövri mətbuatda ərəb ölkələrində Vasim müəllimi dünya müsəlmanlarının ehtiramını qazanmış nüfuzlu alim kimi böyük heyrətlə  qəbul edilməsindən qürur hissi ilə  istənilən qədər yazıblar.  Vasim müəllim nəinki ədəbiyyatımızın, klassik poeziyamızın, eyni zamanda ərəb, fars şeirinin tanınmış araşdırıcılarından sayılır. O, təsəvvüfü incəliklərinə qədər öyrənmiş, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si haqqında, hətta İran və Türkiyə televiziyalarında dəfələrlə ətraflı çıxışlar etmişdir.  Hörmətli professorumuz eyni zamanda Azərbaycan musiqisinin, xüsusilə də muğamların gözəl bilicisidir. O, dəfələrlə muğam gecələrini aparmış, respublikanın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq görüşlərində mütəxəssis kimi çıxış etmişdir. O, həm də klassik Avropa musiqisinə dərindən bələddir.

Onunla saatlarla Bax, Motsart, Bethoven, Şopen List, Messian və digər dahi bəstəkarların yaradıcılığı haqqında danışmaq olar. Bu gün paytaxtımızın ərəb dilçiliyinin tanınmış ocaqlarından birinə çevrilməsində sovet samişünaslarının lideri G.V.Seretelinin ləyaqətli yetirmələrindən olan Vasim müəllimin əvəzsiz xidmətləri vardır. Bu sahədə 41 elmlər namizədi və 3 elmlər doktoru yetirmiş akademik  bu gün Azərbaycan şərqşünaslarının lideri kimi dünyanın müxtəlif ölkələrində keçirilən toplantılara  qatılır.  İnanırıq ki, görkəmli alim bundan sonra da böyük səylə, qətiyyətlə çalışacaq, Azərbaycan elminin ən son nailiyyətlərini dünya ictimaiyyətinə çatdırmaq prosesində daim yüksək fəallıq və vətənpərvərlik nümayiş etdirəcəkdir.  Elm kahkəşanımızın parlaq ulduzu, ulu Şərqin müdrik üləması hesab etdiyimiz Vasim Məmmədəliyev bu günlərdə şərəfli və mənalı ömrünün 70-ci baharını yuvarlaqlaşdırır. Həyat eşqi və yaradıcılıq potensialı bulaq kimi çağlayan Vasim müəllim hələ də  yorulmadan çalışır, çoxsaylı tələbələrinə işıqlı cığırlar açır.  Arzu edək ki, müdriklik çağı olan bu illər ömrün son baharı deyil, coşqun və əlvan yaradıcılıq palitrasının zərif rayhəli çələnginə bənzəsin. Cəlallı Yaradanımız cansağlığı və uğurlarını Haqqın dərgahının əbədi sakinindən əsirgəməsin! 

 

 

Mirvari Rəhimzadə, 

əməkdar jurnalist

 

525-ci qəzet.- 2012.- 4 sentyabr.- S.7.