İsa
Hüseynov “İnternet yox olacaq, axırda kitab
oxunacaq, çünki kitab əbədidir”
– Yusif Səmədoğlunun “Qətl
günü” romanından xoşunuz gəlir?
– Yox, çox qəlizdir. Bu cür qəliz
yazmaq, ədəbiyyatı bu şəklə salmaq olmaz. Dil,
ifadə, süjet hamısı qəlizdir. Qəliz yazmaq
düz deyil, gərək sənin əsərini sadə insanlar
da başa düşsün.
Firuzə xanım: Axı sənin
özündə də qəlizlik var. “İdeal” başa
düşmək üçün iki-üç dəfə
oxumuşam. Sən də qəlizsən, ay yoldaş.
– İsmayıl Şıxli bir dəfə
yazmışdı ki, Dostoyevski çap olunanda evə
qapanıb onu mütaliə ilə məşğul
olmusunuz.
– Ola bilər, amma Dostoyevskini “Qorki”də təhsil
alanda oxumuşam. – Hiss olunur ki,
Dostoyevskidən təsirlənmisiniz?
Firuzə xanım: Təsirlənib. Məndən
soruşun, deyim. Müharibə dövrünə aid povestləri
çap olunanda bizə zəng edib deyirdilər ki, İsa
Hüseynov Azərbaycanın
Dostoyevskisidir. Mən onun bütün əsərlərini
oxumuşam, görürəm ki, təsir var.
– Makinada yazırdınız, yoxsa əl ilə?
– Əl ilə. İndi də əllə
yazıram. Makinaya etibar etməmişəm heç vaxt. Əlyazmalarımın
hamısını saxlayıram.
Bu yerdə Firuzə xanım əlavə edir, İsa
Hüseynov şeir də yazıb və şeir “Azərbaycan”
jurnalında çap olunub: “Mən də deyirəm, şeir
yazma..”
– Xalq yazıçısı
olmağınız 1993-cü ilə təsadüf etdi.
Çox maraqlıdır, Sabir Əhmədliyə 1992-ci ildə
Xalq yazıçısı adı vermişdilər, amma sizə
yox.
Firuzə xanım: Elçibəy
İsanı çox istəyirdi. Baxmayaraq ki, müxalifətə
rəhbərlik edirdi, amma çox müsbət insan idi. Nə
olsun ki, İsa Hüseynova Xalq yazıçısı adı
vermədi, çox müsbət adamıydı. İsa tələbkar
adam deyil, özü üçün heç nə istəməz.
Heydər Əliyev də İsanı çox istəyirdi. Xalq
yazıçısı, “İstiqlal” ordeni, Prezident təqaüdü
verdi. İsanın doğum günlərində həmişə
bizə zəng edib. O, yazıçılara böyük qiymət
verirdi. İsa heç vaxt kimdənsə nəsə istəməyib.
Buna görə onda hər şey gec alınıb.
– Necə tanış olmusunuz?
Firuzə xanım: İsa mənim
xalamoğludur. Mən buna getmirdim. İsmayıl
Şıxlı mənim müəllimim olmuşdu, məni
yaxşı tanıyırdı. Bir də görürdün,
İsmayıl Şıxlı İsa gəldilər.
İsmayıl İsanı tərifləyirdi, deyirdi ki, belə
sakit olmağına baxma, çox yaxşı oğlandır.
Atam raykom olub, ərəb dilini yaxşı bilirdi.
İsanın atası da vəzifədə işləyirdi.
İsanın atası əl çəkmədi, dedi ki, alsan
bunu alacaqsan, almasan heç kimi. Məni ağlada-ağlada
İsaya verdilər. Sonra gördüm ki, çox gözəl
insandır, o qədər gözəl ürəyi var ki.
Çox çətin vaxtlardı, çox əziyyət
çəkmişik, Bakıya nə zülmlə gəlmişdik,
ümumi qatarda. Toyumuz 1951-ci ildə olub, ona toy demək
mümkünsə.
– Məşhurlardan kimlər vardı
toyunuzda?
Firuzə xanım: Bizim toyumuzda
tanınanlardan bir dənə İsmayıl Şıxlı
olub. Bir dənə heyvan kəsdilər. Kabab elədilər,
aş elədirlər. Belə də, toy deyildi bu.
– Bah, bah, bah. A kişi, siz məndən
soruşun deyim də (ümumi gülüşmə). Çox
çətin vaxt idi, atamı da işdən
çıxarmışdılar. KQB-dən adamlar gəlmişdi,
sənədləri araşdırırdılar. Demək olar
ki, yas içində idik. Atam dedi ki, Moskva necədir? Dedim,
Moskva bərbaddır, bir-iki gün də qalsa, oğlunun
başından əl çək. Cavab verdim ki, onların bir dənə
də olsa, salamat qızı yoxdur. Hamısı adamın
boğazından sallaşır. Söylədi ki, onda deyirsən,
toyunu eyləyək. Başımı aşağı salaraq
dedim ki, edirsinizsə-edin. Toy günü yeznəm, məktəb
direktoru olan əmim oğlum gəlmişdi.
İsmayılın gəlməyi yadımda deyil. Cəmi 4-5
adam vardı. Mən çıxıb həyətdə qəmli-qəmli
dayanmışdım. Bizim ev dəmiryolunun qırağında
idi, bir də gördüm ki, dəmiryolunun relsləri
üstündən bir adam çıxdı. Əynində
çuxa vardı, çuxanın böyrü domba idi.
Baxdım ki, bu atamın, babamın toyunu eləmiş 100
yaşlı Aşıq Alıdır (Hamımızın tanıdığı
Aşıq Alı 1911-ci ildə dünyasını dəyişib.
İsa Hüseynov başqa Aşıq Alını nəzərdə
tutur-red.) Anama dedim ki, Alı əmi gəlir. Anam kövrəldi
və dedi ki, Alı əmi nə gəzir burda, onu
sürüblər, Muğanlıda xəstə yatır. Dedim,
vallah gələn Alı əmidir. Getdim bunun qabağına,
gördüm doğrudan da Alı əmidir.
Öpüşdük, görüşdük, dedi ki,
uzanmışdım, birdən göydən səs gəldi, a
kişi, Əfəndinin toyudur, nə oturmusan. Mənim əmimin
adı İsa Əfəndi olub, məni Əfəndi
çağırırdılar. İsa Əfəndi adı gələndə
kövrəlirdilər ona görə. Aşıq Alı dedi
ki, səs eşidəndən sonra sazı götürüb gəldim,
doğrudan toyundur? Səhərəcən çaldı, oxudu.
Sonra mənimlə Bakıya getdi. Bakıdan yola saldım onu.
10 gün sonra rəhmətə getdi.
– Səməd Vurğunla münasibətiniz
vardı?
– Səməd Vurğun “Literaturnaya qazeta”da
“Poeziya hüququ” adlı bir yazı yazmışdı.
Bakıda bu məqaləni tənqid etmişdilər. Mən
ilk məqaləmi o vaxt yazdım. 1954-cü ildə. “Şairin
həqiqəti” adlı məqaləm “Ədəbiyyat” qəzetində
çap olunmuşdu. Az sonra Səməd Vurğun yatdı,
qalxmadı. Bu hadisədən əvvəl onunla Moskvada
görüşmüşdük.
Firuzə xanım: Yusif Səmədoğlu ilə
yaxşı münasibətləri vardı. Yusif istiqanlı,
mehriban adamdı. Gözəl ziyalı idi. – Yazıçılar Birliyinin
qurultayında Vaqif mənə yaxınlaşdı,
qucaqladı məni, dedi ki, gəl,
şəkil çəkdirək. Çəkdirdik, sonra o
şəkili böyütdü, evində başının
üstündən asdı. Onun evində bir atasının
şəkili var, bir də mənim. Bundan bilirəm ki, onun mənə
münasibəti yaxşıdır. Həmişə deyir ki, sən
bizim canımız-ciyərimiz, böyüyümüzsən.
– Ümumiyyətlə, Azərbaycan şairlərindən
kimi bəyənirsiniz?
– Zəlimxan Yaqubu.
Firuzə xanım: Zəlimxan Yaqub həm
yaxşı şairdir, həm də yaxşı el
aşığıdır. Bəxtiyar Vahabzadə də
yaxşı şairdi, ancaq axır zamanlarda kişini bir az
sancırdı. – Bəxtiyar
yaxşı şairdi.
– “Qorki”də Əli Kərimlə eyni
vaxtda oxumusunuz, necə idi münasibətiniz?
– Yaxşı şair idi. İçki
korladı onu. Rəsul Rzadan başqa heç kimi şair
saymırdı. Yanaşmaları çox subyektiv idi. Axırda
mənə düşmən kimi baxdı.
Firuzə xanım: Yox, İsa, o səni
çox istəyirdi.
– Əvvəl istəyirdi. Mənimlə
heç bir problemi olmasa da mənə düşmən kimi
baxırdı. İçərisində qaynayan adam idi və
onu başa düşmək çətindi.
– Əli Kərim əsasən kimlə
içirdi?
– Salam Qədirzadə ilə, onu da
içki məhv etdi. Qabil də içkinin qurbanı
oldu.
– Bəs siz necə içirdiniz?
– Moskvaya gedənə qədər
içmirdim. Orada araq nöyüt kimi idi, yəni çoxdu.
Yoldaşlarım məni içməyə məcbur edirdilər,
mənim də ürəyim qalxırdı. Bir dəfə
yataqxanın zirzəmisində araq tapmışdılar,
böyük qabda idi, o arağın axırına daş
atdıq. Arağı orada almanlar gizlədibmişlər. Bir dəfə
qardaşım Omar məni ağsaqqalların yanına
apardı, dedi bunlarla ye-iç. Yedik, içdik, saat 4-də
bir dənə də heyvan kəsdilər. Səhər evə
gəldim və infarkt keçirdim. 1987-ci il idi.
Firuzə xanım: Səhhətdən söz
düşmüşkən, bir neçə dəfə klinik
ölüm keçirib. Saxlayırıq da, birtəhər. – Bir dəfə 9 dəqiqə, bir
dəfə 6 dəqiqə klinik ölüm keçirmişəm.
Məni aparata qoşmuşdular, aparatla nəfəs
alırdım. Nəfəsim kəsilib, aparatdan
ayırıblar. Bir müddət sonra bir həkim gəlib
görüb ki, nəfəs alıram, çöldə
gözləyən yaxınlarımı muştuluqlayıb.
Firuzə xanım isə evə gedibmiş, dəfn
hazırlıqları görmək üçün. Zəng
ediblər, ona da deyiblər ki, nəfəs alır. Bədənimdə
80 faiz oksigen varmış, həkimlər təəccüb
ediblər ki, bu necə ola bilər. Klinik ölüm
keçirəndə o dünyadan atam gəldi. Əmilərim
gəldilər, cərgələnib oturdular, atam dedi ki, öləməyəcəksən
çıxanda “Qəbirstan” adlı bir roman yazacaqsan, Saf
Ağ elminə həsr olunmuş bir əsər. Xəstəxandan
çıxan günü bir kağız götürdüm və
üstünə “qəbirstan” sözünü yazdım.
Beynimdə heç nə yox idi. Hər şe itmişdi,
yazdım qoydum stolun üstünə. Səhəri mexaniki
şəkildə yazmağa başladım.
Yazıçılıq həm yaxşıdır, həm də
məşəqqətdir.
– Yəqin əsərləriniz üzərində
çox işlədiyinizdən bu qənaətə gəlmisiniz.
– Əsərlərim üzərində həddindən
çox işləmişəm. Əsərlərimin
hamsının variantları var. Özü də əllə.
Maşinkada, komputerdə yazmaq olar? İnsanın beyninə
milyon fikir gəlir-gedir. Bunu kağıza yazmasan, vəziyyət
necə olar.
– Əvvəllər deyəsən çox
siqaret çəkirdiniz?
– Hə, səhərə qədər
çəkirdim. İşləyəndə siqaret çəkmədən
dura bilmirdim.
– İnternetə girirsiz heç?
– Yox.
– Amma saytınız var.
– Var, amma baxmıram.
– Sayt hazırlanmasının
ideyasını kim verib?
– Bu işlə uşaqlar məşğul
olub, mənim xəbərim yoxdur.
– Yazdıqlarınızı nə əcəb
vermirsiniz, sayta yerləşdirsinlər.
– Saytı oxuyan varmı ki? Ümumiyyətlə,
internet yox olacaq, axırda kitab oxunacaq, çünki kitab əbədidir.
– Deyilənə görə, sovet vaxtı
dərc edilən kitablarınıza görə çox
yaxşı qonorar alırmışsınız.
Firuzə xanım: Hər çap vərəqinə
3 min rubl alırdı. Əsərlər jurnallarda çap
olunurdu, buna görə də qonorar alırdı. Amma
qazandıqlarını başqaları kimi içkiyə xərcləmirdi.
Bunun o qədər yetimləri var ki, bu pullar olmasaydı,
onları saxlaya bilməzdi. Bunlar bilirsiniz nə vaxt
içirdilər? İsmayıl Şıxlı idi, tənqidçi
Əhəd Hüseynov idi, Məsud Əlioğlu idi, İsa
idi, elə ki biri qonorar aldı, yığılıb içməyə
gedərdilər. – Kabab yeməyə
gedirdik (gülür). Bakının yuxarı tərəfində,
Gözəldərədə bir kişi evində gözəl
kabab bişirirdi. Həmişə qonorar alanda ora gedirdik.
– Dostlarınızdan ən çox kimin
üçün darıxırsınız?
– Hətta düşmənlərim
üçün də darıxıram.
– Kim idi düşmənləriniz?
– Ən böyük düşmənim
Süleyman Rəhimov idi. Mən “Azərbaycan” jurnalında
işləyəndə “Şamo” romanını gətirirdi. Mən
də vərəqləri mürəkkəbdə
çimdirirdim, sonra çıxırdı. Onun
yazdıqları bəbad idi, üstündə xeyli işləyirdik.
Bir gün bildi ki, onun əsərini işləyən mənəm.
Bu onu qıcıqlandırmışdı, əsərlərim
çap olunanda hamısını vururdu. Hikkəli adam idi,
partiya iclasında mənim dərimi soyurdu.
– Cavab verə bilirdiniz?
– Bircə dəfə cavab verdim.
Yazıçılar İttifaqında partiya iclası idi. 43 nəfərin
41-i canıma döşədi. Bibimoğlu Vidadi Babanlı və
Mehdi Hüseyndən başqa hamısı əleyhimə
danışdılar. Axırda iclası aparan Zeynal Xəlil
qalxdı ki, məsələ aydındır, İsa
Hüseynovun Yazıçılar İttifaqında, partiyada
qalmağı mümkün deyil. Bu vaxt mənə qeybdən
kömək elədilər. Dedilər ki, Zeynal Xəlil
müzakirə edilən əsəri oxumayıb. Qalxdım,
dedim ki, müzakirəyə qoyulan əsərim necə
başlayır, necə qurtarır, əsərin qəhrəmanı
kimdir, iclası aparan bunları desin. Zeynal Xəlil kəkələyə-kəkələyə
dedi ki, mən oxumamışam, amma mənim kommunist
yoldaşlarım oxuyublar. Dedim, mən belə iclasda oturmaram,
qapını açdım çıxdım. Çölə
çıxandan sonra hiss etdim ki, kimsə arxamda siqaret çəkir.
Mehdi Hüseyn idi, dedi ki, mən səni həmişə belə
görmək istəyirəm, sənin sözündən sonra
iclas dayandı. Bir dəfə də məni Mirzə
İbrahimov xilas edib. Bütün yazıçılar Mərkəzi
Komitəyə məktub yazmışdılar ki, Mehdi Hüsyen
öz qohumu İsa Hüseynovu bizə qarşı qoyur.
Halbuki, o, antisovet əsərlər yazan adamdır. Biz onu
Yazıçılar İttifaqından, partiyadan qovuruq, Mehdi
Hüseyn bərpa edir. Siyasi şöbənin müdirini bu məsələni
araşdırmaq üçün
Bakıya ezam elədilər. O gəldi, Mərkəzi
Komitədə Yazıçılar İttifaqının
plenumunu çağırdı. Mirzə İbrahimov da Ali
Sovetin sədri idi. Hamı mənim əleyhimə
danışdı. Sonda söz Mirzə İbrahimova verildi. Mirzə
İbrahimov balaca adam idi, o tribunaya çıxanda isə elə
bildim ki, nəhəng bir adam kürsüyə qalxıb. Dedi,
nə istəyirsiniz, öldürmək fikriniz var onu? İsa
ürəyinin qanı ilə yazır. Çıxın gedin
hamınız, Mehdi Hüseynin də, İsa Hüseynovun da
günahı yoxdur. Iclas bununla qurtardı.
– Yaza bilmədiyiniz nəsə olubmu?
– “Nizami” filminin ssenarisini
yazmışdım, 3-4 seriyalıq.
Nizami özü İsgəndərlə
döyüşlərdə iştirak edirdi, daha doğrusu,
döyüşlərə kənardan baxırdı. Həm
yazırdı, həm də döyüşlərin içində
idi. Moskvada dedilər ki, ixtiyarın olmayan sözlər demisən.
Alimlər deyirdilər ki, Nizaminin “İsgəndərnamə”si
yalandır. İsgəndər buraya gəlməyib. Anaxronizm
adlandırırdılar bu əsəri. Əvvəl yəhudi
alimi Bertels, sonra isə mən təsdiq etmişdik ki, “İsgəndərnamə”
yalan deyil. Mətni akademiyanın prezidenti oxuyub Heydər Əliyevə
zəng etmişdi ki, mən dəhşətə gəldim,
İsa antirus əsər yazıb.
Sonra məni iclasa çağırdılar, bu mənə
dedi ki, sən nə özündən müştəbeh
adamsan. Rusa qarşı əsər yazırsan? Nizamini şair
kimi göstərməlisən, siyasətçi kimi yox. Dedi
ki, səni xaricə göndəririk. Dedim, ölmək
lazımdırsa, burda da ölərəm, niyə xaricə
göndərirsiz. Demə, Heydər Əliyev iclasa radio ilə
qulaq asırmış. Zəng elədi buna, bir kəskin
söz dedi. Akademiyanın prezidenti əli ilə alimləri də,
məni də qovdu. Çıxanda bizim çox gözəl
alimimiz Məmməd Cəfər dedi ki, Bertelsin oğlu Nizami
haqqında məqalə yazdığına görə
bütün titullarını əlindən alıblar, sən
niyə belə bir şey yazmısan? Bu sözlər belmi
qırdı. Rejissor da gəldi və dedi ki, mən bu əsəri
çəkə bilmərəm. Dedi, Nizaminin bioqrafiyasından
ayrı-ayrı parçaları yaz ver, çəkim. Mən
də kömək edərəm. Mən razılaşdım və
mənim ilk variantda yazdığım getdi, KQB aparıb qoydu
arxivə. Burda bəzi səhnələr var, ürəyimdəndir,
amma imtina etmişəm bu ssenaridən.
kulis.az
525-ci qəzet.-
2012.- 4 sentyabr.- S.6.