Gövhər
Baxşəliyeva: "Bürokratik metodlardan
imtina edilməlidir"
Millət
vəkili, professor
Gövhər Baxşəliyevanın 525.az saytına müsahibəsi
–Gövhər
xanım, bir millət vəkili və ən əsası bir elm adamı olaraq, Azərbaycan
elminin bugünkü vəziyyəti ilə bağlı nə
deyərdiniz? Azərbaycan elmində irəliləmə,
yoxsa, geriləmə müşahidə olunur?
– İlk öncə onu qeyd edim ki, bəşər tarixi
özü göstərir ki, elm hər bir dövlətin
davamlı sosial-iqtisadi və mədəni yüksəlişinin
əsas təminatçısıdır. İntellektual
potensial əhəmiyyətinə və gətirdiyi mənfəətə
görə hətta zəngin təbii sərvətləri belə
üstələyir. Ən inkişaf
etmiş ölkələrin yaxın tarixinə nəzər
saldıqda, onların sürətli inkişafının əsasında
məhz elmi nailiyyətlərin durduğunun şahidi oluruq.
“Müasir dövlətin qurulması elmin inkişafı olmadan
mümkün deyildir”-deyən, ölkə Prezidenti İlham Əliyevin
də dəfələrlə vurğuladığı bu fikir,
zənnimizcə, hazırlanmaqda olan məlum İnkişaf
Konsepsiyasının ana xəttini təşkil etməlidir və
bu istiqamətdə indiyədək aparılan fraqmentar səciyyəli
diskussiyaları vahid düşüncə məcrasına
yönəltməlidir. Prezidentin elmdə
islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı
Fondunun yaradılması ilə bağlı sərəncamları
Azərbaycan elminin günün tələbləri səviyyəsinə
yüksəlməsi istiqamətində atılan mühüm
addımlardır.Elmin inkişafına yönəldilən xərclər
təxminən 7 dəfə artıb. Elmin
inkişafı üzrə Milli Strategiya təsdiq olunub,
2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata
keçirilməsi üçün dövlət proqramı qəbul
edilib. Bütün bunlar göstərir ki,
Azərbaycan elminə, onun mərkəzi idarəetmə
orqanı olan Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA)
diqqət ilbəil artırılır. Son
illər elm və mədəniyyət ocaqlarının təmirinə,
maddi-texniki bazalarının gücləndirilməsinə,
görkəmli alim, yazıçı və şairlərin
yubileylərinin keçirilməsinə də böyük diqqət
yetirilir. Eyni zamanda, Elmin İnkişafı
Fonduna çox böyük vəsaitlər ayrılır.
Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz
olunması, modernləşməsi, dünya elminə inteqrasiya
etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi
işçilərin əməyinin
stimullaşdırılması üçün bu fond ciddi
işlər görməkdədir. Ümumiyyətlə,
akademiyanın təchizat məsələləri son illər
xeyli yaxşılaşdırılıb. Texniki
avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin verilməsi,
xarici ədəbiyyatların alınması və digər məsələlərdə
müsbət irəliləyişlər çoxdur. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə
yüksək diqqət və qayğıdan xəbər verir.
–Yeri gəlmişkən,
AMEA-nın 2011-ci il illik hesabat yığıncağında
ölkə Prezidenti Azərbaycanda elmin inkişafı, modernləşməsi,
böyük elmi məktəblərin qorunub saxlanması
haqqında da öz fikir və
tövsiyələrini səsləndirib...
–Tamamilə,
doğrudur. Bütün dövrlərdə alimlərimizin Azərbaycanın
müxtəlif istiqamətlərdə inkişafına dəyərli
töhfələr verdiyini qeyd edən dövlət
başçısı həmin çıxışında ölkəmizdə dünya səviyyəsində
aparılan araşdırmaların öz müsbət təsirini
göstərdiyini qeyd edib. Cənab Prezidentin geoloq alimlərimizin
ölkəmizin təbii resurslarının kəşfi ilə
bağlı əvəzolunmaz xidmətlər göstərdiyini,
neft-kimya sahəsində böyük perspektivlərin
olmasını, ölkə iqtisadiyyatının hərtərəfli
inkişafını və iqtisadi inkişafımızın gələcək
istiqamətlərini müəyyən edərkən
güclü elmi əsaslara söykənməli olduğumuzu,
AMEA-nın aqrar bölməsinin yaradılması
üçün konkret addımlar atılmasının vacibliyini,
elmimizin dəstəyi ilə Azərbaycanda çox
güclü kosmik sənaye yaradılacağına əminliyini,
informasiya-kommunikasiya sektorunda uğurlarımızı
xüsusi vurğulaması elmimizin bütün sahələrinin
dövlətin nəzarət və qayğısı
altında olmasının göstəricisidir. Ölkə rəhbəri
ictimai və humanitar elmlərlə bağlı məsələlərin
daim diqqət mərkəzində olduğunu deyərək bu
sahədə aparılan işlərin çox uğurlu və
təqdirəlayiq olduğunu deyib: “Biz bu sahəyə daim diqqət
göstərməliyik. Çünki bildiyiniz
kimi, müstəqillikdən əvvəl bizi millət kimi
qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz,
ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən
daim diqqət göstərilir. Hesab edirəm
ki, Elmlər Akademiyası bu istiqamətdə çox
uğurlu fəaliyyət göstərir”. Prezidentin
yığıncaqda Azərbaycan dili barədə söylədiyi
fikri isə xüsusi vurğulamaq lazımdır: “Ana dilimizə
hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq.
Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında,
müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz
– Azərbaycan dili müstəsna rol oynamışdır.
Biz elə etməliyik ki, dilimizin
saflığını daim qoruyaq. Bu məsələyə
çox ciddi diqqət göstərilməlidir”. Bu fikirlərin bariz təsdiqi kimi yaxınlarda
Prezident tərəfindən imzalanan “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin istifadəsinə dair dövlət proqramı
haqqında” sərəncamı oldu.
–
Prezidentin ədəbiyyat, arxeologiya, tarix və digər elm sahələri
ilə bağlı söylədiyi fikirlər bu sahələrə
də böyük önəm verilməsini, onların daim diqqət
mərkəzində saxlanmasını təsdiqləyir...
– Bu,
doğrudan da, belədir və bunun qətiyyən, əksini də
iddia etmək olmaz. Ümumiyyətlə, həmin
yığıncaqda “biz elə etməliyik ki, Azərbaycan elmi
inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə,
Azərbaycanın milli maraqlarına həmişə olduğu
kimi xidmət etsin” – söyləyən Prezidentin akademiyanın
gələcəyinə böyük inam bəsləməsini
onun gənc alimlərlə bağlı söylədiyi fikirlər
də təsdiqləyir. Bu yerdə onu da qeyd edim ki, Azərbaycan
elminin yaxın gələcəkdə inkişaf istiqaməti
2009-cu ildə ölkə Prezidenti tərəfindən təsdiq
edilmiş elmin inkişafı üzrə Milli Strategiyada öz
əksini tapıb. Bu, Azərbaycan elminin dünya elmi, texnika və
texnologiyasının prioritet istiqamətlərinə
müvafiq şəkildə təşkili, respublikanın
iqtisadi inkişafında elmin rolunun artırılması,
yüksək ixtisaslı kadrların hazırlanmasının təmin
edilməsi, mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin
həlli məqsədi ilə Azərbaycanda fundamental və tətbiqi
tədqiqatların prioritetlərinin müəyyən edilməsindən
ibarətdir. Sənəddə həmçinin fundamental elmlərə
dair tədqiqatların genişləndirilməsi, elm və
texnika sahəsində idarəetmə sisteminin, elmi-tədqiqat
müəssisələrinin və ümumilikdə, elmin maliyyələşdirilmə
mexanizmlərinin təkmilləşdirilməsi, elmi-texniki
infrastrukturun müasirləşdirilməsi, elmin
hüquqi-normativ bazasının yaradılması, elmin
inteqrasiyasının təmin edilməsi, elmi əməkdaşların
sosial vəziyyətinin yaxşılaşdırılması,
beynəlxalq elmi əlaqələrin genişləndirilməsi
və sairə bu kimi məqsədlər də mövcuddur. Bütün bunlarla yanaşı, həmçinin,
onu da deməyi zəruri hesab edirəm ki, elm mənəvi fəaliyyət
sahəsi olduğundan burada ilk stimul rolunu, təbii ki, mənəvi
amillər oynayır. Yəni, qəlbinin
hökmü ilə elmə gələn hər bir kəs onun
vurğunu, müəyyən mənada fanatı olur. Amma biz maddi dünyada yaşayırıq və maddi
təminat olmadan hər hansı bir fəaliyyət, o cümlədən
elmi fəaliyyət qeyri-mümkündür. Bu, bir həqiqətdir ki, fundamental elm böyük məsrəflər
tələb edən bir sahədir. Və bu
məsrəflər heç də dərhal öz bəhrəsini
vermir, yalnız perspektivdə özünü doğruldur.
Amma güclü olmaq istəyən hər bir
dövlət, gələcəyini düşünən hər
bır millət bu məsrəflərə getməlidir. Maddi problemlər elmdə yeniləşməyə,
varislik ənənələrinin qorunmasına da ciddi əngəl
törədir. Mövcud maliyyə təminatı
gənclərin elmə gəlişinə stimul yaratmır.
Bir vaxtlar AMEA institutlarına can atan ali məktəb
məzunları indi başqa, daha gəlirli sahələrə
üz tuturlar. Nəsillər arasında əlaqənin
qırılması isə elm üçün böyük təhlükədir.
Bu, təkcə elmi və intellektual problem deyil,
həm də mənəvi-əxlaqi bir məsələdir.
Belə ki, bu, gənclərin elmə, biliyə, öyrənməyə
həvəs ruhunda tərbiyəsinə mənfi təsir
göstərir və indi haqqında çox danışılan
mənəvi dəyərlərin itirilməsinə və
aşınmasına gətirib çıxarır...
– Ancaq o
da var ki, elmə qiymət, alimə hörmət tarixən
milli ənənə və mentalitetimizin ayrılmaz xüsusiyyəti
olub...
–Fikirlərinizlə
razıyam. Lakin bugünkü gənc
bütün ömrünü elmi axtarışlara həsr
etmiş bir şəxsin maddi ehtiyac içərisində
olduğunu görürsə, onun bundan hansı nəticəni
çıxardığını təsəvvür etmək
çətin deyil. Odur ki, bu vəziyyətin
aradan qaldırılması birbaşa milli dəyərlərin
qorunmasına, gənclərin mənəvi tərbiyəsinə
dəxli olan məsələdir. Eyni
zamanda, bu gün Azərbaycan elmi qarşısında duran əsas
vəzifələrdən biri də onu daha çevik, dövlətin
və cəmiyyətin real tələbatına cavab verən və
gələcək inkişafına xidmət edən bir istiqamətə
çevirməkdir. Bunun üçün
bu sahədə kök salmış bürokratik metodlardan
imtina edilməli, elmi fəaliyyətin təşkili və
maliyyələşdirilməsində daha müasir və
mütərəqqi formalardan istifadəyə
üstünlük verilməlidir. Elmi
strategiyanın dəqiqləşdirilməsi üçün
elm və texnika sahəsində dövlət siyasətinə
dair qanunun qəbul edilməsi böyük əhəmiyyət
daşıyır. Həmin qanun əsasında AMEA Rəyasət Heyəti
ayrı-ayrı sahələr üzrə strateji proqramlar
işləyib hazırlaya bilər. Bu isə
öz növbəsində artıq tətbiq olunan kontrakt
sisteminin səmərəliliyini artırar.
KAMİL
525-ci qəzet.-
2012.- 4 sentyabr.- S.5.