Vətənpərvərlik
zirvəsində təzadların həqiqəti
“Mədəniyyət
insanın ən ali instinktidir”. Onsuz insanlar və təbiət arasında
harmoniyanın yaranması mümkün deyil. Lakin hər bir əsrin özünəməxsus mənəvi
böhranları zamana ehtiyacı olan keçid dövründə
baş qaldırır. Tarixin siyasət meydanlarında mədəniyyət
meyarları necə deyərlər, öz yeni qibləsini
axtarır. Təlatümlərlə dolu XX əsrdən isə
bizi müqəddəs rəqəm –12 il
ayırır.12 rəqəmi özündə əbədi təkamül
gücünü daşıyır. Bu gücə malik 12 ildə
əldə etdiyimiz maddi və mənəvi yüksəlişlərimiz
sürətli zamanla ayaqlaşmaq ümidindədir. Artıq dünyada yeni şüurun, yeni mədəniyyətin
formalaşması, qloballaşma prosesi mənəvi dəyərlərimiz
üzərində restavrasiya işləri aparmaqdadır.
Biz orta, yaşlı nəslin taleyinə daha
çox o dövrdə doğulub yaşamaq nəsib olub.XX əsrin
zaman sərhəddindən uzaqlaşsaq da xüsusilə mədəniyyət
sahəsində baş verən mühüm hadisələrin
bu gün də çözülməsinə böyük
ehtiyac var.
Əməkdar
incəsənət xadimi, Xalq artisti, dramaturq,
yazıçı Kərim Kərimovun “Musiqidən keçən
ömür” kitabını qızı Reyhan xanım mənə
bağışlayanda bilmirdim
ki, onu tez bir zamanda oxuyacağam. Bilmirdim ki, görkəmli
müğənnilərimiz və bəstəkarlarımızla
Kərim müəllimin iştirak etdiyi bir çox tarixi
günlərin, xatirələrin izinə düşüb
rayonlarımıza,şərq ölkələrinə,
Avropaya qiyabi səyahətlərə çıxacağam. Azərbaycan musiqi mədəniyyətini dünyaya
tanıdıb sevdirən görkəmli incəsənət
ustalarımızı Kərim müəllimin gözüylə
görüb daha yaxından tanıyacağam. İlk öncə qeyd etmək lazımdır ki, onun
“üzeyirşünaslıq, bülbülşünaslıq,
müslümşünaslıq, qaraşünaslıq, fikrətşünaslıq”
üzrə yazdığı ssenariləri, rejissor işləri
incəsənətimizin qızıl fonduna daxil edilmişdir.O,
vətənpərvər ziyalı kimi ölkəmizin mədəniyyət
sahəsində öhdəsinə düşən vəzifələri
cəsarətlə, qeyrətlə həyata keçirib.Təəssüf
ki, “Musiqidən keçən ömür” kitabının
ardını yazmaq ona qismət olmadı. Kitabda
Azərbaycanın mədəniyyət tarixində baş verən
əlamətdar hadisələri izləyəndə
ziyalılarımızın taleyində iz qoyan bir çox qəribə
təzadların şahidi oldum. Sovet dönəmində
sosializm realizminə xidmət edən birpartiyalı dövlətin
vətənpərvər ziyalısı olmaq nə qədər
mümkün idi?! Düz yolun yolçuları namərdlər
tərəfindən min bir fitnə ilə vaxtsız aradan
götürülsədə, vətənə, millətə
xidmət edənlərin sayı azalmadı, o müqəddəs
yol heç vaxt boş, yiyəsiz qalmadı...Amma ən dəhşətlisi
odur ki, millətimizi gözü götürməyən
düşmənimiz doğma ocağımıza hamıdan daha
yaxındır. Kitabda Kərim müəllim
Bülbülün Qarabağda verdiyi son konserti belə
xatırlayır: “...1961-ci il avqust ayının əvvəllərində
Bülbül mənə zəng vurub dedi ki, Qarabağ bölgəsinə
konsert səfərinə
getmək istəyir. O, təklif etdi ki, mən də onunla bu səfərə
gedim...Bülbül dedi ki, bu məsələni sədr Teymur Əliyevlə
razılaşdırıb...Axşam Xankəndi teatrının
zalı tamaşaçılarla ağzına qədər dolu
idi...O, dedi ki,burada Azərbaycan Respublikasının hesabına
gözəl evlər, məktəblər, bir çox mədəniyyət
ocaqları və Erməni Dram
Teatrının binasını tikdirdilər...onun
yaraşıqlı foyesində Qarabağda anadan olmuş
yazıçıların və musiqiçilərin portretləri
vurulmuşdur...Bəs hanı Qarabağın yetirdiyi Vaqifin,
Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Əbdürrəhim
bəy Haqverdiyevin, Cabbar Qaryağdıoğlunun portretləri?
Biz həmişə dostluqdan, beynəlmiləlçilikdən
danışırıq, amma bu gün səhər şəhərə
gələndə gördüm ki, yazılar erməni və
rus dillərindədir. Siz unutmamalısınız ki, bura
Azərbaycan şəhəridir...” Ermənilər bu qədim
həqiqəti yaxşı bilsələr də, amma sübut etməyə
hazırdırlar ki, Xankəndinin
üfüqlərində günəş də ermənisayağı
doğulur... Səhəri
gün Kərim müəllim Bülbüllə Şuşaya
yola düşdülər.”Volqa” markalı maşını sənətkarın
oğlu Polad sürürdü. Bülbül
“Qurdçular” məhəlləsində ata evini ziyarət etmək
istədi, amma o evin sökülərək yerində kartof əkildiyini
görəndə pərt halda yerində quruyub qaldı.
Kərim müəllim bu acı səhnələr haqqında
canlı şahid kimi kitabda yazır: “...Polad atasının əhvalının dəyişdiyini
görüb dedi: “Görünür, heç kəs bilməyib
ki, sən bu evdə anadan olmusan. Danışırdın ki,
babanın evi də
sizin məhəllədə idi. Bəlkə
gedək səni orada çəkək?” Biz onun yaxınlığında
yerləşən baba evinə
getdik. İndi orada uşaq bağçası
yerləşirdi. Bu evin həyətində Nəriman Bülbülün həyatının
son kadrlarını çəkdi.” Kərim müəllimin
kitabdakı şərhindən sonra internetdə lenti tapıb
ona dəfələrlə baxdım və başa
düşdüm ki,o, həyətə
hansı acı hiss və həyəcanla daxil olur. Həqiqətən Bülbülün üzündə,
gözlərində hüzn, kədər aydın
görünürdü. Bəlkə də
sarsıldığı anlarda o, Şuşanın gələcək aqibətini
hiss etmişdi. Uzun illərdən sonra ermənilər
Şuşanı işğal edəndə Bülbülün
orda ucalan möhtəşəm büstü də təcavüzə
məruz qaldı. O da Şuşadan
çıxarıldı, amma Azərbaycanın musiqi tarixində
Bülbül yaşayır. Keçən əsrin 60-cı illərində
Bülbülə həsr edilən “Xalq nəğməkarı”adlı
sənədli filmin ərsəyə gəlməsində
ssenari müəllifi Kərim müəllimin zəhməti
böyükdür “Üzeyir Hacıbəyovun ev muzeyi hələ
açılmamışdı. Ramazan Xəlilov (uzun illər
Üzeyir bəyin şəxsi katibi olub) bəstəkarın
şəxsi arxiv sənədlərini sahmana salıb, qovluqlara
yığaraq muzey üçün hazırlayırdı.Bir
gün o, bunlardan birini göstərib dedi: “Bax, burada Üzeyir
bəyin 500-dən çox felyetonu və publisist məqaləsi
toplanıb” . Kərim müəllim o
yazıları oxuyanda etiraf edir ki, Üzeyir bəy musiqi bəstələməsəydi
belə, o, öz dövrünün görkəmli jurnalisti
kimi də mədəniyyət tariximizdə yaşayacaqdı.“...Azərbaycan xalqını, onun dövlətini
Üzeyir Hacıbəyovsuz təsəvvür edə bilmirəm.
Mənə elə gəlir ki, o, bizim vicdanımız, mənəviyyatımız
və əbədi himnimizdir.
”Konfutsinin
ən müdrik kəlamlarından biridir: “Bir ölkənin
doğru idarə olunub olunmadığını, əxlaq
baxımından yüksəlib yüksəlmədiyini bilmək
istəyirsinizsə, o ölkənin musiqisini dinləyin.” Üzeyir Hacıbəyovun
əsərləri bu meyarlara cavab verir. Mənə
elə gəlir ki, “Musiqidən keçən ömür”
kitabında başıbəlalı tarın səsi də
çox əzəmətlə səslənir. Ermənilərə
tutarlı cavab verən Kərim müəllimin tarın
müdafiəsinə azərbaycanlı musiqişünas kimi
necə qalxmasını kitabda izləyirik: “...Bu aləti XIX əsrin
ikinci yarısında Qarabağda yaşayan görkəmli
musiqiçi Sadıqcan yaratmışdı...Onun
çalğısı haqqında rəvayətlər gəzirdi...
o, tar çalanda
bülbüllər çiyninə qonub
oxuyurdular...Sonralar Üzeyir Hacıbəyov tarı daha da təkmilləşdirərək
onun pərdələrini Avropa səssırası ilə
uyğunlaşdırıb not sisteminə keçirmişdir.”
1965-ci ildə Mərkəzi Televiziyanın musiqi verilişləri
baş redaksiyasının müavini Yelena Qriqoryans Kərim
müəllimin 10 səhifəlik
çıxışını ixtisar edərək 3 vərəq
həcminə endirir və sübut etmək istəyir ki, tar Azərbaycanın
milli musiqi aləti deyil, bütün Qafqaz və Orta Asiya
xalqlarınındır, “obşidir”. (Unudur ki, simli musiqi aləti
kimi tarın müxtəlif növləri var; dutar, pənctar,
şeştar,çahartar və s.) Kərim müəllim musiqi alətlərinə həsr
olunmuş canlı yayımda gedən verilişi əvvəlcədən
öz düşündüyü ssenarisi əsasında
aparır. Çıxışını Mikayıl
Müşfiqin rus dilinə tərcümə edilmiş “Oxu,tar! Səni kim unudar?”şeiri ilə başlayır. Tarzən
Əhsən Dadaşov şeirdən sonra
“Rast”muğamının mayəsini çalır. O
gün sanki
keçmiş proletar zəncirindən azad
olduğunu nümayiş edən Tar milyonlarla sovet
tamaşaçısının gözləri
qarşısında başını tarzənin doğma sinəsinə
qoyub kövrəlmişdi... Müşfiqin özü kimi əbədi
gəncşeirləri
zamanın namərd gülləsinə tuş gəlsə
də nə qədər ki, dünya durur tarın səsi həmişə
Müşfiqin əzəmətli heykəlini gözlərimiz
qarşısında ucaldacaq. ... Deyirəm ki, bu yazdıqlarımı nota
çevirə bilsəydim, onda hisslərimi, düşüncələrimi
daha dərindən ifadə edərdim. Çünki musiqi öz mənəvi
gücü ilə hamını dilindən asılı
olmayaraq, birləşdirir, qəlblərdə məhəbbət,
mərhəmət körpüləri yaradır... “1966-cı ilin
axırlarında Moskvada mühazirəçi-müsiqişünasların
növbəti Ümumittifaq seminarında iştirak edirdim...erməni
bəstəkarı Edvard Mirzoyanın “Üçüncü
simfoniyası”nı dinləyib təhlil edirdik.
Simfoniyanı təqdim edən müsiqişünas İrina
Şahnazarova dedi ki,
bəstəkar “Skertso” adlanan əsərinin
üçüncü hissəsində“Çahargah”erməni
muğamının intonasiyalarından məharətlə istifadə
etmişdir.” Kərim müəllim kəskin etirazını
bildirir: “Əgər siz bir erməni müğənnisi göstərə bilsəniz ki, o,
“Çahargah”ı bizim xanəndələr kimi oxuya bilsin, onun
zəngulələrini vura bilsin, onda sizinlə razı olaram
ki, ermənilərin də muğamları vardır...Allah
muğamları Azərbaycan
xalqına bəxş edib və onları başqa millətə
mənsub olan adam düzgün oxuya bilməz...” Ermənilər
bilmirdilər ki, Şuşada körpələrimiz bələkdə
belə muğam üstündə ağlayırdılar.
SSRİ Bəstəkarlar İttifaqında bu kəskin
mübahisədən sonra Kərim müəllim haqqında mənfi
rəy yaranmışdı. Onun İttifaqa
üzv olmaq məsələsi də mümkün deyildi.
Moskvanın erməni musiqişünasları ilə münasibətləri
korlamaq istəməyənlər Azərbaycanda Kərim müəllimi
müdafiə etməyə təşəbbüs
göstərmirlər. “...Məni ən çox sarsıdan o
idi ki, həmişə bəstəkarlarımızın
yaradıcılığını təbliğ edən
adamın taleyi ilə heç kəs
maraqlanmırdı...Moskva televiziyasının planında nəzərdə
tutulmuş “Azərbaycan muğamları” haqqında
çıxışım proqramdan
çıxarılmışdı və heç kim də bunun səbəbini öyrənmək
istəmirdi... ”Azərnəşr”də çapa hazırlanmış “Musiqi
düşüncələrim” adlı kitabımın
çapı da dayandırılmışdı.” Həyatın təzadlarla dolu burulğanına
düşməkdən ağır cəza varmı?
60-cı illərdə ədəbiyyat, incəsənət sahəsində
cəsarətli fikirləri,liberal
düşüncələri ilə sovetlər ölkəsində
daxili mühacirlərə çevrilən ziyalılar azmı
olub?! Bu elə bir mövzudur ki, o haqda çox yazılsa da hələ
də nə qədər deyilməmiş məqamlar var...SSRİ
Bəstəkarlar İttifaqından Azərbaycanın Mərkəzi
Komitəsinə Kərim müəllimdən şikayət məktubu
gəlmişdi. Mərkəzi Komitənin
katibi Şıxəli Qurbanovun qəbulunda Kərim müəllim
ora niyə çağırıldığını biləndə
heyrətdən donub qalmışdı. Şikayət
məktubunda ermənilər onu millətçi adlandıraraq,
hətta partiya sıralarından təcrid edilməsini tələb
edirdilər. Əslində bu tələb həyata da
keçə bilərdi... Lakin Şıxəli müəllim
bu görüşün əsas məqsədini ona bildirir: “Mən
Vəli Axundovla məsləhətləşib qərara gəlmişik
ki, sizi Mərkəzi Komitənin Ədəbiyyat və incəsənət
bölməsinin müdiri vəzifəsinə təyin edək.”Belə
ədalətli qərarlar çoxmu, azmı olub millətin
xeyrinə, bunu zaman
özü göstərir...
Təzadlara
aydınlıq gətirən həqiqətin qələbəsi
vətənpərvərlik zirvəsində tarixi görüşə bənzəmirmi?!
Kərim müəllimin Azərbaycan televiziyasının Musiqi
verilişləri redaksiyasının baş redaktoru, Filarmoniyanın,
indiki Heydər Əliyev adına möhtəşəm
respublika sarayının direktoru kimi fəaliyyət göstərdiyi
bir müddət ərzində fitri istedadı olan gənclərin
gələcək taleyində yaşıl işıq
yandırmağı bacarırdı. Onlardan birini xatırlayaq.“Bir gün televiziyanın musiqi redaksiyasına
20 yaşlı bir arıq cavan oğlan gəldi və xahiş
etdi ki, oxumağına qulaq asıb konsertə buraxaq...Bu gənc
oğlan Azərbaycanın görkəmli bəstəkarı
Müslüm Maqomayevin nəvəsi Müslüm Maqomayev idi...Əvvəlcə
onu solist kimi Teleradionun
estrada orkestrinə işə
qəbul etdim...Gənc müğəninin Ümumittifaq səhnəsinə
çıxması üçün
mən onun haqqında
film-konsert çəkmək fikrinə gəldim. Bunun
üçün “Yeni görüşlərədək,
Müslüm!” adlı televiziya filminin ssenarisini yazdım...Film ilk dəfə
1962-ci ildə Moskvadan Mərkəzi Televiziya ilə göstərildi
və gənc müğənni bütün Sovet
İttifaqında tez bir zamanda
tanındı.”Artıq bu
il dünya şöhrətli 70 yaşlı Müslüm
Maqomayevin yubileyidir.Deyirəm, bir mahnı var hətta həyatda
son insan qalsa belə ovunmayan həsrətlə oxunacaq: kimlər
gəldi, kimlər getdi bu dünyadan... Kərim müəllim
şərəflə yaşadığı XX əsrin
ziyalısı kimi həm tutduğu vəzifələrində,
həm də yaradıcılığında özünün
əsl vətənpərvər, peşəkar
müsiqişünas, istedadlı qələm sahibi olduğunu
təsdiq edib.Sonda isə demək istəyirəm, XXI əsrdə
yeni kitabda yeni görüşlərədək, Kərim
müəllim!
Zöhrə Əsgərova,
Yazıçı-publisist
525-ci qəzet.-
2012.- 5 sentyabr.- S.7.