Açıq cəmiyyət,
plüralizm və mətbuat: Reallığın təhlili,
perspektivə baxış
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ
DOKTORU, “TƏFƏKKÜR” UNİVERSİTETİNİN
PROFESSORU TOFİQ YUSİFOVLA SÖHBƏT
...İllər
keçib, dünyada baş verən ABŞ-ın və yaxud
da Qərbin qoşulduğu bütün proseslərin içərisində
informasiya monopoliyası var. Bu gün dünya hadisələrini
işıqldandıran əsas kütləvi informasiya vasitələri
bunlardır: CNN, BBC, “Reughters”, bir də “Əl-Cəzirə”. Son vaxtlar buraya “Evronyus” da əlavə edilib. Bu beşindən başqa siz dünyada siyasi, iqtisadi,
sosial prosesləri işıqlandıran başqa kanal görə
bilməzsiniz. Və ərəb
baharında əsas rolu onlar oynadılar. Qərb
KİV-in, medianın təsir etmək gücünü ilk
olaraq anladı və bunu real həyatda tətbiq etdi. Yəmən,
Misir, Liviya və Suriyada əslində tamam fərqli proseslər
gedir. – Belə çıxır ki, biz oradakı proseslərlə
bağlı əsl həqiqətlərdən bixəbərik...
– Bəli, biz əsl həqiqəti, əslində nələrin
baş verdiyini dəqiqliklə bilmirik. Biz Qərbin Afrika, eləcə
də Asiyada baş verən proseslərə nöqteyi-nəzərini
görürük. Sonrakı hadisələr
göstərdi ki, səhih informasiyanı çağdaş
dünyada tam olaraq gizlətmək də
qeyri-mümkündür. Sözügedən
bölgələrdə çoxlu sosial-siyasi, iqtisadi problemlər
var. Gəlin baxaq, Yəməndə, Misirdə, Liviyada nə
oldu? Liviyada bu saat da qəbilələrarası
qırğın gedir. Bəs onda
inqilabı edən kimlər imiş? İnqilab
kimə qarşı imiş? Qəddafinin
getməsi üçün idisə, niyə onun getməsindən
sonra ölkə idarəçiliyi üçün bir
konsepsiya yaradılmadı? Ona görə də
bu gün də Liviya pis vəziyyətdədir. Liviyanın səhiyyə naziri Fatimə
Hüruşi öz ölkəsindəki vəziyyəti dəyərləndirərkən
maraqlı bir ifadə işlədib. “Evronyus”
kanalına müsahibə verən yeni xanım nazir bildirir ki,
Qəddafi dövründə hər yerdə qayda-qanun
vardı, amma indi Liviyada rejim dəyişib, amma indi qayda-qanun
yoxdur, ölkədə hərc-mərclik, xaos baş alıb
gedir. Və yaxud Misirdə Mübarək
hakimiyyətdən getdi, amma baxaq görək bu inqilabdan sonra
Misir xalqının vəziyyəti hansı istiqamətdə dəyişdi?
Az ya çox dərəcədə
Hüsnü Mübarək müasir düşüncəli
zabit, hərbi pilot idi. İndi isə Misirdə
hakimiyyətə hələ dəst-xətti heç kəsə
bəlli olmayan islamçılar gəlib. Bu
ABŞ-ın ən çox qorxduğu nəticə idi. Bəzən hadisələri düzgün
proqnozlaşdırmamaq, informasiya blokadası, monopoliyası belə
səhv nəticələr verə bilir, nəticədə
KİV-ə inam itir. Liviyada da belə oldu,
hazırda Suriyada da həmin proseslər yaşanır. Bütün bunlar sübut edir ki, bu gün dünyada
ən bahalı şey informasiyadır. Ona
görə də informasiya, mətbuat ətrafında həmişə
ajiotaj olub. Sivil ölkələrin əksəriyyətində,
bütün siyasi xadimlər, dövlət rəhbərləri
istəyir ki, sözügedən, nüfuzlu KİV-in rəhbərləri
və aparıcı jurnalistləri ilə xoş münasibətləri
olsun. Onlar mütəmadi olaraq media
nümayəndələrini dəvət edirlər, onlara
eksklüziv müsahibələr verirlər. Bu, siyasi quruluşundan asılı olmayaraq bir
çox ölkələrdə birmənalı şəkildə
belədir.
– Deməli,
sivil ölkələrdə media “dördüncü hakimiyyət”
kimi nüfuzunu bu gün də qoruyur?
–
Şübhəsiz! 1776-cı ildə ingilis nəzəriyyəçi
Edmund Berk ilk dəfə olaraq mətbuatı “dördüncü
hakimiyyət” adlandırıb. Bu ad müəyyən
mənada şərtidir. Mətbuatın
“dördüncü hakimiyyət “olması şərti olmaqla bərabər,
özündən əvvəlki-qanunverici, icraedici və məhkəmə
hakimiyyəti qolunu çox cəsarətlə, bacarıqla
yerinə yetirir. Söhbət nədən
gedir? Adını çəkdiyimiz
üç hakimiyyət qollarının hər birinin
özünün funksiyaları, nəzarət mexanizmləri
var. Mətbuat belə deyil, mətbuat sadəcə olaraq
hakimiyyətlə xalq arasında münasibətləri tənzimləyən
bir vasitədir, əlaqələndiricidir, körpüdür.
Vəssalam. Onun
özünün məcburetmə gücü yoxdur. Necə ki, BMT-nin bəzi qərarları deklorativ
xarakter daşıyır, icra mexanizmi yoxdur. Mətbuat deyə bilər, xatırlada bilər, tənqid
edə bilər, həyəcan siqnalı qaldıra bilər.
Amma heç kəsin, cəmiyyətin problemlərinə
laqeyd qalan məmurlar haqqında heç bir inzibati
ölçü götürmək qabiliyyətində və
səlahiyyətində deyil. İnkişaf
etmiş ölkələrdə mətbuatın gücü
daha bariz şəkildə özünü göstərir.
– Ölkədə
plüralizmin hazırkı durumu, fikir və söz
azadlığı ilə bağlı ümumi mənzərə
bir jurnalist, bir pedaqoq və nəzəriyyəçi kimi sizi
qane edirmi?
– Azərbaycanda
plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq
sahəsində vəziyyəti ümumilikdə normal qiymətləndirmək
olar. Mənim fikrimə etiraz edənlər ola
bilər və bu təbiidir.
İstənilən şəxsi, strukturu, hətta hakimiyyəti
də tənqid eləmək olar, amma proses əsaslandırmalarla,
faktlarla müşayiət olunmalıdır. Və
həm də səndən faktın haradan əldə
olunduğunu soruşanda mənbəni təqdim etməyi
bacarmalısan. Bizim mətbuatımızda çox
qıcıqlandırıcı, mücərrəd, basmaqəlib,
çox vaxt məsuliyyətsiz işlədilən bir ifadə
var: mötəbər mənbənin verdiyi məlumata görə.
Kimdir bu “mötəbər mənbə”? Səmimi deyirəm, bunların “mötəbər mənbələrinin”
70 faizi ya özlərinin heç də intellektlə
öyünə bilməyəcək beyinlərinin, ya da
avtobusda kimdənsə eşitdiklərinin məhsuludur. Mövcud qanunvericiliyə görə, haqqında
söhbət gedən şəxsin ixtiyarı var ki, məhkəməyə
müraciət edərək həmin mötəbər mənbənin
açılmasını tələb etsin. Məlumat hər hansı insanın həyatı
üçün, yaxud ictimai-siyasi cəhətdən təhlükəlidirsə,
dövlətin təhlükəsizliyinə xələl gələrsə,
jurnalist mənbəni məhkəmədə deməyə
borcludur. Demokratiyanın birinci göstəricisi
azad mətbuatdır. İndiyə qədər
ABŞ-ın konstitusiyasına təxminən 28 əlavə
edilib. Onun birincisi mətbuat və söz
azadlığı haqqındadır. Yəni
ölkədə heç kəs insanların mətbuat və
söz azadlığı haqqını məhdudlaşdıra
bilməz. Azərbaycanda isə
plüralizmdən bəzən həddən artıq sui-istifadə
xaos yaradır. Çünki bəziləri
plüralizmi ağzına gələni danışmaq və məsuliyyətsiz
bəyanatlar vermək kimi anlayır. Amma
danışılanların, yazılanların arxasında məntiq,
qərəzsizlik, vicdanlılıq dayanmalıdır. Plüralizm ölkənin, cəmiyyətin, xalqın
inkişafı, tərəqqisi naminə olarsa əladır,
amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə,
qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır.
–
Hazırda cəmiyyətdə “Diffamasiya haqqında” qanunun qəbulu
ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Bu qanunla bağlı Sizin də
mövqeyinizi bilmək maraqlı olardı...
–Nə qədər
paradoksal olsa da, şəxsən mən hazırkı şəraitdə
Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin
tərəfdarı deyiləm. Təəccüblənə
bilərsiniz. Amma mənim kifayət qədər
arqumentim var, bununla bağlı mülahizələrimi sizinlə
bölüşmək istərdim. Diffamasiyanın
hərfi mənası latıncadan tərcümədə “ləkələmək,
qaralamaq” deməkdir. İndi haqqında
çox söhbət getməyə başlasa da,
diffamasiyanın çox dərin tarixi kökləri var. Hələ
1819-cu ildə Fransada diffamasiya elementlərini özündə
ehtiva edən qanunlar mövcud idi. Ondan bir az
sonrakı İngiltərə qanunvericiliyi tarixinə nəzər
salsaq, orada da diffamasiyanın rüşeymlərinə rast gələ
bilərik. Amma İngiltərə tam olaraq
diffamasiya qanununu neçənci ildə qəbul eləsə
yaxşıdır – 1996-cı ildə. Deməli, tarixilik
nöqteyi-nəzərdən yanaşsaq, lap bu yaxınlarda. Yaxud Rusiyaya nəzər salaq. Diffamasiya
ilə bağlı Rusiya bəlli mövqeyi olan ölkələrdəndir.
Lakin bu yaxınlarda Rusiyada dövlət səviyyəsində
böhtan haqqında qanunvericiliyə yenidən baxılması
tövsiyə edilib. Bunlar artıq
diffamasiyanın əleyhinə olan faktlardır. Bu gün “Diffamasiya haqqında” qanunu qəbul etmək
üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə,
Mülki Məcəlləsinə, hətta deyərdim ki,
Konstitusiyaya dəyişikliklər lazımdır.
Çünki diffamasiyanın ümumi aurası, məğzi
belədir ki, jurnalist dediyi sözə görə məsuliyyətə
cəlb edilə bilməz: əslində diffamasiyanın elə
qayəsi budur. Jurnalistika fakültəsinin
bitirmiş və uzun illər mətbuat çalışan
jurnalist, fərd olaraq mən buna hazıram. Amma cəmiyyətimiz, bütöv KİV ordusu buna
hazırdırmı? Fikrimcə, bizim cəmiyyətimiz,
cəmiyyətdəki ictimai təbəqələr
arasındakı münasibətlər buna hazır deyil. Bəzi jurnalistlər elə bilirlər ki, diffamasiya
ilə bağlı qanun qəbul olunarsa nə istəsə
yaza və deyə bilərlər. Diffamasiyanın ümumən
əsas prinsiplərindən biri belədir: – təhqir edə
bilməzsən, amma ləkələyə bilərsən. Diffamasiya qanunun müddəalarında da göstərilir
ki, diffamasiya qaydalarını pozan insanlar məsuliyyətə
cəlb edilməlidir. İndi mən sual
edirəm? Diffamasiya prinsiplərini pozmaq nə
deməkdir, bu hansı hallarda olur? Əgər
sən müsahibini ləkələyirsənsə, nə bilim
bu ləkələmə necə baş verib? Burada yazıldığı kimi, bilərəkdən,
yoxsa bilməyərəkdən?
– Yəni
nəticədə qeyri-müəyyənlik,
anlaşılmazlıq yaranacağını nəzərdə
tutursunuz?
Bəzən jurnalistlər elə bilirlər ki, diffamasiya
ilə bağlı qanun qəbul olunarsa, nə istəsə
yaza və deyə bilərlər. Diffamasiyanın əsas prinsiplərindən
biri belədir: təhqir edə bilməzsən, amma ləkələyə
bilərsən. Göstərilir ki, bu prinsipləri
pozan insanlar məsuliyyətə cəlb edilməlidir. İndi mən sual edirəm? “Diffamasiya
prinsiplərini pozmaq” nə deməkdir, bu hansı hallarda olur?
Əgər sən müsahibini ləkələyirsənsə,
nə bilim bu ləkələmə necə baş verib? Burada yazıldığı kimi, qəsdən, yoxsa
bilməyərəkdən?
– Yəni
nəticədə qeyri-müəyyənlik,
anlaşılmazlıq yaranacağını nəzərdə
tutursunuz?
– Təbii.
Azərbaycanın publisistika, jurnalistika
mühitində hələ də müəyyən bir
qarışıqlıq hökm sürür. Diffamasiya yüksək inkişaf etmiş cəmiyyətlərə
– Qərb ölkələrinə və ABŞ-a daha çox
aiddir. Onların dövlət quruculuğu
təcrübəsi də böyükdür. Bu cəmiyyətlərdə kifayət qədər
möhkəm birgəyaşayış qaydaları
formalaşıb. “Diffamasiya haqqında”
qanunu qəbul etmək üçün cəmiyyətimiz daha
da inkişaf etməlidir. Bizim hələ cəmi
20 illik müstəqillik təcrübəmiz var. Ona görə
də hesab edirəm ki, sözügedən qanunla bağlı
bir qədər tələsməmək gərəkdir. Qərbin demokratiya institutları bizi tələsdirir,
amma bu tələsiklik əslində özü xaos yarada bilər.
Mən bununla bağlı Azərbaycan hökumətinin
mövqeyi ilə tam razıyam ki, hələ bu məsələnin
vaxtı yetişməyib. Hamımızın
qəbul elədiyi bir faktdır ki, Azərbaycanda “reket
jurnalistikası” deyilən bir cərəyan var. Başqa
cür adlandırmaq istəməzdim. Professor
Qulu Məhərrəmli doğru buyurur ki, reket jurnalistika
ictimai təzahür, meyl deyil, nəsə keçici bir
şeydir. Bununla razılaşıram, amma
onu da əlavə etmək istəyirəm ki, bu tendensiya ilə
reket jurnalistikası heç keçiciyə oxşamır,
getdikcə inkişaf edir. Jurnalistikaya
qeyri-professionalların axını da bu amillər
sırasındadır. Reket jurnalistikaya
axın da deməzdim, maraq var. Bu gün də o maraq ölməyib.
Cəmiyyətdə ümumi maarifçilik səviyyəsinin,
ümumi intellektin müəyyən dərəcədə
aşağı olması ilə bağlıdır. Bu istər dövlət strukturlarına, istər də
idarə, müəssisə və təşkilat rəhbərlərinə,
istərsə də adi vətəndaşlara aiddir. Reket
jurnalistikanın sıradan çıxmaması idarə və
təşkilatların rəhbərlərinin işlərində
hansısa çatışmazlığın olmasından və
KİV-lə iş sahəsində elementar təsəvvürlərin
olmamasından irəli gəlir. Heç kəsə sirr deyil
ki, 30-40 manata görə ayrı-ayrı strukturların
qapısının dabanını çıxaran üzdəniraq
“jurnalistlər”, “müxbirlər” var. Bu “jurnalistlərin”
arı şirəyə yığılan kimi dövlət və
özəl strukturlara daraşmasının əsas səbəbkarları
onları ələbaxım öyrədən məmurlardır,
iş adamlarıdır. Mental “xüsusiyyətlərimizdən”
biri də budur ki, idarəmizə, müəssisəmizə gələn
müxbirdən vəsiqəsini tələb etmirik.
Sizə
maraqlı bir əhvalat danışım: Əvvəllər
çalışdığım strukturların birinə
özünü jurnalist kimi təqdim edən iki nəfər gəlmişdi.
Onlardan baş redaktorlarının adını
soruşdum. Biri adını dedi, soyadını
xatırlaya bilmədi, o birisi onun sözünü təkzib
edib dedi ki, yox, sənin dediyin baş redaktorun müavinidir,
baş redaktor filankəsdir. Yəni
jurnalistikamız üçün bündan böyük dəhşət
olarmı ki, təşkilata “yoxlama”ya gedən “müxbir”
öz baş redaktorunu tanımır? Gülməli
də olsa, onlar deyirdilər ki, qəzetin ilk sayının nəşri
üçün iki ildir material toplayırlar. Onlarla söhbət zamanı məsləhət
gördüm ki, ləyaqətlərini və mətbuatın
adını alçaltmasınlar. Bildirdim
ki, bu yolun sonu yoxdur. Bax, bu cür üzdəniraqlar
jurnalistikanı ucuzlaşdırır. Amma
onu da deyim ki, belə üzdəniraqlar həyatın
bütün sahələrində mövcuddur. Şou-biznesdən tutmuş, səhiyyə, təhsil,
biznesəcən. Sadəcə mətbuat
göz önündə olduğu üçün belələri
burada daha çox gözə çarpır, özünü
büruzə verir. Xalq bu gün reket
jurnalistlə peşəkar jurnalistin arasında heç bir fərq
görə bilmir. Çox təəssüf
ki, bu gün jurnalist ifadəsi xoşagəlməyən bir
ironiya doğurur, istehza ilə qarşılanır. Bu isə əsl jurnalistlərə ciddi şəkildə
toxunur.
– Belə
çıxmırmı ki, bu məsələ ilə
bağlı xeyli bədbinsiniz?
– Bədbin
deyiləm. Amma səmimi olaraq deyim ki, Azərbaycanda
jurnalistika qədər köməksiz, imkansız, müdafiə
olunmayan ikinci bir sahə yoxdur. Bu gün də
jurnalistikaya kütləvi axınla bağlı belə bir qanun
hazırlandı ki, ali təhsili olmayan
insanlar redaktor işləyə bilməzlər. Əvvəl də
bu vardı: Ədliyyə Nazirliyinin qərarına əsasən
mətbuat orqanı buraxmaq istəyən şəxsin ali təhsili olmalıdır. Qanunların
işləkliyi təmin olunmalıdır. Bu
gün jurnalistikanın sıralarını təmizləmək
lazımdır.
– Bu proses
necə həyata keçirilməlidir? Hansı konsepsiya əsasında
iş aparılmalıdır?
–
Jurnalistika fakültələrini hansısa ali
təhsil müəsisələrində bağlayıb,
hansındasa yenisini açmağı mən doğru mövqe
hesab eləmirəm. Yəni bu lazım idi, etdik,
amma ən asan, problemsiz üsuldursa da, prinsipial həll yolu
deyil. Problem var idi, bağladın, guya
problem yox oldu? Heç bir peşə
sahibinin xətrinə dəymədən demək istəyirəm
ki, niyə rejissorluq, aktyorluq və digər bu kimi fakültələrə
qəbul olarkən qabiliyyət imtahanı verirlər, amma
jurnalistikaya daxil olanda yox? Axı jurnalistika
sırf qabiliyyətlə bağlı olan peşədir.
Təxminən 15-20 il bundan qabaq var idi. Bu gün jurnalist olmaq istəyən gəncdən
hansısa şəkildə niyə jurnalistikanı seçdiyi
öyrənilmir? Müsahibələr,
testlər və yaxud sərbəst yazı işlərinin
yoxlanması yolu ilə? Həmişə birinci kurslarda dərs
deyərkən ilk dərsdə sualım bu olurdu ki, kim bura jurnalistikanı sevərək buraya gəlib?
İnanın, 70 faiz cavab verir ki, təsadüfən
bu fakültəyə qəbul olunub. Hüquqşünaslığa,
yaxud hansısa başqa sahələrə imtahan veriblər,
balları çatmayıb jurnalistikaya qəbul olunublar və
sairə. Deyirlər ki, buranı bitirəndən
sonra tamam başqa sahədə işləyəcəyik.
Bu, jurnalistikaya olan münasibətin göstəricisidir.
Bəs nəyə görə biz,
düşünülmüş “əngəllər”mi deyək,
“baryer”mi deyək, nəsə bir metod hazırlamayaq ki, istəməyə-istəməyə
4 il jurnalistika fakültəsində təhsil
alan və heç vaxt jurnalistikada çalışmayacaq
adamlara dövlət, valideynlər bu qədər vəsait xərcləməsin?
Bunun üçün xüsusi qaydalar işləyib
hazırlamaq lazımdır.
Elə hesab edirəm ki, jurnalist kadrların
hazırlanması ilə bağlı dövlət
konsepsiyası işlənib ortaya qoyulmalıdır. Niyə Azərbaycan Tibb
Universiteti, Bədən Tərbiyəsi Akademiyası olduğu
halda, ayrıca Jurnalistika Universiteti olmasın? Lap
institut olsun. Jurnalistikanın çoxlu sahələri
var: qəzetçilik, nəşriyyat, radio, televiziya, tənqidçilik,
redaktor, tərcüməçi, internet jurnalistikası, sosial
media və sair. Bu gün deyirik ki, ən öndə
gedən media şəbəkə jurnalistikasıdır.
Konkret desək, şəbəkə
jurnalistikası ilə bağlı harada kadr hazırlanır?
Heç bir yerdə. Biz
özümüz özümüzü təkzib edirik. Paradoksal bir vəziyyət yaranır.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 5 sentyabr.- S.6.