Açıq cəmiyyət, plüralizm və mətbuat 

 

Reallığın təhlili, perspektivə baxış

 

Bəzən jurnalistlər elə bilirlər ki, diffamasiya ilə bağlı qanun qəbul olunarsa, nə istəsə yaza və deyə bilərlər. Diffamasiyanın əsas prinsiplərindən biri belədir: təhqir edə bilməzsən, amma ləkələyə bilərsən. Göstərilir ki, bu prinsipləri pozan insanlar məsuliyyətə cəlb edilməlidir. İndi mən sual edirəm? “Diffamasiya prinsiplərini pozmaq” nə deməkdir, bu hansı hallarda olur? Əgər sən müsahibini ləkələyirsənsə, nə bilim bu ləkələmə necə baş verib? Burada yazıldığı kimi, qəsdən, yoxsa bilməyərəkdən?

– Yəni nəticədə qeyri-müəyyənlik, anlaşılmazlıq yaranacağını nəzərdə tutursunuz?

– Təbii. Azərbaycanın publisistika, jurnalistika mühitində hələ də müəyyən bir qarışıqlıq hökm sürür. Diffamasiya yüksək inkişaf etmiş cəmiyyətlərə – Qərb ölkələrinə və ABŞ-a daha çox aiddir. Onların dövlət quruculuğu təcrübəsi də böyükdür. Bu cəmiyyətlərdə kifayət qədər möhkəm birgəyaşayış qaydaları formalaşıb. “Diffamasiya haqqında” qanunu qəbul etmək üçün cəmiyyətimiz daha da inkişaf etməlidir. Bizim hələ cəmi 20 illik müstəqillik təcrübəmiz var. Ona görə də hesab edirəm ki, sözügedən qanunla bağlı bir qədər tələsməmək gərəkdir. Qərbin demokratiya institutları bizi tələsdirir, amma bu tələsiklik əslində özü xaos yarada bilər. Mən bununla bağlı Azərbaycan hökumətinin mövqeyi ilə tam razıyam ki, hələ bu məsələnin vaxtı yetişməyib. Hamımızın qəbul elədiyi bir faktdır ki, Azərbaycanda “reket jurnalistikası” deyilən bir cərəyan var. Başqa cür adlandırmaq istəməzdim. Professor Qulu Məhərrəmli doğru buyurur ki, reket jurnalistika ictimai təzahür, meyl deyil, nəsə keçici bir şeydir. Bununla razılaşıram, amma onu da əlavə etmək istəyirəm ki, bu tendensiya ilə reket jurnalistikası heç keçiciyə oxşamır, getdikcə inkişaf edir. Jurnalistikaya qeyri-professionalların axını da bu amillər sırasındadır. Reket jurnalistikaya axın da deməzdim, maraq var. Bu gün də o maraq ölməyib. Cəmiyyətdə ümumi maarifçilik səviyyəsinin, ümumi intellektin müəyyən dərəcədə aşağı olması ilə bağlıdır. Bu istər dövlət strukturlarına, istər də idarə, müəssisə və təşkilat rəhbərlərinə, istərsə də adi vətəndaşlara aiddir. Reket jurnalistikanın sıradan çıxmaması idarə və təşkilatların rəhbərlərinin işlərində hansısa çatışmazlığın olmasından və KİV-lə iş sahəsində elementar təsəvvürlərin olmamasından irəli gəlir. Heç kəsə sirr deyil ki, 30-40 manata görə ayrı-ayrı strukturların qapısının dabanını çıxaran üzdəniraq “jurnalistlər”, “müxbirlər” var. Bu “jurnalistlərin” arı şirəyə yığılan kimi dövlət və özəl strukturlara daraşmasının əsas səbəbkarları onları ələbaxım öyrədən məmurlardır, iş adamlarıdır. Mental “xüsusiyyətlərimizdən” biri də budur ki, idarəmizə, müəssisəmizə gələn müxbirdən vəsiqəsini tələb etmirik.

Sizə maraqlı bir əhvalat danışım: Əvvəllər çalışdığım strukturların birinə özünü jurnalist kimi təqdim edən iki nəfər gəlmişdi. Onlardan baş redaktorlarının adını soruşdum. Biri adını dedi, soyadını xatırlaya bilmədi, o birisi onun sözünü təkzib edib dedi ki, yox, sənin dediyin baş redaktorun müavinidir, baş redaktor filankəsdir. Yəni jurnalistikamız üçün bündan böyük dəhşət olarmı ki, təşkilata “yoxlamaya gedən “müxbiröz baş redaktorunu tanımır? Gülməli də olsa, onlar deyirdilər ki, qəzetin ilk sayının nəşri üçün iki ildir material toplayırlar. Onlarla söhbət zamanı məsləhət gördüm ki, ləyaqətlərini və mətbuatın adını alçaltmasınlar. Bildirdim ki, bu yolun sonu yoxdur. Bax, bu cür üzdəniraqlar jurnalistikanı ucuzlaşdırır. Amma onu da deyim ki, belə üzdəniraqlar həyatın bütün sahələrində mövcuddur. Şou-biznesdən tutmuş, səhiyyə, təhsil, biznesəcən. Sadəcə mətbuat göz önündə olduğu üçün belələri burada daha çox gözə çarpır, özünü büruzə verir. Xalq bu gün reket jurnalistlə peşəkar jurnalistin arasında heç bir fərq görə bilmir. Çox təəssüf ki, bu gün jurnalist ifadəsi xoşagəlməyən bir ironiya doğurur, istehza ilə qarşılanır. Bu isə əsl jurnalistlərə ciddi şəkildə toxunur.

Belə çıxmırmı ki, bu məsələ ilə bağlı xeyli bədbinsiniz?

Bədbin deyiləm. Amma səmimi olaraq deyim ki, Azərbaycanda jurnalistika qədər köməksiz, imkansız, müdafiə olunmayan ikinci bir sahə yoxdur. Bu gün jurnalistikaya kütləvi axınla bağlı belə bir qanun hazırlandı ki, ali təhsili olmayan insanlar redaktor işləyə bilməzlər. Əvvəl bu vardı: Ədliyyə Nazirliyinin qərarına əsasən mətbuat orqanı buraxmaq istəyən şəxsin ali təhsili olmalıdır. Qanunların işləkliyi təmin olunmalıdır. Bu gün jurnalistikanın sıralarını təmizləmək lazımdır.

– Bu proses necə həyata keçirilməlidir? Hansı konsepsiya əsasında aparılmalıdır? 

Jurnalistika fakültələrini hansısa ali təhsil müəsisələrində bağlayıb, hansındasa yenisini açmağı mən doğru mövqe hesab eləmirəm. Yəni bu lazım idi, etdik, amma ən asan, problemsiz üsuldursa da, prinsipial həll yolu deyil. Problem var idi, bağladın, guya problem yox oldu? Heç bir peşə sahibinin xətrinə dəymədən demək istəyirəm ki, niyə rejissorluq, aktyorluq digər bu kimi fakültələrə qəbul olarkən qabiliyyət imtahanı verirlər, amma jurnalistikaya daxil olanda yox? Axı jurnalistika sırf qabiliyyətlə bağlı olan peşədir. Təxminən 15-20 il bundan qabaq var idi. Bu gün jurnalist olmaq istəyən gəncdən hansısa şəkildə niyə jurnalistikanı seçdiyi öyrənilmir? Müsahibələr, testlər yaxud sərbəst yazı işlərinin yoxlanması yolu ilə? Həmişə birinci kurslarda dərs deyərkən ilk dərsdə sualım bu olurdu ki, kim bura jurnalistikanı sevərək buraya gəlib? İnanın, 70 faiz cavab verir ki, təsadüfən bu fakültəyə qəbul olunub. Hüquqşünaslığa, yaxud hansısa başqa sahələrə imtahan veriblər, balları çatmayıb jurnalistikaya qəbul olunublar sairə. Deyirlər ki, buranı bitirəndən sonra tamam başqa sahədə işləyəcəyik. Bu, jurnalistikaya olan münasibətin göstəricisidir. Bəs nəyə görə biz, düşünülmüşəngəllər”mi deyək, “baryer”mi deyək, nəsə bir metod hazırlamayaq ki, istəməyə-istəməyə 4 il jurnalistika fakültəsində təhsil alan heç vaxt jurnalistikada çalışmayacaq adamlara dövlət, valideynlər bu qədər vəsait xərcləməsin? Bunun üçün xüsusi qaydalar işləyib hazırlamaq lazımdır.

Elə hesab edirəm ki, jurnalist kadrların hazırlanması ilə bağlı dövlət konsepsiyası işlənib ortaya qoyulmalıdır. Niyə Azərbaycan Tibb Universiteti, Bədən Tərbiyəsi Akademiyası olduğu halda, ayrıca Jurnalistika Universiteti olmasın? Lap institut olsun. Jurnalistikanın çoxlu sahələri var: qəzetçilik, nəşriyyat, radio, televiziya, tənqidçilik, redaktor, tərcüməçi, internet jurnalistikası, sosial media sair. Bu gün deyirik ki, ən öndə gedən media şəbəkə jurnalistikasıdır. Konkret desək, şəbəkə jurnalistikası ilə bağlı harada kadr hazırlanır? Heç bir yerdə. Biz özümüz özümüzü təkzib edirik. Paradoksal bir vəziyyət yaranır.

 

 

(Ardı var)

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.-2012.- 6 sentyabr.- S.6.