Qan qoxuyan tarix.
ASALA-çi qatil İrəvana necə təhvil verildi...
Erməni terrorunun “xaç atası”nın
hekayətini Lent.az-a Anar Yusifoğlu yazır
Erməni terror təşkilatı olan
ASALA-nın Azərbaycanın Macarıstandakı səfirliyinin
əməkdaşlarını ölümlə hədələyən
məktub göndərməsi erməni terror təşkilatlarını
və bu təşkilatlar içərisində ASALA-nın
mövqeyini bir daha gündəmə gətirdi.
Bütün dünya xalqlarının (və
dövlətlərinin) əziyyət çəkdiyi,
hücumuna məruz qaldığı ASALA nədir?
«Ermənistanın azadlığı
uğrunda…»
ASALA - «Ermənistanın
azadlığı uğrunda erməni gizli ordusu» adının
ingiliscə yazılışının abreviaturasıdır.
1975-ci ildə yaradılıb, qərargahı Beyrutda, təlim-məşq
bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi
Türkiyə, İran və Azərbaycan əraziləri
hesabına «Böyük Ermənistan» dövləti
yaratmaqdır, hədəfi isə 1915-ci ildəki
«soyqırım saxtakarlığını» həqiqət kimi
qəbul etdirməkdir.
ASALA yarandığı gündən
soyqırıma məruz qalan soydaşlarının
qisasını aldığını bəyan edir və əsasən,
türk diplomatlarını və Azərbaycan əsilli şəxsləri
hədəf seçir.
«Erməni terror təşkilatları
1915-ci ildə Türkiyədə baş verdiyi iddiası ilə
ortaya atılan «soyqırımın» qisasını almaq
üçün yaradılıb» sualına cavab verməzdən
öncə erməni terror təşkilatlarının tarixinə
nəzər salmaq lazımdır.
Erməni terror təşkilatları
Ermənilərin yaratdığı ilk
terror təşkilatı «soyqırım» dedikləri 1915-ci ildən
30 il əvvəl yaradılıb. O illərdə ki, türk və
erməni millətləri arasında hər hansı
qarşıdurmanın mümkünlüyü barədə təsəvvür
belə yox idi. Ancaq…
1885-ci ildə ermənilərin siyasi partiya
adı ilə yaratdıqları «Armenakan» terror təşkilatı
Osmanlı imperiyası daxilində terror hadisələri
törətməyə başlayır. Van, Muş, Bitlis,
Trabzon və İstanbulda törədilən terror aktlarında
onlarla türk ziyalısı və dövlət xadimi qətlə
yetirilir.
1887-ci ildə isə ermənilər daha
bir terror qrupunu – «Hnçak»ı yaradırlar. Cenevrədə
yaradılan bu partiyanın proqramının 4-cü bəndində
yazılır: «Məqsədə çatmaq üçün…
terrorçu və dağıdıcı təşkilat
yaradılması metodu seçilir».
1890-cı ildə Tiflisdə yaradılan
«Daşnaksütyun» partiyası isə iki ildən sonra – 1992-ci
ildə keçirdiyi qurultayında türklərə
qarşı sui-qəsdlərin təşkil edilməsi barədə
rəsmi qərar qəbul edir. «Daşnaksütyun» partiyası
qurultaydan sonra üzvlərinə müraciətlə bir əmr
göndərir: «Türkü, kürdü hər yerdə, hər
şəraitdə öldür…»
Təkcə «Daşnaksütyun» 14-dən
artıq müxtəlif terror qruplarını yaratmaqla,
1893-cü ildən başlayaraq türklərə qarşı
terrora başlamışdır.
Göründüyü kimi, ermənilərin
terror təşkilatları yaratmasında «erməni
soyqırımı» saxtakarlığından istifadə etmələri,
sadəcə, bir bəhanədir.
Yeni əsrin erməni terrorçuları
Ötən əsrin ikinci yarısından
sonra ermənilərin yaratdığı terror təşkilatlarının
tam olmayan siyahısı bunlardır:
1. «Erməni soyqırımı ədalət
komandosları» (1972-ci ildə «Daşnaksütyun»un Vyana
qurultayında yaradılıb);
2. «Erməni Azadlıq Cəbhəsi»
(1979);
3. «Orli qrupu» (1981, Fransa);
4. «Erməni birliyi» (1988, Moskva);
5. «Gənc ermənilər ittifaqı»
(1990, Fransa);
6. «9 iyun qrupu» (1991, İsveçrə);
7. «İçveçrə qrupu» (1991);
8. «İntiharçılar eskadronu» (1981,
Fransa),
9. «Apostol» (2001);
10.«Geqaron» (2001);
11.«Erməni azadlıq hərəkatı»
(1991, Fransa) və s.
Bu terror təşkilatlarının
içində ASALA-nın adı isə xüsusilə məşhurdur.
ASALA-nın qurucuları
Akop Akopyan. 1951-ci ildə əhalisi, əsasən,
Azərbaycan türklərindən ibarət olan Mosul (İraq)
şəhərində anadan olub. «Fələstin Azadlıq Cəbhəsi»nin
sıralarında vuruşan A.Akopyan 1975-ci ildə erməni
ideoloqların yardımı ilə ASALA terror təşkilatını
yaradıb. ASALA-nın 2012-ci il sentyabrın 3-də Azərbaycanın
Macarıstandakı səfirliyinə göndərilən məktubunda
«sionistlərə» nifrət ifadə etməsi təsadüfü
deyil. A.Akopyan hələ ASALA-nı qurmazdan öncə –
1972-ci ildə Münhen olimpiya oyunları zamanı israilli
idmançılara qarşı keçirilən terror hadisəsinin
aparıcı siması olub.
Gevorq Acemyan. Yazıçıdır.
1932-ci ildə Suriyada anadan olub, Beyrutda çalışıb,
kitab dükanı işlədib. Erməni və ingilis dillərində
yazdığı əsərləri bir sıra ölkələrdə
dərc olunub. ASALA-nın yaradılmasında və yönətimində
xüsusi rol oynayıb. 1978-89-cu illərdə Livanda dərc
olunan «Spürk» jurnalının redaktoru kimi terroru,
terrorçu erməniləri müdafiə etməsi və
Naxçıvan və Qarabağ ermənilərinin silaha
sarılmasını «əsaslandırması» ilə məşhurdur.
Simon Simonyan. 1914-cü ildə anadan olub,
yazıçı, publisist və müəllimliklə məşğul
olub. ASALA terror təşkilatının ən məşhur
ideoloqlarından sayılır. 1958-ci ildə «Spürk»
jurnalını yaradıb və erməni terrorizminin təbliğinə
başlayıb.
Monte Melkonyan. 1979-cu ildə ASALA-ya qoşulanlar
arasında ən məşhur terrorçular Alex Yenikomşyan
və Monte Melkonyandır.
1983-cü ildə ASALA iki yerə
parçalanıb: Akop Akopyanın
başçılığı ilə Yunanıstan və Fələstin
ərazisində yerləşən qrup və Monte
Melkonyanın başçılığı ilə Qərbi
Avropada fəaliyyət göstərən «ASALA İnqilab Hərəkatı».
Melkonyanın ölümündən sonra təşkilata Ara
Torayan rəhbərlik edir.
ASALA-nın törəmə terror təşkilatları:
1. Geqaron
2. Erməni Azadlıq Hərəkatı
3. Erməni Azadlıq Cəbhəsi
ASALA-nın müttəfiqləri
«Erməni Birliyi» və Hnçaq Partiyasından
əlavə ASALA-nın əməkdaşlıq etdiyi ən
nüfuzlu terror təşkilatları Hizbullah, Həmas və
PKK-dır.
PKK ilə ASALA arasında 1987-ci ildə ilk
razılaşma imzalanıb. Şərtlər:
1. Ermənilər PKK düşərgələrində
təlim keçə bilərlər;
2. Hər bir təlimçi
üçün ASALA PKK-ya ildə 5 min dollar ödəməlidir;
3. Ermənilər lokal terror əməliyyatlarında
iştirak edirlər;
ASALA ilə PKK arasında 1990-cı il
aprelin 18-də ikinci saziş imzalanır. Sazişə görə:
1. PKK və ASALA birgə idarə edilir
(Akop Akopyanın 1988-ci ildə ölümündən sonra idarəçiliyin
ağırlığı PKK-ya verilir);
2. Türkiyə təhlükəsizlik
qüvvələrinə qarşı keçirilən terrorda
kəşfiyyat əməliyyatlarını ermənilər
aparır;
3. Aparılan mübarizənin nəticəsi
olaraq əldə olunan torpaqlar ASALA və PKK arasında bərabər
bölünür;
4. Təlim bazalarının xərclərinin
70 faizini ASALA çəkir;
5. Türkiyənin böyük şəhərlərində
terror aktları birgə həyata keçirilir;
6. Qarabağda terror əməliyyatlarında
PKK da canlı qüvvə ilə iştirak edir…
“Van əməliyyatı”
ASALA başda olmaqla erməni terror qruplaşmaları
42 türk diplomatını qətlə yetirib,
saysız-hesabsız günahsız insanın ölümünə
bais olublar. ASALA-nın təkbaşına keçirdiyi ən
məşhur əməliyyat isə «Van əməliyyatı»
adı verdiyi terror hadisəsidir.
1981-ci ilin 24 sentyabrında Parisdəki
Türkiyə konsulluğuna girən Livan erməniləri
konsul Kaya İnalı və təhlükəsizlik xidmətinin
əməkdaşı Camal Özəni ağır yaralayaraq,
56 nəfəri girov götürmüşlər. Yeganə tələb
Türkiyədə həbsdə olan erməni və kürd
terrorçularının azadlığa buraxılması idi.
Türkiyə bu tələbi yerinə
yetirməkdən imtina etdikdən sonra əməliyyat
keçirildi və terrorçular – Vazgen Sislyan, Gevork
Güzelyan, Akop Culfayan, Aram Basmacyan təslim oldular.
Parisdə qurulan məhkəmədə
müttəhimləri sonradan Fransa Senatının üzvü
və sənaye naziri olan Lekler müdafiə edir.
Erməni diasporu terrorçuların
azadlığa çıxması üçün təzyiqlərə
başlayır: mitinqlər keçirir, təbliğat
aparır. Beləliklə, təşkilatçı Vazgen
Sislyan da daxil olmaqla 3 terrorçu 1986-cı ildə
azadlığa buraxılır.
A.Basmacyan isə həbsxanada ikən
özünə qəsd etmişdi.
«Orli əməliyyatı»
ASALA-nın bu
tapşırığını 1954-cü ildə Suriyanın
Qamışlı şəhərində anadan olmuş məşhur
terrorçu Varujan Karapetyan və digərləri həyata
keçirmişlər.
1983-cü il iyulun 15-də Parisin Orli hava
limanında Türk Hava Yollarının kassasında yerləşdirilən
bombanın partlaması nəticəsində 4 fransız, 2
türk, 1 amerikan və 1 isveç olmaqla, 8 nəfər
ölmüşdü.
Ömürlük həbs cəzasına məhkum
edilən Karapetyan 2001-ci ildə Ermənistana təhvil verilib və
azadlığa çıxıb. Ermənistanda qəhrəman
kimi qarşılanan Karapetyanı baş nazir təbrik edib,
Yerevanda ona ev verilib və işlə təmin olunub.
Hazırda Dilicanda yaşayan Karapetyan
terrorla bağlı açıqlama da verib: «Bomba türk təyyarəsi
havaya qalxandan sonra partlamalı və türklər
qırılmalıydı. Ancaq gözlədiyimizdən tez
partladı».
Ümumilikdə keçirdiyi terror hadisələri
zamanı ölənlər barədə də Karapetyan məlumat
verib: «10 nəfər türkü qətlə yetirmiş və
60 nəfər yaralamışam».
Monte Melkonyan
Təkrarən bu ada
qayıtmağımızın səbəbi var: Melkonyan «Orli əməliyyatı»nın
təşkilatçısı kimi həbs ediləndən
sonra daha 4 terror aktını törətməkdə
suçlu bilinərək, 1985-ci ildə Fransada həbs edilib.
Ancaq cəmi 4 ildən sonra – 1989-cu ildə «göstərilməyən
səbəbdən» azadlığa buraxılıb və Livana
deportasiya edilib. Qısa müddətdən sonra yenidən
Fransaya qayıtmağa müyəssər olan Melkonyan
1990-cı ildə Dağlıq Qarabağa gəlib və burada
azərbaycanlılara qarşı əməliyyatlarda fəallıq
göstərib.
1993-cü ildə Ağdamın Mərzili
kəndi yaxınlığında gedən döyüşlərdə
öldürülüb. Artıq hamının yaxşı
tanıdığı azərbaycanlı əsgər İbad
Hüseynovun döyüşdə öldürdüyü
Melkonyanın adına Ermənistanda universitet, məktəb,
körpü və xeyriyyə fondu fəaliyyət göstərir.
ASALA-nın media təbliğatı
Bu terror təşkilatı öz media
şəbəkəsi var:
1. «Hayastan» - ASALA-nın rəsmi qəzetidir.
2. «Hay-Baykar»
3. «Armenial»
4. «Kaytzer» jurnalı (Londonda çap olunur)
5. «Livanlı ermənilərin səsi»
(radio, Livanda yayımlanır)
6. hayastan.com və s.
ASALA-nın Azərbaycandakı terror izləri
1990-cı ildən başlayaraq
Qarabağda, daha sonra isə Bakıda dəfələrlə
terror hadisəsi törədən ASALA-nın ən qanlı
qırğını Xocalı qətliamında
iştirakıdır.
Xocalı qətliamı barədə xarici
mətbuatın yazdıqlarını bir daha salaq:
Fransanın “Krua İ-Evenaman” jurnalı (29
fevral 1992-ci il): “…Ermənilər Xocalıya hücum etmişlər.
Bütün dünya eybəcər hala salınmış
meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə
ölənlər barədə xəbər verirlər”.
İngiltərənin “Sandi-tayms” qəzeti
(1 mart 1992-ci il): “Erməni əsgərləri minlərlə
azərbaycanlı ailəsini məhv etmişlər”.
İngiltərənin “Faynenşl tayms” qəzeti
(9 mart 1992-ci il): “Ermənilər Ağdama tərəf gedən
dəstəni güllələmişlər. Azərbaycanlılar
1200-ə qədər cəsəd saymışlar... Livanlı
kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı
daşnak icması Qarabağa silah və adam göndərir”.
İngiltərənin “Tayms” qəzeti (4
mart 1992-ci il): “Azərbaycanlıların çoxunun meyiti eybəcər
hala salınmışdır, körpə qızın ancaq
başı qalmışdır”.
Rusiyanın “İzvestiya” qəzeti (4 mart
1992-ci il): “Videokamera qulaqları kəsilmiş uşaqları
göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir,
kişilərin skalpları
götürülmüşdür”.
Fransanın “Le Mond” qəzeti: (14 mart 1992-ci
il): “Ağdamda olan xarici jurnalistlər Xocalıda
öldürülmüş qadın və uşaqlar
arasında skalpları götürülmüş,
dırnaqları çıxarılmış 3 nəfəri
görmüşlər. Bu, azərbaycanlıların təbliğatı
deyil, bu, reallıqdır”.
Rusiyanın “İzvestiya” qəzeti (13 mart
1992-ci il): Mayor Leonid Kravets: “Mən şəxsən təpədə
yüzə yaxın meyit gördüm. Bir oğlanın
başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla
öldürülmüş qadın, uşaq, qocalar
görünürdü”.
İngiltərənin “Valer aktuel”
jurnalı (14 mart 1992-ci il): “Bu “muxtar regionda” erməni
silahlı dəstələri Yaxın Şərqdən
çıxmışlarla birlikdə müasir texnikaya, o
cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və
Livanda hərbi düşərgələri və silah
anbarları var. Ermənilər yüzdən artıq müsəlman
kəndlərində qırğınlar törədərək
Qarabağdakı azərbaycanlıları məhv etmişlər...”
Bunlar ASALA başda olmaqla erməni
terrorizminin türk cocuğunun qanı ilə
yazılmış və yazılmaqda davam edən vəhşət
dolu tarixindən bir parçadır…
Anar Yusifoğlu
525-ci qəzet.- 2012.- 6 sentyabr.- S.5.