Haran ağrıyır, Vətən...
“Vətən, səni nə anamız kimi sevə bildik, nə
də balamız kimi qorumağı bacardıq. İnsanlar bir-birinə can
sağlığı arzulayanda əsir torpaqların iniltisi
aydınca eşidilirdi”. Bu, Sona Vəliyevanın “Arazbarı”
kitabındandır və o kitabda Sona xanım nədən
yazır-yazsın, o naləni, iniltini, harayı eşitməmək
mümkün deyil. Onu müəllifin Vətən, torpaq
yanğılı bütün şeirlərinə, ümumən
bütün yaradıcılığına şamil etmək
olar. Bu inilti illərdir qulaqlardan getmir. Bu inilti
özümüzdən bixəbər sevincimizə, xoşbəxtliyimizə
qarışır, bir anda oxuduğumuz mahnılar,
oynadığımız rəqslər dəyişir, eləcə
də məclisimizin ab-havası, əhval-ruhiyyəsi:
–“Şuşanın dağları
başı dumanlı”,
İçindən sınmış bir
cavan oynayır.
Sındıra-sındıra, gözləri
dumanlı,
başı havalı, əlləri havada,
ayağı yerdə.
Bu Vətənin ağrımayan harası
var? Gözünü bir anlığa yum və dərhal
çəhrayı səslər
eşidəcəksən, ürəyin nəbzi kimi o
ağrıyan yerləri də duymağa başlayacaqsan:
Mən layla eşitdim çəhrayı rəngdə,
Mən öyüd eşitdim şəhrayı
rəngdə.
Üzümdə göz yaşım
möcüzə, vallah,
Görsən tanımazsan – çəhrayı
rəngdə.
“Adi qayğılardan bezən insan” baş götürüb getmək,
dünyanın çevrəsini aşmaq, bircə gün də
olsa başqa bir ömür yaşamaq, bircə an ağaca,
çiçəyə dönmək istəyir:
Görək hansı ömür daha
gözəldir.
Görək hansı ömür daha bəxtəvər.
Ağac da, çiçək də dərd
çəksə,
onda Ağac ol, adam ol, nə fərq eləyər?
Yaponlarda “kəpənək
mövsümü” deyilən bir anlayış var. Səhv etmirəmsə,
mayda qadınlar, qızlar darıxmaqdan kəpənəyə
belə çevrilirlər. Kişilər o zaman evə
çoxlu gül-çiçək gətirirlər ki, onlar –
qadınlar uzağa uçub getməsinlər.
Bu leysan yağışı mənə bənzəyir.
Hönkürübsə, kiritmək çətin.
Yağ, başına dönüm.
Yu, bu şəhərin hisiylə birgə
içimizdəki laqeydliyi, kini.
Sona xanımın şeirlərini oxuduqca
yaddaşımızda müxtəlif səslər, ifalar
canlanır. Bu, “Ya Qarabağ, ya Ölüm” deyən Ozan Arifin,
“Qarabağ”, “Xocalı” deməkdən yorulmayan Əhməd
Şəfəqin, Əsəd Kabaklının, Cem
Qaracanın... haqq səsidir, harayıdır. Bu türkün
torpaq, Vətən sevdası və bu yolda axan qanıdır,
sabaha inamıdır, imanıdır, Allahıdır.
Düşmən əhatəsində qalan, ayaqlarını
itirmiş Qarabağ döyüşçülərindən
biri danışırdı ki, yaralı dostumla gecə
vaxtı düşmən arxasında sürünürdük.
Çoxlu qan itirmişdim və tamamilə taqətdən
düşmüşdüm. Amma özümü ələ
alıb deyirdim – beş addım yolumu gözləyən
körpə qızıma, beş addım oğluma görə
sürünəcəm və sürünürdüm... Budur
torpağımıza qanla yazılan tariximiz:
İllər keçir, yaddaş itir, torpaq
itir.
Yaddaşımı bitirməyə təpər
yetir.
Torpağımı qaytarmağa ümid
yetir,
igid yetir,
əsir-əsir, yesir-yesir
gedənimi qaytarmağa
əsirgəmə, yollar yetir.
Aman Allah, içimizdə
bu torpağı sevməyə
bir çiçək təpəri,
çiçək sevdası bitir.
Sona xanımın şeirlərindən
biri belə adlanır – “Yol başlayıb gedən karvan”. Min
illərdir bu karvan yoldadır. Nədənsə, insana elə
gəlir bu karvanda dəvədən çox, at var –
özü də Qarabağ atları. Nələri gətirir,
nələri aparacaq bu karvan? “Bir budaq kölgəyə
möhtac, bir bulud yağışa ac” bu karvanın
apardıqları arasında mütləq Qarabağ, Təbriz.
Kərkük, Dərbənd... həsrəti, yükü də
var:
Ağ dəvənin üstə gözəl,
Gözündən yaş xəzəl-xəzəl.
Ölüm doğulmadan əzəl,
Qəribliyi, dərdi dastan,
Yol başlayıb gedən karvan.
Yaxud hansısa bir dəli sevdalı
aşiqin oxuduğu “Saçın ucun hörməzlər,
gülü sulu dərməzlər, Sarı gəlin...”
havası. Bu, mahnı deyil. Şərqi də deyil. Bu, elə-belə
bir sevdadır, xəyaldır, xülyadır, havadır. Onu
ancaq havalı adam oxuya bilər. İlk dəfə də, yəqin,
havalanıb oxuyub. Əfsuslar ki, “sarı telli aşiq çiçək”
günəşi sevdiyi tək biz bu yurdu sevəmmədik:
Paralandı oğuz elim,
torpağım, daşım getdi.
Bağlandı qolum tək dilim,
Qarabağım, Şuşam getdi.
Sən günəşi sevdiyin tək,
biz sevməyi bacarmadıq.
Bu şeir isə yaddaş kitabımız
üçündür –
“Öncə cansağlığı deyən kəslərə”.
Canımızdan və sağlığımdan daha əvvəl
xatırlanası və içiləsi dərdlərimiz
çoxdu axı – Torpaq, Vətən, Şuşa, Təbriz, Dərbənd,
Kərkük... Deyərdilər, Şuşa – bizim Allaha yaxın olduğumuz ən
uca yerimiz, ən əlçatmaz şəhərimizdi, ona
görə bizim sözümüz, dualarımız ordan
göylərə daha tez çatırdı, daha aydın
eşidilirdi. İndi ya eşidilmir, ya yaxşı
eşidilmir. Çünki “torpağı, Qarabağı əsir
olan adamın” sözünü Tanrı niyə eşitməlidir?
Yüz ümid becərsən birisi bitməz,
Qəlbi soyuyanı Günəş isitməz.
Bunlar həm də tanış hisslər,
tanış duyğulardır.Hamımız hardasa
görmüşük, yaşamışıq. Elə mən
də. Vaxtilə Şuşanın, Laçının
işğalının ildönümündə
hazırladığım televiziya verilişlərindən
birində bu şəhərlərin veriməsində
adları hallanan bəzi siyasətçilərlə
müsahibənin sonunda hamısından bir söz soruşurdum: “Şuşa
xeyli vaxtdır yoxdur. Özünüzü necə hiss eləyirsiniz?”
İndi də yaşayan, hamının yaxşı
tanıdığı “siyasətçi”lərdən biri qəribə
bir cavab vermişdi: “Faciə baş verməyib ki. Şəhərdir,
bu gün onlardadır, sabah qaytararıq – olar bizdə.” Məni
o cavab indinin özündə də qorxudur... Çünki müəllif qeyd elədiyi
kimi, “İçimiz boşaldı torpaqdan öncə...”
Sağlığın, varlığın
dəyər ölçüsü
Vətən sərhədidir, Vətən
bayrağı.
Uğrunda ölməyi bacarmadıqca,
Torpaq unudacaq Vətən olmağı.
Haran ağrımır, Vətən? Vətən
anadırsa, Vətən özümüzüksə,
ağrıyan yerimizi daha yaxşı bilməliyik, deyilmi?
“Zarıyan, sızlayan ana yanında”, görəsən,
xoşbəxt olmaq mümkünmü? Sanki
bügünümüzü nəzərə alaraq hələ
1918-ci ildə “Azərbaycan” qəzetində böyük
Üzeyir bəy yazırdı:
“Biz hər halda özümüzü qorumalıyıq və
hüdudumuzu elə möhkəm bir vəziyyətə
salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini,
istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus
hüdud və yaxınlığında olanların müdafiə
və mühafizəsi üçün əlimizdə vasitələr
lazımdır ki, hərəkətcə sürətə və
fəaliyyətcə də qüvvətə malik olmaqla
xalqımızı mütməinülqəlb etsin.” Son illər
“Yanıq Kərəm”dən, “Şuşanın
dağları”ndan çox çəkmişik.
Düşünmüşük – belə havalara necə qol
qaldırıb oynamaq olar? Amma sən demə insanın
içində dərdi olanda bunları da oynamaq
olarmış... “Şuşanın dağları”nı oynayan
oğlan”. Bu da S.Vəliyevanın şeirlərindəndir.
Şeiri oxuya-oxuya “üstünə yeriyən
dağları-daşları” görürsən,
özünü Şuşada hiss edirsən. Ermənilərin
dedikləri yada düşür – vaxt ötəcək,
Qarabağda doğulanlar, Qarabağı görənlər
azalacaq və Qarabağ gələn nəsillərin yadına
düşməyəcək...Amma heç vaxt elə olmayacaq.
Nə qədər ki o qan, o qanı coşduran havalar və nə
qədər ki o havalarda yazılan, o havaları yaşadan
yazılar var... Bilmirəm
bunlar nə qədər çəkəcək, amma yenə
hansısa məclisdə, əminəm ki, “Şuşanın
dağları” dillənənəcək, yenə bu hava kiminsə
qanını coşduracaq, yenə
kimsə Şuşanın qapıları önündə
dayanmış kimi heykələ dönüb qalacaq:
Dağ-daş yeriyir,
ölülər dirilir, itkinlər geri
dönür.
Aman Allah!
Bu oğlan oynaya-oynaya
Şuşaya qayıdış
muştuluğu gətirir elə bil.
Əlləri havada
qışqırır, qıy çəkir:
salam, Şuşa, biz qayıtdıq, gələ
bilərikmi?
Gələcəyik, qayıdacağıq, əlbəttə.
Hələlik, qarabağlı tələbə Fərid
Haqverdiyev hər gün Şuşaya virtual aləmdə
yaratdığı bir savaş oyunu ilə qayıdır və
bütün gəncləri hər gün oraya – savaşa dəvət
edir. Amma bizim, həqiqətən, bir gün tank üstündə,
at belində Qarabağa qayıtmağımız da olacaq. Və
bir də atdan söz düşmüşkən – V. Mayakovski deyirdi: “Biz hamımız
hardasa bir azca atıq.” Axtarsan, bu gün biz hamımız az da
olsa, bir at taleyi yaşayırıq – Qarabağ atlarının
taleyini. Bir vaxt böyük mütəfəkkirimiz M.F.Axundov bəşər
övladının ən böyük səadəti olan
azadlıqdan danışarkən dəyirman
daşlarını hərlədən, yeyən-içən və
heç vaxt o daşlardan aralana bilməyən atlardan da
danışırdı: “Və bu biçarə atların hərgiz
xəbəri olmaz ki, dünyada çəmənlər,
otlaqlar, çayırlıqlar, çiçəkliklər,
meşələr, dağlar və dərələr vardır;
əgər bağlı olmasaydılar, dünyada gəzərdilər
və o könül açan yerləri görərdilər və
dünya nemətlərindən tamamilə faydalanmış
olardılar.” Və son olaraq
o atların və bu
insanların xatirinə “bizə möhlət ver, Allah”,-
deyirik. Bu isə Sona xanımın arzularındandır: Yuxu gördüm çiçəkli,
Qorqud dədəmiz yozsun.
Qisas qiyamətdəsə, Tanrı tərsinə
yozsun.
Qarabağın matəmi, başı bəlalı
yurdun,
Qisas yolu göstər sən, bu dərdi
ovutmağa,
Bir az möhlət ver, Allah, dünyanı
tanımağa.
Bəxtiyar QARACA,
yazıçı-publisist
525-ci qəzet.-
2012.- 7 sentyabr.- S.7.