Meymun havası
Miriş baxtı gətirmiş
qaçqın idi, xan kefində dolanırdı. Amma birdən də bezib, bezar olurdu, onda hünəri
dilinə yetir, özünü qarğıyırdı: “Villan
başına uçsun, Miriş!” Elə deyirdi, elə bil
düşmən qarğıyırdı və
baxdığı bağlı-bağatlı villa da guya özgənin
yox, onun özünün idi. Belə götürəndə,
elə özününkü kimiydi, “xozeyin” üzü
görmürdü, onun kim, nəçi olduğundan da xəbərsiz
idi. Nəyinə gərəkdi?
Ağzıdualıydı,
oturub-durub şükür eləyirdi bu gününə:
“Adamın işi gətirəndə, gətirir, qaçqın
var, aralıqda, it döyür.”
Dəblə
tikilmiş, çərhovuzlu, güllü-çiçəkli
bağ evi dənizə yaxın yerdə - qəlbidəydi.
İlk gündən Mirişi ovunduran, onun başını
qatan da dəniz olmuşdu, yoxsa dərddən çərləyərdi,
it kimi qudurub quyruğunu qapardı. Dənizsə elə əzəl
gündən Mirişə üz göstərmirdi, yəni
qaçqın hara, dərya hara? Burulğana salıb kişini
fırfıra təki fırlatmış, ona yaxşıca
qulaqburması vermişdi. Dalğa Mirişin
darbalağını əynindən necə sıyırıb
çıxartmışdısa, yazığın xəbəri
də olmamışdı. Sudan çıxmaq istəyəndə
baxmışdı ki, anadangəlmə lütdü. Neyləsin,
əli hara yetər? Sahildən əl-ayaq
yığışanacan qalmışdı suda, canı soyuq
çəkmişdi. Özünü qınamış,
özünü yamanlamışdı: “Miriş, başaa
daş ələnsin göydən, dədən-baban dərya
görmüşdü ki, sən də görəsən?
Şappadan-şuppadan cəmdəyini vurursan suya, bu saa
Ayıflı kəhrizi dəyil ha, çırmanıb
keçəsən. Bunun adına dərya deyərlər,
salar səni girdaba, yem olarsan balıqlara.” O tövbə eləyən-bu
tövbə eləyən, daha suya yaxın
düşmürdü, sahildəcə oturub baxır,
gözünün qurdunu öldürürdü və ona qalan
da bu olurdu - gözünün qurdunu öldürmək.
Bir gün sürücü balaca meymun gətirdi.
Dedi bağda qalacaq, adı da Makakadı. Miriş sevindi, ilk dəfəydi
meymun görürdü. Fikirləşdi ki, heyvan da olsa, həniri
gələr, onun başını qatar.
Heyvanın pambıq çiyidinə
oxşayan xırda, göy gözləri həmişə
qüssəli olurdu. Miriş Makakayla özü arasında bir
tale yaxınlığı görürdü, deyirdi, əvvəla,
əcdadlarımız birdi, ikincisinə qalan yerdə, ikimiz də
qəribik, didərgin düşmüşük yerimizdən-yurdumuzdan.
Özündən çox meymunun halına yanırdı: “Mənim
dilim-ağzım var, düşəndə baiskarı
söyüb ürəyimi boşaldıram, bu yazıqsa
içində çəkir, içində
yanıb-yaxılır.” Miriş əlindən gələni
edirdi ki, heyvan xiffət çəkməsin, yeri gələndə
təskinlik verməkdən də qalmırdı, deyirdi, Makaka,
dədələr sözüdü, yaman günün
ömrü az olar. Elə deyirdi, guya meymunu cəngəllikdən
tutub bralara göndərən nə vaxtsa onu qaytaracaqdı
öz yer-yurduna. Sözləri təsirsiz qalırdı,
meymunun bulanıq gözlərindəki qəm-qüssəni
silə bilmirdi.
Miriş eşitmişdi ki, bağ evlərində
meymun nədi, ayı, canavar, hətta timsah saxlayan da var.
“İnsan gör nədən həzz alır ey, vəhşidən”,
- düşünürdü və
Allaha şükür eləyirdi nə yaxşı ki, onun
“xozeyni” belə şeylərə həvəsli deyil, yoxsa
Miriş buralarda tutduq verməz, bircə gün də
qalmazdı. Sürüylə qoyun-quzu saxlayar, yoruldum deməzdi.
“Ay başınıza dönüm, bizim yerə bab olmayan vəhşi
heyvannarı niyə gətirib tökürsünüz buralara?
Bir çəpiş tumarlıyın, quzu başı
sığallıyyın eyniniz açılsın...” -
qınayırdı.
Bağ yiyəsi meymunun yem-yeməyini
ayrıca göndərirdi, Mirişin pay-puşuna
qatmırdı. Miriş sıxılır, abıra
boğulurdu, özünü də meymun gözündə
görürdü və onu da görürdü ki, “xozeyn” əsl
meymunu əziz tutur. İçindəki
paxıllığı boğur, üstünü vurmurdu. Bir
yandan da özünə təskinlik verir,
düşünürdü ki, mən özününküyəm,
meymunsa yaddı, Allahın dilsiz-ağızsızdı, həlbət
ona görə...
Meymunun yediyini Miriş yuxuda da görməmişdi,
buraların neməti deyildi. Deyirdi qurban olduğum Allah hər
yerin öz nemətini yetirib və hər kəs də allah
yetirəni dadmalıdı, dünyanın o başında nə
bitir, nə yetişir, onun maa isti-soyuğu yoxdu. Xudəvənd-aləm
rəva bilsəydi, o mer-meyvələrin toxumunu buralara da səpərdi...
Tək bircə yol ürəyindən keçmişdi ki,
tamsınsın, görsün Makakanın yediyi nə dadır.
Qabıqdan çıxardığı banandan bir dişdək
aldığını gördü, Makaka bir hay-həşir
saldı, guya dünya dağılmışdı. Yəni sən
meymun deyilsən ha, banan yeyirsən? Odu-budu daha meymun ruzusuna
tamah salmadı. Meymunun nə vaxtsa onu qonaq edəcəyini də
ağlına sığışdırmırdı. Makaka
mer-meyvəylə dolu səbətin həndəvərində
hərlənir, payını qoruyurdu. Ağaca-zada
dırmaşanda da bir gözü o səmtdə olurdu. Meymunun
bu xasiyyəti Mirişin kefinə dəyirdi, dilxor olurdu. “Mən
dünya malında nəfsi olan dəyiləm ki, duram meymun
ruzusuna tamah salam”, - deyirdi. Bir yandan da heyvanı
qınamırdı ki, ağılsızdı,
qanıb-qandırmır, insan var, meymundan da betərdi, ondan da
həşəridi, gözü acdı, elə yığır altına.
Yığsın, bu dünyadan kim nə aparıb?
Əvvəl günlər Miriş bilmirdi
meymunla nə sayaq davransın. Daldada onu heyvan gözündə
görürdü, elə ki, üzbəsurət
çıxdılar, sözünü dəyişirdi,
keçirdi adam dilində danışmağa, meymuna
“eloğlu” deyirdi, elə deyirdi, guya Makaka Afrika cəngəlliyində
yox, kəndlərinin ayağındakı Tumas meşəliyində
göz açmışdı dünyaya. Deyirdi, eloğlu,
ikimiz də bir dərddə-çordayıq: sən didərgin,
mən didərgin, dərdimizi özümüzdən
savayı bir kimsə başa düşməz. Salırdı
meymunu çənəsinin altına, danışırdı,
elindən-obasından söhbət açırdı. Əslində,
danışıb özünü ovundurur, öz
başını qatırdı. Qəhərlənirdi. Deyirdi,
Makaka, insan oldu, ya meymun, yersiz-yurdsuz bir qəpiyə dəyməz.
Naşükür dəyiləm, burda bəy kefində
dolanıram, heç nədən də korluğum yoxdu. Allah
başımnan töküb, amma nolsun? Vallah razıyam, ac-susuz
qalım, sənin kimi meymunluq eləyim, ağacda yatım,
ağacda yaşayım, amma öz elimdə-obamda ömür
sürüm, qəbrimi də öz torpağımda
qazsınlar. Sən necə, Makaka?.. Ona elə gəlirdi
meymunun dili olsaydı, deyərdi, Miriş, elə bil ürəyimi
oxuyursan, meymun da doğulduğu cəngəllikdə ölmək
istəyər.
Makaka yerdə
elə də qərar tutmurdu, gününü ağacda
keçirirdi. Gözlərini dikirdi uzaqlara, kirimişcə
baxırdı. Miriş kor deyildi, görürdü ki, heyvan da
xiffət çəkir. “Yazıq neyləsin,
nağayırsın? Onu da yerindən-yurdundan eləyiblər,
didərgin salıblar. Heyvan olanda nolar, o da öz yerində-yurdunda
qıynaqlıdı, təpərlidi...” -
düşünürdü. İnsafən, bağ yiyəsi əlindən
gələni eləyirdi, bahasına gətirib süni palma
ağacı da basdırmışdı həyətin
ortasında ki, Makakanın başı qarışsın, elə
bilsin ki, bura Afrkadır. Belə şeylə meymunu xamlamaq, ona
kəf gəlmək olar? Bicin-bicəngənin yekəsidi.
Palmanın altında belə kölgələnmirdi,
yalançı ağacın kölgəsini də
yalançı bilirdi. Günahı Mirişdə
görürdü, elə bilirdi bu yalan-palan hamısı onun əməlidi.
Gic damarı tutanda meymunluğundan qalmır saymazlıq eləyirdi.
Bir dəfə kokos qozu tolamazlamışdı kişiyə.
Miriş cana yığılmışdı, özünə
yer tapmırdı. “Deyəsən, arxın dalı bulanıq gəlir,
mənimki bu başıbatmışla düz sarımayacaq.
Ayıbı yoxdur, bu qanmaza bir dədəlik eləyim, nənəsinin
toyu yadına düşsün. Makakasan-nəsən, ya səni
adam eləyəcəm, ya da özüm dönüb olacam
meymun...” - deyirdi. Bir yandan da fikirləşirdi ki, Allahın bu
dilsiz-ağazsız heyvanıyla nəyi şərik
düşüb axı? Özü bilər, istəyər
ağaca dırmaşar, istəyər dombalağ aşar. Nə
işimə qalıb, mən qananın quluyam, qanmazın yox...
Meymunu da qınamalı deyildi. Mirişin hərdən
özünü zodlu göstərməyindən, hökmlü
danışığından xoşlanmırdı. Onun
başındakı təvərə papağı isə
gözü heç yemirdi...
Miriş səhər yuxudan ayılanda
papağını tapmadı, axtarmadığı, gəzmədiyi
yer qalmadı. Bilirdi ki, Makakanın əməlidi.
Meymun başında kepka, əlini çənəsinə
dayayıb oturmuşdu ağacın milləməsində.
Miriş çaşıb qaldı. “Bıy! Bu
başıbatmış məni yamsılıyır, deyəsən.
Nə təhər də maa oxşuyur e… Vallah bu parabeyini
geyindirib-keçindirsən, insandan seçilməz...” -
deyindi. Altdanyuxarı heyvana bozardı:
- Ayə!
Meymunnuq eləmə! At aşağı papağı! Bircə
bu əməlim qalmışdı… Papaq kişinin… - hirsindən
dili dolaşdı, sözünün dalını gətirə
bilmədi.
Makakanın tükü də tərpənmədi,
papağın günlüyündən tutub yanakı əydi.
Meymunun onu yamsılamağı Mirişi cin atına mindirdi.
“Oturduğun yerdə zibilə düşmək buna deyiblər
e…” - mırtıldandı. Söz atdı: - Makaka! Sən
özünü maa tay tutma, allahın acığına gedər!
- Durub gözlədi. Baxdı ki, hərbə-zorbayla iş
aşmayacaq, səsinin həngini dəyişdi, yağlı
dilini işə saldı:
- Makaka, əcdadım! Düş
aşağı, papağı qaytar. Saa nə pisdiyim dəyib
ki, papağımı əkişdirirsən? Papaq kişinin… -
sözünün dalını gətirmədi, o fikirlə ki,
meymun papaq qoymur ha, onun nə demək olduğunu da qansın. Səsinə
bir az da həlimlik gətirdi: - Düş, saa nağıl
danışacam - qaçqınların
nağılını. Onda bilərsən, biz nə zülm, nə
zillət çəkmişik. Ölənnərimizin goru
haqqı… İstəyirsən lap davalı yerini
danışım. Amma qorxuram bağrın paralanar. İnsan
davası meymun davası dəyil e, qan su yerinə axır. İnsan insanlıqdan
çıxır, olur yırtıcı, qaniçən.
Yırtıcıya şükür, qarnı doyanda, çəkilir
bir küncə, ziyankarlıq eləmir. İnsan isə
ayrı törəmədi: qan tökdükcə qana susuyur,
içdikcə içir, doymaq bilmir... - Miriş sözünə
ara verdi, bilmək istədi görsün bu
danışdıqları heyvanın beyninə batır, ya yox.
Kimə deyirsən?
Miriş
papağın dalınca ağaca dır manmağa ürək
eləmədi, bilirdi ki, dırmansa, meymun yenə
çığır-bağır salacaq, budaqları silkələyib
onu yıxmaq istəyəcək, insanın bu sayaq hərəkətini
- ağaca çıxmağını gözü
götürmürdü.
Ağaca dırmanmaq Mirişdən
ötrü heç nə idi, öz yerlərində bundan da
hündürünə çıxmışdı. Rəhmətlik
bibisi elə ha onu öyüb deyərdi, Miriş bala, sən
körpəlikdən meymunyossunnuydun, maşallah, ağaca da
meymun kimi püfərək dırmaşırsan… İnsafən,
bu bacarığı Mirişin karına gəlirdi, bir yol isə
davada onu ölümdən qurtarmışdı. Meşədə
beş-altı erməniylə üzbəüz
çıxmışdı, bir göz qırpımında
ağaca dırmaşıb gizlənməsəydi, ələ
keçəcəkdi. O əhvalatı xatırlayanda deyirdi yeri
düşəndə insan meymunluq eləməyi də
bacarmalıdı... Bir ildən artıq Qarabağ davasında,
cəbhədə döyüşmüşdü, qan-qada
görmüşdü. Yaralanmışdı, gedib o
dünyanı görüb qayıtmışdı...
Makaka papağı başından
götürdüsə də amma atmadı aşağı.
Dişlərini göstərib ciyildədi, budaqdan-budağa
atlandı, endi ağacdan. Papağı qaytarıb
gözünü dikdi Mirişin ağzına, yəni əvəzinə
nağıl danış.
Miriş papağı çırpıb
başına qoydu, bədəni çimçəşdi.
Fikrindən ötürdü ki, axşam suya çəkər
papağı.
Əlini ağzına tutub yalandan
öskürdü.
- Makaka, dədəmin, dədənin goru
haqqı… - sözünə ayaq vermək istədi, amma
baxdı ki, meymun nəsə üz-gözünü
turşutdu. “Həlbət, andım xoşuna getmədi, ona
görə sifətini əydi”, - şəkkə
düşdü. - Deyirəm, dədən sağ olar? -
meymundan soruşdu. - Nolar? Diriyə də rəhmət
düşür, - heyvanın könlünü almaq istədi.
Meymun bitdənə-bitdənə oturub ona
qulaq asırdı, özü də elə qulaq asırdı,
guya dünyanın ən maraqlı nağılını dinləyirdi
və gözləyirdi ki, axırda göydən üç
banan düşəcək və üçü də meymuna
çatacaq. Mirişin danışdığı
nağılın hamısı öz yer-yurdlarının
nağılıydı, oraları öyüb-tərifləməkdən
dili cidav olmuşdu. Deyirdi dünyanın cənnətməkanıdı:
meşəsi, dağı-dərəsi,
bağı-bağatı...
- Allah qoysa, qayıdaq gedək
torpağımıza, səni qonaq aparacam, özün görərsən,
- Miriş dedi. - Onda bilərsən ki, yer üzündə nələr
varmış. Danışıram, təpəmnən
tüstü çıxır… Bizim yerləri görənnən
sonra, vallah-billah sənə qızıl da versələr,
Afrikadı-nədi, oralara qayıtmazsan. Bəs nə təhər?..
Uəngəllikdə nə itin azıb ki, keçəsən
şirin-pələngin caynağına... Mən
sözümün dalında duranam, dedim səni qonaq aparacam kəndimizə,
deməli aparcam, o yan-bu yanı yoxdu. Ləvin-ləvin yemək
bişirib düzəcəm dəstərxana, deyəcəm ye,
Makaka, əziz qonağımsan...
Meymun xırda çiyid gözlərini
Mirişin üzündən çəkmirdi. Elə bil
soruşmaq istəyirdi ki, torpağınıza nə vaxt
qayıdacaqsınız? Bu sayaq sualı Miriş dəfələrlə
özü özünə vermişdi, çox baş
sındırsa da, çavab tapa bilməmişdi.
Mirişin dili-dodağı təpidi, deməyə
söz tapmadığından sıxıldı, yer
yarılsaydı, yerə girərdi. Bundan qəliz, bundan
dolaşıq sual bilmirdi. Səsini udub kirimişcə
baxırdı meymuna. Mirişin də gözləri meymununku
kimi xırda, ala idi. Elə sur-suyumu da ondan seçilmirdi,
nanığın, şüyümün biriydi, qəddi əyili,
büzüşük görünürdü, aralıdan baxan
deyərdi bəs bu həyətdə iki meymun var.
Miriş hərdən xəyal eləyirdi
kaş bir gün Makaka da dilə gələydi, öz
yer-yurdundan nağıl danışaydı. Vallah, saatlarla
oturub dinləyər, yoruldum deməzdi. Heyvandan
soruşacağı çox şeylər vardı…
Soruşacaqdı, Makaka, meymunun da varlısı-kasıbı,
yalanı-yalançısı, naxələfi, acgözü
olur? Meymunun da qoluzorlusu cəngəllikdəki ağacların
karlısını özünə məngirləyir? Sizdə
də… Sual birdi-ikidi ki?.. “Bilirsən, bu meymunda nələr
var, dili olsa, bilirsən nələr danışar? Üzü
üzlər görüb, o boyda cəngəllikdə vəhşilərin
- şirin-pələngin
arasında baş saxlamaq havayı iş dəyil ha…” -
düşünürdü.
- Həə, harda qaldıq? - Miriş
söhbətin dalını gətirmək istəyirmiş
kimi soruşdu. Əslində, nə
deyib-danışacağını bilmirdi, söhbətə
ipucu axtarırdı. Sözü qalmamışdı, nə
bilirdi, nağıl eləmişdi. Budur nə vədədi
meymunun xasiyyətinə yaxşı bələd olmuşdu:
görürdü ki, bu insanyosunlunun boyat söz-söhbətlə
arası yoxdur. Dünən axşam yenə Arpa dərədən,
Ayıflı kəhrizindən, Qızıldöşdəki
xırman yerindən, kəndin ayağındakı köhnə
dəyirmana cin-şəyatin yığışmağından,
bağ qarovulçusu Mustafanın ovxarlı iti dəhrəsindən
danışmaq istəyəndə meymun üzünü
çöndərib getmişdi, yəni bu dediklərinə bir
çürük qoz, bunları eşitmişəm.
- Əcdadım, yaxın otur, - Miriş nəsə
xatırlayıbmış kimi səsinə ciddilik verdi.
Ağzı qızışmışdı,
ağlına gələni danışırdı, birinin
üstünə beşini qoyub danışırdı. Dedi,
Makaka, eloğlu, saa andım yoxdu, inan, öz yerimizdə elə
mülküm, bağım-bağatım vardı ikicə
göz istəyirdi baxsın. Heç nədən də korluq
çəkmirdim: sürüynən heyvan saxlayırdım,
qapıda toyuğum, hinduşkam... Ürəyim istəyəndə,
birini kəsirdim, atırdım tavaya cızhacız bişirdi.
Böyrümü yerə verib tıxırdım, ye ki, yeyəsən.
Həə, bəs nə təhər?.. Mənim belə
olduğuma baxma, üstümü unlu görüb, dəyirmançı
bilmə. Kənddə qabağıma çıxan oğul yox
idi, dava dağarcığıydım... Yüz əlllik mismar
var e, onu ovcumda əyirdim… Ev-eşiyə gələndə, bax
gördüyün bu villa var ha, mənimkinin yanında at
tövləsidi...
Nağılın bu yerində
nağılçının səsinin həngi lap dəyişdi,
lap tabsızlaşdı, əsdi. Meymun Mirişin təpərsiz
danışığından nəsə duymuşdu elə
bil. Əttökən səslə necə
çığırdısa, kişinin sözü
ağzında qaldı. Dalını çevirib, hikkəylə
əlini yanbızına döyəclədi. Miriş meymunun bu
hərəkətini özü qandığı təki yozdu,
yəni yalansa, buramı yeyəsən...
Kişini heyrət götürmüşdü
ki, allahın bu dilsiz-ağızsız heyvanı əyriylə
düzü, yalanla gerçəyi necə
qanıb-qandırır?
Heyvanın qanacaqsızlığı ona
yaman yer eləmişdi, dilxor olmuşdu.
Mısmırığını salladı, daha
danışmadı.
Meymundan sidqi sıyrılmışdı.
Az-çox bu heyvan türünə ürək qızdırırdı,
bu da ki belə... “Balam, meymuna da etibar yoxmuş, bananı
dizinin üstəymiş. Bu qədər can yandır,
qulluğunda dur, axırda da saa dalını göstərsin...”
Meymun da özünü o yerə qoymurdu.
İnsan meymunu, meymun da insanı saya salmırdı, elə bil
bir kökdən törəməmişdilər. Hər kəs
payına düşən yem-yeməyi götürür,
çəkilirdi bir yana. Makaka iki-üç bananı
qoltuğuna alıb dırmaşırdı əbrişimin
düz təpəsinə. Bananı soyub,
qabığını tolazlayırdı Mirişə sarı,
yəni buna bax, bizdən çönüb, bizi bəyənmir.
Miriş insanın meymundan çöndüyünü məktəbdə
oxumuşdu, amma buna inanmağı gəlmirdi. İndi isə
fikri dəyişmişdi, meymunun nə oyunlardan
çıxdığını, nə pəstaha
çıxartdığını görəndə şəkki-şübhəsi
çəkilib getmişdi. Fikrindən ötürürdü:
“Vallah kitabda yazılanlar haqqınaymış, biz hamımız
meymundandönməyik. Budu ha, kor-kor, gör-gör: ikicə
qarış boyuynan Makaka mənnən çox bilir, bicəngənin
yekəsidi...” Bir az da dərinə gedəndə, dərindən
fikirləşəndə bu qənaətə gəlirdi ki,
insanlarda insanlıq qalmayıb, meymunxasiyyət olublar, meymun kimi
hər oyundan çıxırlar. Bəlkə də
dünyanı bəladan qurtarsa, bu qurtaracaq - insanın öz əcdadına
dönüşü. Bunun yuxusunu da görmüşdü,
görmüşdü ki, insanlar qayıdıb meymun olublar,
dağılışıblar dağlara-dərələrə,
meşələrə, çıxıb ağaclarda
yaşayayırlar. Dünyanı meymun bürüyüb,
dünya meymun dünyası olub. Kəndlər, şəhərlər
boşalıb, evlər qalıb ağzıgünə. Din-məzhəb
tanıyan, göydə allahın
varlığından-yoxluğundan xəbəri olan yoxdu.
Aralarına inciklik düşəndə isə bir-birlərinə
bomba, raket yox, manqo, kokos qozu, banan tolazlayırlar...
İnsanın öz əcdadına qayıdışı əsl
meymunların gen yer-yurdunu dar eləyir,
çığıra-çığıra baş
götürüb qaçırlar meşələrdən, cəngəlliklərdən.
Yayılırlar xaraba şəhərlərə, kəndlərə,
doluşurlar boş evlərə, təpilirlər şaxtalara,
hərbi bunkerlərə. Yeraltı beton bunkerlərdəki
cihazlar, göz vuran rəngarəng lampalar, sayrışan
işıqlar meymunları əyləndirir: cihazları
qurdalayır, dəsdəkləri ora-bara döndərir,
meymunluq eləyirlər. Biri cihazdakı açarı
çevirir, barmağını qırmızı düyməyə
basır, dünya bir andaca lərzəyə gəlir, titrəyir,
yerin altı üstünə çevrilir, dünya
dağılır… Yuxunun bu yerində Miriş yerindən dik
atılmışdı, bismillah, alah, sən saxla deyib dua eləmişdi,
səhərəcən gözünü yummamışdı.
Bilməmişdi yuxunu necə və nəyə yozsun.
Uanını xof sarmışdı, qorxduğu buydu ki, deyəsən,
dünyanın axırı gəlib çatıb...
Miriş baxırdı ki, Makakayla soyuq
dolanmağın ona bir faydası yoxdur, əksinə zərəri
var: gah ayaqqabısı yoxa çıxırdı, gah köynəyi
qeyb olurdu. Bir dəfə isə Makaka xəlvətə
salıb, bir banka duzu çevirmişdi xörəyin içinə.
Miriş meymunun işinə-işdəhlərinə
dözürdü, dözməyib neyləyəsiydi? Xozeyn
qulağından tutub atar bayıra, deyər itil get, sən mən
deyən qaçqınlardan deyilsən. Ondan sonra qalar
aralıqda, yiyə duran da tapılmaz.
Ağlına hər fikir gəlirdi. Elə
bilirdi Makaka girəvələyib ağacın təpəsindən
onun başına yekə bir daş salacaq… Ölümdən-zaddan
qorxan deyildi, qorxduğu buydu ki, urvatsız ölüb gedər.
“O boyda davadan, qan-qadadan keçəsən, axırda da bir
meymunun küdazına gedəsən…” -
düşünürdü...
Qamışın salamat yerindən kəsib
yontaqladı. Tütək düzəltmək istəyirdi, o illətlə
ki, çalar, meymun da onun çaldığına qol
qaldırıb oynayar, aralarındakı umu-küsü çəkilib
gedər.
Meymun aralıdan maraqla onu
süzürdü.
Miriş özlüyündə mülahizə
elədi: “Nə təhər də baxır e, deyir görən
nə düzəldir qaçqın?”
- Hə, nədi,
nə baxırsan? - üzünü meymuna tutdu. - Tütək
düzəldirəm, çoban tütəyi, - dedi.
Meymun ehmal-ehmal yovuqlaşdı. Əlini əlinə
vurub ciyildədi.
- Sevincəyə düşüb. deyəsən,
- Miriş mızıldandı. Qamışın hamar səthində
oyuqlar açdı. - İndi sənin havanı çalacam, -
qımışdı. Dediyinə peşman oldu, meymun havası
bilmirdi ha... Fikirləşdi ki, tərəkəmədən-zaddan
bir şey çalar, Makaka da qol
götürüb süzər o baş-bu başa, mayallaq
aşar. Meymuna nə var, oynamağa girəvə gəzir.
Miriş tütəyi dodaqlarına
apardı, ovurdlarını köpürdüb pülədi.
Musiqinin hənginə yatan hərəkətlər eləyir,
başını aramla tərpədirdi, elə bil
ovsunçuydu, ilan ovsunlayırdı.
Tütəyin titrək ahənginə
Makaka devikdi, insanın meymunluq eləməyindən baş
açmırdı. Dalı-dalı gerilədi, təlaşla əllərini
sinəsinə döyəcləyib
çığırdı.
- Balam, deyəsən, sümüynə
düşmədi axı, - Miriş donquldandı. Havanı dəyişdi,
bu dəfə cəngi çaldı.
Meymun daha da bərkdən
çığırdı, bir haray təpdi, elə bil ətini
kəsirdilər. Hövlnak dırmaşdı ağaca.
Miriş çaldıqca Makaka daha da hündürə
qalxırdı, sanki bəni-insan əlinə çubuq
alıb heyvanı ağacdan salacaq, zorla da olsa, onu yad havaya
oynadacaqdı.
Makakanın təlaşlı
çığırtısı içindən tütəyin
titrək züyültüsü öləziyib itdi...
lll
Miriş meymunun ipindən yapışanda
heyvan qandı ki, dənizə gedəcəklər, dənizə
deyəndə, yəni sahilə. Suyla arası yox idi, yaxın
düşmürdü, amma aralıdan tamaşa eləməyə
həvəsliydi.
Çimərlikdə ətcəbala
çimişənlər meymunu əyləndirirdi, səsini
içinə qısıb kirimişcə tumançaq adamlara
baxırdı, paltarsız onları başqa gözdə - bir
köynək yaxın görürdü özünə.
Mirişə isə ən çox ləzzət
verən ləpələrin
pıçıltısıydı, olmazın həzzini
alırdı. Özü təbiətən sakit, həlimxasiyyət
olduğundan dəryanın da dinc halından xoşlanırdı.
Ləpələrin xəfif pıçıltısı ona kəndlərindəki
kəhrizin həzin
zümzüməsini xatırladırdı, ruhunu dincəldirdi.
Dənizin üzü nəhəng
aynanı andırırdı Mirişə. Oturub kirimişcə
baxırdı, nəzəri suyun hamar, ayna sinəsində gəzişir,
nəsə axtarırdı elə bil. Makaka da
gözünü dikmişdi dənizə, səssizcə
uzaqlara baxırdı...
Birdən elə bil dənizin halı dəyişdi,
Mirişin gözü qabağındaca qabardı. Uzaqda,
suların qoynundan hovur-hovur ağ çalmalı zirvə peyda
oldu - Ziyarat dağıydı. Qızıl gədiyin təpəsi
qızardı, sonra dağın ətəyinə
sığınmış kəndləri, Arpa dərə
göründü. Qoyun-quzu səpələnmişdi dərənin
döşünə... Suların üstüylə süd rəngli
ensiz cığır uzanırdı və Miriş meymunu da
yanına salıb cığırla Ziyarat dağına
sarı gedirdi. Uanının ağırlığı qeybə
çəkilmişdi, bulud kimi yüpyüngül idi, sanki
yerimir, suyun üstüylə süzürdü...
Süd rəngli bəyaz cığır
irəlidə haçalanırdı. Yol ayrıcında
meymunun ipini əlindən buraxdı.
İyun 2012
Kamil Əfsəroğlu
525-ci qəzet.-
2012.- 8 sentyabr.-S.28-29.