Xan qızının “Gül dəftəri”
“Xan qızı” adı ilə tanınan, xeyirxah işləri və nəcibliyi ilə el içində dərin hörmət qazanan görkəmli Azərbaycan şairəsi Xurşudbanu Natəvan gözəl şair və ictimai xadim kimi tanınmaqla yanaşı, həm də çox incə zövqə malik rəssam və bədii tikmə ustası olub. Özünün rəssamlıq fəaliyyətini poetik yaradıcılığından bir an belə ayrı təsəvvür etməyən Natəvan deyilənə görə bu sənətin sirlərini ona həm də ilk təhsil verən bibisi Gövhər xanımdan alıbmış. Onun bizim dövrə gəlib çatmış bədii irsi bir o qədər çox olmasa da, onlar Azərbaycan incəsənətini yeni çalarlarla zənginləşdirən sənət nümunələri kimi qəbul olunurlar. Tarix onun Qafqazda, o cümlədən Bakıda səfərdə olan məşhur fransız yazıçısı Aleksandr Dümaya özünün qonağı heyrətə gətirən tikmələrini bağışladığı faktını yaşatmaqdadır.
Şairənin rəssamlıq irsi də olduqca maraqlıdır. Belə ki, onun ərsəyə gətirdiyi qrafik əsərlər XIX əsr Azərbaycan təsviri sənətinin inkişaf tarixini özünəməxsus bədii xüsusiyyətlərlə yeniləşdirib. Bu yerdə əlavə edək ki, orta əsrlərdə duyulası tərəqqi mərhələsini yaşayan Azərbaycan miniatür rəssamlığı tədricən qazandığı özünəməxsus bədii-estetik məziyyətləri artıq XİX əsrdə özündə Qərb və Şərq bədii ənənələrini birləşdirən yeni əlamətlərlə zənginləşməyə başlamışdı. Bu prosesdə Naxçıvan və Şuşa rəssamlıq məktəbi nümayəndələrinin aparıcı rol oynadıqlarını vurğulamaq lazımdır. Əgər bilavasitə Şuşada gedən bədii proseslərə nəzər salsaq, onda rəssamlığın müxtəlif sahələrində Mir Möhsün Nəvvab, Usta Qənbər Qarabaği, onun qardaşı Səfər və oğlu Şükürlə yanaşı Xurşudbanu Natəvanın da səmərəli fəaliyyət göstərdiyini qeyd etməliyik. Onun çəkdiyi rəsmlər bədii həllinə görə o dövrdə yaradılan təsviri sənət nümunələri arasında özünəməxsusluğu ilə seçilir, desək, həqiqəti ifadə etmiş olarıq.
Şairənin 1886-cı ildə hazırladığı 227 səhifəlik albomda (hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır) onun bənzərsiz gözəllik duyumu ilə tanış olmaq mümkündür. Mütəxəssislərin həm də “Gül dəftəri” adlandırdıqları bu albomda şairə-rəssamın yazdığı on üç qəzəllə yanaşı onun sulu boya və karandaşla çəkdiyi müxtəlif güllər - qızılgül, bənövşə, qərənfil, eləcə də yasəmən, lalə və süsən əks olunmuş rəsmlər toplanıb. Rəsmlərin arasında mənzərə və müxtəlif bitkilərin təsvirinə də rast gəlmək mümkündür. Onların sayı otuza çatır. Bütünlükdə götürsək, onların həm rəngarəng motivlərində, həm də dəyişkən rəng çalarlarında ifadə olunan təsiredici ovqat şairənin poetik irsinin daşıdığı lirik ruhla həmahəng səsləşir. Bunu əksər hallarda albomun səhifəsində yanaşı yerləşdirilmiş şeir və təsvirin oxuciya-tamaşaçıya aşıladığı bədii-psixoloci əhvali-ruhiyyə də təsdiqləyir. Yuxarıda qeyd etdiyimiz kimi, Natəvanın bədii yaradıcılığı həm də çoxəsrlik tarixə malik Azərbaycan təsviri sənətinin yeni bədii-estetik məziyyətlərlə yeniləşməsinə xidməti ilə diqqət çəkir. Əgər M.M.Nəvvab bunu daha çox Şuşada, Usta Qənbər isə Şəkidə gerçəkləşdirdikləri divar rəsmlərində ifadə etmişdisə, Natəvan ifadə vasitələrinin özünəməxsusluğunu qrafika sahəsində reallaşdırmışdı. Əlavə edək ki, şairənin rəssamlıq sahəsindəki adlarını çəkdiyimiz kişi həmkarlarının müxtəlif funksiyalı binaların interyerinə gözəllik bəxş edən divar rəsmləri daha çox bədii ifadənin monumental-dekorativ xüsusiyyətinin qabardılmasına istiqamətlənmişdisə, onun özü əsərlərinin lirik duyğu daşıyıcılığınıa yüksəlməsinə çalışmışdı. Bu mənada Natəvan ünvanlı bədii irsdə gerçəkliyin fərqli bədii görkəm alması məsələsini qiymətləndirməli olsaq, onda bu fərdi bədii xüsusiyyətin özündə ənənə və müasirliyi birləşdirdiyini vurğulamalıyıq. Belə ki, görüntüyə gətirilənlər duyulası qədər real görkəmə malik olmaqla yanaşı, həm də bədii stiləzəyə məruz qalmış lakonik biçimdədir. Başqa sözlə desək, işıqlı yerlikdə gerçəkləşməyi ilə qədim Çin-uyğur bədii ənənələri ilə, bədii ümumiləşdirmələri ilə Təbriz miniatür məktəbi nümunələri ilə səsləşən, onlarla anım yaradandırsa, Natəvan rəsmləri eyni zamanda həm də bədii şərhinə görə kifayət qədər realdırlar. Onun naturadan çəkildiyi şübhə doğurmayan “Üzüm salxımı”,”Lalə”, “Gül”, “Çiçək”, “Süsən”, “Qərənfil” və s. rəsmləri Azərbaycan təsviri sənətində sonradan geniş yayılacaq natürmort canrının ilkin işartısı olması baxımından da əhəmiyyətlidir. Bilərəkdən təsvirin diqqətçəkənliyini şərtləndirən neytral fon-yerlikdə görüntüyə gətirilən “cansız əşyalar” Natəvan təqdimatında, onun bədii təfsirində cəlbedici olmaqla yanaşı, həm də dəyişkən rəng həllinə görə duyğulandırıcı və yaddaqalandırlar. Bununla da Azərbaycan poeziyasında dərin iz saldığını bənzərsiz qəzəlləri ilə təsdiqləyən şairə o vaxta qədər ki, milli təsviri sənətimizdə yer almış əfsanəvi-mifik obrazlar dünyasına yeni motivlər gətirib. Xurşudbanu Natəvan haqqında söz açdığımız alboma çəkdiyi “Bülbül”, “Bənövşə”, “Gül”, “Qərənfil” və “Pərvanə” təsvirlərinin yanında bu zərif və incə varlıqlara həsr etdiyi şeirlərini yerləşdirməklə haradasa ədəbiyyatla təsviri sənətin yaddaqalan sintezini yaratmağa nail olub. Əslində bunun özü də zəngin tarixə malik qədim Azərbaycan kitab sənəti ənənələrinə yeni forma-biçim verməyin əyani nümunəsi sayıla bilər...
Yeri gəlmişkən bu rəsmlərin toplandığı 227 səhifəlik albomun zahiri bədii tərtibatından söz açmasaydıq, yəqin ki, onu görənlər bizi haqlı olaraq diqqətsizlikdə günahlandıra bilərdilər. Belə ki, albom ilk növbədə cildindəki tirmə üzərində rəngli saplarla və muncuqlarla işlənmiş bəzək elementləri ilə diqqət çəkir. Cildin bir tərəfində nərgiz, qızılgül və miladi tarixlə “1886-cı il”, o biri tərəfində isə küknar, qovaq, şam ağacı və hicri tarixlə “1304-cü il” toxunub...
Natəvanın çəkdiyi bülbül , at, pərvanə və digər varlıqların təsvirlərində də onun gerçəkçi sənətin bədii ənənələrinə bələdçiliyi duyulur. Bütün bədii yaradıcılığı boyu özünün fitri istedadını sərgiləyən Xan qızı nəbati motivli rəsmlərində olduğu kimi fauna aləminə həsr etdiyi əsərlərində də həm qədim milli bədii ənənələrə, həm də artıq Azərbaycan bədii məkanında özünü “qonaq” hesab etməyən Avropa realist-gerçəkçi sənətinin ifadə xüsusiyyətlərinə bələdliyini nümayiş etdirməyə nail olub. Onun artıq Azərbaycan təsviri sənətində möhkəmlənməkdə olan Qərb rəssamlığına xas ifadə vasitələrindən geniş istifadə etməsini çəkdiyi mənzərələrdə izləmək mümkündür. Natəvanın bədii ifadə tərzində müəyyən qədər primitiv sənət prinsiplərinin mövcudluğu isə bütünlükdə kompozisiyalara xoşagəlimlilik bəxş edib, desək, yanılmarıq. Bu mənzərələr özündə həm ayrı-ayrı təbiət detallarını, həm də şəhər və dəniz mənzərələrini əhatə edir. Əgər o, gözəgəlimli ağacları və ifadəli siluetə malik budaqları bilavasitə doğma Qarabağ təbiətində aşkar edib bədiiləşdirmişdisə, şəhər və dəniz mənzərələrini Bakı və Tiflisə səfərləri zamanı çəkmişdi. Mənzərə canrında çəkilmiş bu əsərlərin zamanına görə diqqətçəkən bədii məziyyəti onlarda perspektivin və fəza dərinliyinin özünəməxsus tərzdə ifadə olunmasıdır. Qeyd etdiyimiz bu məziyyətləri Natəvanın çəkdiyi Qarabağ ünvanlı lövhələrlə yanaşı, “Bakı mənzərəsi”, “Dağlara yol”, “Dəniz kənarı”, “Məscidli qala”, “Sahil kənarında körpü” və s. mənzərələrində müşahidə etmək olar.
Tarixdən şairə-rəssamın Tiflisdə oğlu Mehdiqulu xanın yanında olarkən bir-neçə gözoxşayan mənzərələr işlədiyi də məlumdur. Onun “Metex qalası”, “Şeyx Sənan dağı”, “Narınqala”, “Kür qırağı” və “Müctəhid bağı” mənzərələri bu gün bədiiliyi ilə yanaşı Gürcüstan paytaxtının XIX əsr görkəminin necəliyini yaşatdığından həm də tarixi əhəmiyyət kəsb edir. Natəvanın bədii yaradıcılığını görən müasirləri həmin əsərləri yüksək dəyərləndirmişlər. Şair Həsən Yüzbaşının Natəvanın mənzərələri barəsində dilə gətirdiyi “Bunu nəinki adi bir insan, hətta Şərqin məşhur rəssamlarından olan Mani və Behzad da yarada bilməz” sözlərində müəyyən qədər mübaliğə olsa da, hər halda şairə-rəssamın əsərlərindəki yüksək sənətkarlığın hələ zamanında müasirlərinin diqqətini cəlb etdiyini və heyrətləndirdiyini təsdiqləyir.
Xurşudbanu Natəvanın “Gül dəftəri”nə daxil edilmiş bədii yaradıcılıq nümunələri arasında tarixi əhəmiyyətə malik digər rəsmlər də mövcuddur. Bunların arasında məşhur Şeyx Şamilin evinin və Qunib qalasının rəsmi diqqət çəkir. Ehtimal etmək olar ki, bu rəsmlər şairənin həyat yoldaşı Xasay xan Usmiyevlə birlikdə Dağıstana səfərləri zamanı çəkilib...
Natəvanın C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində qorunan dörd rəsm əsəri də gül-çiçək motivli olmaqla, özünün ifadəli görünüşünə və incə rəng həllinə görə maraq doğurur.
Yəqin ki, lirik duyğulu şairənin həm də incə zövqlü qadın olması qarşılığında muncuqlu tikmə üsulunda gözoxşayan tikmələr ərsəyə gətirməsini təbii saymaq olar. Yaxşı haldır ki, belə nümunələrin bəziləri vaxtı ilə dövlət muzeyləri üçün alınıb. Bu səbəbdən də bu gün bizim onları görmək, bu milli dekorativ-tətbiqi sənət nümunələrini dəyərləndirmək imkanımız yaranıb. Məlumat üçün bildirək ki, məişətdə istifadəsi nəzərdə tutulan həmin tikmələr Milli Azərbaycan Tarixi və Milli Azərbaycan İncəsənəti Muzeylərində saxlanılır. Əlavə edək ki, muncuqlarla bəzədilmiş belə nəfis tikmələrdən birini Natəvanın həyat yoldaşı X.Usmiyev 1858-ci ildə Bakıya gəlmiş məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşündən sonra, qonağa ona bağışlanan silaha cavab olaraq ərməğan edib. Yeri gəlmişkən, Natəvan bəzilərinin iddia etdiyi kimi Dümanın Qafqaz səfəri zamanı onunla Qarabağda yox, bilavasitə Bakıda - İçərişəhərdə görüşüb. Deyilənə görə azərbaycanlı şairənin həmin əl işi bu gün də Dümanın Fransadakı ev muzeyində saxlanılır.
Bu yerdə onu da əlavə edək ki, Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub. Mahud üzərində qızıl-gümüş saplarla toxunmuş bu tikmənin tamaşaçılar tərəfindən maraqla qarşılanmasını onların gözoxşayan naxış örtüyü və duyğulandırıcı rəng həlli olub...
Yekun olaraq demək olar ki, Xurşudbanu Natəvanın özündə qrafika və dekorativ-tətbiqi sənət sahəsində yaratdığı əsərləri əhatə edən bədii irsi daşıdığı yüksək bədii dəyərə görə XIX əsr Azərbaycan incəsənətinin inkişafında yaddaqalan mərhələ olmaqla yanaşı, öz yaradıcılığında poeziya ilə təsviri sənəti uğurla qovuşdurmağı bacaran incə zövqlü bir sənətkarın gözəllik duyumunu əks etdirən, qədim və tutumlu bədii saxlancımızı zənginləşdirən bədii-tarixi əhəmiyyətli milli sərvətdir. Odur ki, əslində çoxdan zamansızlaşdığını təsdiqləyən belə irsin bundan sonra da bütün məkanlarda xalqımıza başucalığı gətirəcəyi birmənalıdır...
Ziyadxan ƏLİYEV,
Əməkdar incəsənət
xadimi
525-ci qəzet.-
2012.- 8 sentyabr.- S.24-25.