Açıq cəmiyyət,
plüralizm və mətbuat: Reallığın təhlili,
perspektivə baxış
- Mətbuat
Şurasının fəaliyyətini, bu qurumun mətbuatın,
curnalistikanın inkişafı yönündə
gördüyü işləri necə qiymətləndirərdiniz?
- Bu
gün Azərbaycan Mətbuat Şurası çox
lazımlı və unikal işlər görür. Amma onun da
imkanları məhduddur. Mətbuat Şurası dövlət təşkilatı
deyil. Səlahiyyətləri məhduddur. Hesab edirəm ki, Mətbuat
Şurasının dövlətin himayəsinə ehtiyacı
var. Bəzən bu fikrə irad tuturlar ki, əgər Mətbuat
Şurası dövlətin himayəsinə keçsə,
onda müstəqil olmayacaq. Razılaşmıram. Mətbuat
Şurası kifayət qədər azaddır və
yaxşı işlər görür, çoxşaxəli fəaliyyət
göstərir. Dövlət dəstəyi olsa, daha çox
işlər görə bilər.
Mətbuat
üzrə Müvəkkil strukturunun yaradılmasına da
müsbət baxıram. Çünki bu, mətbuatın
hörmətinin, nüfuzunun qalxmasına səbəb
olardı. Bu sadaladığımız tədbirlər
yalnız buna xidmət edən amillərdir. Doğrudur, Azərbaycan
hökuməti, prezidentimiz bu gün mətbuatın
inkişafı üçün kifayət qədər səy
göstərir. Hələ ümummilli lider Heydər Əliyevin
dövründə qəzet və curnalların borcları
bağışlanıldı. Sonra Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondu
yaradıldı, hazırda curnalistlər üçün bina
tikilir. Bütün bunlar qəzetlərin normal inkişafı,
curnalistlərin rifahı üçün zəmin yaradır.
Bunların hamısı yaxşıdır. Amma daha
yaxşı olardı ki, bütün bunlar hamısı
haqqında danışdığımız konsepsiya çərçivəsində
toplansın. Qoy sabah o konsepsiyada olsun ki, hazırki bina istifadəyə
veriləndən sonra növbətiləri tikiləcək. Biz
də curnalistikaya aid nəsə axtaranda həmin
konsepsiyanın müddəalarına müraciət edək. Gələcəkdə
həmin konsepsiyanın müddəalarına uyğun olaraq
qanun və sərəncamlar da vermək olar.
- Məhkəmələrdə
qəzetlərə kəsilən fantastik cərimələrə
münasibətiniz və sizcə, niyə məhkəmələrdən
həmişə qəzetlər borclu çıxır?
- Qəzetlərin
cərimələnməsi məsələsi bir curnalist kimi məni
də ciddi narahat edir. Məhkəmələrin bununla
bağlı çıxardıqları qərarların əleyhinəyəm.
Sizin təbirinizcə desək, rəqəmlər doğrudan
da fantastikdir. Heç bir reallığı əks etdirmir və
bu rəqəmlərin haradan götürüldüyü də
məlum deyil. Şərəf və ləyaqətin təhqiri
konkret rəqəmə bağlanmır. Heç kəs deyə
bilməz ki, mənim şərəf və ləyaqətimin
qiyməti 30 min manatdır, filankəsinki 100 manat. Bu, absurd bir
məsələdir. Anlayışım yoxdur o rəqəmlər
haradan çıxır, necə müəyyənləşdirilir.
Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 147 və
148-ci maddələri var. Orada təhqir və böhtana görə
cərimə dərəcələri və cərimə
olmazsa, azadlıqdan məhrumetmə və həbs cəzası
nəzərdə tutulur. Bu gün Azərbaycanda rəsmi rəqəmlər
bunlardır. Yəni minimum əməkhaqqının müəyyən
misli qədər. Nə qədər olsa da həmin fantastik rəqəmlərə
gətirib çıxarmaz. İclasların birində ulu
öndərimiz üzünü məmurlara tutub dedi ki,
heç ömrünüzdə görmüsünüzmü
mən hansısa qəzeti məhkəməyə verəm? Bir
az mətbuata qarşı dözümlü olun. Açıq
şəkildə bununla məmurları tolerant olmağa
çağırmışdı. Lakin bir məsələ var
ki, bəzi qəzetlər ölkənin təhlükəsizliyi,
vətəndaş qarşıdurması və yaxud hansısa
məsələ ilə bağlı məsuliyyətsiz bəyanatlar
verirsə, onları nəinki məhkəməyə vermək,
ümumiyyətlə, bağlamaq lazımdır. Amma butun
hallarda qəzetlərin astronomik cərimələnməsini məqbul
saymıram.
- Mətbuatımızın
problemlərdən qurtulması, inkişaf etməsi
üçün hansı tədbirlərin görülməsini
zəruri hesab edirsiniz?
- Onu
demək istəyirəm ki, bəzilərinin hesab etdiyi kimi,
yalnız Qərbə baxaraq güclənməyin, ölkədə
qayda-qanun yaratmağın əleyhinəyəm. Hər bir
ölkənin, məmləkətin özünün mental
xüsusiyyətləri, öz inkişaf perspektivləri və
tarixi inkişaf yolu, modeli var. Biz kimlərinsə xoşuna gəlmək
üçün, təqdirini qazanmaq üçün fəaliyyət
göstərməməliyik. Öz inkişaf yolumuzu,
perspektivimizi özümüz müəyyən eləməliyik.
Uurnalistka yaradıcılıq sahəsidir.
Ölkənin
bütün zamanlarda da öndə gedənləri ziyalılar
olub. Bu nöqteyi-nəzərdən də özündə dəyərli
ziyalıları birləşdirən sahə kimi hər bir
dövlətin, hökumətin borcu mətbuatı inkişaf
etdirməkdir. Bizim indiki gənc nəsil kitaba, mütaliəyə
o qədər də həvəsli deyil. İnternet və
televiziya daha çox gənclərimizin maraq dairəsindədir.
Elektron kütləvi informasiya vasitələrinin fəaliyyətinin
təşkilində elə bir qayda-qanun yaratmalıyıq ki,
onlar cəmiyyətin yetişməsinə, gənc nəslin
düzgün formalaşmasına stimul versin, onu səfərbər
eləsin. Mətbuatın maarifçilik funksiyasını bu
gün əyləncə əvəzləyib. Bu, normal deyil. Hər
bir hökumətin kütləvi informasiya vasitələri ilə
bağlı konsepsiyası olmalıdır. Bu konsepsiya cəmiyyətin
firavan yaşaması üçün sosial cəhətdən
daha da təminatına xidmət eləməlidir. Bunun
üçün də lazımdır: maarifçilik,
maarifçilik, maarifçilik. Bölgələrdə, eləcə
də paytaxtda yaşayan insanları sivil birgəyaşayış
qaydalarına öyrətməliyik. Bunun birinci yolu qəzet-curnaldır.
Ona görə də bu məqsədlə Azərbaycan mətbuatının
cəmiyyətə təsirinin maksimum səmərəliliyini
təmin etmək üçün reket curnalistikaya son
qoyulmalıdır, QHT adı ilə fəaliyyət göstərən
şübhəli qurumlar sıradan
çıxarılmalıdır. Hamımız cəmiyyətdə
birgə fəaliyyət göstərməliyik. Biz hələ
yenicə keçid dövründən sıyrılıb
çıxan gənc dövlətik, bir xoşbəxtliyimiz
var ki, sosial-iqtisadi göstəricilərimiz yüksəlir,
xalqın rifahı artır.
İstər
neft, istərsə də qeyri-neft sektorunda inkişaf gedir. Bu
resurslardan istifadə edilərək Azərbaycan cəmiyyətində
rifah təmin edilməlidir, bunlar bütövlükdə insan
resursunun inkişafına xidmət eləməlidir. Azərbaycanın
infrastrukturu, makrostrukturu, hökumətimizin bütün siyasəti
insan amilinin rifahına yönəlib. Orta təbəqənin fəallaşmasına,
Azərbaycanın, xalqın taleyi, inkişafı
üçün, cəmiyyətdə öz yeri, rolu barəsində
bir məsuliyyət hiss eləməsinə,
çalışmaq lazımdır ki, bu insanlar ölkənin
taleyi üçün çiyinlərində bir məsuliyyət
olduğunu hiss eləsinlər. Bu da mətbuatın işidir.
Yenə buna qayıdıram, mətbuatı gücləndirmədən,
müasir tələblər səviyyəsinə qaldırmadan
cəmiyyət qarşısında duran qlobal məsələlərin
həllinə heç cür nail ola bilməyəcəyik. Mətbuatın
keyfiyyəti yüksəldilməlidir. Burada peşəkar
kadrların yetişdirilməsinə nail olmalıyıq ki, gələcəkdə
bizim yeganə informasiya mənbəyimiz olan curnalistikanın
hörmət, inamı və nüfuzu artsın. Fikirləşirəm,
daha doğrusu ümid edirəm ki, zaman-zaman üzdəniraq
“curnalistlər” də bu işin perspektivsizliyini görüb əl
çəkəcəklər. Bu problem “Qordi düyünü”
deyil ki, bir zərbəyə həll edəsən. Vətəndaş
cəmiyyəti tam oturuşandan sonra bu problemlər aradan
qalxacaq.
- Gələcəyin
jurnalistlərini hazırlayan pedaqoqlardan biri kimi mətbuatımızın
gələcəyini necə görürsünüz?
- Azərbaycan
mətbuatının gələcəyinə çox nikbin
baxıram. O nikbinliyin də əsasını
tanıdığım yaşlı, orta nəsil və gənclərin
olması təşkil edir. Yaxşı analitik təfəkkürü
olan, gözəl qələmi və rəhbərlik qabiliyyəti
olan insanları görəndə məmnunluq hissi keçirirəm
və sevinirəm ki, bunların sayı az deyil. Onların
üzə çıxarılması da biz pedaqoqların
borcudur. Çox istedadlı gənclərimiz var, sadəcə
onlara sahib çıxmağı bacarmalıyıq. Onlara
stimul vermək lazımdır. Dövlət də müxtəlif
vasitələrlə buna çalışır. Gələcəkdə
bu tendensiyanın daha da genişləndirilməsini arzu edərdik.
Dövlət mətbuatın inkişafı üçün
çox çalışır. Pessimist olmağa dəyməz,
ümumilikdə, curnalistikamızın vəziyyəti pis
deyil, ümid edirəm ki, gələcəkdə daha
yaxşı olacaq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2012.- 8 sentyabr.- S.22.