Britaniya
generalının Bakı gündəlikləri
(Bakının azad edilməsinin 94
illiyinə həsr olunur)
Rusiya imperiyasının süqutundan sonra, xüsusən
də 1918-ci ildə Bakı uğrunda mübarizə
özünün son həddinə çatmışdı. “Qırmızı”
və “ağ” ruslar, ingilislər, almanlar Bakıya, daha
doğrusu, Bakı neftinə sahiblik uğrunda ölüm-dirim
savaşına qalxmışdılar. Öz
maraqlarını güdərək bu qüvvələrin hər
birinin işinə yaramağa və pay bölgüsündən
kənarda qalmamağa can atan ermənilər də hər vasitə
ilə Azərbaycan paytaxtında mövqelərini möhkəmləndirməyə
çalışırdılar. Başlıca məqsəd strateci sərvətlərə
sahiblənmək üçün Bakını onun həqiqi
sahiblərinin - Azərbaycan türklərinin əlindən
birdəfəlik almaq idi. 1918-ci ilin martında
erməni-bolşevik alyansının törətdiyi dəhşətli
soyqırımı da bu məqsədə xidmət edirdi.
Azərbaycan istiqlaliyyətinin elanından sonra
bolşevik-daşnak alyansının xalqımıza
qarşı mübarizəsi daha kəskin, amansız xarakter
aldı.
Müstəqilliyin ikinci həftəsi - iyunun 6-da Azərbaycanın
işğal altındakı təbii-tarixi paytaxtı Bakıda
Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq
Komissarları Sovetinin hərbi və dəniz komissarı
Q.Korqanov (Korqanyan - V.Q.) Gəncə üzərinə hücum
əmri verdi. Tiflisdə
qurulan milli hökumətin tezliklə müvəqqəti
paytaxt kimi bu şəhərə köçəcəyini və
Azərbaycan uğrunda həlledici mübarizənin buradan
başlayacağını anlayan bolşevik-daşnaklar
qabaqlayıcı zərbə endirmək istəyirdilər.
Digər tərəfdən, 1905-ci il milli
oyanışından sonra Gəncə Azərbaycan ruhunun daim
ayaqda durduğu ciddi müqavimət mərkəzi
sayılırdı. Bakıda özünü təhlükəsiz
şəraitdə və vəziyyəti ağası kimi hiss
etmək üçün Gəncəyə nəzarəti ələ
almaq lazım idi. Belə şəraitdə Azərbaycan
Cümhuriyyəti hökuməti siyasi iradə və
uzaqgörənlik göstərərək mübarizənin
önündə olmaq üçün Tiflisdən Gəncəyə
hərəkət etdi.
Ümumi sayı 13 min nəfərə çatan, əsgər
və zabitlərinin böyük əksəriyyəti
“Daşnaksütyun” partiyası mövqelərində dayanan ermənilərdən
ibarət Qırmızı ordu hissələri iyunun 12-də
Hacıqabul istiqamətindən hərbi əməliyyatlara
başladılar. İki gün sonra onlar Kürdəmir
stansiyasını ələ keçirmiş, bir həftə
sonra isə Göyçaya çatmışdılar.
Asan qələbələrdən sərməst olub eyforiyaya
qapılan Şaumyan iyunun 16-da Moskvaya, Leninə göndərdiyi
teleqramda yazırdı: “Qoşunlarımızın əhval-ruhiyyəsi
gümrahdır, intizam nümunəvidir. Ordumuz və
donanmamız Sovet hakimiyyətini qəhrəmancasına
müdafiə edəcək”.
Lakin
iyunun 17-də müvəqqəti paytaxt Gəncəyə
köçən, bundan təxminən iki həftə əvvəl
isə qardaş türk xalqı - Osmanlı imperiyası ilə
dostluq və əməkdaşlıq müqaviləsi imzalayan
Azərbaycan Cümhuriyyəti hökuməti həm
bütün daxili resursların səfərbərliyə
alınması, həm də qardaş Türkiyənin
yardımı ilə düşməni durdurmağı
bacardı. Nazirlər Şurasının qərarı
ilə iyunun 20-də bütün ölkə ərazisində
hərbi vəziyyət elan olundu. Göyçay
yaxınlığında iyunun 27-dən iyulun 1-nə qədər
davam edən qanlı döyüşlərdə Qafqaz
İslam ordusu bolşevik-daşnak qüvvələrini
tutduqları mövqelərdən vurub çıxardı və
geri çəkilməyə məcbur etdi. İyulun 2-də Ağsu, iyulun 10-da üç
günlük mübarizədən sonra Kürdəmir azad
edildi. Cəbhənin sağ və sol cinahlarında
türk əsgərləri, mərkəzdə isə polkovnik
Səlimovun komandası altında yeni yaranmış Azərbaycan
hərbi birləşmələri döyüşürdü.
Daşnakların qaçması, qırmızılar
arasında hökm sürən xaos və anarxiya, ən
başlıcası isə türk əsgərinin şücaəti
və savaşlarda doğulan milli ordunun əzmi nəticəsində cəbhə
xətti sürətlə Bakıya yaxınlaşmağa
başladı.
Sovet Rusiyası diplomatik yolla - Brestdə sülh
sazişi imzaladığı Almaniya vasitəsi ilə Azərbaycan-türk
qüvvələrinin Bakı üzərinə
yürüşünü dayandırmağa
çalışırdı. Müqabilində isə
almanlara neft vəd olunurdu. Stalin Lenindən
aldığı təlimat əsasında Şaumyana göndərdiyi
8 iyul 1918-ci il tarixli məktubda bu məsələdə
güzəştə getməyin mümkünlüyünü
və vacibliyini vurğulayaraq yazırdı: “Almanlar
Bakının bizdə qalmasına razıdırlar. Amma bunun müqabilində müəyyən qədər
neft istəyirlər. Təbii ki, onların
“xahişini” yerinə yetirə bilərik”.
Almaniya Bakı neftinə yiyələnmək, yaxud da
ondan əhəmiyyətli pay almaq naminə dünya
savaşındakı müttəfiqi Osmanlı
imperiyasını bolşeviklərlə dəyişməyə
hazır idi. Tiflisdəki alman diplomatik nümayəndəsi
(1934-1941-ci illərdə Almaniyanın SSRİ-də səfiri
- V.Q.) Fridrix fon Şulenburq hökumətinin məsələ ilə
bağlı ümidlərini ifadə edərək
yazırdı: “Ümumilikdə türklərin Bakını ələ
keçirmək imkanları çox şübhəli
görünür. Ehtimal ki, ( bu bizim
üçün ən məqbul variantdır) məğlub
olacaqlar. Əgər bolşeviklərlə
anlaşa bilsək, o zaman Bakı neft mədənlərini və
şəhərdəki neft ehtiyatlarını tam nəzarətə
götürə bilərdik. Yox, əgər
onlar (bolşeviklər -V.Q.)
niyyətlərini həyata keçirə
bilməyib şəhəri tərk etməli olsalar o zaman
bütün Bakıya od vurub yandıracaqlar. Nəticədə
nə türklər, nə də biz neft ehtiyatlarından
yararlana biləcəyik”.
Almaniya
Sovet Rusiyası iş birliyi şəraitində Bakı neftinə
sahiblənmək planını gerçəkləşdirməyə
müvəffəq olmadı. İyulun 20-də Qafqaz İslam
ordusu bolşevikləri Şamaxıdan vurub
çıxardı, bir neçə gündən sonra isə
Bakının faktiki
mühasirəsi başlandı. Bu da
öz növbəsində tarixi Azərbaycan şəhərində
süngülər üzərində qurulmuş
daşnak-bolşevik hakimiyyətinin məntiqi sonunu sürətləndirdi.
İyulun 25-də “Azərbaycanın müstəqilliyini
istəyənlərə xarabazarlıq” vəd edən
Şaumyan və əlaltıları siyasi səhnədən
çəkilmək məcburiyyətində qaldı. Bakı Sovetindəki eser, menşevik və daşnak
bloku kiçik səs çoxluğu ilə “İngilislərin
Bakıya çağırılması və bütün
sosialist partiyalarının təmsilçilərindən ibarət
hakimiyyət formalaşdırılması” adlı qətnamənin
qəbuluna nail oldu.
İki
gün sonra Şaumyan Leninə göndərdiyi teleqramda vəziyyətin
son dərəcə ağır olduğunu göstərərək
ingilislərin Bakıya dəvət edilmələri ilə
bağlı qərarın həm ordu, həm də
mülki əhali arasında
böyük ruh düşkünlüyü
yaratdığını bildirir və yardım istəyirdi:
“Bakını Rusiyadan ötəri qoruyub saxlamaq
üçün təcili qoşun göndərilməsi zəruridir.
İsrarla xahiş edirəm: nizami qoşun hissələrinin gətirilməsi
üçün təxirə salmadan tədbirlər
görün. Bizə qarşı nizami türk
ordusu vuruşur. Orada alman təlimatçılar
da var”. Göründüyü kimi, nəyin
bahasına olursa olsun Bakını əldə saxlamağa
çalışan Şaumyan öz bossunu aldatmaqdan da çəkinmirdi.
Çünki almanlar az öncə də
göstərdiyim kimi Azərbaycan paytaxtı uğrunda
savaşda türklərin dostu və müttəfiqi deyil, rəqibi
idilər. Şulenburqun da etiraf etdiyi kimi, Qafqaz
İslam ordusunun məğlubiyyəti almanlar üçün
daha məqbul variant idi.
Alman müttəfiqlərinin istəyindən
asılı olmayaraq Sovet Rusiya tərəfdarları mübarizə
meydanından çəkilmək məcburiyyətində
qaldılar. Lakin bu hələ milli hökumətin qələbəsi
deyildi. Çünki Bakıya nəzarət bolşeviklər
kimi Azərbaycan türklərinin maraqlarını təmsil
etməyən, şəhəri eser Rusiyasının tərkibində
saxlamağı qarşısına məqsəd qoyan növbəti
qısa ömürlü hərbi-siyasi qüvvənin - elmi ədəbiyyatda
Sentrokaspi diktaturası adı ilə tanınan Xəzər hərbi
donanması mərkəzi komitəsinin və onun erməni
müttəfiqlərin əlinə keçdi. Yeni hakimiyyətin
ilk addımı general Denstervilin
başçılığı altında bir neçə
aydan bəri İranda marığa yataraq “öz saatını” gözləyən
ingilis hərbi qüvvələrini Azərbaycana
çağırmaq oldu. Bakı nefti uğrunda mübarizəyə
Britaniya
imperiyası da qoşuldu.
General Denstervil və “Densterfors”
Özünü
Cənubi Qafqazda Britaniyanın Kolumbu sayan general-mayor Lionel
Çarlz Denstervil (1865-1946) Londonda doğulmuş, ilk təhsilini
Britaniya ordusu üçün hərbi qulluqçular
hazırlayan Devon məktəbində almışdı. Məktəb illərindəki yaxın dostlarından
biri gələcəyin görkəmli
yazıçısı, Nobel mükafatı laureatı Rediard
Kiplinq idi. Gənc Kiplinq özünün, eləcə də
sinif yoldaşlarının bu dövrdəki həyatından
söz açan avtobioqrafik “Stalki və dəstəsi”
romanında əsas qəhrəmanının - diribaş
Stalkinin prototipi kimi Denstervilli təsvir etmişdi.
O, hərbi
xidmətə 1884-cü ildə Britaniya silahlı qüvvələrində
başlamışdı. Sonra Hindistandakı
müstəmləkə ordusuna dəyişilmiş, indiki
Pakistan ərazisində və Çində xidmət
etmişdi. Birinci Dünya müharibəsini
Hindistanda qarşılamışdı.
1917-ci il
dekabrın 24-də Hindistanın şimal-qərb sərhədindəki
piyada briqadasının komandiri polkovnik Denstervil təcili şəkildə
müstəmləkə ordusu qərargahına (Dehli) gəlmək
barədə gizli əmr almışdı. Bu əmr
təsadüfi xarakter daşımırdı. Bir gün əvvəl, dekabrın 23-də Parisdə
keçmiş Rusiya imperiyasının nüfuz dairələrinə
bölünməsi ilə əlaqədar gizli ingilis-fransız
konvensiyası imzalanmışdı. Konvensiyanın şərtlərinə
görə Don hövzəsu, Qafqaz və
Türküstan britaniyalıların “hərəkət
sferasına” daxil edilmişdi. Hərbi, siyasi və
iqtisadi baxımdan böyük əhəmiyyətə malik
olan bu regionlara nəzarət Britaniya hökumətinin strateci
planlarına daxil idi. Polkovnik Denstervil də
məhz bu səbəbə görə birdən-birə yada
düşmüşdü.
Çar Rusiyasının süqutu ilə yaranan hərbi-siyasi
vəziyyət qarşıya Böyük Britaniya müstəmləkələrinin
və imperiya maraqlarının müdafiəsi ilə
bağlı yeni vəzifələr qoymuşdu. Hərbi nazirlikdə Vilyam
Robertson və Lord Kerzonun rəhbərliyi altında fəaliyyət
göstərən “Şərq komitəsi” alman-türk
qüvvələrinin imperiya maraqlarına təhlükə
törədə biləcək
planlarını önləmək üçün xüsusi hərbi missiyalar
yaratmağa başlamışdı. General-mayor
Vilfrid Mallesonun missiyası İran-Əfqanıstan sərhədinin
şimal hissəsini, Məşhəd şəhərini və
Zakaspi dəmiryolunun mühüm qovşaqlarından olan
Aşqabadı qorumalı idi. General Georg
Makkartninin missiyasına Rusiya və Çin
Türküstanı (Kaşqar) arasında sipər qüvvə
rolunu oynamaq vəzifəsi həvalə edilmişdi. Denstervil
isə Ənzəli və Bakı limanlarına, Xəzərin
qərb sahillərinə nəzarəti təmin etməli,
Tiflisdə Müttəfiq dövlətlərlə iş
birliyinə girmək istəyən qüvvələrlə əlaqə
yaratmalı idi.
Növbəti
il yanvarın ilk günlərində ona
general-mayor rütbəsi və tarixə “Densterfors” (“Denstervil
ordusu” -V.Q.) adi ilə düşən elitar hərbi birləşməni
formalaşdırmaq tapşırığı verildi. Təşkilinə
bir neçə gün sonra
Bağdadda başlanan, İranda davam etdirilən və
Bakıya daxil olan zaman ümumi
sayı təxminən 1000 nəfər əsgər və
zabitdən ibarət qrupun tərkibinə Mesopotomiya və Qərb
cəbhələrinin seçmə hissələrinin hərbi
qulluqçuları daxil edilmişdi. Burada
britaniyalılarla yanaşı avstraliyalı, kanadalı və
yeni zelandiyalılar da vardı. Qrupun adı komandanın
-general Lionel Denstervilin soyadından
götürülmüşdü.
Hərbi
missiyanın təşkilindən məqsəd Qafqaza və Mərkəzi
Asiyaya can atan alman-türk qüvvələrinin Böyük
Britaniya müstəmləkələri, ilk növbədə Əfqanıstan
və Hindistan üçün yarada biləcəkləri
mümkün təhlükənin qarşısını almaq
idi. Rusiya Birinci Dünya müharibəsindən
çıxdıqdan sonra bu təhlükə daha real
görünürdü. “Densterfors” İran
ərazisindən keçərək Xəzər dənizi, Azərbaycan,
xüsusən də regionda alman təsirinin daha nəzərəçarpacaq
şəkildə duyulduğu Tiflisdə Britaniyanın maraq və
mənafelərini qorumalı idi. Bu məqsədə
çatmaq üçün hərbi kəşfiyyat məlumatının
toplanması, yerli hakimiyyətlərlə əlaqə
qurulması, İran və Qafqazda alman təsirinin zəiflədilməsi
tələb olunurdu.
“Azərbaycan
türkləri” kitabının müəllifi, amerikan
tarixçisi Odri Aldştadın yazdığına görə,
Britaniya imperiyasının Cənubi Qafqazla bağlı
planlarının məruz qaldığı dəyişikliklər
nəticəsində yuxarıda sadalananlarla yanaşı
general Denstervilin üzərinə bir sıra digər vəzifələr
də qoyulmuşdu. Bunlardan birincisi Bakını
ələ keçirdikdən sonra şəraitin tələblərinə
uyğun şəkildə neft mədənlərini nəzarətə
götürərək qorumaq, yaxud da zərurət
yarandığı təqdirdə onları məhv etmək
idi. Digər vəzifələr
sırasına bolşeviklər barəsində mümkün qədər
ətraflı məlumat toplamaq, Qafqazdakı erməni hərbi
birləşmələrinin Osmanlı imperiyasına
qarşı silahlı mübarizəsini təşkil etmək
və əlaqələndirmək daxil idi. Yenə də
O.Aldştadın yazdığına görə real hakimiyyətdə
olmasa da, Bakıda söz sahibi sayılan Şaumyan hələ
fevral ayında “Densterfors”un Azərbaycan ərazisindən
keçərək Tiflisə getməsinə razılıq
vermişdi. Şaumyanın və “erməni
partiyasının” Bakıya nəzarəti əldə saxlamaq
üçün istənilən qüvvə ilə əməkdaşlığa
hazır olduğunu nəzərə aldıqda, bu məlumat həqiqətdən
o qədər də uzaq görünmür.
“Densterfors”un ilk tarixçisi ingilis generalının
özü olmuşdu. O, 1911-ci ildən başlayaraq əhatəli
gündəlik aparmışdı. (1911-1922-ci illəri əhatə
edən gündəliklərin oricinal mətni ilə www.
gwdpa.org/Dunsterwille
saytında tanış olmaq mümkündür -
V.Q.). Cari qeydləri, topladığı
çoxsaylı sənəd və materiallar, habelə şəxsi
müşahidələri əsasında 1920-ci ildə Londonda
“The Adventures of Dunsterforse” (“Densterfors”un macəraları”)
kitabını çap etdirmişdi. Cənubi Qafqazın
yaxın tarixi ilə bağlı fərqli mövqeyi əks
etdirən həmin kitab 1925-ci ildə Tiflisdə, “Severnı
Kavkaz” nəşriyyatında B.Rudenkonun tərcüməsində
müəllifin yəqin ki, əsla ağlına gəlməyən,
amma sovet təbliğatı üçün səciyyəvi
olan “Britaniya imperiyası Bakıda və İranda” adı ilə
nəşr olunmuşdu. Səhv etmirəmsə,
Britaniya hərbi qüvvələrinin Bakıya ilk
ekspansiyası və general Denstervilin ermənilər və
Sentrokaspi diktaturası ilə əməkdaşlığı
indiyə qədər tarixçilərimizin təfərrüatlı
araşdırma obyektinə çevrilməmişdir. Bu məsələyə aydınlıq gətirmək
məqsədi ilə qələmə aldığım məqalədə
həm general Denstervilin adı çəkilən
kitabından, həm də onun gündəliklərindən
geniş istifadə edilmişdir.
Dehlidə
tələsik qərargahını formalaşdıran Denstervil
Kəraçi və Bəsrədən keçərək
1918-ci il yanvarın 18-də Bağdada gəlmişdi.
Ertəsi gün Londona göndərdiyi teleqramda
o, tabeliyinə verilmiş zabitləri Bağdadda gözləmək,
sonra isə birbaşa Xəzərin İran sahilindəki Ənzəli
şəhərinə hərəkət etmək niyyəti barəsində
xəbər verirdi. Buradan dəniz yolu ilə
Bakıya, daha sonra isə Zaqafqaziya dəmir yolu ilə Tiflisə
getməli idi. İngilis generalı ən
geci iki həftəyə Azərbaycan paytaxtına
çatmağı planlaşdırırdı. Ardınca neft mədənlərini, Bakı - Batumi
neft kəmərini və Bakı - Tiflis dəmiryolunu nəzarətə
götürmək qalırdı. Denstervilin
fikrincə, bu tədbirlərin həyata keçiriləcəyi
təqdirdə alman-türk alyansının Bakı ilə
bağlı niyyətlərinin qarşısını almaq
mümkün olacaqdı.
Yanvarın
27-də öncül qüvvələrinin başında “Ford”
markalı 41 maşınla Bağdaddan yola çıxan ingilis
generalı mənzil başına əvvəlcədən
düşündüyü kimi fevralın deyil, yalnız avqustun
ortalarında gəlib çıxa bildi. Doğrudur,
fevralın 18-də onları Bakıdan sadəcə bir
günlük məsafə ayırırdı - yəni Xəzərin
qarşı tərəfindəki Ənzəli limanına
çatmışdılar. Lakin şəhər
İran hakimiyyətinin (əgər həmin dövrdə
ümumiyyətlə İranda normal hakimiyyət
institutlarının fəaliyyət göstərdiyini söyləmək
mümkünsə!) deyil, Bakıdan idarə olunan bolşeviklərin
nəzarəti altında idi. Ən əsası isə
yerli hərbi-inqilab komitəsi “Densterfors”un
missiyası və məqsədləri barədə yetərincə
məlumat toplaya bilmişdi.
Ənzəli
bolşeviklərinin başçısı Çelyabin
Denstervillə görüşərək Rusiyanın
müharibəni dayandırdığını, Almaniya,
Türkiyə və Avstriya ilə sülh müqaviləsi
imzaladığını, Britaniya qarşısında
heç bir öhdəliyinin qalmadığını və bu
ölkə ilə hər hansı iş birliyinə getməyəcəklərini
bildirmişdi. Ənzəlidə teleqraf və
telefonun, radiostansiyanın, bütün neft və neft məhsullarının
bolşeviklərin əlində olduğunu, eyni zamanda dəniz
limanına da nəzarət etdiklərini
xatırlatmışdı. İcazəsiz
dənizə çıxan bütün gəmiləri atəşə
tutacaqlarını xəbər vermişdi. General
Denstervil inqilab komitəsində keçirdiyi gərgin
görüşdən sonra gündəliyində
yazırdı: “Bolşeviklər bizə Bakıya getməklə
bağlı hətta hər hansı təşəbbüsü də
yasaq edirlər. Bakı bolşevik hökumətinin
əlindədir, gəlmək xəbərimizi eşidərək
radio ilə nəyin bahasına olursa olsun, bizi tutub saxlamaq barəsində
əmr göndəriblər. Rusiya üçün
müharibə qurtarmışdır və onlar savaşın
uzanmasına can atan missiyanın fəaliyyətinə heç
bir vəchlə razılıq verə bilməzlər”.
Görüş
zamanı Ənzəli inqilab komitəsinin üzvləri əməkdaşlıqla
bağlı öz variantlarını təklif etmişdilər:
əgər Denstervil rəsmi şəkildə və
yazılı formada bolşevik hökumətini
tanıdığını bildirsə, üzərinə
atacağı bütün addımları bu hökumətlə
razılaşdırmaq öhdəliyi götürsə, o zaman
Bakıya getməsi mümkün və məqbul
sayılırdı. Britaniya generalı siyasətə
qarışmaq niyyətində olmadığını, sadəcə
Rusiyaya və rus xalqına kömək etmək istədiyini
bildirərək təklifdən boyun
qaçırmışdı. Eyni zamanda kifayət qədər
silah-sursatının olduğunu xatırladaraq lazımi təqdirdə
açıq savaşa girə biləcəyini də gizlətməmişdi.
Lakin bu hədə-qorxunun perspektivsizliyini özü də başa
düşürdü. Hər iki tərəfdə
müəyyən hazırlıq işləri aparmadan Xəzərin
qarşı sahilinə çıxmaq mümkün deyildi.
Hətta gəmi tapsa, bolşevik toplarından yayınsa da, sərəncamındakı
canlı qüvvə, avtomobil və sursatın
hamısını apara bilməyəcəkdi. Demək,
onlar Ənzəli inqilabçılarının əlinə
keçəcək və lazım gələrsə, ingilislər
əleyhinə istifadə olunacaqdı. Digər
tərəfdən, Bakı bolşeviklərinin
britaniyalıları gül-çiçəklə
qarşılamayacaqları da gün kimi aydın idi. Belə şəraitdə hərbi qarşıdurma zərurətə
çevriləcəkdi. Hadisələrə
ayıq başla yanaşmağı və manevr etməyi
bacaran ingilis generalı dərhal valı dəyişmişdi.
Çelyabinin ağıllı məsləhətinə qulaq
asaraq Xəzərin Azərbaycan sahilinə keçmək
fikrindən daşındığını, mənzil qərargahını
İranın içərilərinə - Həmədana
köçürmək niyyətində olduğunu bildirmişdi. Bu siyasi
reverans öz müsbət bəhrəsini vermişdi.
Denstervil “üzüyolalığı” müqabilində bolşeviklərdən xeyli
benzin almışdı.
Çelyabinin Ənzəlidə daha bir gün qalmaqla
bağlı təkidlərinə baxmayaraq Denstervil dərhal Rəşt
və Qəzvindən keçərək Həmədana
dönmüşdü. Təkidlərin əsl səbəbini isə
bir neçə gün sonra başa
düşmüşdü. Bunu gündəliyindəki
aşağıdakı qeyddən də görmək
mümkündür: “Bizim şəhərdən
çıxmağımızla demək olar ki, eyni vaxtda Ənzəliyə
Bakıdan Qırmızı qvardiynın güclü hissələrinin
gəlməsi xəbərini aldım. Görünür,
Çelyabinin sonrakı hərəkət marşrutumuzla
bağlı Bakıya göndərdiyi hansısa sorğu ilə
əlaqədar bizi Ənzəlidə daha bir gün saxlamaq barədəki
israrlı xahişləri də bu dəstənin gəlişi
ilə bağlı imiş. Ənzəli
bolşeviklərinin cəsarət etmədiyi işi - ingilis
missiyasının həbsini Bakıdan gələn
qırmızı qvardiyaçıların həyata
keçirmələri planlaşdırılıbmış”.
Hadisələrin
üstündən bir neçə ay keçəndən sonra
Bakı Soveti hökumətinin rəsmi orqanı “İzvestiya
Bakinskoqo Soveta” qəzeti 16 iyun 1918-ci il tarixli sayında
“İngilislər İranda” adlı redaksiya məqaləsində
yazırdı: “General Denstervilin başçılıq etdiyi
ingilis missiyası Zaqafqaziya hökumətini məngənəyə
salmaq üçün Ənzəliyə
gələrək Tiflisə yola düşmək istəyəndə
fars sosial-demokrat partiyası rus hərbi-inqilabi komitəsinin
önündə öz mühafizəçilərini yerləşdirdi.
Yalnız
Denstervilin Tiflis səfərinə yol verilməyəcəyi
və ona təzədən Mesopotomiyaya qayıtmaq təklif
edildiyi aşkara çıxdıqdan sonra həmin mühafizə
qüvvələri oradan
yığışdırıldı. Çünki
farslar ingilis “Ford”unun təkərinin hun atlarının
dırnaqlarından daha dağıdıcı gücə malik
olduğunu çox yaxşı bilirlər”.
İngilislər üçün Rəşt şəhəri
də yetərincə təhlükəli yer
sayılırdı. Özünü Britaniya imperializminin düşməni
elan edən, rus bolşeviklərinin təsiri altında
İranda milli-azadlıq mübarizəsi başlatmaq
iddiasına düşən Mirzə Kiçik xan və onun cəngəlilər
(“meşə qardaşları”) hərəkatı ingilis
ekspedisiyası ilə haqq-hesab çəkməyə tələsirdi.
Bir neçə ay sonra bu qüvvələr həqiqətən
də üz-üzə gəldilər və döyüş
“cəngəlilərin” məğlubiyyəti ilə başa
çatdı. General Denstervilin sarkazmla dolu
təsvirlərindən də göründüyü kimi, hətta
alman hərbi təlimatçıların mövcudluğuna
baxmayaraq cəngəlilərin hərbi gücləri
başıpozuq dəstədən başqa heç nəyi
xatırlatmırdı. Lakin istənilən halda 1918-ci
ilin fevralında
silahlı qarşıdurmadan yayınmaq
mümkün olmuşdu.
Bağdad və Londonla apardığı məsləhətləşmələr zamanı generala hələlik Həmədanda gözləmək, İran tərəfinin bütün addımlarını nəzarətdə saxlamaq və ilk imkan yaranan kimi Cənubi Qafqaza doğru hərəkət etmək əmri verilmişdi. Denstervil alternativ marşrut kimi Qəzvin -Təbriz-Culfa istiqamətini, Culfadan isə dəmiryolu ilə Tiflisə yollanmaq variantını təklif etsə də, bir tərəfdən Şahsevən tayfalarının, digər tərəfdən isə cəngəlilərin yaradacaqları təhlükə göz önünə alınaraq həmin fikirdən imtina olunmuşdu. Hava şəraiti və “Densterfors”un təchizatı da belə bir marşrutla səfərə çıxmağa imkan vermirdi. Digər tərəfdən, komplektləşdirmə işi də hələ tam başa çatdırılmamışdı.
General Denstervil isə məcburi fəaliyyətsizlik günlərində daha çox İran cəmiyyətinin özünəməxsusluqlarını araşdırmaq və Cənubi Qafqazda yaranmış vəziyyəti təhlil etməklə vaxtını keçirirdi. Çox tezliklə ona aydın olmuşdu ki, İranda dövlət və hökumət adamlarının daşıdıqları dəbdəbəli titullarla onların daxili məzmunu, nüfuz, bacarıq və səriştələri tam ziddiyyət təşkil edir. Məsələn, “Müşirüddövlə” (“Dövlətin marşalı”) hərbi sahədən əsla baş çıxarmayan bir diletant, “Bəhrül-ülum” (“Bilik dəryası”) isə tamamilə cahil, savadsız bir adam ola bilərdi. Bütünlükdə, gündəliyin İranla bağlı səhifələri ingilis generalının dəqiq müşahidələrindən və qısa müddət ərzində bu ölkənin tarixi, mədəniyyəti, idarəçilik sistemi, mentaliteti haqqında əhatəli məlumatlar əldə etməsindən xəbər verir.
Cənubi Qafqazdakı vəziyyətlə bağlı təhlillərdə də həqiqətlə səsləşən müəyyən müşahidələr və rasional qənaətlər yox deyildir. Amma təbii ki, bütün bu təhlil və mülahizələrin mərkəzində bölgədə ingilis hegemonluğunu təmin etmək, hansı yolla olursa-olsun, Britaniya imperializminin maraq və mənafelərini qorumaq düşüncəsi dayanırdı. Məsələn, 1918-ci ilin aprelində İrandan Londona, Hərbi nazirliyə göndərdiyi məlumatlardan birində general Denstervil Cənubi Qafqazdakı vəziyyəti dəyərləndirərək yazırdı: “Burada biz bolşeviklərdən daha çox panislamistlərin planlarına qarşı mübarizə aparmaq məcburiyyətində qalırıq. Onlar Bakı tatarlarının (azərbaycanlıların - V.Q.) Ənzəli cəngəliləri ilə birliyini təmin etməyə çalışaraq alman pulları və alman zabitlərinin yardımı ilə Britaniya əleyhinə güclü təşkilat formalaşdırırlar”. Maraqlıdır ki, bir il sonra İstanbulda həbs olunan və Malta adasına sürgün edilən tanınmış Azərbaycan siyasi xadimi Əhməd Ağaoğluna qarşı da “ingilis düşmənçiliyi” iddiası irəli sürülmüşdü.
Almanlarla daha sıx əlaqə saxlayan gürcülər də Denstervilin nəzərində dost deyildilər. O, regionda nisbi stabillik və qarşılıqlı anlaşmanın yalnız Britaniya vasitəsi ilə həyata keçiriləcəyini əminliyini ifadə edərək yazırdı “Tiflislə bağlı planlara gəldikdə isə biz ingilislərin işə qarışmalarına razı olmayan, sadəcə onların puluna göz dikən adamlara kömək edə bilmərik. Əgər mənim missiyamı Tiflisə 1917-ci ilin payızında göndərmək mümkün olsaydı, o zaman bütün gücümü iki xristian xalqı - gürcülərlə erməniləri yaxınlaşdırmağa, sonra isə onların müsəlman tatarlarla dil tapmalarına sərf edərdim. Belə şəraitdə uğur qazanmaq olardı”.
“Amma aradan keçən altı ay ərzində nə baş verdi? - deyə general soruşur və özü də sualına cavab verirdi: - Gürcülər də, ermənilər də əsla dini baxışlarından asılı olmayaraq tatarlarla münasibətləri korladılar. Xristian kommunistlərin siyasəti onların (azərbaycanlılar nəzərdə tutulur - V.Q.) türklərlə can bir qəlb kimi birləşmələrinə imkan yaratdı. Ən yaxın dövrün problemlərinə gəldikdə isə ilk növbədə İranı və cəngəliləri ram etmək lazımdır. Yalnız bundan sonra ən azı Xəzər dənizinin cənub sahillərinə gedən yollar açılacaq”.
İranda olmasına baxmayaraq Denstervil Bakıdakı Britaniya konsulluğu, ingilis agentləri, habelə ayrı-ayrı rus zabitlərinin vasitəsi ilə müharibənin gedişi, şəhərdəki vəziyyət, hərbi və siyasi qüvvələr, icmalararası münasibətlər, əhalinin əhval-ruhiyyəsi haqqında ətraflı məlumat alırdı. Eyni zamanda onun ermənilərin əli ilə Bakıda törədilən dəhşətli mart qırğını haqqında da ümumən dürüst və obyektiv bilgiləri var idi. Bunu gündəliyində 1918-ci il mayın ortalarında yazdığı aşağıdakı sətirlər də aydın göstərir:
“Şaumyan soyadlı hansısa erməninin başçılıq etdiyi bolşevik hökuməti hələ də iqtidardadır. Lakin əhali bolşeviklərdən narazıdır. Odur ki, get-gedə nüfuzlarını itirməkdədirlər. Mart ayında İrandan gələn ordunun tərksilah edilməsi nəticəsində (müəllif səhv edir. Əslində söhbət bolşeviklərin dəniz yolu ilə Lənkərana qayıdan “Dikaya diviziya”nın azərbaycanlı zabitlərinin silahlarını əlindən almalarından gedir - V.Q.) yaranan problem ciddi qarşıdurmaya gətirib çıxarmışdır. Savaş küçə və meydanlara çıxmış, şəhərin tatarlar yaşayan hissəsində bir çox qiymətli binalar erməni qoşunları tərəfindən dağıdılmışdır. Bu isə nəticədə ermənilərlə tatarların düşmənçiliyinin xeyli kəskinləşməsinə səbəb olmuşdur. Türklərin Bakıya yaxınlaşdığı ərəfədə vəziyyət daha həyəcanlandırıcı xarakter almışdır”.
“Densterfors”un formalaşma prosesində rus zabitlərinin, xüsusən də Qafqaz ordusunda xidmət etmiş hərbçilərin xidmətindən geniş istifadə olunurdu. General Denstervilin ətrafında Bakı aviatorlar məktəbinin məzunları böyük üstünlük təşkil edirdilər. Bütünlükdə isə keçmiş çar ordusunun hərbi mütəxəssisləri istər bolşevik təsirinin güclü olduğu Şimali İrandakı fəaliyyətin, istərsə də Qafqaza nəzərdə tutulan yürüşün təşkilində mühüm qüvvə sayılırdılar. Eyni zamanda Bakı və Tiflislə əlaqələrin yaradılmasında, yerli əhalinin və hakimiyyət dairələrinin əhval-ruhiyyəsinin öyrənilməsində, kəşfiyyat məlumatının toplanması və təhlilində də onların xidməti əvəzsiz idi. Generalın şəxsi yavəri, ingilis əsilli rus zabiti kapitan Breyin də axırıncı qulluq yeri Bakı olmuşdu. Nəhayət, Denstervilin özünün rus dilini bilməsi işə çox yarayırdı. Kitabındakı və gündəliklərindəki qeydlərdən də göründüyü kimi, bu dil bilgisi ikinci şəxslər olmadan Bakıda faydalı dialoq qurmaq, daim hadisələrin nəbzini tutmaq imkanı yaratmışdı.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2012.- 8 sentyabr.- S.18-19.