Hələ yoldadır qatar
Anarın iki şeiri haqqında
düşüncələr
Ara-sıra şeirlər yazsa da, Anar
özünü peşəkar şair hesab etmir. Bədii əsər
insan hisslərinin, duyğularının, düşüncələrinin
ifadəsidir və bunun nəsrlə, ya şeirlə ifadə
edilməsi şərti məsələdir. Anarın “Əsərləri”nin
dördüncü cildində şeirləri də nəşr
olunub. Bu şeirlər “Klassik şeirlərlə səsləşmələr”,
“Mahnı mətnləri”, “Məzələnmələr”,
“Parodiyalar”, “Dost zarafatları”, “Min illərin ayrıcında”
başlıqları altında toplanıb.
Anarın peşəkar şair kimi yaradıcılığından
danışmaq fikrim yoxdur, ancaq kitabda toplanan şeirlərdə
həqiqi poeziya örnəkləri də var, miyanələri
də.
Bir yazıçı və mütəfəkkir
kimi ara-sıra yazdığı bu şeirlər də nəsrin
davamıdıı. Dünya, hadisələr, insan, insan-cəmiyyət
münasibətləri, keçmiş, xatirələr, itkilər,
insan ömrü və s. və i.a. kimi məsələlər
Anarın nəsri kimi şeirlərində də öz ifadəsini
tapır.
Keçən əsrin 80-ci illərindən
60-cılar nəslinə mənsub yazıçıların
(həm 60-cılar, həm də onlardan əvvəl və
sonrakı nəslə mənsub şairlərin)
yaradıcılığında bədbin ovqat güclənir.
“Kommunizm cənnəti” ideyası tam iflasa uğrayır. Gələcəyə
bəslənən ümidlər boşa çıxır və
bu məyusluq, bədbinlik bütün çalarlarıyla ifadə
olunur. O bədbin ovqat əvvəllər rüşeym
halında idisə, gələcəyə hələ nəsə
bir ümid var idisə, artıq 80-ci illərdən bu ümid
də yoxa çıxır.
Ağ limanda - dünyalar arasında əlaqə
yaradan “körpüdə” dayanan qırmızı gəmilər
insanı hara aparacaqdı?
Məlum oldu ki, bu qırmızı gəmi
qırmızı limuzindir! Bu limuzin isə daha genişliyə,
ümidə-ağlığa yox, insanı ölümə -
otel otağına aparırmış...
Eyni proses şeirlərdə də
özünü göstərir. Anarın atasına həsr
etdiyi “Ümidini itirmə” şeiri 2 may 1970-ci ildə
yazılıb.
Acı sözlər ürəyinə ox
olsa da,
Düşmənlərin dostlarından
çox olsa da.
Üfüq xətti birdən-birə yox
olsa da,
Ümidini
itirmə.
Dərdi-qəmin qalaqlanıb dağ olsa
da,
Güman ölüb, gümansızlıq
sağ olsa da,
Dindirəndə qan ağlayan çağ
olsa da,
Ümidini
itirmə.
Sevdiklərin bir gün dönüb yad olsa
da,
Düşmən görüb niskilini
şad olsa da,
İnandığın hər nə var bərbad
olsa da.
Ümidini itirmə.
lll
... Ancaq hər bir insançün
Yalnız, yalnız və yalnız
İkicə vacib gün var,
Dünyaya gəldiyin gün,
Dünyadan getdiyin gün.
Arada qalan günlər -
Əfsanəymiş, yuxuymuş,
Sanasan ki, yox imiş...
Bu şeir 2001-ci ildə yazılıb.
... Köks ötürüb, çəkib
ah,
Gözləyirik hər gecə,
Gözləyirik hər sabah
Uzun, zülmət gecələr
Türklər demiş “çox əcələ”,
Aparır bizi əcələ.
Zaman gedir gələcəyə,
Ömür deyir: “Gəl” - əcələ
Hər artan yaş - göz
yaşıdı.
Gündə ömrün sarayından
Düşən hər kərpic, hər
daş
Qəbirlərin sinə daşı,
Məzarların baş daşıdır,
Bəlkə elə bu fikir də
Bizi hələ ki, yaşadır.
Bu şeir isə 15 oktyabr
1999-cu ildə yazılıb.
Artıq
mövcud olmayan
Yalnız köhnə xatirələrdə
Qalan ölkə.
Ümidsizlik içində
Zəif bir güman kimi: “bəlkə...”
Kəsilmiş ağaclardan,
Kəsilmiş budaqlardan,
Pəncərəmə düşən
kölgə...
“Qayıtmayacaq keçmiş” adlı bu
şeir isə 25 oktyabr 2004-cü ildə yazılıb...
Bu yazıda əvvəlki illərdə
yazılan şeirlər geniş təhlil etmək fikrində
deyiləm. 2012-ci ildə yazılmış “Bakı
küçələri” və “Ürək qatarı” şeirləri
haqqında düşüncələrimi bölüşəcəyəm...
lll
İnsan ömrü yoldur -
doğulduğun yerdən qəbir evinəcən. Ancaq bu qəbir
evinə gələnə qədər insan haralardan
keçmir?! Ömür yolunun ziddiyyətli, mürəkkəb
məntiqli, məntiqsiz, bəzən dərkedilməz
olması da heç nəyi dəyişə bilmir. Yollar
insanı hara aparsa da, sonda özünə qaytarır. Ən
düzgün və gözəl yol haqqa, həqiqətə -
Allaha aparan yoldur...
Dilimizdə yolla bağlı ibrətli
deyimlər də var: “Yoldan çıxır, yolunu azmır”,
“Yoldan çıxsan, eldən çıxma”, “Yoldan
çıxmaq eyib deyil, yola gəlməmək eyibdir...”
Müdrik babalarımız yoldan
çıx mağı da istisna etməyib, ancaq yolunu azmamaq
şərtilə, yola gəlməməyi istisna ediblər...
Məsləksiz, əqidəsiz... adamlarla
bağlı bir qarğış da var: “Yolsuz”
lll
Bakının küçələri də
ömür yoludur. Küçədəki konkret yerlər də
(tin, döngə, ən müxtəlif binalar…) hərəsi
bir xatirəylə bağlıdır - ilk görüş, ilk
nəvaziş, ilk öpüş yeri kimi...
Küçələr, yollar həm də
qəm, kədər yükünün şahididir - insan
valideynlərini, tanışlarını,
tay-tuşlarını, dostlarını çiyinlərində
- tabutda aparır...
Küçələr, yollar xatirələrdir.
Məncə, insanın bu dünyada ən dəyərli sərvəti
yaxşılıq, xeyirxahlıq və xatirələridir.
lll
Azərbaycan ədəbiyyatında elə
şair tapmaq olmaz ki, Vətən haqqında şeir
yazmasın. Hərəsinin də öz gözəlliyi, öz
yeri. Ancaq heç kəs inkar etməz ki, Vətənə aid ən
gözəl şeirlərdən biri Abbas Səhhətin “Vətən”
şeiridir. Bu şeirdə Vətən ən ümumi
anlayışlarla təqdim olunur.
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımızın məskənidir.
Ümumi, ancaq çox dəqiq ifadə
olunub - Vətən təkcə ata-anaların yox, babaların
yox, ümumən əcdadlarımızın uyuduğu əbədi
məkandır. Təkcə elə buna görə Vətən
hamımıza əzizdir.
lll
Bəzən deyirlər ki, yalnız indi
(zaman mənasında) var. Keçmiş olub, keçib. O
şey ki, olub, bitib onu geri qaytarmaq mümkün deyil...
Gələcəkdə isə nələr
olacağını, adamı nələr gözlədiyini
heç kəs bilmir. Gələcək - məchulluq, naməlumluqdur...
İlk baxışda bu, məntiqli
görünür. Ancaq düzgün yanaşma deyil,
kökündə keçmişi unutmaq,
yaddaşsızlıq, gələcək haqqında
düşünməmək, kor-koranəlik, hadisələrin
arxasınca sürünmək fikri gizlənib...
İnsanın özünün seçə
bilmədiyi çox şey var - bu, doğrudur. Ancaq bununla belə,
insan hadisələrin arxasınca da sürünə bilməz…İnsan
nə keçmişsiz yaşaya bilər, nə də gələcəksiz.
Keçmiş - xatirələrdir, yaşantılardır,
geniş anlamda tarixdir. O başqa məsələ ki,
keçmişi necə yaşamısan! Keçmişə
boylana bilirsənmi? Rahatsanmı?..
Gələcək isə arzulardır (lap xəyali,
gerçəkləşməyən belə), necə
yaşayacağın, nələr edəcəyin haqqında
düşüncələrdir...
lll
Yer planeti - Dünya iqlimi, fauna və
florasına görə fərqlidir. Heç nə bir-birini təkrarlamır.
Ancaq bu fərqli bənzərsizlikdə və gözəllikdə
oxşarlıqlar da var. Axı lap kiçik fərqlərlə
havanın, yaxud suyun tərkibi hər yerdə eynidir. Bəs nə
üçün insan ömrünün sonunda doğulub
boya-başa çatdığı yurdu, suyu, havanı
arzulayır?
İnsan xislətinin qəribəliklərindən,
müəmmalarından biri də budur ki, daimi
yaşadığı yerdən başqa yerə köçəndə
onu qəriblik duyğusu tərk etmir. Söhbət insanın
öz doğma Vətənindən gedir. O Vətən ki, onun
hər qarış torpağı insana əzizdir və insan
heç nə düşünmədən o torpaq uğrunda
ölümə gedir...
Bu hissi, duyğunu izah etmək belə
çətindir. Ancaq iki səbəb, məncə, əsasdır.
Birincisi, insan göz açıb
gördüyü yeri heç vaxt unuda bilmir. Yaşlandıqca
yaşadığı yerləri görəndə hər
xırda detal belə bir yaşantı, xatirə, anımla
bağlanır...
İkincisi, torpağı Vətən edən
səbəblərdən biri, bəlkə də birincisi
insanlardır - doğma, əziz, dost, tanış, səni
tanıyan, sənin tanıdıqların, sənin sevdiklərin
və səni sevən insanlar...
Bəlkə elə doğma yerlərin,
doğma, əziz insanların həsrətindən insan
duyğularını, düşüncələrini bu
misralarla ifadə edib:
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən
yaxşı...
lll
Görünür hər küçənin
Özünün növrağı var.
Küçələr də dəyişir.
Bir gün qeyb olur, itir
Ağaclar da quruyur
Təzə ağaclar bitir
Yadlaşmış küçələrdə
Göydələn binaların
Günü örtür kölgəsi
Yabançı
danışığın,
Yabançı musiqinin.
qulağımda yad səsi
Küçələr də təklənir
Küçələr də qocalır...
… Tanış küçələrin də
İndi adı başqadır...
Bu yadlaşma, özgələşmə
hardandır? Yeri gəlmişkən, “Qırmızı limuzin”
hekayəsinin başlanğıcını
xatırlayırsınızmı? Hekayənin ədəbi qəhrəmanı
(bu hekayədə heç onun adı da yoxdur - sadəcə
O.) özünü yad bir şəhərdə hiss edir...
İnkişaf, dəyişmə, yeniləşmə
labüddür - bu həyatın qanunudur. Küçələr
də dəyişir - qocalan, quruyan ağacları yeniləri əvəz
edir, alçaq binalar göydələnlərlə əvəz
olunur. Bunlar zahiri dəyişmədir, küçələri
yadlaşdıran bunlar deyil (Hərçənd ki, “köhnə”
binalar söküləndə də insanın bunlarla
bağlı xatirələri də “dağılır”).
Küçələri yadlaşdıran yabançı
danışıq, yabançı musiqidir...
Bəzi istisnalarla ölüm həmişə
vaxtsız gəlir. Bu vaxtsız ölümlərlə nəslin
yarpaq tökümü başlayır. İnsan bir da
görür ki, ətrafında yaxın münasibətdə
olduğu lap az adam qalıb, ya heç qalmayıb. Axı insan
hətta ailədən saxladığı məsələləri
həqiqi dosta, ürək sirdaşlarına
danışır. Onların yoxluğundan
yaşadığı küçə də, məhəllə
də, kənd də, şəhər tədricən yadlaşır.
Başqa bir məqam da var - bu da bizim nəslin
bəxtinə düşdü: “Bir quruluşun digəri ilə
əvəzlənməsi. Kapitalizm haqqında oxuyurduq ki,
özgələşmə, yadlaşma tarixi kateqoriyadır,
xüsusi mülkiyyətin məntiqi nəticəsidir,
xüsusi mülkiyyət aradan qaldırılanda o da yox olacaq,
ancaq biz yenidən xüsusi mülkiyyətə
qayıtdıq...
Biz başqa bir quruluşda
yaşamışdıq, başqa bir ruhda tərbiyə
almışdıq. Necə ki, iyiyrminci əsrin əvvəllərində
yaşamış sənətkarlar sosialist quruluşunu daxilən
qəbul etmirdilər. Onların yeni cəmiyyətdən
gözlədikləri özünü doğrultmadı (halbuki
onlar kapitalizmi tənqid edirdilər) və bu ümumi fikir belə
ifadə olundu: “Biz belə deməmişdik”. Yüksək
amallar uğrunda mücadilə aparanlar, özlərini fəda
edənlərin aqibəti faciəli oldu...
Oxşar proses iyirminci əsrin sonunda da
baş verdi. 1991-ci ildən rəsmən kapitalizm quruluşuna
keçdik, ondan sonra artıq yeni nəsil dünyaya gəldi -
zövqləri, dünyagörüşləri, həyata
baxışları fərqli bir nəsil. SSRİ
dövründə yaşayanlara tam əks bir nəsil...
... Ancaq doğma, dost, tanışın…
keçmədiyi, yabançı danışıq,
yabançı musiqilərin səsləndiyi, adı da dəyişilən
bu yad və köhnə küçələrin yaddaşda
qalmağa lap iynənin ucu boyda olsa da bir ümid qalır...
lll
“Ürək qatarı” ana bətnindən
“hərəkətə başlayır” və heç bir
dayanacaqa durmadan, fasiləsiz yoluna davam edir. O, gecələri,
gündüzləri, həftələri, ayları, illəri
arxada qoyub sonuncu dayanacağa tələsir.
Sonuncu duraq - sükut
Gəlib ora çatanda
bir anda
çık-çırık dayananda
Susacaqdır qatarın
relslərdə
döyüntüçü.
Başlanacaq əbədi
Səssizlik
- səmirsizlik...
Ürək qatarının getdiyi yol geriyə
qayıtmır, qayıda bilmir...
Amma hələ ki, gedir,
Hələ yoldadır qatar,
Şükür,
dayanmır qatar.
Son durağa bir az var...
Darıxmayın,
bir az var...
Sabir Bəşirov,
Fəlsəfə
doktoru
525-ci qəzet.-
2012.- 8 sentyabr.- S.16.