“Azərbaycan
Ramil Səfərov məsələsində məhz
ABŞ-ın ata biləcəyi addımı atıb”
“AMERİKA HÖKUMƏTİ ƏCNƏBİ
DÖVLƏT VƏ QURUMLARIN İTTİHAMLARINA BAXMAYARAQ,
İSTƏNİLƏN HALDA ÖZ HƏRBÇİLƏRİNİ
MÜDAFİƏ EDİR”
Müsahibimiz
ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN)
baş direktoru Adil Bağırovdur.
-
ABŞ-dakı Azərbaycanlı İcması Azərbaycan
zabiti Ramil Səfərovun azad edilməsini necə
qarşıladı?
- Hər
insanın bu məsələ ilə bağlı öz fikri,
öz münasibəti var. Bu aydındır - zərərçəkmiş
ölkədən olan bir hərbçi təcavüzkar və
işğalçı ölkəni təmsil edən digər
hərbçiyə ölümcül zərbələr
endirib. Belə “zərbələr”, xüsusilə avtomat
silahlardan açılan atəşlər Ermənistan və
Azərbaycan hərbi qüvvələri arasında minlərlə
olub - axı 11.000-dən çox Azərbaycan hərbçisi
və təxminən 6.000-ə yaxın Ermənistan
işğalçısı 1988-1994-cü illərdə həlak
olub və hər il hər iki tərəfdən yüzə
yaxın əsgər və zabit 1994-cü ildən bəri həlak
olur. Nə üçünsə, bunlar haqqında daha az
emosiya ilə danışılır. Ermənistanın BMT Təhlükəsizlik
Şurasının (TŞ) dörd qətnaməsini yerinə
yetirməməsi ilə də bağlı az emosiya ilə
danışırlar.
Yeri gəlmişkən,
burada Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının
zabiti, podpolkovnik Pargev Abramyanın cinayət işini
xatırlamaq lap yerinə düşər. 2005-ci ilin avqust
ayının 18-nə keçən gecə o balta ilə
endirdiyi 3 zərbə ilə 40 yaşlı arvadı Marine
Maloyanı qətlə yetirmişdi. Yatan arvadını
baltalayan P.Abramyan daha sonra baltanı vanna otağında
yuyubmuş. Ermənistanın məhkəmə-psixiatriya
ekspertizası onu anlaqlı hesab etmişdi.
Qeyd etmək
lazımdır ki, Amerikada yaşayan azərbaycanlılar demək
olar ki, yekdilliklə hesab edirlər ki, Azərbaycan bir dövlət
kimi hər zaman öz vətəndaşlarının, o
cümlədən hərbçilərinin azad edilməsi ilə
bağlı səy göstərməlidir.
Heç
nəyə baxmayaraq, bir azərbaycanlı hərbçisi belə
yad əllərdə qalmamalıdır. Belə bir təcrübə
özünə hörmət edən bütün ölkələrdə
var, məsələn, ABŞ-da Amerika hökuməti əcnəbi
dövlətlər və ya qurumlar tərəfindən hər
hansı ittihamların irəli sürülməsinə
baxmayaraq, istənilən halda öz hərbçilərini və
dövlət qulluqçularını müdafiə edir.
- USAN Ramil Səfərovun məsələsi ilə bağlı Amerika hakimiyyət orqanlarının müdaxiləsini mühakimə edən bəyanatla çıxış edib. Super güc dövlətinin bu məsələyə olan marağını nə ilə izah etmək olar?
- Obama administrasiyasının bu məsələyə dair səs-küylü və sərt reaksiyası bir qədər qəribə görünür - Ağ evin (Milli Təhlükəsizlik Şurasının), Dövlət Departamenti, eləcə də ayrıca olaraq, həmsədrlərindən birinin Amerika olduğu ATƏT-in Minsk qrupunun reaksiyası məhz belə oldu. Görünür, hələ tezliklə erməni şinelindən çıxan daha bir neçə konqresmenin bu barədə dediklərini eşitməli olacağıq. Aydındır ki, Obama administrasiyası erməni lobbisinin çox səsli-küylü və intensiv çağırışlarına qulaq verməli olub. Obama administrasiyası Azərbaycanla olan müttəfiqlik əlaqələrini, təxminən yarım milyonluq Azərbaycan diasporunu, eləcə də R.Səfərovla bağlı bütün faktları nəzərə alaraq, daha təmkinli davrana bilərdi - istənilən halda, Milli Təhlükəsizlik Şurasının reaksiyası yersiz idi. Məhz bu ikili standartlar bütün azərbaycanlıları, xüsusilə də prezident Obama və ABŞ-ın digər siyasətçilərinə mindən artıq məktub yazan USAN üzvlərini hiddətləndirir.
- Bu müdaxilə Bakı və Vaşinqton münasibətlərinə təsir edə, onları korlaya bilərmi?
- Düşünürəm ki, ABŞ Dövlət Departamenti, MTŞ, həmçinin ATƏT-in Minsk qrupunun reaksiyası Azərbaycanda geniş əhali kütləsi arasında, eləcə də Amerikayönlü əhalinin əksəriyyəti, bütün müxalifət və hökumətyönlü insanlar, həmçinin müstəqil (siyasi baxışlarda) azərbaycanlılar arasında ABŞ-ın imicinə ciddi xələl gətirib. Amerikalıların gözündə Azərbaycanın imici isə heç bir zərər çəkməyib və bəlkə də artıb, çünki Azərbaycan məhz Amerikanın davrana biləcəyi kimi addım atıb.
Erməni KİV-i, təşkilatları və qurumları sadəcə öz təbliğatlarını yayırlar və hadisələrə dair öz izahlarını təqdim edirlər. Aydın məsələdir ki, erməni hökuməti və lobbisi Azərbaycan xüsusi təyinatlıları və snayperlərinin Ermənistanın sülhə məcbur edilməsi üzrə əməliyyatları, işğal olunmuş Azərbaycan torpaqları üzərində İrana (“Azərbaycana”) məxsus pilotsuz uçan aparatla bağlı hadisə, ABŞ-da hazırlanan Azərbaycan peyki, hərbi büdcənin artırılması və İsraildə çoxmilyardlı hərbi alış-veriş, Bakıda “Eurovision”nun keçirilməsi, ABŞ-ın Azərbaycandakı yeni səfirinin Senatda müzakirəsi və bir çox hadisələrdən istifadə etdikləri kimi Ramil Səfərov işini də öz məqsədləri üçün şişirdirlər.
Təəssüf ki, Azərbaycan və azərbaycanlıların əksəriyyəti hələ ki, erməni təbliğatını darmadağın etməyi və ümumilikdə önə çıxarmaq bir yana, bunlara simmetrik də olsa belə cavab vermək fürsətlərindən çox geri qalırlar. Bu çatışmazlıq açıq-aşkar ortadadır və onları aradan qaldırmaq lazımdır - şükürlər olsun ki, bunun üçün bütün lazımi vasitələr mövcuddur.
Eyni zamanda, bütün yuxarıda deyilənlərdə əsas “oyunçu” olan Azərbaycan diasporu və bəzi diaspor təşkilatları qüvvələrin bərabər olmamasına baxmayaraq daha iri və güclü erməni lobbisinə qarşı müqavimət göstərmək və hətta ona qalib gəlmək iqtidarında olduqlarını sübut edən fenomenal uğurlara nail ola bilərdi.
PƏRVANƏ
525-ci qəzet.- 2012.- 8 sentyabr.- S.9.